Bu günlərdə iş yoldaşım Ayişə xanım mənə telefon açıb, Vətən müharibəsində şəhid düşən gənc zabit - xalası oğlu Muraddan danışdı. Onun həyat hekayətindən, döyüşlərdə göstərdiyi sücaətdən, qərəmanlıqdan söhbət açdı. İnternet üzərindən yazışmalarını göstərdi mənə. "Sizin şeirləri izləyirdi, sevirdi"- dedi. Əlbəttə, onu dinləyincə çox duyğulandım, çox kədərləndim. Şəhid zabitimizin döyüş yolundan danışılarkən isə qəlbim qürur hissi ilə doldu eyni zamanda. Sonra söhbət Muradın şeirlərindən düşdü. Ayişə xanım: " O, uzun müddət Tükiyədə təhsil almışdı, əsasən Türkiyə türkcəsində yazırdı"- dedi. Şeirləri mənə göndərdi. Gənc olmasına rəğmən yetkin və istedadlı bir şairin şeirləri vardı qarşımda. Bir qələm adamı kimi də, sıradan bir oxucu kimi də bu şeirləri yüksək dəyərləndirməmək mümkün deyildi. Bu şeirlər müəllifinin söyləmək istədiyi mətləbə görə də, poetikasına görə də yetərincə duyğusal, düşündürücü mükəmməl idi.

Muradın həmin şeirlərini nöqtəsinə, vergülünə toxunmadan "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm!

Əziz şəhidimizin ruhu zəfər gününə, şeirləri Azərbaycan gəncliyinə əmanət olsun!

 

İbrahim İlyaslı

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 5.