Ayın parlaq işığı!

 

Kölgəsini həsirin üzərinə atıb

 

Şam ağacı.

 

***

Yüngül mığmığa sürüsü.

 

Arzularım üçün

 

Körpü salırlar yuxarıya.

 

 

***

Yenə də səfərdədir yolçu!

 

Yer və göydür bütün pal-paltarı

 

Yay vaxtı.

 

***

Sübh vaxtı yuxuma anam gəldi.

 

Amandır, qovma, qorxutma onu

 

Öz səsinlə ququ quşu.

 

***

 

Ağılsız bülbül!

 

Bambuk çəpəri

 

Kölgəlik meşə zənn edir.

 

***

 

Bu nədir? Yuxudur?

 

Yoxsa məni doğrudan da doğrayıblar.

 

Birənin dişlək yeri.

 

***

 

Daşqalaq edin məni!

 

Elə indi çiçək açmış albalının

 

Budağını qırdım.

 

***

 

Ayın yumrusu dumana qərq olur.

 

Budaqların kölgəsində iki dairə görünür.

 

Tutqun eynəkli bayquş.

 

***

 

İlk qar.

 

Siniyə yığmağım gəlir onları.

 

Baxmaq, elə hey baxmaq istəyirəm.

 

***

 

Bu mənim öz qarımdı.

 

Həsir papağın dimdiyində

 

Necə də yüngüldü.

 

***

 

Gəlin bağ-bağçanı sulayaq

 

İslanıncaya qədər

 

Sərçələr, cırcıramalar.

 

Takarai Kikaku

Tərcümə etdi: Səlim Babullaoğlu

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 8.