Qoqol, Allah sənə rəhmət eləsin!

"Vəziyyət ruscadır"

III yazı

Puşkin öldü...

Öldürdülər!

Lermontov öldü...

Öldürdülər!

"Belkinin povestləri" yaşayır...

Ölməyəcək!

"Zəmanəmizin qəhrəmanı" yaşayır...

Ölməyəcək!

 

Bu yazdığım bəsit formula klassikanın ən səthi izahıdı. Zaman keçir, qəribə adamların qələmə aldığı qeyri-adi əsərlər köhnəlmir, tarixin hansısa səhifəsində itib-batmır, əksinə, hər dəfə bir cür, ayrı tərəfdən, başqa şəkildə düşündürür, təsirləndirir. Fərqi yoxdur, müəllif zamanın diqtəsini qələmə alıb, kiminsə sifarişi ilə yazıb, ya öz ən gizlin ağrısını, yükünü vərəqlərə boşaldıb... Vaxt keçdikcə o açılan yeni cığırlarda addımlayan çoxalırsa, yazılanlar müxtəlif dövr və şəraitlərdə bu günün əsəri kimi qavranırsa, ölməzlik elə budur.

Deyir, millət atası Hacı Zeynalabdin Tağıyev də Qızlar məktəbinin ilk müdavimlərinə müqəddəs "Quran" ilə yanaşı, Puşkin və Lermontovun (ölümlərindən 50-60 il sonra) kitablarını hədiyyə edibmiş... Onlardan öyrəniləsi çox şey varmış! "Varmış" - deyəndə ki, indi də çoxdur! Amma məhz Puşkin və Lermontov müasirlərinə ən çox təsir etmiş sənətkarlardı. Bir "Belkin povestləri"ndən onlarca xarakter səpələnib rus nəsrinə, neçə-neçə yeni istiqamət mənbəyini Puşkin sözündən götürüb. Lermontovun Peçorinin xarakteri xələflərindən ötrü master-klassa çevrilib. Amma ən vacibi oxucudu axı... Oxucu nə başa düşüb, nədən təsirlənib, hətta havalanıb?!

Hə, elə oxucunu deyirdim də... Günlərin birində Puşkindən cəmi-cümlətanı onca yaş cavan olan "oxucu" qapısına gəlir. O qədər həyəcanlanır ki, hər qapıya çatanda qaçıb gedib yaxındakı qəlyanaltıda "yüz" gillədir. Cəsarət üçün! Nəhayət, böyük şairin qulluqçusu çıxıb ağasının yatdığını deyir. Oxucu heyrət içində saatı yadına salıb düşünür ki, yəqin, şair səhərəcən yeni əsərini yazırmış, ona görə günün bu gec vaxtına qədər yuxudadı. Amma qulluqçu əsl həqiqəti açıb deyəndə rus ədəbiyyatında növbəti bir sarsıntının əsası qoyulur. "Əşi nə yazmaq e, səhərəcən qumar oynayıb...". Bunu xidmətçi deyir və məktəbdə Puşkinin şeirlərini heyranlıqla oxuyan və şagirdlərinə əzbərlətdirən Nikolay Vasilyeviç Qoqolun yer qaçır ayağının altından... Bəli, o qapı ağzında həyəcanla gözləyən Qoqol idi. Yaşadığı xəyal qırıqlığından sonra düz iki il Puşkinə yaxın da düşmür. Amma sonralar Puşkinlə elə dostlaşır ki, bu birlik rus ədəbiyyatına yeni əsərlər, mövzular qazandırır.

Aleksandr Sergeyeviç dostlarının yanında şikayət də edirdi: "Bu mallorosla (Ukrayna, Belarusiya ərazisində doğulan ruslara belə deyilirdi) ehtiyatlı olmalıyam, məni elə dənləyir ki, cınqırımı da çıxara bilmirəm".

Bir gün söhbətarası Puşkin Qoqola sürgündə eşitdiyi bir əhvalatı danışır; sən demə, Benderı şəhərində ölümləri qeydiyyata almırmışlar, qaçaqlar rəhmətə gedənlərin sənədi ilə həyatlarını qanuniləşdirirmişlər. Nəticədə bir müddət sonra bəlli olur ki, illərdi burda ölüm-itim yoxdur... Qoqol Puşkinlə bu söhbətini "Müəllif etirafı"nda belə şərh edir:

"Bəlkə illərlə özünü əyləndirmək və şənlik ovqatı itib gedərdi, bununla birgə yazıçılığım da yoxa çıxardı. Amma Puşkin məni məsələyə ciddi baxmağa məcbur etdi. O, çoxdandı ki, məni böyük əsər yazmağa yönəldirdi. Və nəhayət, bir gün mən kiçik bir əsərin balaca parçasını ona oxuyanda çox təsirləndi, əvvəllər oxuduqlarımdan daha çox... O mənə dedi: "İnsanı belə duymaq, bir neçə cəhəti ilə açmaq və canlı adam kimi göstərmək məharəti olan yerdə böyük əsər yazmamaq... Günahdı sadəcə!". Və nəticədə o öz süjetini mənə verdi. Özünün poema yazacağı süjeti... onun sözlərinə görə, bunu başqa heç kəsə verməzdi. Bu, "Ölü canlar"ın süjeti idi".

Başqa bir ehtimalla "Müfəttiş"in də ideyasını Puşkin salmışdı Qoqolun beyninə. Niyyət aydındı, rus ədəbiyyatını yeni bir mərhələyə, keyfiyyətə yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə yerinə düşürdü. Və mənə görə Puşkinin bu mənada gördüyü ən ciddi iş Qoqolun "Burun"unu çap etməsidir... Çünki artıq dediyim kimi, rus nəsri, realizm cərəyanı hələ tam formalaşmayıb, istiqamətlər bəlli olmayıb, Lermontov deməli - oxucu bədii əsərdəki ağıl öyrədən ağsaqqalın yoxluğuna alışmayıb... və belə süreal, magik, absurd əsər ortaya çıxır! Bəli, çoxları üçün qəribə idi, əndrəbadi idi, qəbulolunmaz idi... Elə ona görə də 1835-ci ildə "Moskovskiy nablyudatel" jurnalı "Burun" povestini "pis, mənasız və bayağı" adlandıraraq nəşr etməkdən imtina etdi. Amma Aleksandr Sergeyeviç dedi ki, əsər "gözlənilməz, fantastik, şən və orijinaldır", buna görə də müəllifi povesti 1836-cı ildə "Sovremennik" jurnalında dərc etməyə razı saldı. Və Puşkin "Burun"un içindəki, pardon, dərinliyindəki, hımmm söhbət burundan gedirsə, onun içindən, altından, dərinliklərindən danışmaq gigiyenik cəhətdən düz gəlmir e... Elə müəllif də natəmiz birini sahibindən ayırıb "adam eləmək"lə gerçəkliyə diqqət çəkməyə çalışırdı.

Nə isə, hər halda Puşkin müəllifi sığortalamaq üçün kiçik bir giriş də yazmışdı əsərə: "Uzun müddət Qoqol bu zarafatı çap etdirmək istəmirdi, ancaq biz əsərin əlyazmasını oxuyarkən onda elə qeyri-adi fantastik, orijinal, şən, gülməli şeylər gördük ki, bunları oxuculara çatdırmaq üçün müəllifi dilə tutaraq əsəri nəşr üçün icazə aldıq".

Amma bu giriş də senzuranın diqqətini yayındırmağa kömək olmur. Ayıq-sayıq Çar senzurası Burunun bəhanə olduğunu tutur və onun böyründəki-başındakı hadisələrin rejimin hansı naqis cəhətlərinə işarə olduğunu da sezir. Əsər xeyli kəsilib doğranır, hətta müəllif özü də sonluğu dəyişir. Nədisə, bu redaksiyalar da əsəri kəskin və ardıcıl tənqidlərdən qurtara bilmir. Axı necə ola bilər ki, adam - kollec assesoru, mayor Kavalyov səhər yuxudan dursun və görsün ki, burnu yoxa çıxıb... Burunsuz yaşamaq, gəzib-dolanmaq bir yana, hələ üstəgəl, burunun da adam kimi geyinib, bəzənib ortada gəzməsi, kilsəyə getməsi, rütbə alması, nə qədər də mənasız və absurd məsələlərdi?! Bəli, dövrün oxucusu üçün bu qəribə süjeti anlamaq çətindi... Belinski isə yazırdı: "Həqiqətən rus poeziyası Puşkinlə başladığı kimi, rus roman və povesti də Qoqolla başlayıb... Qoqol ədəbiyyatımıza yeni amillər gətirdi, çoxlu sayda təqlidçilər yetişdirdi, cəmiyyəti həqiqi romanın məzmununa yönəltdi və onun nə olduğunu başa saldı; Rus ədəbiyyatının yeni dövrü Qoqolla başlayır...".

Elə "Burun" povesti də Belinski tərəfindən çox yüksək qiymətləndirilir. İllərin bu tayında əsəri təzə gözlə oxuyanda tənqidçinin yüz faiz haqlı olduğuna şübhə qalmır. "Şinel"ində sıravi insanın dünyasını fərqli şəkildə ifadə edən Qoqol ardıcılları üçün təptəzə üfüqlər açırdı... Dostoyevskinin - Qoqolun şinelindən çıxmışıq - deməsi təsadüfi deyildi. Amma onun "Burun"undan da çıxanlar vardı... Misal üçün, Bulqakovun "Master və Marqarita"sında ortada dığırlanıb hamını qorxudan yiyəsiz kəllə Qoqolun başına işarə idi... Elə Kafkanın da böcəyə "çevrilmiş" qəhrəmanının ovqatında "burunsuz"luq "çalarları" tapmaq çətin deyil... Adını çəkdiyim müəlliflər və qəhrəmanlar faciə kimi yazıb və yaşayıblar bunları... Qoqol isə güldürürdü! Mayor Kovalyov deyir ki:

"Yenə qolsuz və ağızsız olsaydım, hər halda bundan yaxşı idi; qulaqsız olsaydım, pis olardı, amma yenə də onun bir təhəri vardı, ancaq burunsuz adam, axı yaman eybəcərdir; nə quş kimi quşdur, nə adam kimi adam; elə götür pəncərədən at çölə, getsin!".

Qoqol isə deyir ki - "Qələmimdən çıxan əjdahaları kimsə mənim gördüyüm kimi görsəydi, qorxusundan tükləri biz-biz olardı...". Bir də onu deyir ki - "İnsan gücünün və arzusunun dağıda bilməyəcəyi qranit təbiətdə yoxdur...".

Nə idi qorxulu olan və nəyi dağıtmaq, dəyişmək arzulayırdı bu güclü, istedadlı insan?! "Burun" bu suala qismən cavab tapmağa kömək olur. Əslində, sadə, absurd bir hadisədir - rütbəli məmurun səhər yuxudan burunsuz oyanıb orqanını axtarması və əsərin sonunda tapması, vəssalam! Amma bu kiçik olayla insan xarakterinin gizlin və müəllif dediyi kimi qorxulu məqamları və eyni zamanda cəmiyyətin eybəcərlikləri açılır. Burda heç kəs öz yerində deyil... Çörəyi üz təraş etməkdən çıxan bərbər müştərinin burnun kəsib və nə böyük təsadüf bu burun da onun çörəyinin içinə gəlib düşüb. Çünki heç kəsin qazandığı çörək halal deyil, təmiz deyil... Kilsəyə guya dua etməyə girən qəhrəmanın içi Allahla deyil, çünki daha maraqlı obyekt var yaxında:

"Kovalyov ətrafına boylanıb gülümsünə-gülümsünə zərif xanıma diqqət yetirməyə başladı. Bu xanım bahar çiçəyi kimi azacıq əyilib, barmaqları yarım şəffaf olan ağappaq əlini alnına uzatdı. Kovalyov şlyapanın altından onun yupyumru, ağappaq çənəsini və ilk bahar gülünün rənginə çalan yanağının bir hissəsini gördükdə, üzündəki təbəssüm bir az da yayıldı, ancaq o, birdən-birə odda yanmış kimi geri sıçradı, yadına saldı ki, burunun yerində əsla bir şey yoxdur".

Polis sadəcə, kimisə güdməklə məşğuldu, o da nə isə qopartmaq üçün. Pullu adamlar sənət əsərinə yox, hansısa sensasiyaya - itmiş burunun macəralarına baxmaq üçün əllərini ciblərinə salmağa hazırdılar. Bu basabasda kəmfürsət birisi hadisələri yaxından izləmək üçün kətil də satır... Beləliklə, Qoqol rütbə cədvəlində 8-ci olan Mayor Kovalyovun xarakterini dəqiq çatdırmaqla yanaşı, həm də ayrı-ayrı fərdlərin və onların birləşərək yaratdığı cəmiyyətin necəliyini göstərir... Əsərdən gətirəcəyim bircə səhnə o, Nazim Hikmət demiş - insan mənzərələri haqqında dəqiq təsəvvür yaradır...

"Ətrafda xeyli qarı, tacir əlaltıları və dalandarlar durmuşdu ki, hamısının da əlində yazılı kağızlar vardı. Bunlardan birində yazılmışdı - içki içməyən sürücü lazımdı, bir başqasında - 1814-cü ildə Parisdən gətirilmiş və az işlənmiş kolyaska satıldığı, bir başqasında - paltar yumağı bacaran və başqa işlərə də yarayan on doqquz yaşlı həyət qulluqçusu lazım olduğu, on yeddi yaşar boz xallı cavan bir at, Londondan alınmış qırmızı və ağ turp toxumları, bütün ləvazimatı ilə birlikdə - at üçün iki axuru, gözəl qayın və küknar bağı salmağa yeri olan bağ satıldığı elanı da vardı. Bütün bu adamların olduğu otaq kiçik idi və hava çox qatılaşmışdı. Ancaq Kovalyov bu havanı duya bilmirdi... Çünki üzünü yaylıqla tutmuşdu, bir də onun burnu Allah bilir indi haralarda idi...".

Bəli, "məmur" deyilən - qəzet işçisidir, bir yandan sözlərin sayını, o biri tərəfdən də elanın haqqını hesablayan, "çötkə"yə vuran adamın olduğu ortam bütöv bir cəmiyyət haqqında necə də qorxulu məlumatlar ötürür; Əyyaşlar bolluğunda içki içməyən sürücünü tapmağın çətinliyi... "başqa işlərə yarayan" 19 yaşlı qulluqçu - İlahi, bu qulluçunun başqa hansı işlərdə istismar olunacağını ağla belə gətirmək vahimələndirir... 20 ildi alınmış kolyaskanı "az işlənmiş" adı ilə satmağa çalışan adamın dələduzluğu da aydındı, hələ ən adi bir ağ turpun da toxumunun Londondan alınmasının müştəbehliyi... Və bütün bunları duya bilməyən Kovalyovun burunsuzluğu - əslində, beyinsizliyi... Üstəgəl, burnu olmayan adamı sakitləşdirmək üçün ona tütün uzadıb qoxlamaq təklif edən ağıllı məmur... Bəli, Qoqol haqlıdı, bütün təsvir olunanlardan tükürpədici vahimə yaranır. Amma bəlkə indi olanlara görə yox, gələcəkdə ola biləcəklərə görə! Elə Qoqolun da bütün həyəcan təbili gələcəyə hesablanmışdı. Təsadüfi deyil ki, başqa bir dahi, o zaman hələ gənc bəstəkar Dmitriy Şostakoviç ilk operasını "Burun"un əsasında yaratdı... Ümumiyyətlə, "Burun" mövzusu uzandıqca uzandı, Rodarinin nağıllarından keçib Buratinoya, ondan Pinokiyoya ötürüldü. Öldürücü satiranın yalnız satira tərəfi, nağıl tərəfi düşündürdü bir çox çağdaşları... Amma işi çətinə düşəndə hər şeyə razı olub sonra burnun tapanda yenə həminki səviyyəsizliyinə qayıdan məmurlar, özündən qopanı dələduz adlandıran, ağzı ətə çatmayanda pis qoxur deyən adamlar Kovalyovun həyatından nəticə çıxardımı?! Yox! Təkcə Rusiyadamı? Yox!

Ona görə də Qoqolun ölümündən illər sonra Mirzə Cəlil ona rəhmət oxuyub yeni bir era, təzə bir mübarizə başlatmalı oldu! Elə öz dövründə də Qoqolun müasirləri bu mübarizənin vacibliyini, güldürərək düşündürməyin effektini dərk edirdilər.

 

Satiraya ara vermək olmazdı!

Bunun üçün səbəb və obyekt çox idi!

Elə indi də az deyil e...

Gələn dəfə Saltıkov-Şedrindən danışanda deyəcəm bunları!

 

PƏRVİN

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 18-19.