Varislər

 

Bəy oğlu,   şah nəvəsi... Həm də futbol azarkeşi

 

"Varislər"in bugünkü qonağı unudulmaz teatr rejissoru, incəsənət xadimi, kino aktyoru, uzun illər Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etmiş Xalq artisti Şəmsi Bədəlbəylinin varisi, dünya şöhrətli pianoçu, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidir.

 

Bədəlbəylilər...

 

1911-ci ilin 23 fevral günü Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Şuşada, tanınmış maarifçi və ictimai xadim Bədəlbəy Bədəlbəyli ilə Rəhimə xanım Qacarın ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda alan Şəmsi Bədəlbəyli Bakı Pedaqoji Texnikumuna daxil olsa da, incəsənətə, musiqiyə həvəsi onu müxtəlif özfəaliyyət dərnəklərinə gətirib çıxarır. Həvəskar kollektivlərdə aktyorluq bacarığını uğurla sınaqdan keçirən gənc Şəmsi ali təhsil almaq üçün Dövlət Konsevatoriyasına qəbul olunur, bir müddət xalq çalğı alətləri, daha sonra kompozisiya nəzəriyyəsi sinfində böyük Üzeyir Hacıbəylinin tələbəsi olub.

Onun bütün şüurlu həyatı milli mədəniyyətimizə xidmət etməklə keçib. Opera və Balet Teatrının, Musiqili Komediya Teatrının səhnəsində quruluş verdiyi tamaşalar həmişə sevgilə, maraqla qarşılanırdı.

Bu böyük insan, unudulmaz pedaqoq, dəyərli teatr bilicisinin varisi, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli ilə onun iş otağında görüşdük.

 

- Fərhad müəllim, sizinlə "Ədəbiyyat qəzeti"nin "Varislər" layihəsində görüşürük və bu gün unudulmaz teatr rejissoru, kinoda yaratdığı maraqlı obrazlarla yadda qalan və həmişə sevgilə xatırlanan atanız Şəmsi Bədəlbəyli haqqında danışacağıq. Amma ilk sualım Şuşa ilə bağlı olacaq. Nəsliniz-kökünüz şuşalıdır və bu suala bir şuşalı kimi cavab vermənizi istəyirəm. 2020-ci il noyabrın 8-də Şuşanın 28 illik işğaldan azad olunması xəbərini necə qarşıladınız?

 

 Həmişə haradansa bir erməni peyda olurdu

 

- Həmişə deyirdim, bütün qazandığım uğurları, şan-şöhrəti, mükafatları, orden-medalları verərdim, əvəzində Şuşanı qaytarsınlar. Nəhayət, bu, baş verdi. Çünki açıq demək lazımdır, Şuşanın işğalda olması bütün azərbaycanlılar üçün təhqir idi. Bizim mənəviyyatımız pozulmuşdu, hansısa komplekslər yaranmışdı bizdə. Həmişə başıaşağı gəzirdik. Dünyanın onlarca ölkəsində konsertlərim olub, iri salonlarda, möhtəşəm zallarda Azərbaycan bəstəkarlarının, dünya bəstəkarlarının musiqilərini ifa etmişəm, həmişə haradansa bir erməni peyda olub, mənə yaxınlaşıb, guya təbrik edib, amma əslində, qarşımda qalib kimi dayanıb və mən bunu hiss etmişəm. Orkestrdə erməni musiqiçilər olurdu. Litvadan tutmuş, İsrailə qədər hər yerdə qarşılaşmışam onlarla. Bu millət belədir, hər yerə yayılıb. Dünyanın müxtəlif ölkələrində ictimai mühitdə özlərini göstərə biliblər. Biz isə, sanki bir az çəkingənik, özümüzü təqdim etməkdən utanırıq elə bil. Amma indi mənim başım ucadır. İndi xaricə gedəndə mən özümü qalib kimi hiss edəcəyəm. Çox istərdim ki, onlarla yenə qarşılaşım və gözlərinin içinə baxım.

Onların məşhur violonçelçalanı vardı, Vaqram Saracyan, Hyustonda yaşayırdı. Moskvada bir yerdə konservatoriyada oxumuşduq, doğrudan da, məşhur musiqiçi idi. Dəfələrlə məni Hyuston festivalına dəvət edib, mən də hər dəfə imtina etmişəm. Təəssüf, dünyasını dəyişdi. Yenə dəvət etsəydi, bu dəfə təklifini məmnuniyyətlə qəbul edərdim. Bu qələbədən, möhtəşəm zəfərdən sonra azərbaycanlılar hər yerə gedə bilərlər. Bu, tamam başqa hissdir...

Əlbəttə, Şuşanın işğaldan azad edilməsi xəbərini eşidəndə özümü çox xoşbəxt hiss edirdim, səbirsizliklə ora gedəcəyim günü gözləyirdim və uşaqlıq dostum Polad Bülbüloğlu ilə getdik. Bu barədə artıq mətbuatda məlumat var. Şuşada keçirdiyim hisslərlə bağlı bir-neçə müsahibə vermişəm. Özü də Polad Bülbüloğlu ilə qərara almışdıq ki, mütləq bir yerdə gedək.

- Səhv etmirəmsə, Şuşa işğalda olarkən siz bir dəfə ora səfər etmişdiniz. Yəqin, o zaman keçirdiyiniz hisslərlə, budəfəki hissləriniz arasında böyük fərq vardı.

 

Bu başqa Şuşa idi

 

- Əlbəttə, 2007-ci ildə Şuşada olmuşduq. O çox ağır səfər idi, çox. Guya onlar bizi yaxşı qarşılayırdılar, hara istəsək aparır, hər şeyi göstərirdilər. Bülbülün evinə də aparmışdılar bizi. O vaxt gördüyüm mənzərədən özümü saxlaya bilmədim, çox sarsılmışdım. Bu dəfə heç kəs məni müşayiət etmirdi. Mən yenə Bülbülün evinə getdim, amma gülə-gülə getdim. Otaqları gəzdim. Bu, tamam başqa təəssürat idi. Cıdır düzündə dayanıb Daşaltıya baxdıq. Sərt, sıldırım qayalıq... Biz məşhur döyüş filmlərində görmüşük belə şeyləri, başa düşürsən bu, filmdir, orada istənilən effektdən istifadə edib, görüntü yaratmaq olar. Amma Şuşanın alınması taktikasını heç bir filmdə vermək mümkün deyil. Biz dəqiq bilirdik, Azərbaycan əsgəri Şuşaya bu sıldırım, sərt qayalardan qalxıb, qartal kimi şığıyıb düşmənin üstünə. Bizim uşaqlar tarix yazdılar. Çiyinlərində ağır silahlar, sursatlar, yaralı əsgər yoldaşları... belə qalxdılar qayaları. İgid əsgərlərimiz qədim tarixin Heraklı, Axilli kimi əfsanəvi şücaət göstərdilər və əminəm ki, onlar tarixdə belə də qalacaqlar. Yüz illər idi Azərbaycan tarixi belə bir möhtəşəm qələbəyə şahid olmamışdı.

 

Tarix yazan uşaqlar

 

Yüz cür xəyanətlə, satqınlıqla, məkrlə torpaqlarımız işğal olunub paylanmışdı, amma biz nəhayət, qələbə tarixi də yazdıq. Cavad xan döyüşsə də, müqavimət göstərsə də Gəncəni saxlaya bilmədi. İbrahim xan başa düşdü ruslarla qeyri-bərabər döyüşə girməklə sadəcə insanları qırğına göndərəcək, ona görə Qarabağı müqavimətsiz verdi. 1918-ci ildə bolşevik hakimiyyəti Zəngəzuru hiylə ilə alıb Ermənistana qatdı, İrəvan xanlığı əldən çıxdı. Yəni Azərbaycan daima itirə-itirə gedirdi, amma bu işğal tarixi nəhayət, başa çatdı. Biz qalib gəldik. Bu bizim ilk qələbəmizdir. Yüz ildən sonra da bu qələbə qeyd olunacaq. Necə ki, II Dünya müharibəsində faşizm üzərində qələbə qeyd olunur, bu da təntənə ilə qeyd olunacaq. Təbii, yüz ildən sonra Şuşa necə olacaq, biz görməyəcəyik, amma ruhlarımız azad olacaq, rahat olacaq və gələcək nəsillər azad, qürurla bu torpaqlarda yaşayacaq. Nəvələrimiz, bizdən sonrakı nəsillər yaşayacaq orada. Çox istərdim ki, Şuşanın bərpası ümumi Qarabağ memarlığına uyğun şəkildə, tələskənliklə yox, təmkinlə, yavaş-yavaş, planla aparılsın.

1982-ci ildə atamla birlikdə Şuşaya getmişdim. Niyazi, Süleyman Rüstəm, Mirzə İbrahimov, Qəmər Almaszadə, bir sözlə, Azərbaycan mədəniyyətinin qaymaqları ora toplaşmışdı. Öz aramızdı, indi elə adamlar yoxdur. Bunu etiraf etmək lazımdır. O, bir başqa epoxa idi. Stalin repressiyasının qorxusu altında, bolveşik ideologiyasının at oynatdığı bir dövrdə yetişmişdi o adamlar. Bütün təzyiqlərə, təhlükələrə baxmayaraq gözəl əsərlər yaranırdı: musiqidə Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyli, Süleyman Ələsgərov,.. ədəbiyyatda Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza,.. rəngkarlıqda Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Mikayıl Abdullayev... Bu adamların hər biri klassikdir. Teatr sənətində, kino sənətində intibah dövrü yaşanırdı. Sonra xaos başladı, dəyərlər dəyişdi, tələblər dəyişdi. Ona görə də Şuşaya qayıdarkən çox ehtiyatlı olmalıyıq. Mən uzun illər Şuşanı yuxuda görürdüm. Qədim bir qala kimi, İçərişəhər kimi bir yer... Bu dəfə Poladla orada sovet dövründə tikilmiş "xruşşovkaları" gördük, zövqsüz, Şuşa memarlığına yamaq kimi tikilmiş şeylər. Məncə, o binalar söküləcək, inanmıram onlar qalsın. Hələ sovet vaxtında o memarlığı şüurlu şəkildə korlamışdılar.

 

 

Şuşanı kərpic-kərpic bərpa etməliyik

 

- Əlbəttə, dünya şəhərsalma mədəniyyəti tarixində köhnə, tarixi memarlığını qoruyub saxlayan şəhərlər çoxdur. Məncə də Şuşanın bərpası zamanı tarixi memarlıq mədəniyyəti qorunacaq.

- Gedin İtaliyada baxın, bir kərpicə, daşa da toxunmayıblar. Ona toxunmaq qeyri-mümkündür. Hətta sənin şəxsi mülkiyyətin olsa belə, o memarlığı dəyişməyə ixtiyarın yoxdur. İtalyan dostlarım var, evlərini təmir etdirmək istəyirlər, deyirlər, bürokratiyadır, aylarla razılıq ala bilmirik. Bilirsiniz niyə bürokratiyadır, çünki yerli hakimiyyət təmir zamanı o memarlıqda nəyin dəyişəcəyini, nəyi dəyişdirmək olar, yaxud olmaz kimi məsələləri diqqətlə araşdırır.

- Çünki bu, tarixdir və xalqın mənəvi pasportudur. O ruhu qoruyub saxlamaq lazımdır.

- Bax Şuşanın bərpası zamanı da o ruhu qoruyub saxlamaq lazımdır. İndi öz taleyimdən çox razıyam. Mən bunu gördüm. Artıq 73 yaşım var, fikirləşirdim ki, yəqin, bu günləri görməyəcəyəm. Hətta ilk vaxtlar inana bilmirdim, yuxu kimi görünürdü mənə, amma getdim, gözlərimlə gördüm, o havanı uddum, o çığırlarda gəzdim və inandım ki, bu, gerçəkdir.

- Bədəlbəy Üzeyir bəylə xalaoğludur. Hacıbəylilər və Bədəlbəylilər... Bu iki qohum nəsil milli mədəniyyətimizə böyük töhfələr verib. Bu nəslin nümayəndələri Azərbaycan incəsənətini, musiqi tarixini kərpic-kərpic hörüblər. Üzeyir bəy isə Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən, mədəniyyət xadimlərindən biridir. Şəmsi müəllim nə danışırdı Üzeyir bəydən?

 

Hacıbəylilər və Bədəlbəylilər...

 

 - Üzeyir bəy musiqi mədəniyyəti tariximizdə peyğəmbərlik missiyasını yerinə yetirib. Əlbəttə, əmim Əfrasiyab Bədəlbəyli də, atam da o böyük şəxsiyyətin yanında böyüyüblər, onun söhbətlərini dinləyərək formalaşıblar. Onun məşqlərində iştirak ediblər və bu, konservatoriya yox, akademiya təhsili kimi bir şeydir.

Yaxşı xatırlayıram, Əfrasiyab əmim danışırdı ki, tara qarşı güclü kampaniya gedirmiş ölkədə. Hətta "Oxuma tar, istəmir səni proletar" yanaşmaları da vardı. Bir gün yenə tarla bağlı opera teatrında müzakirə gedirmiş. Əfrasiyab Bədəlbəyli cavan olub o vaxt. Həmin müzakirədə Üzeyir bəy tarın müdafiəsinə qalxıb, deyib tar çox unikal alətdir və gələcəkdə mütləq simfonik orkestrin tərkibinə daxil olacaq. Gülmüşdülər Üzeyir bəyə. Tar hara, simfonik orkestr hara, deyib dodaq büzmüşdülər. Amma Üzeyir bəy nə dediyini gözəl bilirdi və elə də oldu. İndi simfonik orkestri tarsız təsəvvür etmək olmur. Gənc Əfrasiyab da yerindən Üzeyir bəyi müdafiə edib. Onu xuliqan kimi zaldan çıxarıblar. Əmim bu hadisəni həmişə qürurla xatırlayırdı. Üzeyir bəyin hər sözü onlar üçün qanun olub, çünki onun doğru düşündüyünü dəqiq biliblər.

Götürək, maestro Niyazini, Allah rəhmət eləsin, çox böyük musiqiçi idi. Demək olar, uşaqlığım onlarda keçib, çünki Niyazinin övladı yox idi, məni övladı qədər sevirdi. Biz onlardan insanlıq dərsi öyrənirdik, rəftar, davranış öyrənirdik. Onların hər biri məktəb idi. Bağlarımız yanaşı idi, bir dəfə maestro Niyazi ilə çimərliyə getdik. Çox məşhur idi axı, hamı bizə baxırdı. O, əlimdən tutmuşdu, mən də lovğalanırdım. On yaşım vardı. Birdən maestro sahildə balıqçıların kart oynadıqlarını gördü, əlimi buraxıb, balıqçıların yanına getdi, başladı onlarla kart oynamağa. Pərt oldum. Sonra fürsət tapıb narazılığımı bildirdim: "Siz məşhur adamsınız, onlarsa adi balıqçı, niyə gedib onlarla kart oynayırsınız?". Dedi ki, çalış həmişə sadə adamlarla dost olasan, onlar heç vaxt sənə xəyanət etməzlər. O qədər olur ki, həmkarlarım, bəstəkar yoldaşlarım tez-tez xəyanət edirlər mənə, amma bu balıqçılar heç vaxt elə eləməzlər. Onlar həmişə mənə hörmətlə yanaşırlar. Bu da mənə yaxşı həyat dərsi oldu. Gələcəkdə dostlarım arasında sürücü də oldu, mühəndis də, adi, sadə adamlar da çox oldu və doğrudan da, mən onlardan ancaq hörmət, diqqət gördüm.

 

 Balıqçılarla kart oynayan Niyazi

 

 Xalq artisti də olmaq olar, tanınmış adam da, amma ilk növbədə, gərək insan olasan. İstənilən vəzifə, şöhrət müvəqqəti ola bilər, bir gün ata bilərlər səni o vəzifədən kənara, amma elə yaşamalısan ki, vəzifədən gedəndən sonra da insanların sənə münasibəti dəyişməsin. Yenə sənə əvvəlki səmimiyyətlə salam versinlər. Bu cəhətdən özümü xoşbəxt insan hesab edirəm. İlk növbədə, məni yaşadan sənətim var, musiqi var. İkincisi isə mən Niyazi kimi, Əfrasiyab kimi, Şəmsi kimi insanlardan həyat dərsi aldım. Atam deyirdi ki, vəzifədə səndən aşağıda olan adama daha diqqətlə yanaş, elə rəftar elə ki, o sıxılmasın.

- Üzeyir bəy milli konservatoriyamızı yaradıb və ömrünün sonuna qədər ona rəhbərlik edib. Mənim üçün maraqlıdır, rektor olduğu dövrdə Üzeyir bəy də bu otaqda oturub?

- Yox, onun oturduğu otaq başqadır.

- Bir qədər əvvəl də qeyd etdik, Üzeyir bəy bu konservatoriyanı kərpic-kərpic qurub. "Varislər" layihəsi çərçivəsində görüşdüyüm onlarca həmsöhbət Üzeyir bəyin onun ailəsinə necə kömək etdiyini, bir yaxınının təhsil almasına, evlə təmin olunmasına, digərinin müalicə olunmasına, bir başqasının sürgündən qurtulmasına yardım edib və həmin insanlar bu böyük şəxsiyyəti bu gün də ehtiramla, sayqı ilə yad edirlər. Bəs siz necə, onun etdiklərini bu gün təkrar edə bilirsinizmi? Onun qədər olmasa da, nəsə etməyə gücünüz çatırmı?

- Üzeyir bəyin dövrü başqa idi, onun səlahiyyətləri çox idi. Məsələn, o lap küçədə belə, istedadlı birini görsə, onu konservatoriyaya qəbul edə bilərdi, amma indi elə deyil, bu məsələlər Tələbə Qəbulu Komissiyasının, Təhsil Nazirliyinin səlahiyyətindədir, amma imkanım daxilində hər zaman istedadlı gənclərə mən də dəstək durmağa çalışıram. Dəfələrlə olur, test imtahanını verə bilmir, amma görürəm ki, bu uşağın gələcəyi var, istedadı var və buna görə sona qədər gedirəm, həmin uşağa kömək edirəm. Nazirliyə müraciət edirəm, Məleykə xanımla danışıram, onlar da sağ olsunlar, başa düşürlər ki, mən bu işi təmənnasız, Azərbaycan musiqisi, mədəniyyəti naminə edirəm, dəstək olurlar.

 

 İndi vəziyyət başqadır

 

Təbii, musiqiçi də savadlı olmalıdır, ancaq əgər biri virtuoz ifaçıdırsa, o, ingilis dilini bilməsə, faciə deyil, bunu bəlkə də zamanla öyrənə bilər. Belə uşaqların əksəriyyəti kasıb ailənin nümayəndələri olur, ya da fanatlar, musiqi ilə yaşayanlar üz tutur bizə. İmkanlı ailələr uşaqlarını ya xaricə göndərirlər, ya da hüquq fakültəsinə, iqtisadiyyat sahəsinə, jurnalistikaya yönəldirlər. Belələri musiqiyə ciddi yanaşmır, lap uşaq istəsə də mane olurlar. Elə uşaqlar gəlir ki, valideynləri ümumiyyətlə musiqidən uzaqdır, amma görürəm uşaq çox istedadlıdır, əlbəttə, elələrinə kömək etməyi özümə borc bilirəm. Bir şeydə vicdanım təmizdir və buna görə fəxr edirəm. Bir neçə istedadlı gəncimizin xaricdə musiqi təhsili almasına kömək edə bilmişəm. Bu məsələdə Heydər Əliyev Fondunun dəstəyini həmişə hiss etmişəm. İnandıra bildiyim istənilən təklifimə fond kömək edib. Dirijor Fuad İbrahimovu misal çəkə bilərəm. Bu adam yeddi yaşında Şuşadan qaçqın düşüb. Çox istedadlı uşaq idi, mən bunu görürdüm. Fuad dirijor olmaq istəyirdi, fonda müraciət etdim və Heydər Əliyev Fondu onun Almaniyada təhsil alması üçün doqquz il maliyyə dəstəyi göstərdi. İndi Fuad Avropanın ən məşhur orkestrlərini idarə edir. Madriddə, Berlində, Parisdə çıxışları olur. Bu bizim fəxrimizdir. Özü də onları başa salıram, hər yerdə qarabağlı olduğunuzu, Qarabağla bağlı həqiqətləri deyin. Başqa bir misal: müğənni Zaur Rzayevin oğlu Azər Rza. İndi İtaliyanın ən məşhur opera teatrının səhnəsində çıxış edir. Ona da kömək elədik, bu işdə də fond dəstəyini əsirgəmədi.

 

Avropada afişalar

 

Avropada afişalarda bizim uşaqların adlarını görəndə sevinirəm, onlar bizim fəxrimizdir. Əvvəl mütləq afişalarda bir erməni adına rast gəlirdim, indi bizimkilərin də adlarını görmək olur. Ermənilər bu məsələdə həmişə bizi üstələyirdilər, indi yaxşı ki, fond var və ölkənin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyeva milli mədəniyyətimizə hamilik edir. Məhz Mehriban xanımın dəstəyi və fəaliyyəti sayəsində bu gün Azərbaycan mədəniyyətinin təbliği dünya sərhədlərini aşır. Dünya bizim musiqiçilərimizi tanıyır, rəssamlarımızı tanıyır. Bu, təqdirəlayiq işdir.

- Fərhad müəllim, Bədəlbəylilərdən söhbət düşəndə Şəmsi müəllimin böyük qardaşı Əfrasiyab Bədəlbəylini unutmaq olmaz. Əfrasiyab müəllimin övladlarından kimsə qalıbmı? Mümkünsə, o böyük musiqiçi haqqında bir qədər danışın. Yəqin, xatırlayırsınız onu. Əminiz yaddaşınızda necə qalıb?

- Təəssüf, əmimin heç kəsi qalmayıb. Əlbəttə, xatırlayıram. Əfrasiyab müəllim ixtisasca şərqşünas idi, Bakı Dövlət Universitetinin ən böyük şərqşünas professorlarından dərs almışdı. V.Xuluflu, Ə.Məmmədov, M.Əlizadə, B.Çobanzadə, R.Sultanov, Y.Şirvani... O dövrdə BDU-ya SSRİ-nin ən məşhur şərqşünasları dəvət olunurdu: N.Marr, İ.Meşşaninov, Oşmarin, V.Bartold, A.Samoyloviç, P.Juze, A.Qubaydulin. Əfrasiyab müəllim fars dilini yüksək səviyyədə bilirdi. Nənəm Rəhimə xanım qacarlardan idi axı, müəyyən şeyləri elə ondan öyrənmişdi. BDU-nu bitirdikdən sonra musiqi təhsili almaq üçün Sankt-Peterburqa gedib dirijorluq dərsləri aldı.

 

 Şərqşünas musiqiçi və pantürkist

 

 Üzeyir bəy ona çox ümid bəsləyirdi, ona görə də əmim ilk baletini, "Qız qalası" bitirəndən sonra Üzeyir bəy onun haqqında "Pravda" qəzetində geniş məqalə yazmışdı. O dövrdə "Pravda" qəzeti hər adam haqqında yazı dərc etmirdi. Bu məqalə Əfrasiyab müəllimə böyük stimul vermişdi. Opera və Balet Teatrında dirijorluq edirdi. Sonra "Nizami" operasını yazdı. Onun ən yaxın dostu Cəfər Cabbarlı idi.

Çox sərt adam olsa da, incə yumoru vardı. Bir nəfər yaxşı hərəkət etməyəndə və bu səbəbdən pis vəziyyətə düşəndə əmim: "Heyif, əfsus, əcəb oldu", - deyirdi. Bu onun ironiyası idi. Rəfiq Zəka ilə dost idi. Rafael Hüseynov tez-tez gəlirdi yanına, yazırdı, danışdırırdı onu, xatirələrini dinləyirdi. Əfrasiyab müəllim radio ilə musiqi mədəniyyəti, tarixi ilə bağlı mühazirələr oxuyurdu, bu mühazirələrə Azərbaycanın hər yerində qulaq asırdılar. Nə yaxşı ki, o lent yazıları radionun fondunda qalır. Çox yaxşı geyinirdi, özünə fikir verirdi. Əsl zadəgan idi və qeyd etməliyəm ki, bütün varlığı ilə pantürkist idi. Adnan Menderesin məhkəməsi radio ilə birbaşa verilirdi, əmim həmin məhkəməni həyəcanla dinləyirdi.

Bir dəfə futbol üzrə Türkiyə ilə SSRİ yığma komandaları Moskvada qarşılaşırdı. Türklər SSRİ-yə 2:1 hesabı ilə qalib gəldilər. Tez zəng vurub soruşdum: "Əmi, kimə azarkeşlik edirdin?". "Axmaq sualdır!" - cavab verdi. Əslində, cavabı onsuz da mənə məlum idi. Tale elə gətirdi ki, çox sevdiyi Türkiyə Cümhuriyyətinə gedib Azərbaycan musiqisi haqqında mühazirələr oxudu. Çox savadlı adam idi. Çox mütaliə edirdi. Klassik ədəbiyyatı yaxşı bilirdi. Atamla sirlərini əski əlifba ilə yazırdılar ki, heç kəs oxuya bilməsin. Onun bütün şəxsi əşyalarını və sənədlərini ailəsi arxivə təhvil verdi. Yaxşı bir xəbər deyim sizə. Bu yaxınlarda onun uşaqlar üçün yazdığı "Tərlan" baletini tapdıq. Partitura da çap olunub. Allah qoysa Xoreoqrafiya Akademiyasının tələbələri həmin baleti hazırlayacaqlar.

- Şəmsi müəllim dövrünün tanınmış ziyalısı Bədəlbəylə Rəhimə xanım Qacarın ailəsində anadan olub. Mümkünsə, bir az bu ailə haqqında danışın.

- Bədəlbəy Qori Seminariyasını bitirmişdi. Bu seminariyada XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşamış yüzlərlə maarifçi, ziyalı yetişmişdi. Onların şüarı maarifçilik idi. Bu yaxınlarda Rafael Hüseynov mənə dedi ki, arxivdən maraqlı məlumat əldə edib. Bədəlbəy İttihad partiyasının üzvü olub.

 

 İttihad Partiyasının üzvü

 

Bu partiya müəyyən qədər İslam meyilləri ilə seçilib, amma onun sıralarında  Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Bəşirbəy Aşurbəyov, Mahmud Quliyev, Kərimağa Sultanov, Hacı Hüseyn Tağıyev, Qasım Cəfərov, Ağa Zeynal Tağıyev (Hacı Zeynalabdin Tağıyevin nəvəsi) kimi ziyalılar birləşiblər. Bədəlbəy çox demokratik düşüncəli, azad fikirli adam kimi xatırlanıb həmişə. Görünür, onu bu partiyaya yaxınlaşdıran nəsə olub. Köhnə Sovet küçəsində "Bədəlbəy məktəbi" fəaliyyət göstərib, yaxşı ki, həmin binanı saxlayıblar, bərpa ediblər. Qorxurdum onu da sökərlər, amma indi orada səfərbərlik şöbəsi yerləşir. Çox tarixi binadır.

Böyük Hüseyn Cavid həmin binada Əfrasiyab Bədəlbəylinin toyunda iştirak edib. O binada təhsil alan azərbaycanlı balaları Şekspirin pyeslərini tamaşaya qoyublar. M.Ə.Rəsulzadənin bir məqaləsi var, onu mənə Fərəh xanım Əliyeva verdi. Rəhmətlik Şirməmməd Hüseynov M.Ə.Rəsulzadə irsini ciddi araşdıranlardan idi axı. Rəsulzadə yazır: "Nə yaxşı ki, belə bir məktəbdə Avropa dramaturqlarının əsərləri tamaşaya qoyulur". Bədəlbəyi tərifləyir. Bədəlbəyin gözəl səsi olub. Tamaşaların birində ilk hissədən sonra Məcnuni ifa edən aktyorun səsi tutulub, Üzeyir bəy Bədəlbəyi zalda görən kimi ona xəbər edib ki, gəlsin tamaşanın davamında Məcnun rolunu ifa etsin və babam bu işin öhdəsindən məharətlə gəlib.

 

 Rəhimə xanım Qacar

 

Rəhimə xanım isə çox sərt qadın idi. İndiki kimi xatırlayıram onu. Ziyalı, zadəgan... Onlar Şuşada yaşayıblar, amma 1905-ci il hadisələri zamanı daşnaklar evlərini yandırıblar, sonra bir müddət yenə Şuşada qalıblar, 1911-ci ildə atam dünyaya gəlib, ailə Bakıya köçüb, Bədəlbəy burada haqqında danışdığımız məktəbi açıb. Bakının ziyalı qadınları, qohum qadınlar toplaşırdılar Rəhimə xanımın başına, şeir, musiqi məclisləri qururdular. Hafizdən, Sədidən, Nizamidən qəzəllər deyirdilər. Belə məclislərdə həm də son xəbərləri çatdırırdılar bir-birlərinə. Kim ərə getdi, kim öldü, kim qaldı və s. Bir sözlə, qadın qeybətləri. Övladları arasında ən çox Əfrasiyab əmimi sevirdi. Əmimlə fəxr edirdi. Əfrasiyab əmim opera teatrında dirijorluq edirdi, nənəm də lojada oturub qürurla oğluna baxırdı.

- Nə xoş mənə ki, Şəmsi müəllimi şəxsən tanıyırdım, yaxından görmüşdüm, çıxışlarını dinləmişdim. Yaraşıqlı kişi idi. Tanınmış adam idi. Böyük dramaturqumuz C.Cabbarlının yubiley tədbiri Aktyor evində keçirilirdi, Şəmsi müəllim rəyasət heyətində oturmuşdu, xatirələrini danışırdı. Çox xoş aurası vardı, dinləməmək mümkün deyildi onu. Bəs necə ata idi?

- Çox gözəl ata, gözəl ailə başçısı idi. Məktəb idi mənim üçün, ondan öyrəndiyim həyat dərsləri yoluma işıq saldı. O kişilər öyüd verməkdən daha çox, özləri nümunə olmaqla həyatı ətrafdakılara izah edirdilər. Bir əhvalat danışım: Səkkiz-doqquz yaşım olardı, Bakı-Moskva qatarı ilə səfərə çıxmışdıq. İkinəfərlik kupedə yol gedirdik.

 

Atam məni pərt etdi

 

Evdən anam toyuq, kotlet götürmüşdü yol üçün, amma nədənsə, çörək az idi, lap bir loxma çörək qalmışdı, tez o loxmanı götürüb yedim. Atam mənə baxıb güldü. Dedi heç vaxt belə şey etmə. Əgər yanında başqa adamlar da varsa, ən balaca tikəni də onlarla bölüş. Ağladım. Anam dedi, uşağı niyə pərt eləyirsən? Dedi, mən onu indi pərt eləməliyəm ki, sabah başqalarının yanında pərt olmasın! Onun bu sözləri mənə əbədi dərs oldu. Həmişə son tikəmi dostlarımla bölüşürəm.

- Şəmsi müəllim filmlərə çəkilmişdi. O filmlər bu gün də maraqla izlənir.

- Nə yaxşı ki, çəkilib. Nə yaxşı ki, çəkiblər. Özü heç o qədər də maraqlı deyildi, amma ilk dəfə "O qızı tapın" filminə Həsən Seyidbəyli dəvət etdi onu. Mən də gedirdim onunla çəkilişlərə. Maraqlı idi. "Axırıncı aşırım" filmində maraqlı obrazı vardı. Abasqulu bəy (Həsən Məmmədov): "Kərbəlayinin aqibəti necə olacaq?" soruşur katibdən. Katib (Şəmsi Bədəlbəyli) çətinliklə deyir: "Toxunmarıq ona". Bu, zəmanət idi. Yəqin, 37-ci ildə elə katibləri göndərirdilər Sibirə. "Ömrün səhifələri" filmində çəkilib. İndi ailədə hər dəfə o filmlərə maraqla, həsrətlə baxırıq. Onun yüksək səviyyəli aktyorluq bacarığı vardı.

- Daha çox musiqili tamaşalara quruluş verirdi. Opera teatrında, musiqili komediya teatrında. Görünür, özü də musiqini gözəl bilirdi. Həm də musiqi təhsili almışdı, deyəsən.          

- Musiqini yüksək səviyyədə bilirdi. Musiqili dramaturgiyanı çox yaxşı hiss edirdi. Bəstəkarlarla işləyirdi. Tutaq ki, Vasif Adıgözəlovla bir yerdə nəsə işləyirdilər, deyirdi ki, Vasif, bu artıqdır. Çox maraqlıdır, bəstəkarlar da razılaşırdı onunla, çünki bilirdilər, Şəmsi nə deyirsə, işin xeyrinə deyir. Fikrət Əmirovla, Süleyman Ələsgərovla, Səid Rüstəmovla, Emin Sabitoğlu ilə işləyəndə də belə hallar olurdu, heç biri incimirdi ondan. Bilirdilər ki, bunlar tamaşanın daha maraqlı olması üçün idi. Elə buna görə tamaşalar yüksək səviyyədə alınırdı.

 

Musiqi parçalarını ixtisar edirdi

 

- Şəmsi müəllimin ətrafında həmişə dövrünün tanınmış mədəniyyət, incəsənət adamları olub, bu onun sənət dostları idi, bəs incəsənətdən kənar adamlardan kim vardı onun dostları arasında? Ən yaxın dostları kim idi?

- Onun ən yaxın dostu Bülbül idi. Süleyman Rüstəm, Niyazi, rəssam Böyükağa Mirzəzadə. Əlbəttə, ən yaxın dostu Lütfəli Abdullayev idi. Qonşu küçələrdə yaşayırdıq. Bizim eyvandan baxanda onların evi görünürdü. Lütfəli müəllimgilə tez-tez Şəkidən kənd sovqatı göndərirdilər, atam tez zəng vurub: "Lütfəli, təzə nə gətiriblər?" - soruşurdu. Lütfəli müəllim də özünəməxsus zarafatla: "Əşşi, qoy yaşayaq da!" - deyirdi. 

- Şəmsi müəllimdən öyrəndiyiniz ən unudulmaz dərs...

- İçərişəhərdə yaşayırdıq. Məhəllə uşaqları ilə futbol oynayırdıq, məni döyürdülər, mən döyürdüm. Onun mənə gözəl bir öyüdü vardı: heç vaxt özündən zəifləri vurma! Bu təkcə fiziki "vurma!" demək deyildi. Bunu sonradan başa düşdüm. Həyatım boyu heç vaxt özümdən zəiflərlə mübarizə aparmadım... Bir də deyirdi ki, işlərini elə qur, gözükölgəli olma, rəhbərlərin yanında başını dik tut. Gözükölgəli adamlar həmişə rəhbərlərin qarşısında əyilirlər.

- Yəqin, bu xüsusiyyətlərinə görə Şəmsi müəllim müəyyən problemlər də yaşayıb.

- Mərkəzi Komitədə problemləri olurdu. Sözü üzə deyən adam idi axı. Hazırcavab idi. Amma belə şeylər qorxuda bilməzdi onu. O nəsil 37-ci ilin tufanından çıxmışdı. İki qardaşı - Davud və Sərvər Bədəlbəylilər Sibirə sürgün olunmuşdular. Onlar sürgündən qayıdıb gəldilər və yenə öz əqidələrinə sadiq həyat yaşadılar. Sərvər Bədəlbəyli Sumqayıtda böyük bir trestin direktoru idi. Bu gün onun adına Sumqayıtda küçə var. Sərvər əmim mühəndis idi, amma hara getsə mənə vallar gətirirdi. Davud əmim isə energetik idi, amma gözəl rəsmlər çəkirdi. Bacılarımın evində onun çəkdiyi şəkillər qalır, inanmaq olmur bu adam peşəkar rəssam deyil.

 

Arvadını boşa, yoxsa...

 

Davud əmimin həyat yoldaşı Əmircanovlardan idi. Onun qardaşı Münhendə "Azadlıq radiosu"nda çalışırdı. Buna görə əmimi çağırıb demişdilər ki, arvadı boşamalısan, yoxsa səni Sibirə göndərəcəyik. Əmim demişdi ki, ancaq şərəfi olmayan kişi arvadını belə bir səbəbdən boşayar. Həyat yoldaşı ilə birlikdə sürgünə göndərmişdilər.

- Ailədə neçə uşaq idiniz və Şəmsi müəllim uşaqlar arasında ayrı-seçkilik salırdımı? Kimi çox istəyirdi? Bir də teatrdan, sənətdən başqa nəyə marağı vardı?

- Üç uşaq idik, mən və iki bacım. Evin kiçiyi mən idim, deyəsən, məni çox istəyirdi (gülür). Bacılarım məndən böyük idilər. Futbol azarkeşi idi. Məni də aparırdı stadionda oyunlara baxmağa. Elə bu azarkeşlikdən yaranmışdı Bəşir Səfəroğlu ilə qurduqları bir-neçə satirik süjet. "Neftçi" komandasının fanatı idi.

- Yəqin, Şəmsi müəllimlə birlikdə səfərlərdə də olmusunuz. Ən yaddaqalan səfər hansı olub?

- 1982-ci ilin Şuşa səfəri, Vaqifin məqbərəsinin açılışı. Ulu öndərimiz də orada idi. Bu yaxınlarda o kadrları yenə göstərdilər. Heç vaxt unuda bilmərəm o günü. Başda ümummilli liderimiz Heydər Əliyev olmaqla Azərbaycanın ən tanınmış mədəniyyət, incəsənət, dövlət xadimləri ora toplaşmışdı. Hava çox soyuq idi. Şuşa ağappaq qara bürünmüşdü.

 

Xankəndidə yüz qram konyak...

 

Qarabağ vilayət Partiya Komitəsinin birinci katibi Kevorkov idi. Saat 4-də Xankəndidə iclas olmalıydı, saat 1-də nahar verildi. Tapşırmışdı ki, saat 4-ə qədər heç bir kafe-restoranda spirtli içki verilməsin. Atam üşüdü. Qaldığımız mehmanxananın barına getdik, artıq 35 yaşım vardı, atamla dost idik. Konyak sifariş vermək istədik, barmen dedi ki, icazə yoxdur. Alxas Əliyev vardı, dostum, Mərkəzi Komitədə işləyirdi, tez özünü çatdırdı, çığırdı barmenin üstünə: "Sən kimə etiraz etdiyini bilirsən? Tez ol, Şəmsi müəllim nə deyirsə, onu elə!". Atamla keçirdiyim o xoş günü həmişə xatırlayıram.

45 gün atamla Fransanı gəzib-dolaşdıq. Fransada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Azad Şərifov qrupun rəhbəri, atam isə bədii rəhbər idi. O səfər də maraqlı xatirələri ilə yadımda qalıb.

- Şəmsi müəllim 1987-ci ildə dünyasını dəyişəndə tələbə idim. Xəbər bütün teatr ictimaiyyətini sarsıtmışdı. Dəfndə iştirak etdik. İndi də Fəxri xiyabana yolum düşəndə o böyük müəllimi ziyarət edirəm. Onun son günlərini necə xatırlayırsınız?

 

Yaxın adamların xəyanəti...

 

- Ona qarşı haqsızlıq oldu. Şəmsi müəllim uzun illər Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdi, teatr ictimaiyyəti arasında böyük hörməti vardı. Növbəti qurultayda yenə onun seçiləcəyini gözləyirdilər, amma kampaniya qurulmuşdu, sən demə, ona heç nə demədən, üzvlər seçki zamanı başqasına səs verdilər. Əslində, məsləhətləşsəydilər, özü də gedərdi, amma ən yaxın adamları, belə deyək də, ona xəyanət etdilər. Bu, atama pis təsir etdi, səhhəti pisləşdi. Bəlkə də, çox yaşayardı, amma bu hadisədən sonra o, hər gün bir az da geri getdi...

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.2-4.