Qısa şeirlər ustası Ələsgər Əlioğlu

 

Şair Ələsgər Əlioğlu Bakının hay-küyündən uzaq, ədəbi mühitdən aralı - Goranboy rayonunun Xanqərvənd kəndində yazıb-yaradır. İnanıram ki, "yazıb-yaradır" ifadəsini oxuyanda dodağı qaçan qələm dostumuz, el ağzıyla desək, fikrimizə "mız" qoyacaq: "qağa, böyük olmadı ki?!". Məncə şəhər şairləri kimi qulağı tərifə alışmayan bir kəndli şairin abırıdı bu.

Bəlkə də şəhərli olub ədəbi mühitin burulğanında çapalamaqdan bir kənd adamı olmaq yaxşıdı. Kənd adamının gün keçirtməyə çayxanası olmur, yeməkxanası olmur, deyərdim ki, itirməyə vaxtı da olmur. İş üstündə olur kənd adamı. Necə deyərlər, - "işini gör, sözünü de". Söz demək hünəri burda Ələsgər Əlioğlunun boynuna biçilib. Əgər biz - kəndin şəhərli olmuş "yetim" balaları uşaqlıq-gənclik xatirələrinə baş vurub, nəyisə axtarıb şeirə gətirməyə can atırıqsa, Ələsgər Əlioğlu mövzunun içindən baxır zamanın aynasına.

Bəs nə fərqi varmış kənd adamıyla kəndli qələm adamının?

Kənd adamının gördüklərini Ə.Əlioğlu da görür, amma onun gördüklərini yalnız özü görə bilir. Kimə məlum deyil ki, sərçələr kənddə əl-ayağa dolaşır, özünü görməyəndə belə səsini eşidirsən. Kənd adamı üçün sərçə sərçədi, cikkildəməkdən, dava salmaqdan yana işi olmaz. Şairin gördüyü sərçə isə belə deyə biləriksə, "insani" sərçədir ("Sərələr"):

 

Soyuqlaşdı havalar,

Quşlar köçdü üzağa.

Sərçələr çıxdı yola -

Qışı qarşılamağa.

 

Son dövr bir sıra yazıçı tənqidçilər uşaq ədəbiyyatının problemlərindən söz düşəndə klassik nümunələrdən yaxa qurtarmağın vacibliyindən danışırlar:" qədər "Ala-bula, boz keçi"ni, "Ay pipiyi qan xoruz"u oxumaq olar?! Uşaqlara bunları öyrətməyə dəyərmi?!"

Ağzıgöyçəklərin hünəri bu ittihamdan uzağa gedə bilmir. İnsafən, həm "keçi"ni, həm "xoruz"u oxuyub, duyub, öyrənmək bizə vacib olduğu kimi, ənənəvi mövzulardan kənara çıxıb, yeni məzmunlu əsərlər yaratmaq da qat-qat vacibdir. Fərəhli haldır ki, Ələsgər Əlioğlu bu yolla getməyə üstünlük verir. Götürək onun "Çərkəz baba" şeirini:

 

Çərkəz baba çeşməyi

Çeşmədə itirmişdi.

Çərkəz babanı evə

Çəliyi gətirmişdi...

 

Təkrar-təkrar ağıla-zəkaya işləməyən sözləri eşitməkdən yağır olmuş uşaq düşüncəsi birdən ayılır baxır ki, könlünə uyğun əhval-ruhiyyə ilə qarşılaşıb. Hər şeydən əvvəl onun gözlərinin qabağına çəliyin "yolbələdçiliyi" gəlir. Az qalır əlinə çəlik alıb, özünü yollarda sınağa çəksin. Bu, həmin uşaqdı ki, xəyallar dünyasında olmayanın olmağı, görünməyənin görünməyi arzusundadı. Ürəyi, Ayı armud kimi dərmək, buludu kəmər kimi belinə dolamaq ehtirasıyla çırpınır.

Şairin hər misranın başında gələn "ç" səsiylə xoş ahəng yaratdığını da bunun üstünə gəlsək, Ə.Əlioğlunun ədəbi uğurunu aydın görərik.

Ələsgər Əlioğlu gənclik illərindən "fəlsəfi mənalar"a uymayıb, fikirlərini yaxşı mənada atüstü-ayaqüstü düzünəqulu deyib ki, qulaq asanı da olsun ("Dalğıc"):

 

Dalğıc şəkli çəkmişdi,

Qumun üstə Əzizə.

Dalğalara qoşulub

Dalğıc cumdu dənizə...

 

Heç ola bilməz ki, "Dalğıc cumdu dənizə" misrasını oxuyan uşaq bir anlıq da olsa dayanıb durmasın. Mümkündü ki, şairin fikirlər arasında gizlətdiyi mənanı tutmaq üçün şeirə təkrar qayıtsın. Ədəbiyyatın xidməti budur - oxucunu özünə qaytarıb, sözünə maraq oyatmaq.

Balaca oxucularını fikrə salmağı da yaxşı bacarır Ələsgər Əlioğlu. Götürək elə "Dənizin təpələri" şeirini. İlk baxışda təbiət mənzərəsi təsiri bağışlayan ("Dənizdə fırtına qalxıbdır") bu kiçik əsər, elə ikinci misrayla - yeni bir obrazlı deyimlə ilk təəssüratımızı alt-üst eləyir: "Dənizdən təpələr çıxıbdır".

Təbii ki, "təpə"nin olduğunu uşaq yaxşı bilir. Coğrafi termindən kənar, "təpə"nin tərifini vermiş olsaq, "yer üstündəki torpaq qalağı" deyə bilərik ona. Şeirin məzmununa varan balacanın qarşısında isə ayı boyda bir sirr dayanır:"Dəniz hara, təpə hara?!"

Bu sirrin sehrini isə şair belə sındırır: "Dalğanın hər biri təpədir".

Bununla uşaq yeni bir obrazla fikrini zənginləşdirməli olur bu təpənin tükənməz gücünü dərk eləyir. Demə, bu torpaq qalağının "dənizi yerindən tərpətmək" gücü varmış!

Şeirin sonunda şair təpələri "batırır".

Uşağı xofa salmayan bu "batma"yla da

dəniz həyəcandan düşür:

 

Dənizdə fırtına qalxıbdı,

Dənizdən təpələr çıxıbdı.

 

Dalğanın hər biri təpədir,

Dənizi yerindən tərpədir...

 

Haçan ki, fırtına yatacaq,

Təpələr dənizdə batacaq.

 

Bəzən futbolçu kimi tamaşaçılar qarşısında öz istedadının incəliklərini xırdalayan yaradıcı adamlar "söz oyunu" dəst-xəttiylə getməyə üstünlük verir. Qələm dostumuz Ələsgər Əlioğlu isə bu şeirdə, necə deyərlər "fikir oyunu"yla ucalır qarşımızda. Bu oyun da bizdən çox, marağı bir yerdə ilişib qalmayan balaca oxucularımız üçün faydalıdır.

Ələsgər Əlioğlunun bir yaradıcılıq xoşbəxtliyi qəlbinə düşən fikirləri ağaclara pıçıldamağı, üz tutub quşlara oxumağı, gözünü qaldırıb, dağlara-daşlara xitab eləməyi, kamilliyinə arxayın olduqlarını da ilk dinləyicisi - nəvəsi Ələsgərə hesabat verməyidir. Şair daha böyük hesabatı isə xalqa verir. Gəl ki, çatıb-çatmayanı da olur.

Necə ki, gözümüzü açıb, şəhəri tünlük görmüşük. Bu tünlük indi - çap-kitab qadağası götürüləndən lap basa-basa keçib. Kitab yazan kim, tərif yazdıran kim, dahilik iddiasına düşən kim ... mükafat alan kim. Təbii ki, kitab nəşri üçün "əldə bir mayə gərək"di (Raci - Q.İ.). Tərif üçün "mayə" da şərtdi, vəzifə lap tutarlı şərtdi. Mükafat almaq da həmçinin. Hətta adı "mükafat", özü quru kağız olan həvəsləndirməylə yanaşı, nadir olsa sözün həqiqi mənasında mükafat adlı, çox vaxtı da "adı mənim, dadı sənin" fərqlənmələr yox deyil. Bəzən bu yarışda istedadlı qələm adamından çox işbazların nəfəsi "tıncıxmayan" kəhəri qabağa çıxır. Belə olmasaydı, Ələsgər Əlioğlu kimi həyatını uşaq ədəbiyyatına qurban vermiş dəyərli bir şair yüz faiz layiq olduğu "Qızıl Kəlmə" kimi ən böyük mükafatı 5 il əvvəl alardı. Axı bugünkü Azərbaycan uşaq ədəbiyyatının qısa şeirlər ustası, görkəmli şair Ələsgər Əlioğlunun yaradıcılığı hər cür ali seçimə layiqdir. Buna inanmaq üçün uzağa getmək lazım deyil, Aşıq Ələsgərin "haqq ilə nahaqqı axtaran hakim, tapar qulaq ilə göz arasında" fikrinə söykənmək bəsdi.

Buyurun, haqq qarşınızdadı.

 

Qəşəm İSABƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.10.