Mən sizə darıxmaq öyrədəcəyəm

Fevralın 19-u mərhum şair Fərqanə Mehdiyevanın doğum günüdür...

Fərqanə, ilk doğum günündür ki, sənsiz qeyd edəcəyik. Daha doğrusu, bu günü sənsiz fevralın 19-dan fevralın 20-nə keçəcəyik. Mən də, sənin qardaş bilib, əkiztayım dediyin Faiq olaraq fevralın 23-də 57 yaşımı tarixin yaddaşına hopdurub ömür yolumu, ömür karvanımı sürüb sənsizliyimin zamanını daha da uzadacağam, gedəcəyəm.

Hara qədər, hansı zamana qədər, bilmirəm. Haqq dünyasında sənsən, haqqı sən bilərsən və məni, çoxlarının həqiqət olaraq qəbul etdiyi və bizim daha çox inandığımız əkiztayının gəliş zamanını gözləyəcəksən. Gözlə!

Bir vaxtlar mənə dediyin "Çöl" də "içəri" kimidi" deyimini sənə mən deyim... Heç nə dəyişməyib, çölü necə qoyub getmişdinsə, eləcə də durub qalır.

Yox, amma dəyişikliklər də oldu. Bu başabəla pandemiya qurtarsa, toylar, şadyanalıqlar başlasa, "Laçınsız "Laçına" oynama, qardaş", demişdin ha, görəcəksən ki, qol qaldırıb oynayırıq. Ruhuna bəyandır axı, səndən sonra torpaqlarımızı geri aldıq. Ordumuz düşmənin üstünə yürüdü, sənin şeirlərinin mayası olan torpaqlarımızı - Kəlbəcərimizi, Laçınımızı, bir sözlə, küllü Qarabağımızı azad etdik... Ruhun sevinsin, Ruhun aydın - gözümüz aydın, bacım mənim.

Sən gedən günün 40-cı günündən sonra, ağır xəstəliyə düçar olduğun zaman ağrılarını da götürüb köçdüyün evində üç dəfə olmuşam. Sonra getmədim. Evinin sənli olan istisi, həyat yoldaşının, balalarının, nəvələrinin mehribanlığı necə qoyub gedibsənsə, eləcə də qalıb. Sevə-sevə gəlin gətirdiyin gəlin balamızın da, əlinin nəfəs verdiyi otaqların da səliqə-sahmanı sən qoyub getdiyin kimidir - doğmadır hər şey.

Məşhur mahnıda deyildiyi kimi, Təkcə sən yoxsan... Bu evə isnişə bilmədim. Son nəfəsini aldığın otaqda sənsiz oturmaq da çətindir, Fəqişim, əkiztayım mənim. O evin havasını udmaq mənə ağır gəldi, ar elədim, sənin son dəfə nəfəsin gedib qayıtmayan, uda bilmədiyin havanı udam...

Xətai rayonu N.Tusi küçəsi, 25 ünvanındakı evini xatırlayıram səndən söz düşdükdə. Ülfəti böyüdüb əsgər yola saldığın, Ülkəri böyüdüb ər evinə göndərdiyin o ev necə də doğmadır mənə. Sevginin, Mələyin kəpənək nəfəsi qədər səssiz nəfəslərinin aldıqları, ayaq tutub yeridikləri ev... Mənim dəfələrlə qonaq olduğum, səni ziyarət etdiyim ev... qapısında, mətbəxində, divarlarında əlinin, nəfəsinin izi qalan ev, şeirlərinin doğulduğu, minlərlə insanın ürəyinə qonması üçün pərvazlanan ev... Sənsiz, lakin xatirələrini daşında, divarında yaşadan ev - doğma ev.

Bizdən ayrıldığın günün 40-cı günündən sonra iki dəfə son mənzilinə gəlmişəm. Dərdləşmişəm. Xatirələrinlə baş-başa qalmışam, səndən üzr diləmişəm; axı arada səni qınadığım vaxtlar da olurdu: Sən özün öz qədrini bilmirsən, sənin nə boyda şair olmağını özündən başqa hamı bilir, deyə ola bilsin ki, xətrinə dəymişəm.

Yadındadır, sən həmişə gülərdin, bacın sənə, qurban, deyərdin. Elə tənhayam ki, sənsiz əkiztayım, bacısızam bu boyda məmləkətdə...

 

Mən həbsdə olanda şeir yazmışdın,

Qəmli-qəmli, fağır-fağır,

Yerişə bax, daşdan ağır,

Üz-gözündən həsrət yağır,

Adamlar qərib kimidi.

 

Tükənib dözümün, tabın,

Tapanmadın o cavabı,

Könlüm çəkdiyin əzabın,

Ağrıyan yeri kimidi...

 

Hər günün üstündə bir daş,

Kəsilən dil, yeyilən baş,

Biz də sən gündəyik, qardaş,

"Çöl" də "içəri" kimidi...

 

- demişdin.

Ağır xəstə olanda, açıq ürək əməliyyatı keçirəndə, əlin, dilin, ürəyin yenə də dinc durmadı, az qala ağıqarışıq alqış dedin:

 

Min arzun var, min istəyin.

Diləyinə bacın qurban.

Boranına, yağışına.

Küləyinə bacın qurban.

 

Yüz dərdin başından aşır.

"Yerinə qələm danışır"

Yaxşı seçdin dost-tanışı

Ələyinə bacın qurban.

 

Düzəlmir bu dünya nədən.

Hanı gələn... hanı gedən.

Etibarsız zəmanədən

Gileyinə bacın qurban.

 

Ruhdur bizi sağ saxlayır.

Dərd şairi varaqlayır.

Demə, ürəyim ağrıyır,

Ürəyinə bacın qurban...

 

- deyib də anam, bacım əvəzi təskinlik vermisən.

Səni nə qədər çox istədiyimi bilmisən, məni nə qədər çox əzizlədiyini görmüşəm. Bu, ana qayğısı, bacı diqqəti idi, mənə göstərirdin nasaz vaxtımda.

Mən həbs həyatı yaşayanda "Burda darıxmaq olmaz" deyə bir şeirlə kitabı yazdım. Darıxmağın nə olduğunu sən anlatdın mən qarışıq dostlarına, doğmalarına - ərinə, oğluna, qızına, nəvələrinə bütün səni sevənlərə. Qabaqcadan elə belə də demişdin: Mən sənə darıxmaq öyrədəcəm.

 

Açılan səhərdən üzü axşama,

Mən sənə darıxmaq öyrədəcəyəm.

Bir bahar axşamı söykənib şama,

Mən sənə darıxmaq öyrədəcəyəm.

 

Həsrətin gözümdən axıb süzülər,

Bu varaq ömrümə misram düzülər.

İkimiz darıxsaq, dünya düzələr,

Mən sənə darıxmaq öyrədəcəyəm.

 

Könlünü açıram ac ümidlərin,

Mənə taqət verin, mənə güc verin.

Döşənib üstünə xatirələrin,

Mən sənə darıxmaq öyrədəcəyəm.

 

Töküb gözlərimdən yaz yağışını,

Görərdim mən barı xoş baxışını.

Dizinin üstünə qoyub başımı,

Mən sənə darıxmaq öyrədəcəyəm.

 

Qorxuram güvənəm, güvəncim sına,

Yaman dirəşibdi qılıncım qına,

İşimi, gücümü atıb bir yana,

Mən sənə darıxmaq öyrədəcəyəm.

 

Səndən sonra xatirəni əziz tutub tərtib etdiyim kitaba sənsiz ən çox darıxan adamın, ömür-gün yoldaşın İlqarın təklifi ilə də elə bu adı verdik: Mən sizə darıxmaq öyrədəcəyəm.

Sən bizə darıxmaq öyrətdin, Fərqanə...

 

Faiq BALABƏYLİ

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 11.