İki hekayə

 

Borcun silinməsi

 

Tahir Qubadlının xatirəsinə

 

Ev telefonu zəng çaldı. Danışan Sərxan müəllim idi. Salam-kəlamdan sonra mətləbə keçdi:

- Nurulla, sabah, birişi gün vacib işin yoxdur ki?

- Yox, nə işim olacaq ki, altı, bazardır də - dedim.

Dostum sevincək davam etdi:

- Həə, lap yaxşı. Onda qulaq as. Bir nəfərə il yarım bundan qabaq iki min manat borc vermişəm, hələ də qaytarmır. Evinə getməkdən başqa çarəm qalmayıb. Balakəndə yaşayır. Dedim sənin elə vacib işin yoxdursa iki qardaş sabah yola çıxaq, birisigün qayıdarıq inşallah...

Mən iyirmi illik dostumun, vaxtilə müdirim olmuş bir insanın sözündən keçə bilərdimmi? Odur ki, razılaşdım. Amma, Sərxan müəllim sıxıla-sıxıla onu da dedi ki, öz maşınım nasazdır, sənin maşınınla gedək. Buna da razılaşdım. Səhər saat altıda mən Sərxan müəllimi evlərindən götürdüm və biz yola çıxdıq. Balakənə çatana qədər yol bizi əməlli-başlı sıxdı. Arada maşını saxlayıb yüngülvari çay içsək də, yemək yesək də yol boyu maşın bizi silkələdikcə yenə acdıq. Hər nə isə günortaüstü gəlib çatdıq Balakənə. Sərxan müəllim "ordan sür, burdan sür" deyə-deyə bizi borclunun düz qapısına apardı. Cibindən çıxardığı açarla yaşıl darvazanı döyəcləməyə başladı. İçəridən "gəlirəm" deyənin səsi gəldi. Darvazanın qapısı açılanda orta boylu, sarışın bir kişi Sərxan müəllimi görüb özünü onun üstünə atdı:

- Sən gələn yollara qardaşın qurban. Ay nə yaxşı bizi yada salmısınız. Keçin, keçin içəri...

Doğrusu, mən çaşıb qalmışdım, elə Sərxan müəllim də. Bu öpüşlər, bu isti sözlər borclu adamın davranış kodeksinə heç uyğun gəlmirdi axı...

Yayın son günləri olduğundan havada hələ hərarət qalmışdı. Odur ki, biz gül-çiçəyin çevrələdiyi həyətdə - dörd tərəfə qol-qanad açmış tut ağacının altında oturmalı olduq. Çay süfrəyə gələnə kimi sarışın kişi iki çolpanın başını birdəfəyə kəsib oğluna verdi ki, apar anana, təmizləyib təcili bişirsin. Sonra özü də gəlib bizimlə əyləşdi. Şirin xatirələr dil açdı. Sarışın kişi Sərxan müəllimlə Novosibirskdə hərbi xidmətdə olduqları illəri kövrələ-kövrələ xatırladı. Sarışın kişi o zaman sarıqulaqların onlara necə əzab verdiklərindən də xeyli danışdı. Sərxan müəllim bu söhbətlərdə sanki şahid qismində iştirak edərək arada "hə, elədir" deyə əsgər yoldaşının dediklərini təsdiq edirdi. Özünün isə danışmağa heç həvəsi yox idi. Bayaqdan bir yerdə çay içib söhbət etdiyimiz sarışın kişinin adını hələ bilmirdim, o da mənim adımı bilmirdi. Elə bil ürəyimi oxudu. Qəfildən söhbətini kəsib üzünü mənə çevirdi:

- Əziz qardaş! Baş qarışıb söhbətə, biz səninlə heç tanış da olmadıq...

Mən əlimi ona uzadıb: - Nurulla - dedim.

O da əlimi bərk-bərk sıxıb: - Malik - dedi. Sonra əlavə etdi ki, yəqin Sərxanın qohumusan. Mən isə "dostuyam" dedim.

Bizim dialoq təzə bitirdi ki, Malikin oğlu atasına işarə vurdu. Kişi cəld evə girdi. Bir azdan süfrəyə çolpa çığırtması, göy-göyərti, cürbəcür salatlar, şirələr, sular... tut alma arağı qoyuldu. Doğrusu, bu tezliklə belə bir süfrənin hazırlanmasına da mat qalmışdım. Malik bizə xörək çəkə-çəkə "yol gəlmisiniz, yüngülvari yeyin, dincəlin, axşama yaxşı yemək-içmək hazırlatdıracağam" dedi və özü də iştaha ilə yeməyə başladı. Sonra badələrimizə tut arağından süzüb bizə "xoş gəlmisiniz" dedi. Biz tut ağacının altında həmin o tut arağından içdikcə başımıza tutarlı fikirlər gəlməyə başladı. Malik nəyisə gətirməyə gedəndə fürsət tapıb Sərxan müəllimə dedim ki, çox qanacaqlı adamdır, beş yüzünü çıx, qalsın min beş yüz. O da dedi ki, mən də o fikirdəyəm...

Günorta məclisi çay süfrəsi ilə yekunlaşanda mizin üstünə beş-on növ mürəbbə qoyuldu. Elə mürəbbə var idi ki, doğrusu mən onu birinci dəfə görürdüm. Bizə Malik özü qulluq edirdi, bir də yeniyetmə, özünə oxşayan sarışın oğlu. Amma, bu ləzzətli təamlar pərdə arxasında - üzünü görmədiyimiz səriştəli, evdar bir xanımın qabiliyyətindən xəbər verirdi... Sərxan müəllim saata baxdı. Malik də ona baxıb dilləndi:

- Nədir, saata niyə baxırsan? Yoxsa Bakıya qayıtmaq istəyirsən? Dostum, gəlin əl-üzünüzü yuyun, keçin evə, bir az dincəlin. Bu gün mənim qonağımsınız. Sabah yola düşərsiniz.

Sərxan müəllim dönüb mənə baxdı. Sir-sifətimdəki yol yorğunluğu, üstəlik az da olsa qəbul etdiyim tut arağının təsiri onun nəzərindən qaçmadı deyə Malikin sözündən çıxmadı. Biz ikimərtəbəli evin ikinci mərtəbəsində, qonaq üçün ayrılmış xüsusi otaqda dincəlməli olduq. İkimizi də yuxu aparmışdı. Yorğunluq, təmiz hava, rahat çarpayı. Kim yatmaz ki? Saata baxdım ki, iki saatdan artıq yatmışıq. Sərxan müəllim isə hələ xoruldayırdı. Pəncərədən həyətə baxdım. Tanımadığım bir neçə kişi gördüm. Bir ağacdan asılan lüt qoyunun yarı şaqqası qalmışdı. Bu kişilər nəsə iş görürdülər. Tüstü dumana qarışmışdı. Məsələ aydın idi. Bu, axşam ziyafətinə hazırlıq idi. Mən Sərxan müəllimi güc-bəla oyadıb həyətdəki mənzərəni göstərdim. O da məyus-məyus bir o mənzərəyə, bir də mənə baxdı. Dərindən bir ah çəkib paltarını geyindi. Biz aşağı düşəndə artıq süfrə hazır idi. Yekə qazanda ortaya qoyulan quzu buğlamasının, sarımsaqlı qatığın, xiyar-pomidorun, göy-göyərtinin ətri həyəti başına götürmüşdü. Malik tez bizi yerimizdə əyləşdirib qulluq edən kişilərə fəxrlə təqdim etdi və amiranə səslə: - kababları gətirin - dedi. Süfrəyə lülə, tikəkabab gəldi. Yenə də \cürbəcür meyvə araqları, o cümlədən zavod arağı yaddan çıxmadı. Çox sağlıqlara çox badələr qaldırıldı. Mən bütün məclisi bir badə zavod arağı ilə yola verdim - sabah maşın sürməli idim.

Məclis səngimək bilmirdi. Qulluq edən kişilər də bizə qoşulub arağı su kimi içirdilər. Maliklə Sərxan müəllim öpüşə-öpüşə qalmışdılar. Nəhayət, gecə on ikidə yatağımıza uzandıq. Mən yatmazdan öncə yarıayıq, yarı sərxoş Sərxan müəllimə dedim:

- Dostum, o borcunun beş yüzünü də keç. Bu kişi ayrı kişiymiş...

Sərxan müəllim dili dolaşa-dolaşa: - elə mən də o fikirdəyəm - dedi.

Gecəni daş kimi yatdıq. Səhər səkkiz radələrində mən oyandım. Sərxan müəllimin paravoz səsini xatırladan xorultusu isə adəti üzrə davam edirdi. Bir anlıq düşündüm ki, bu xorultuda nə əcəb yata bilmişəm. Sonra ağlıma gəldi ki, o sayaq ki, mən yorulmuşdum yanımdan həqiqi paravoz da keçsə yatardım. Xülasə, yola çıxacağımızı düşünüb Sərxan müəllimi oyatdım. Biz Malikin həyətinə çəkdirdiyi buz kimi bulaq suyunda əl-üzümüzü yuyub getmək istədiyimizi bildirəndə o, güldü:

- Acqarına hara gedirsiniz? Çay süfrəmiz hazırdır. Keçin süfrə başına...

Malikin dediyi bu "çay süfrəsində" nə yox idi: Camış qaymağı, şan bal, süzmə bal, keçi pendiri, nehrə yağı, yumurta soyutması... daha nələr, nələr... amma bu dəfə bütün araqların yerini bir şüşə konyak tutmuşdu. Malik təcrübəli adam idi. Bilirdi ki, səhərlər araq yox, konyak içərlər... Yenə başlandı ley-pey. Mən üzürlü səbəbdən toxunulmaz olaraq qaldım - axı sürücü idim. Amma, Sərxan müəllimin əlindən yenə də badə düşmədi. Mənim təkidimlə məclisi yekunlaşdırıb yola çıxmağa hazırlaşdıq. Maşina yaxınlaşıb mühərriki işə saldım.

Sərxan müəllim də maşina yaxınlaşdı. Dönüb ona baxdım və dedim:

- Dostum, o borcunun beş yüzünü də keç, qalsın beş yüzü. Bu adam bizimçün nələr yaratdı. Sağ olsun.

Sərxan müəllim batıq səslə "elə mən də o fikirdəyəm" dedi.

Biz Maliklə öpüşüb sağollaşanda o, cibindən bir zərf çıxarıb Sərxan müəllimin cibinə basdı və "yolda çörək yeyərsiniz" dedi. Sərxan müəllim nə qədər təkid etsə də Malik zərfi geri almadı. Beləcə üz tutduq Bakıya. Şəkiyə çatanda Sərxan müəllim: - bir yerdə saxla, çay içək - dedi. Çay içəndə cibindəki zərfi açıb mənə baxdı və gülümsədi:

- Beş yüz manatdır...

Məni də gülmək tutdu:

- Yazığın elə beş yüz manat borcu qalmışdı də...

 

Əlifba islahatı

 

Çoxdan görüşmədiyim tanışımla həmişəki yerdə, həmişəki vaxtda görüşdüm. Zeytun ağaclarının çevrələdiyi kafenin həyətindəki çay süfrəsinə ləzzət qatan tanışımın duzlu-məzəli söhbətləri oldu. O, yəni Ərşad müəllim Bakı rayonlarının birində Dövlət Yol Polisi şöbəsinin rəisi işləyərkən başına gələn əhvalatlardan birini danışdı.

- Əmoğlu, (Ərşad müəllim həmişə məxsusi istiqanlılıqla mənə belə müraciət edərdi) ya ikimininci ilin axırları idi, ya da iki min birincinin əvvəli. Oturmuşdum kabinetimdə. İşçilərimdən biri - çavuş Musayev qapını döymədən özünü içəri atdı və həyəcanla dedi:

- Rəis, bugünkü "Nərdivan" qəzetində deyirlər sizi tənqid eləyiblər.

Dedim ki, a bala, qaç get o qəzetdən bir-ikisini al gətir görək nə yazıblar. Çox keçmədən çavuş əlində qəzet yanıma gəldi. Dedim əyə, bir oxu görək nəyimi tənqid ediblər. Çavuş bir qəzetə baxdı, bir üzümə. Soruşdum ki, a bala, niyə oxumursan? Yazıq-yazıq dilləndi ki, rəis, bu təzə əlifbanı oxuya bilmirəm. Qəzeti əlindən alıb həmin yazını axtardım. Yol Polisi avtomobilinin şəkli qoyulan səhifədəki yazının məndən bəhs etdiyini ehtimal etdim. Ancaq, nə qədər əlləşdimsə oxuya bilmədim. Şəxsi heyəti yığdım kabinetimə. Əmoğlu, inanırsan, heç biri bu qəzeti oxuya bilmədi. Bu savadsızlara nə deyəsən! Hərəsi bir adamın hesabına dürtülüb polisə. Qanım bərk qaraldı. Uşaqlara da ağzıma gələni dedim. Dedim o ağacı qaldırıb endirməkdən başqa heç nə bilmirsiniz. Gedin qəzet oxuyun, kitab oxuyun. Ayıbdır. Birdən biri üzümə qayıtdı ki, rəis, bəs siz özünüz niyə oxuya bilmirsiniz? Düzü, bir az tutuldum. Axı gözləmirdim. Dedim Daşdəmirov, mən rəisəm, mən oxumaya da bilərəm. Amma siz oxuyub mənə məruzə etməyə borclusunuz...

Hə, əmoğlu, gördüm ta bu uşaqlardan da bir şey çıxmadı, yenə çavuş Musayevi sağırıb dedim ki, əyə, get hərlən, bir qəzet oxuyan tap gətir. Çox keçmədi ki, Musayev gəldi, yanında arıq, saçlı, qoltuğunda qəzetlər olan eynəkli bir kişi. Tez ayağa durub kişini salamladım, əyləşmək üçün yer göstərdim. Ziyalı adama oxşayırdı. Hiss olunurdu ki, həyəcanlıdır. Birdən eynəyinin sağanağını burnunun üstünə bərkidib diqqətlə gözümün içinə baxdı və soruşdu ki, rəis, məni bura niyə çağırmısınız? Mən üzrxahlıq edəndən sonra "qəzet oxuya bilirsənmi" sualını verəndə kişi bir az da təəccübləndi və "əlbəttə" deyib məqsədə keçməyimi gözlədi. Dedim müəllim, bu qəzetdə məndən yazıblar, sözün düzü latın əlifbasını bilmirik. Dedim bizə yardım edib o məqaləni oxuyasınız. Yol Polisinə niyə çağrıldığını indi anlayan kişinin rəngi üstünə gəldi. Dedi qəzeti ver bura. Başladı yazını oxumağa. Gördüm çavuş Musayev diqqətlə qulaq asıb yığışdırır. Ona gözümü ağardıb kabinetdən çıxmağına işarə vurdum. Dedim bunun dili qəzet yazısından populyardır. Yayacaq külli-aləmə... Kişi oxuduqca məni tər aparırdı. Nə bilim, daha haqqımda nələr yazmamışdı o vicdansız. Guya şəhərdə dörd villam, iki restoranım, rayonlarda yüz hektar torpaq sahəm, hətta, donuz fermam var. Axırda da yazır ki, Ərşad Əhmədov bu mal-mülkü hansı məvaciblə əldə edib? Bir sözlə, "Nərdivan" qəzeti məni ta haralara dırmaşdırmamışdı... Əlqərəz, yazı bitəndə kişiyə dedim ki, müəllim, çox sağ ol, zəhmət verdik sizə... Əl atdım cibimə, əlimə gələn əlli dolları onun cibinə basdım. Təəccüblənən kişi sıxılıb, utanıb götürmək istəməsə də təkid etdim və bunu da xüsusi tapşırdım ki, indi oxuduğunu heç yerdə danışma. O da "arxayın olun" deyib başını bulaya-bulaya getdi. Əmoğlu, amma, iş bununla bitmədi. Ağlıma gəldi ki, uşaqları yığım, göstəriş verim ki, bu qəzetdən nə qədər var şəhərin köşklərindən alıb gətirsinlər yandıraq. Belə də etdik. Bir taya "Nərdivan" qəzetinə şöbənin həyətində şəxsi heyətin və mənim şəxsən iştirakımla od vurduq. Bir az sakitləşdim. Səhərisi işə gələndə şəhər telefonumdan zəng gəldi. Danışan həmin yazının müəllifi Fikrət Fərəməzoğlu idi. Dedi rəis, qəzeti köşklərdən yığışdırmağa verdiyin pulun onca faizini mənə versəydin heç bu yazı da çıxmazdı. Əksinə, səni tərifləyərdim. Sizdən xahiş etdim ki, iki yüz qəzet götürün haqqınızda yaxşı bir yazı yazaram. Dəli oldun ki, bura bazar deyil. İndi iki min qəzetin pulunu ödəməli oldun... Salamat qal...

Əmoğlu, gördüm bu nanəcib düz deyir də. O vaxtdan sonra jurnalist gələn kimi yazdı, yazmadı hörmətlə yola salmağa başladım...

Artıq hava qaralırdı. Zeytun ağaclarının arasından vızhavızla üstümüzə gələn ağcaqanadlar bizi çimdiklədikcə çay məclisini yekunlaşdırmaq qərarına gəldik. Təqaüddə olan Ərşad müəllim xahiş etdi ki, əmoğlu, arada görüşək, söhbətləşək, danışmağa o qədər sözüm var ki...

 

Adil CƏMİL

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.14.