"Varislər"

 

ÜMİD QAPISININ SON ÜMİDİ ÖLÜRSƏ...

"Varislər"in bugünkü qonağı nasir, dramaturq, ictimai xadim, AYB Lənkəran bölməsinin keçmiş məsul katibi, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin oğlu, iqtisadçı Rüstəm Əliyevdir.

Cənub ağsaqqalı

 

Axund Molla Rüstəm 25 il Nəcəfdə ali dini təhsil aldıqdan sonra bir neçə il olardı doğma Talış dağları ətəklərinə qayıtmışdı. Molla Rüstəm dini savadı, şəriət bilicisi kimi o ətrafda böyük hörmət və nüfuz sahibi idi. 1925-ci ilin yazında axundun ailəsində bir oğlan dünyaya gəldi, uşağın adını böyük İslam peyğəmbəri Məhəmməd (s.ə.s.) və Kərbəla şəhidlərinin piri imam Hüseynin (ə.s.) şərəfinə Məmmədhüseyn qoydular.

Bolşevik hakimiyyəti tezliklə Molla Rüstəmin də düzənini pozdu. Adam ailəsindən, doğmalarından ayrı düşüb Cənubi Azərbaycana - Ərdəbilə mühacirət etdi. Onun Lerikin Gürdəsər kəndindəki evini zorla alıb məktəb etdilər, ailəsini "məktəbin" kiçik otaqlarından birinə köçürtdülər. Axundun qiymətli kitabları, əlyazmaları, qeydləri məhv edildi. Ailə böyük maddi və mənəvi sıxıntılar, məhrumiyyətlər içində yaşamağa məcbur oldu.

Məmmədhüseyn Əliyev 1940-cı ildə Lənkəran Pedaqoji Texnikumu nəzdində müəllimlik kursunda təhsil aldı. Bir müddət müəllim işlədikdən sonra APİ-nin Tarix və ədəbiyyat fakültəsində təhsilini davam etdirdi, lakin ədəbi yaradıcılığa, jurnalistikaya olan həvəsi yolunu BDU-nin Filologiya-jurnalistika fakültəsinə saldı.

O, ədəbi yaradıcılığa erkən başlamışdı. Yazdığı romanlar, hekayələr oxucuların diqqətini çəkmiş, onu sevdirmişdi. "Dağlar oğlu" romanı dəfələrlə böyük tirajla çap olunmuş, rus dilinə tərcümə edilərək keçmiş ittifaqın müxtəlif nəşriyyatlarında işıq üzü görmüşdü. Onun AYB Lənkəran bölməsinin məsul katibi kimi fəaliyyəti dövrü cənub zonasında ədəbi həyatın qaynadığı, yeni ruhlu yaradıcı gənclərin üzə çıxdığı zaman kimi yadda qalıb. Bu gözəl insan, unudulmaz el ağsaqqalı, maraqlı yazıçının varisi Rüstəm Əliyevlə Məmmədhüseyn Əliyev ocaqlarının birində - qızı, tarix üzrə fəlsəfə doktoru Sədaqət xanımın evində görüşdük.

- Rüstəm müəllim, gəlin Məmmədhüseyn Əliyevin ailəsindən danışaq, yəni sizin doğulub böyüdüyünüz, tərbiyə aldığınız ailədən.

- Məmmədhüseyn Əliyevin altı övladı olub: böyüyümüz Ənvər həkimdir, uzun illərdir Lənkəranda həkim kimi fəaliyyət göstərir, o zonada kifayət qədər tanınan, hörmət olunan ziyalılardan biridir. Ailəmizin ikinci övladı Nəzakət bacımız Hacıxanımdır, o da ixtisasca həkimdir, indi təqaüdə çıxıb dincəlir, nəvələrinə baxır. Sonra Sədaqət xanım olub. İxtisasca tarixçidir, elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Ondan sonrakı bacımız dünyasını dəyişib. Sonra mən gəlirəm. Uzun illər dövlət qulluğunda çalışmışam, hal-hazırda işləmirəm. Kiçik qardaşımız Əbdülhüseyn hüquqşünasdır, Rusiyada hüquq-mühafizə orqanlarında fəaliyyət göstərir.

 

Çiyələk mövsümü

 

- Biz ona əmi deyirdik... Mənim Məmmədhüseyn müəllimlə ilk görüşümün çox maraqlı xatirəsi var. Tələbə idim, toya getmişdim Lənkərana, dedim "Dağlar oğlu"nun müəllifi ilə görüşüb tanış olum, həm də bir neçə hekayəmi oxuyum ona. Çiyələk mövsümü idi. Qapını döyüb keçdim otağa. Bir boşqab çiyələyi qarşısına qoyub iştahla yeyirdi. Hələ nübar etməmişdim. Təklif etmədi çiyələyin dadına baxım. Söhbət elədik. İki hekayə oxudum, o da çiyələyi kənara qoyub diqqətlə dinlədi. Bəyəndi yazılarımı. Yolun düşəndə mütləq yenə gəl dedi. Ayrılmaq üçün görüşdük. Otağından çıxanda bir kağız torbada (təxminən 3 kq. olardı) çiyələk verdi mənə. "Nübardı, aparıb evdə yeyərsən", - dedi. Nə qədər diqqətli olduğunu başa düşdüm. O kişilər nəyi harada, necə etmək lazım olduğunu dəqiq bilirdilər. O mənim yaddaşımda belə qaldı. Sonra AYB-nin qurultayında görüşdük. Çox maraqlı adam idi, köhnə kişilərdən idi.

- Hə, konkret adam idi. O, cənub zonasında yaxşı ədəbi birlik yaratmışdı, yazarlar hər həftə toplaşıb, orada yeni yazılarını oxuyur, müzakirə edirdilər. Yaxşı nəsil yetişmişdi, indi onların əksəriyyəti məşhur yazarlardır. Bir həkim vardı, o da birlik üzvü idi, hekayələr yazırdı. Əhməd adlı sürücü dostumuz vardı, bir gün həkimi axtara-axtara gedib çıxır birliyə. Qapını döyür, az sonra Məmmədhüseyn müəllim özü açır qapını. Aralarında belə bir dialoq olur: "Şairsən?". "Xeyr". "Müəllimsən?". "Xeyr". "Onda çıx bayıra!" - deyib qapını örtür. Konkret adam idi.

- Söhbətimiz səmimi keçir, buna görə çox sağ olun. Məmmədhüseyn əmi ruhani ailəsində anadan olmuşdu. Mənə çox uzun göründü 25 il Nəcəfdə ali dini təhsil almaq. Bu qədər oxumaq nəyə lazım idi?

 

Şair deyilsənsə, çıx bayıra

 

- Çox qəribə taleyi olub bu adamın. Onu sovet hökuməti ailəsindən ayırıb. Atamın 2-3 yaşı olanda babamız Ərdəbilə mühacirət etmək məcburiyyətində qalıb və bir daha ailəsi ilə görüşə bilməyib. Stalin repressiyası illərində din xadimlərinə müharibə elan olunmuşdu. Babamız Axund Rüstəm də bu "müharibənin" qurbanlarından biri idi. Din alimi, həm də şəriət bilicisi - hüquqşünas olub. Gedərkən bir gün qayıdacağını, yenidən ailəsinə, doğmalarına qovuşacağını düşünüb, amma ayrılıqlar bitməyib. Təsəvvür edirsinizmi, onun yaxşı ev-eşiyi olub Gürdəsər kəndində, əlindən alıb məktəb ediblər, ailəsinə isə həmin evdən balaca bir otaq ayırıblar ki, orada yaşasınlar. Uzun illərdən sonra babamın vəsiyyətnaməsini qohumlarımızdan birinə təqdim etmişdilər, o da gətirib bizə verdi. Axund Rüstəmi Ərdəbildə 17 kəndə dini rəhbər təyin ediblər, ailəsindən uzaqda, Cəmahiran kəndində təklik içində dünyasını dəyişib. Vəsiyyətnaməni kənd məscidinin mollasına verib. Orada əslən haradan olduğunu qeyd edib. Olan-qalan əmlakını üç yerə bölüb. Bir hissəsini həmin kənd mollasına, bir hissəsini şagirdlərinə, bir hissəsini də öz ehsanı üçün ayırıb. Uzun illərdən sonra atamla bir yerdə gedib onun məzarını tapdıq, ziyarət etdik.

Nənəmiz Şahbəyim xanım sadə, evdar qadın idi. Lerik qəsəbəsində doğulmuşdu. Atamgil ailədə üç uşaq olublar, kiçik qardaşları körpə vaxtı dünyasını dəyişib, bibimlə atam nənəmizin himayəsində böyüyüb. Atamın gözəl xətti vardı. Orta məktəbin yuxarı siniflərini Lerik rayonunda oxumuşdu, elə o vaxt dərsdən sonra rayon məhkəməsində katib kimi işləməyə başlayıb. Hal-hazırda Gürdəsər kənd məktəbi atamın adını daşıyır.

- Məmmədhüseyn əmi APİ-nin Tarix fakültəsini yarıda saxlayıb, BDU-nun Filologiya-jurnalistika fakültəsinə daxil olub. Ötən əsrin 40-cı illərində artıq ilk yazıları mətbuatda görünməyə başlayıb. Qail təxəllüsü ilə şeirlər yazıb...

- Qəzəlləri, rübailəri var. Onun həyatının böyük hissəsi - 44 il - pedaqoji fəaliyyətdə keçib. Orta məktəbdə, texnikumda dil-ədəbiyyat müəllimi işləyib. Məktəb direktoru olub.

 

Qonağa bağışlanan pencək

 

- Məktəb direktoru deyiləndə indi ilk olaraq yadımıza süpürgəpulu, fondpulu toplayanlar düşür... Görəsən, o da süpürgəpulu yığırmış?

- Sizin sualınıza cavab verəcəyəm, amma əvvəlcə atamın dediyi bir fikri diqqətinizə çatdırmaq istəyirəm. O, həmişə bizə deyirdi ki, adam mərd olmalıdır, gözütox olmalıdır. Lənkəran tibb və pedaqoji kolleclərində direktor müavini işləyəndə, təbii ki, ona müəyyən təkliflər olub. Atam deyirdi ki, doğrudur, mən kasıbam, amma 100 manatın kasıbı deyiləm. O 100 manat mənim maddi vəziyyətimdə elə bir dəyişiklik etməyəcək, ancaq məni bir ömür gözükölgəli saxlayacaq. Bunu hər biriniz yadda saxlayın. İnsanın şərəfindən, şəxsiyyətindən üstün heç nə ola bilməz. O bizə sözün ilahi qüdrətini başa saldı və hamımız sözə bağlandıq. Hər birimiz sözümüzün ağası olmağa çalışdıq.

- Uşaq idim (Sədaqət xanım söhbətə qoşulur), nə üçünsə qaşqabaqlı gəzirdim, atam bunu gördü. Rəsul Həmzətovun nəvəsinə həsr etdiyi şeiri var. Atam o şeiri əzbər dedi. Məzmunu belə idi. "Niyə ağlayırsan, sənin atan-anan var, qoy mən ağlayım, çünki yetiməm". Atam şeiri söylədi və dedi ki, sənin hər şeyin var, heç vaxt qaşqabaqlı gəzib naşükürlük eləmə. Onun bu sözləri mənə dərs oldu. O, gözəl ata idi, bizim təhsilimiz, yaşamağımız üçün bütün şəraiti yaratmışdı. Çap olunurdu, yaxşı qonorar alırdı, deputat idi. İctimai fəaliyyəti göz qabağında idi, sözü keçirdi. Həmişə çalışırdı gözütox böyüyək.

- Altıncı sinifdə oxuyurdum (Rüstəm müəllim davam edir), atam Lənkəran Pedaqoji Texnikumunda müdir müavini işləyirdi. 4 saylı məktəbdə, rus bölməsində təhsil alırdım. Hər gün dərsə gedəndə anamın tədarük etdiyi nahar torbasını aparıb atama verir, sonra məktəbə yollanırdım. Onun həyat tərzi belə idi. Süpürgəpulu yığanlar naharı restoranda, kafedə, yeməkxanada edənlərdir.

Yayın sonlarında Lənkərandakı İstisu sanatoriyasında vanna qəbul edirdi. Deyirdi, gəndəlaşın başı qaraldısa, arı şanısının kəsmək vaxtı çatdısa, İstusiya getmək olar. AYB Lənkəran bölməsinin "QAZ 69", özünün isə şəxsi "QAZ 21" markalı maşını vardı. Sürücü aparıb-gətirirdi. Bir gün mən də onlarla İstisuya getdim. Tutqun, yağışlı hava idi. Sürücü ilə mən maşında oturub gözlədik, o da pencəyi çiyninə atıb getdi. Vanna qəbulundan sonra gərək əynini isti saxlayasan. Qayıdanda pencək yox idi. Elə bildim unudub. Tez maşından düşdüm ki, gedib pencəyini gətirim. Dedi, qayıt otur maşına. Sürücüyə dedi, sür gedək. Heyrət içində idim. Dedim, ay ata, pencəyin qaldı axı. Dedi, onu bir ağdamlı kişiyə bağışladım. Adam ehtiyatsız gəlib, qonaqdır. Soyuqlaya bilər. Halal xoşu olsun.

- "Dağlar oğlu" romanı bir neçə dilə tərcümə edildi və Azərbaycanda bir neçə dəfə təkrar çap olundu. Bu, yaxşı qonorar demək idi. Necə dolanırdınız? Haraları gəzirdiniz? Nə alırdı sizə?

 

 

Moskvanın "Rossiya" mehmanxanası

 

- Dediyim kimi, hər yay mütləq İstisuda vanna qəbul etməyə gedirdi. 10 gün. Amma heç vaxt məxsusi olaraq hansısa sanatoriyaya getmək, müalicə proseduru keçməklə arası yox idi. Sağlam adam idi, özünə fikir verirdi. 69 yaşında bütün dişləri sapsağlam ağzında idi. Yaxşı geyinirdi. Ömrünün son illərində qəfildən düşdü. Moskvada onu müayinə edən həkim də dedi ki, çox sağlam orqanizmi var. Xərçəng xəstəliyi tapdı və bununla da biz onu itirdik. Amma ildə bir dəfə məzuniyyətə çıxıb Moskvaya gedirdi. Bu, daha çox yaradıcılıq ezamiyyəti kimi bir şey idi. "Rossiya" mehmanxanasında qalırdı və mütləq qayıdanda təzə əsəri ilə gəlirdi. Orada tərcüməçiləri İbrahim Kəbirli, Vil Qəniyev və başqaları ilə görüşürdü.

- On ildən artıq müddətdə AYB Lənkəran bölməsinə rəhbərlik etdi. Yazı-pozu adamları həm ərköyün, həm də bəzən cığal olurlar, diqqət istəyirlər, qayğı istəyirlər. Bir şeir, bir hekayə çap olundusa, özlərini dahi hesab edirlər. Necə yola gedirdi onlarla? Bildiyim qədərilə o qədər də səbirli adam deyildi Məmmədhüseyn əmi. Sözü üzə çırpan idi.

- Yox, onlar atamın yanında özlərini yaxşı aparırdılar. Əvvəla, atam bölməyə rəhbərlik edəndə artıq ağsaqqal idi. Üstəlik, zabitəli adam idi, onun yanında ərköyünlük etmək olmazdı. Həm də atam bölməyə gələn istedadlı adamlara hər cür kömək etməyə çalışırdı. Almanaxlarda, mətbuatda çap olunmaqlarına şərait yaradırdı. İnanmıram kimsə cürət edib, onun sözünün qabağına söz qoya bilsin. Atam onsuz da kiminsə haqqının tapdanmasına imkan vermirdi. Zabitəli adam idi. Evdə də, cəmiyyət içində də. Biz ondan çəkinirdik. Ailə ilə bağlı bütün qərarları o verirdi.

- Bir dəfə (Sədaqət xanım müdaxilə edir) Lənkəran Dram Teatrında "Vaqif" tamaşasına baxıb, şəhərin gecə küçələri ilə evə qayıdırdıq. Sözarası dedim ki, S.Vurğun "Vaqif"i gözəl yazıb, mən onun dramaturgiyasına, sevgiyə verdiyi qiymətə heyranam. Atam ayaq saxladı, dedi, məgər mənim "Şəfəq" pyesim pisdir. Yoxsa "Dağlar oğlu"nda sevgini pis vermişəm? Dedim, S.Vurğun sevgini qul xisləti ilə qələmə alıb. İnsan öz sevgisinin quludur onun yaradcılığında.

- Məncə, bu yanaşma klassik Şərq şeirindən gəlir, Füzulidən gəlir. Avropa şairləri də, bizim S.Vurğun da bundan təsirləniblər. Şekspir də bundan təsirlənib.

- Sizin yanaşmanıza görə, (Rüstəm müəllim davam edir) bizim dramaturqların Şekspir səviyyəsində olması üçün gərək biz də ingilis olaq.

- Qətiyyən elə deyil. Məgər H.Cavid ingilis idi? Amma onun "Şeyx Sənan"ı dünya dramaturgiyasının ən qiymətli eşq dastanlarından biridir. Onun "Afət"i dahiyanədir. Mən Səməd Vurğunu böyük şair kimi qəbul edirəm, amma onun dramaturgiyası, xüsusilə də "Vaqif"i pafos üzərində, tarixi təhrif üzərində qurulmuş dramdır. Və məncə, bunun öz səbəbləri var. Gəlin mövzudan yayınmayaq.

- Bacım Nəzakət xanım həm də həvəskar rəssamdır, Sədaqət xanım isə şeirlər yazır, elmi işlə məşğul olur, onlar emosional adamlardır. Mən isə odun üstünə su tökənlərdənəm. Atamın "Prokuror" pyesini xatırladım. Lənkəran Dram Teatrının səhnəsində oynayırdılar. Tamaşa başa çatdı, izləyicilər zalı tərk etdilər. Foyedə müzakirə edirdilər.

 

Bakıdan gələn mötəbər

 

Bir nəfər də Bakıdan qonaq gəlmişdi, Xalq Nəzarəti Komitəsinin məsul işçisi idi. Söhbət əsnasında dedi ki, mənim pyesdən heç xoşum gəlmədi. Atam onun bu sözlərini eşitdi. Çox sərt cavab verdi: "Sən nə qanırsan pyes nədir, ədəbiyyat nədir? Sən ümumiyyətlə kimsən, bu əsəri müzakirə edirsən?!". Rayonun birinci katibi pərt oldu, amma atam üçün fərq etmirdi vəzifə adamı, filan. Doğru bildiyi sözü söyləməyi heç kəs ona qadağan edə bilməzdi.

- Sualım hamınızadır. Çox yazıçılar tanıyıram, heç övladları onların yazdıqlarını oxumurlar. Sizi məcbur edirdimi kitablarını oxumağa, yoxsa özünüz maraq göstərib oxuyurdunuz? Yoxsa ümumiyyətlə, oxumaqla aranız olmayıb? Və... onun hansı əsərini daha çox sevmisiniz?

- Mən atamın (Sədaqət xanım cavab verir) bütün romanlarını sevərək, maraqla oxumuşam. "Dağlar oğlu" və "Döyüşən illər" romanlarını yaşayaraq, hadisələrin içinə girərək oxumuşam. "Döyüşən illər" romanı cənub zonasının tarixini əks etdirir. Lənkəranın daş-daş, kərpic-kərpic qurulmasının tarixi var orada. Elmi işim etnoqrafiyadır. Adını çəkdiyim roman etnoqraflar üçün həm də dərs vəsaitidir, sanki. O, həm doğulduğu torpağın - talış torpağının dilini, mədəniyyətini, tarixini gözəl bilirdi, həm də Azərbaycan dilinin özəlliklərini, mədəniyyət tariximizi, adət-ənənələrimizin tarixini gözəl bilir və bunu öz əsərlərinə peşəkarlıqla transfer edirdi. Tolstoyu, Ç.Aytmatovu çox sevirdi, danışarkən onlardan sitatlar gətirirdi. Həmişə düşünürdüm, axı Tolstoyla atamı birləşdirən cəhət nədir?

 

Tolstoy və Məmmədhüseyn Əliyev

 

Tolstoy da əyalətdə yaşayıb, atam da əyalət adamı idi. Görünür, bu fakt doğmalaşdırıb onları. Tolstoy da sözlə hadisələrin, obrazların təsvirini verir, atam da sözə həssasdır. Tolstoy rus kəndinin, rus kəndlisinin təsvirini yüksək səviyyədə yaradıb, atam da bizim zonanın insanlarını, o yerlərin təbiətini, yaşayış tərzini gözəl təqdim edib.

- Atamın (Rüstəm müəllim davam edir) romanları öz yerində, amma mən onun "Lənkəran hekayələri"ni həvəslə oxumuşam. Orada "Gəlin" hekayəsi var. Kiçik bir hekayədə böyük tarix, dəqiq təsvir yarada bilib. Heyrətə gəlmişəm həmişə, Lerik rayonunun ucqar bir kəndində, məhrumiyyətlər içində böyüyən bir adamda bu istedad haradandır? Əlbəttə, bu, Allah vergisidir və əgər Allah birini seçib bu istedadı ona veribsə, heç kəs ona mane ola bilməz. Hekayədə talış xanı Mirmustafa xanın qızını siyasi məqsədlə rus polkovnikinə ərə verirlər. O qızın həyat hekayəsi son dərəcə ustalıqla təsvir edilib. Kövrəlmədən oxumaq mümkün deyil.

- Yəqin, Bakıdan Lənkərana yeyib-içməyə gələn yazıçı dostları çox olub. Kim idi onlar? Lənkəranda, Bakıda kimlərlə oturub-dururdu?

- Bəkir Nəbiyevlə çox isti münasibəti vardı. Neftçalada İmamverdi Əbilov vardı, alim adam idi. Yaxın idilər. Bizə gəlib-gedirdi İmamverdi müəllim, atam onlara gedirdi. İlyas Tapdıq, Nəriman Həsənzadə... Bir dəfə Nəriman Həsənzadə ilə görüşdüm, dedi xoşbəxt adamsan, elə bir kişinin övladısan! Sənin atan kişi adam idi. Evimizdə tarixi bir şəkil var, onun çəkildiyi gün indiki kimi yadımdadır: atam ovdan gəlir, əlində iki dovşan tutub. Nəriman Həsənzadə yanında dayanıb.

 

Nəriman Həsənzadənin vurmadığı dovşanlar

 

Nəriman müəllim dedi ki, bu dovşanları mən vurmamışam, mənim əlim gəlməz... Ata yaxşı ovçu idi. Xəlil Rza, Teymur Əhmədovla tələbə yoldaşı olmuşdu. Böyük müəllimlərdən dərs almışdı atam, onları həmişə sevgi ilə xatırlayırdı: Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə. Onlar böyük məktəb idilər. Atam onlardan mədəniyyət, böyüklük görmüşdü. Zövqü olan adam idi. Bizə də səfərlərdən qayıdanda qəşəng paltarlar, ayaqqabılar alıb gətirirdi. Hər birimiz üçün hədiyyə gətirirdi, ürəyimizi sevindirirdi. Bizə çox diqqət göstərirdi. Ağıllı, savadlı adama ürəyini verməyə hazır idi.

- Bəzən valideynlər ailədə övadlar arasında az da olsa, fərq qoyurlar. Birini digərindən bir az çox istəyirlər. Sizin ailənin əziz-xələfi kim olub? Bir də, yeyib-içməklə arası necə idi? Siz ondan nə öyrəndiniz, nəyi öyrənə bilmədiniz?

- Əlbəttə, Ənvər qardaşımız onun gözünün nuru idi. Atamız dünyasını dəyişəndən sonra Ənvər bizə ata əvəzidir. Süfrə açmaq, qonaq qəbul eləmək bizim evdə adi hal idi, amma atam heç vaxt dilinə spirtli içki vurmayıb. Əlbəttə, dostları gəlirdi, bəlkə onların qabağına içki qoyurdu və s., amma biz belə şeylər görməmişik. O, hələ sovet vaxtında Kərbəla ziyarətində olmuşdu. İraqda rəsmi səfərdə olanda xahiş etmişdi ki, onun Kərbəlanı ziyarət etməsinə şərait yaratsınlar. İraq Mədəniyyət naziri öz maşını ilə onları Kərbəlaya göndərmişdi. Ümumiyyətlə, bizim ailədə içki içən yoxdur.

Həyatda nəyə nail olmuşuqsa, ilk növbədə ona, onun verdiyi tərbiyəyə, göstərdiyi nümunəyə borcluyuq. O, heç nə demirdi, sadəcə, öz həyat tərzi ilə bizə necə yaşamaq lazımdır, onu göstərirdi. Yalan və yalançı gözünün birinci düşməni idi. Kiminsə arxasınca danışmaq onun təbiətinə yad idi. Özü mənəvi cəhətdən zəngin adam idi, biz də ona oxşamağa çalışmışıq. Köməyə ehtiyacı olanlar birinci onun qapısını açırdılar. Neçə nəfərin təhsil almasına, müalicə olunmasına yardım edib.

 

Ümid qapısı

 

Bəzən üstündəki son manatı da kiməsə verirdi. Kiminə məhkəmədə kömək edirdi, kimini işə düzəldirdi. Məsələn, birinin icra hakimiyyətində (o vaxt raykom idi) problemi var. Deyirdi, gəl parkda gəzək. Qoy o binadakılar görsünlər ki, mənim yanımdasan. Sənə kömək edəcəklər. Belə adam idi o!

Uzun illər rayon və şəhər sovetlərinin deputatı oldu. Sözü keçirdi. Bir nəfər vəzifəli şəxsin işdən çıxarılması məsələsi plenumun müzakirəsinə verilib. Həmin adam gəlib atamın yanında oturub deyib ki, məni işdən çıxartmaq istəyirlər, mənə kömək edin. Atam deyib: - Axı sən yaxşı adamsan, işini bilirsən, niyə səni çıxartmaq istəyirlər? Deyib, kimsə məndən katibə şikayət edib. Plenum başlayıb, atam yerdən əlini qaldırıb deyib ki, mənə söz verin. Katib atama söz verib. Qalxıb, deyib başa düşürəm, bu adam yaxşı işləməyib, onu işdən çıxartmaq istəyirsiniz, olsun, amma mən deputatam və bilmək istəyirəm, yaxşı işləyənlər kimdir, xahiş edirəm onların adlarını deyin, biz də tanıyaq. Katib gülümsəyib və növbəti məsələyə keçiblər. Adam öz işində qalıb. Atam dramaturgiyanı gözəl bilirdi, elə yerindəcə qurmuşdu bu "süjeti".

 

"Böyük qardaş"lardan biri

 

Raykomda bir nəfər rus gözəl xətti olduğu üçün partiya biletlərini yazırmış. Həm də görünür, müəyyən idarələrlə əməkdaşlıq edib. Katib atamı kommunist partiyasına qəbul etmək istəyib. Rus söz alıb deyib ki, bu adamın atası mühacirdir, onu partiyaya qəbul etmək olmaz. Katib çətinə düşüb. Deyib, bu bizim rus "qardaşımızdır", sözündən çıxmaq olmaz, bilmirəm necə edim. Atam deyib, nə olsun rusdur. Çar Nikolay da rus olub, amma bizim düşmənimizdir. Katib ürəklənib, atamı partiyaya qəbul edib.

- Ümumiyyətlə, insanların üz tutmağa, qapısını döyməyə bir ünvanı varsa, o adamlar rahat yaşaya bilirlər. O insanlar xoşbəxtdirlər.

Məmmədhüseyn Əliyev xərçəng oldu. Onun son günlərini, xəstəliklə mücadiləsini necə xatırlayırsınız?

- Hər şey sürətlə baş verdi. Mənə zəng vurdu, dedi, nədənsə, iştaham küsüb. Gətirdik Bakıya, müayinə etdilər. Müəyyən olundu ki, əməliyyat edilməlidir. Özü xərçəng olduğunu bilmirdi. Dedi, məni Moskvada əməliyyat etdirin. Əməliyyat olundu. Bir qədər yaxşılaşdı, amma xərçəngdir də, metastaz verdi. Hamımız yanında idik. Son ana qədər ümidli idi. Bakıda ikinci dəfə əməliyyat olundu, amma toxunmadılar, çünki yayılmışdı. Növbə ilə yanında qalırdıq. Bir gecə yanında idim. İşıqları da söndürmüşdüm. Dincəlirdi. Su istədi, verdim. Dedi tikişlərim birləşib, məni Moskvaya aparın. Pis oldum, kövrəldim. Bilirdim ki, mənasızdır. Sayılı günləri qalmışdı. Çox həssas adam idi. Üzümü çevirəndə göz-gözə gəldik, gözlərimin içinə baxırdı. Heç nə demədi. Görünür, özü hər şeyi başa düşmüşdü. Son ümidi də mənim göz yaşlarımda boğulmuşdu...

 

Söhbətləşdi: Əyyub QİYAS

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 16-17.