Barıt qoxulu çiçək

 

(Lirik-fəlsəfi poema)

Proloq

 

...27 sentyabr 2020-ci il... Qarabağın azadlığı uğrunda Vətən müharibəsi başladı...

O dəmlərdə yenicə çapdan çıxmış "Duman şehi" adlı şeirlər kitabımın sevinciylə müharibə nisgilinin bir-birilə qarışıq ahəngindən qulaqlarım uğuldayırdı...

 

Ahını bəri tut, bu şamı yandır,

 

Şehinə batdığım hər çiçək qandır.

 

Belini dikəldən Xudafərindən, -

 

Hayana baxasan, Azərbaycandır.

 

 

Dibində bənövşə görüb bu kolun,

 

Qoynuna nə gözəl qısılıb qolun.

 

Belə harasında durub gözləyim, -

 

Ağdamdan Şuşaya uzanan yolun?!

 

 

Bağbanı olmağa gəl bu bağa, gəl,

 

Təbəssüm qonub hər gül dodağa, gəl.

 

Qoşulub "Qarabağ şikəstəsi"nə, -

 

Gəl, cənnət görməyə, Qarabağa, gəl!

 

 

Dumanlı zirvələr dayanıbdır şax,

 

Hər dağın döşünə bir bayraq da tax.

 

Nəqərat yerində güllə səsləri,

 

Şəhid Xudayarın təsnifinə bax.

 

 

Əcəb ayna tutub Araz, Həkəri,

 

Tərsinə fırlanır əsrin təkəri.

 

Bəzənib-düzənib yenə yol üstə, -

 

Nazlanır Vaqifin şux gözəlləri.

 

 

Qarabağ ruhuna qovuşan bədən,

 

Sünbül sevdasıdır bu şumda hər dən.

 

Füzuli gözünün yaşını silib,

 

Nizami səsləyir bizi Gəncədən.

 

 

Üzü aydınlığa yol gedən qatar,

 

Arzuya, ünvana vaxtında çatar.

 

Qarabağ bizimdir, Azərbaycandır!

 

Bu qədim torpağın qan yaddaşı var.

 

 

***

 

"Qarabağ şikəstəsi"nin nəqərat yeridir

 

Tovuz döyüşləri... Barıt ətri gələn azadlıq

 

çiçəyidir hər şəhid qanı...

 

 

Hüzuruna gəldiyim sünbül dən heykəlidir,

 

Bəlkə dağlar da elə duman-çən heykəlidir?!

 

Hər şəhidin silahı bir Vətən heykəlidir,

 

Bir zirvəyə sığınıb neçə dağın Günəşi.

 

 

Qanadıyla Günəşi yelpikləyən o quşun, -

 

Ahından köz götürüb addımlayırdı qoşun.

 

Hər şəhidin köksündə çiçəkləyəndə qurşun,

 

Yaxanıza medaltək siz də taxın Günəşi.

 

 

Cənnət də məmnun idi şəhidlərin halına,

 

Coşub zəfər nəğməsi bir də elə çalına!

 

Torpaq qucaq açanda igid generalına, -

 

Qəlpələnib töküldü yerə, yığın Günəşi.

 

 

Gör nə qədər qara əl uzanmışdı uzaqdan,

 

Ana Vətən üzü ağ qurtardı bu tuzaqdan.

 

Dan üzü işığını götürəndə Qazaxdan,

 

Tovuzdan doğmalıydı Qarabağın Günəşi...

 

 

***

 

Kür-Araz türkün bizə körpü olan qolları,

 

Keçib neçə sərhədin bağladığı yolları.

 

Köçkünlərin ahından köz götürüb dağ qarı,

 

Qarabağın köksündə puçurlayıb yara, bax.

 

Xətainin qılıncı görən düşüb hara, bax?!

 

 

Tarixdə dastan olub iki dahi, iki ər,

 

Biri öndər Atatürk, biri də dahi Heydər.

 

Bizimlədir ədalət, bizimlədir bu hünər,

 

Deməsinlər o torpaq qarı düşmən taxtıdır.

 

Qarabağın işğaldan azad olmaq vaxtıdır.

 

 

Türkiyə bir mələkdir, Azərbaycan bir pəri,

 

Söküb atmaq gərəkdir aradan bu çəpəri.

 

Gümanımız sənədir, yurdumun mərd əsgəri,

 

Sarıl, silaha sarıl, düşmənin bağrı yansın.

 

Müqəddəs bayrağımız Şuşada dalğalansın!

 

 

Atatürkün, Heydərin açdığı işıqlı yol,

 

İki dövlət, bir xalqın boynuna dolanan qol.

 

Bu zəfərdən yazmağa şair, sən də hazır ol!

 

Düşməni məhv edəcək bizə qurduğu kələk.

 

Sevinəcək Qarabağ, Azərbaycan güləcək!

 

 

***

 

Duman yaşmağını endirib dağ da,

 

Saçır şöləsini Gün Qarabağda.

 

Bir əlin silahda, biri bayraqda,

 

Sənindir qələbə, zəfər, əsgərim.

 

 

Sən məğrur zəvvarsan, Şuşa pir elə,

 

Birləşib hamımız olduq bir elə.

 

Sinəmdə çırpınan ürəkdir elə, -

 

Sənin sığındığın səngər, əsgərim.

 

 

Eşqini eləyib Vətənə sipər,

 

Tarix yaradırsan, sən ey bəxtəvər!

 

Bir barıt qoxulu çiçək bitirər,

 

Torpağa tökdüyün qan-tər, əsgərim.

 

 

***

 

...Müqavimətini itirən düşmənin Bakıya tuşladığı qadağan olunmuş raketlər Gəncəyə, Bərdəyə, Mingəçevirə, Beyləqana düşür...

 

Bu hiyləylə də cəsur xalqımızı sarsıtmaq mümkün olmur. Döyüşlərdə xüsusi rəşadət göstərən igid topçu Vüsal Şahkərimovun şahanə duruşu hamını heyrətləndirirdi...

 

 

Üstümüzə qoşun çəkən yağıdır,

 

Top-tüfəngin düşmənləri dağıdır.

 

İndi hünər, qəhrəmanlıq çağıdır,

 

Vur, komandir, vur, gözünə döndüyüm!

 

 

Əhsən! - Ali Baş Komandan İlhama!

 

Mələklər də ayna tutub bu şama.

 

Qarabağı alıb yetərik kama,

 

Vur, komandir, vur, gözünə döndüyüm!

 

 

Cuşa gəlib ulayır Boz qurdumuz,

 

Üzə gülür yenə Odlar Yurdumuz.

 

Bayraq tutub, hücum çəkir Ordumuz,

 

Vur, komandir, vur, gözünə döndüyüm!

 

 

***

 

...Qəhərlənmiş ana əsgər gedən oğlunun

 

tərini silirdi, mən gözlərimi...

 

 

Aman, ayrılıq!

 

Vətəni darda görüb,

 

Silahlandın can, igid.

 

Azğınlaşmış düşmənə,

 

Toy tutdun yaman, igid.

 

 

Saldın düşməni dərdə,

 

Bizimlədir zəfər də.

 

Dastan oldun dillərdə,

 

Qoçaq, qəhrəman igid.

 

 

Çəkildi göz dağımız,

 

Güldü Qarabağımız.

 

Ucaldı bayrağımız,

 

Daha Şuşadan, igid.

 

 

Kamanın da, tarın da, -

 

Sevgisi ilqarında.

 

Şuşanın dağlarında,

 

Vətəndir duman, igid.

 

 

***

 

Bağrına basıb bizi,

 

Yerdən götürən torpaq.

 

O yandan qarşılayıb,

 

Burdan ötürən torpaq.

 

 

Xudafərindən keçib,

 

Yurd seçib,Vətən seçib.

 

Alın tərindən içib, -

 

Ruzu yetirən torpaq.

 

 

Xoruzlar verəndə ban,

 

Yaxasını açır dan.

 

Hər şəhidin qanından, -

 

Çiçək bitirən torpaq.

 

 

***

 

Sən qılıncsan,Ordum tiyən,

 

Gözün aydın, gəldi yiyən.

 

Düşməni məğlub eləyən, -

 

Aslana bax, şirə bax-bax.

 

 

Qəfəs hanı, o quş hanı?

 

Sığındığın koğuş hanı?

 

Bağrıma basdım Şuşanı,

 

Bircəciyə, birə bax-bax.

 

 

Şəhid qanı çiçək-çiçək,

 

Bu gülün şehindən içək.

 

Zəvvar desəm, inciyəcək,

 

Şuşa pirdir, pirə bax-bax.

 

 

***

 

Vur düşməni komandir, vur,

 

Qanad verir bizə qürur.

 

Azadlıq tumurcuğudur,

 

Şuşaya sancılan bayraq.

 

 

Qol götürüb bax, Araz, Kür,

 

Bizimdir bu qələbə, hürr.

 

Vətənin alnından öpür,

 

Şuşaya sancılan bayraq.

 

 

Bizim dahi komandanı, -

 

Gidi dünya yaxşı tanı.

 

Çiçəklənən şəhid qanı,

 

Şuşaya sancılan bayraq.

 

 

***

 

...Qarabağın azadlığı uğrunda döyüşən hər igid, hər şəhid, - Vətənin yaxasından asılan ən dəyərli orden və medallardır. Təltifin mübarək, gözəl məmləkətim!

 

 

Gah zəvvarıq, gah pirik biz,

 

Birləşmişik bax, birik biz.

 

Aç qoynunu, gəlirik biz,

 

Şuşa, gözün aydın olsun!

 

 

Sevgiyə bax o səsdəki,

 

Bir başqadır həvəs də ki.

 

Gəlin, deyək qəfəsdəki, -

 

Quşa, gözün aydın olsun!

 

 

Gülür dumanlı dağımız,

 

Nə gözəldir növrağımız.

 

Dalğalanır bayrağımız, -

 

Qoşa, gözün aydın olsun!

 

Şuşa, gözün aydın olsun!

 

 

***

 

Ayna tutdum qan-tərinə,

 

Yaram işlədi dərinə.

 

Şuşanın duman yerinə, -

 

Sinəmdəki dağ yeridi.

 

 

Baxıb sağına, soluna,

 

Bir gül qısıldı koluna.

 

Girib küləyin qoluna,

 

Bir sarı yarpaq yeridi.

 

 

Bu Vətənin canı Şuşa,

 

Gur şəfəqli danı Şuşa.

 

Könüllər sultanı Şuşa,

 

Nə gözəl bayraq yeridir.

 

 

***

 

...Neçə illər güllə səslərinin vahiməsindən qorxub, Qarabağ səmasında görünməyən durna qatarlarının qayıdışı bu ilin tumurcuq fəslinə düşdü...

 

 

Bu zəvvarın, bu da pirin,

 

Xatirələr şirin-şirin.

 

Sücayətə xəbər verin, -

 

Qayıtdı Kəlbəcər, gəlsin.

 

 

Söz deməyin o qoçağa,

 

Arzusu sığmır qucağa.

 

Nur-bərəkət bu ocağa, -

 

Torpağı gəl becər, gəlsin.

 

 

Kəlbəcərdə baxın qara,

 

Ayna tutaq dosta-yara.

 

Qoşulub köhnə dostlara, -

 

Nəbi gəlsin, Həcər gəlsin.

 

 

***

 

Belə harasından dərim, -

 

Üstünə düşməsin tərim.

 

Barıt qoxulu güllərin, -

 

Üstündə şəhid adı var.

 

 

Ürəyi varmış dağın da,

 

Canı qaldı qonağında.

 

Hər şəhidin damağında, -

 

Bir gözəl Vətən dadı var.

 

 

Vətən taxtında şah idin,

 

Sevənlər oldu şahidin.

 

Mələyə dönən şəhidin, -

 

Uçmağa da qanadı var.

 

 

***

 

Ürəyim qəfəsdir quşun qonmağa,

 

Eşqdən köz götürsən, nə var yanmağa?!

 

Hələ qar gəzirik aynalanmağa,

 

Dumanı çəkilən bu dağ şəklində.

 

 

Bax qırov bağlayan o solğun gülə,

 

Bu qərib ahıma gəlib bükülə.

 

Yel vurub sovrulan külə bax, külə,

 

Çırpısız közərən ocaq şəklində.

 

 

Yaşasın yurd deyə, - verdi can şəhid,

 

Qazandı əbədi şöhrət-şan şəhid.

 

Vətənin köksünə baş qoyan şəhid,

 

Hər yerdə ucalır bayraq şəklində.

 

 

***

 

...Hər gün gələn bir neçə şəhid xəbərləri hamını yamanca sarsıtmışdı.

 

Aləmi boz hüzn almışdı ağuşuna...

 

Göz yaşımız "dirilik suyu"dur

 

şəhidləri əbədi yaşatmaq üçün...

 

 

Şəhidlik - döyüşdən üzü ağ çıxmaq,

 

Şəhidlik - qənirsiz ölüm sevdası.

 

Başqadır hər şəhid qanından bitən, -

 

Çiçəyin sevdası, gülün sevdası.

 

 

Hər şəhid bir ovuc Vətən şəklidir,

 

Ruh tanrı elçisi, bədən şəklidir.

 

Tabut - şəhidlərin gedən şəklidir,

 

Ana laylası da dilin sevdası.

 

 

Yaralar belə çox sızıldar, göynər,

 

Sevən gözəllərin göz yaşı dinər.

 

Bayrağa bükülüb,Vətənə dönər, -

 

Şəhidli ulusun, elin sevdası.

 

***

 

...8 noyabr 2020-ci il... Azərbaycan

 

Respublikasının Ali Baş Komandanı İlham Əliyev televiziya vasitəsilə canlı yayımda elan etdi ki, rəşadətli Ordumuzun əlbəyaxa döyüşü sayəsində Şuşa şəhəri işğaldan

 

azad olunmuşdur!..

 

...Əziz Şuşa, Sən Azadsan! Əziz Şuşa,

 

Sən Bizimsən!..

 

Təbrik etmək üçün ilk zəng etdiyim şuşalı şair dostum Elçin İsgəndərzadənin sevincdən dolan gözlərindən su içən səsindəki həzinlik yaman kövrəltdi məni...

 

 

Alqışlar nəğmə payı zəfər çalan əsgərin,

 

Düşmənlərin canını oda salan əsgərin,

 

Gülləsindən öpürük, ey Ali Baş Komandan, -

 

Sənin məğrurluğundan ilham alan əsgərin.

 

 

Sən əlçatmaz zirvəsən, söykəndiyin dağıq biz,

 

Birləşib bir olduqsa, bütöv Qarabağıq biz.

 

Şəhid qanı məlhəmdir bu yurdun yarasına,

 

Ədalət savaşında hər vaxt üzü ağıq biz.

 

 

Elə çiçəkləyib ki, hər yanda şəhid qanı,

 

Cənnətə döndərəcək bu qan Azərbaycanı.

 

Sənin rəşadətindir, cənab Prezidentim, -

 

Özünə qaytardığın yurdun şöhrəti, şanı.

 

 

Sənin arzularınla qəşş eləyib gülür dan,

 

Günəş də köz götürüb bəlkə bu istiqlaldan?!

 

Müqəddəs bayrağımız dalğalanan zirvədə, -

 

Heykəlin ucalacaq, ey Ali Baş Komandan!

 

 

***

 

...Bu inam çırağı, bu ümid şamı,

 

Nə gözəl dəyişdi dünyanın tamı.

 

Sənin zəfərinə sevinir hamı,

 

Müqəddəs qələbən mübarək,Vətən!

 

 

Bizim əsgərlərin top-tüfəng səsi,

 

Xoşbəxt eləyibdir burda hər kəsi.

 

Dillərdən düşməyən bayraq nəğməsi,

 

Coşub İlhamınla bu ürək, Vətən.

 

 

Zirvələr dumana, çənə söykənib,

 

Sünbülə qonan quş dənə söykənib.

 

Sənin söykəndiyin sənə söykənib,

 

Xoşuna gəldimi bu dirək, Vətən?

 

 

***

 

...Hər dəfə Ali Baş Komandan azad olunmuş torpaqlarımızın adlarını öz twitter səhifəsində işıqlandırdıqdan sonra,

 

televiziyalar vasitəsilə xalqa

 

bəyan olunurdu...

 

...Ağdamın azad olunmasına görə şair dostum Qulu Ağsəsə təbrik üçün zəng etdim. Gur, tərtəmiz səsi güclə eşidilirdi şairin... Sanki Ağdamı işğaldan o yorğun səsiylə azad etmişdi, Qulu Ağsəs... Xalq artisti Arif Babayevin "Ağdam azad olınanda, o torpaqlara dizi-dizi gedəcəyəm" söylədiyi kəlam sənədli film kimi gözlərimin önündən çəkilmirdi... Ağdam torpağında Yazıçı-deputat Aqil Abbasın sevincdən qol götürüb oynamasına xanımı İradə Tuncayın

 

Bakıda nəvələriylə birgə əl çalması

 

bir başqa aləm idi...

 

 

Hamı qol götürüb "Zəfər marşı"na,

 

Gözləri ürəkdən gülür Ağdamın.

 

Nəziri eşq olan zəvvarına bax,

 

Bu ocaq Ağdamın, bu pir Ağdamın.

 

 

Nəğmələr qoşmağa sənin adına,

 

Gəlmişik, bizi də al qanadına.

 

Baxıb doğmasına, baxıb yadına,

 

Boynuna qol salıb bu hürr Ağdamın.

 

 

Analar saçını tutubdur bayraq,

 

Nə gözəl sevinib gülür Qarabağ.

 

Sevən ürəklərdə heykəlinə bax,

 

Hər daşı, torpağı bu dürr, Ağdamın.

 

 

***

 

Könüllər zəvvardır, Qarabağ ocaq,

 

Düşmənə dağ çəkən şirdir hər qoçaq.

 

Bizə qol götürüb, açıbdır qucaq,

 

Dünyanın ən gözəl, ən göyçək yeri.

 

 

Diksindim hər dəfə xoruz banına,

 

Bilmədim hayandan gəlim yanına.

 

Bir bax pərvazlanan şəhid qanına,

 

Burda nə bağ qalıb, nə çiçək yeri.

 

 

Bahar sevdalıdır qar da, sazaq da,

 

"Gizlən-qaç" oynayıb qarda azaq da.

 

Qaçqınlıq, köçkünlük qaldı uzaqda,

 

Üzü yurda sarı bir ah çək, yeri!

 

 

***

 

Hər güllə yerində bitən çiçəyin, -

 

Şehində güzgülən, daran, a dağlar.

 

Daha Qarabağdan doğur Günəş də,

 

Daha sızıldamaz yaran, a dağlar.

 

 

Qar ümid çırağın, duman-çən pərin,

 

Səni görməmişdim heç belə sərin.

 

Qollarım qoy olsun sərhəd tellərin,

 

O üzdə qalmasın paran, a dağlar.

 

 

Görsən qan ilə də yuyulmur pasım,

 

Pıçılda dərdini qoy qulaq asım.

 

De, səni hayandan bağrıma basım,

 

Yarasız haran var, haran, a dağlar?!

 

 

***

 

...Xudafərin körpüsü belini dikəltmişdi deyə, sərhəd dirəyində yuva quran quşun göz yaşları sığal çəkirdi tikanlı sərhəd tellərinə...

 

 

Çəkməz bundan belə xarıbülbül ah,

 

Xan qızı Natəvan bu eşqdən agah.

 

Bir əsgər gül tutub, bir əsgər silah,

 

Şuşada məst olub qış çiçəkləri.

 

 

Vətən torpağısa məlhəm canına,

 

Hər igid meydanda gərək tanına.

 

Sinəsi boyanar şəhid qanına,

 

Bağrına basanda quş, çiçəkləri.

 

 

Ay aşıq, mizrabı yavaş vur telə,

 

Bürküdür, yaxamı qoy açım yelə.

 

Bir şəhid ruhuna heykəldir elə,

 

Elə qoxlamazlar daş çiçəkləri.

 

 

***

 

Yolların, izlərin qaçıb yuxusu,

 

Dağların heç nədən yoxdur qorxusu.

 

Hayana baxırsan barıt qoxusu,

 

Hayana baxırsan qan çiçəkləyib.

 

 

Ta kimsə baş əyməz burda qurşuna,

 

Vətən gül-çiçəklə çıxar qarşına.

 

Hamı qol götürüb "Zəfər marşı"na,

 

Şöhrət çiçəkləyib, şan çiçəkləyib.

 

 

Gəldi bu torpağın kotanı, xışı,

 

Tutacaq aləmi sünbül naxışı.

 

Gülür təbiətin ülkər baxışı,

 

Xoruz dimdiyində ban çiçəkləyib...

 

 

***

 

...Döyüşə səfərbər olmuş çağırışçılar

 

və könüllülər "Zəfər marşı"nın sədaları altında, qalib Dövlətin qalib əsgəri kimi

 

alnıaçıq, üzüağ, sağ-salamat evlərinə

 

qayıdan əsgərləri hamı

 

bir möcüzə kimi qarşılayırdı...

 

 

Bizim tərəflərdə igidlər çoxdur,

 

Durub ha sayasan, hesabı yoxdur.

 

Hər düşmən köksünə bir igid oxdur,

 

Xoş gəldin, yurdumun aslanı, igid!

 

 

Qucaqla Vətəni, bas bağrına, bas,

 

Qınında atmadı qılıncımız pas.

 

Vaxtında alındı düşməndən qisas,

 

Yerdə qoymadınız bu qanı, igid!

 

 

Zəfər çeşməsindən içib payızın, -

 

Çiçəyi açıldı o sevən qızın.

 

Müqəddəs üçrəngli bayrağımızın, -

 

Eşqiylə bəzədin meydanı, igid.

 

 

***

 

Bu nə gözəl karvandır, bu nə gözəl qayıdış,

 

Göydən gül-çiçək yağır, bahara dönübdür qış.

 

Ey Ali Baş Komandan, hünərinə min alqış!

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Qoşunumuz, Ordumuz rəşadətli, müzəffər,

 

Dastanlara dönəcək bu qələbə, bu zəfər.

 

Gözün aydın, şair dost, alim Elçin İsgəndər!

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Şuşanın dağlarında dumana bax, qara bax,

 

Düşmən öz niyyətindən çəkilibdir dara, bax.

 

Yaşa, qəhrəman Ordu, yaşa, azad Qarabağ!

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Sancıldığı zirvələr bayrağıma yaraşıq,

 

Aləmə işıq saçır bu qələbə, barışıq.

 

Gör, çağlayan könlümdə neçə nəğmə var, aşıq?!

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Torpağımız oyandı qarlı qış yuxusundan,

 

Xarıbülbül hər yana pay verir qoxusundan.

 

Ta, yağı biz tərəfə üz tutmaz qorxusundan,

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Qarabağda hər çiçək bir şəhid heykəlidir,

 

Öpüb oxşadığımız bayrağımız pirdi, pir.

 

Ürəklərdə çağlayan arzu-amallar da bir,

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Xarıbülbül köksündə çox gəzdirdi bu dərdi,

 

Hər damla göz yaşından neçə igid göyərdi.

 

Bayrağımız Şuşada düşmənlərə sipərdi,

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

"Qarabağ şikəstəsi" Arifin avazında,

 

Şair Elçin İsgəndər misraların nazında.

 

Süleymanın, Mənsumun səsinin pərvazında,

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Düşmən öz ətəyini özünə yelpik tutar,

 

Hər yanı sarı sünbül, bağ-bağat, çəltik tutar.

 

Xarıbülbül başını bundan belə dik tutar,

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Ey Cəbrayıl, Qubadlı, Zəngilan, gözün aydın!

 

Dillərdə pöhrələnən "Qələbə!" sözün aydın!

 

Füzulidə qalanan ocağım, közün aydın!

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Bu sülhə, qayıdışa deyirik biz, mübarək!

 

Qarabağda açılan hər cığır, iz mübarək!

 

Azərbaycan əsgəri, təltifiniz mübarək!

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

Əlirza Həsrət deyir, Ordumuza mərhaba!

 

Qürbətdə azad olan Yurdumuza mərhaba!

 

Bürünüb Yer kürəsi Ay-ulduza, mərhaba!

 

Millətin Qarabağa qayıdışı başladı.

 

 

***

 

...Ahını bəri tut, bu şamı yandır,

 

Şehinə batdığım hər çiçək qandır.

 

Belini dikəldən Xudafərindən, -

 

Hayana baxasan, Azərbaycandır.

 

 

Dibində bənövşə görüb bu kolun,

 

Qoynuna nə gözəl qısılıb qolun.

 

Belə harasında durub gözləyim, -

 

Ağdamdan Şuşaya uzanan yolun?!

 

 

Bağbanı olmağa gəl bu bağa, gəl,

 

Təbəssüm qonub hər gül dodağa, gəl.

 

Qoşulub "Qarabağ şikəstəsi", -

 

Gəl, cənnət görməyə Qarabağa, gəl!

 

 

Dumanlı zirvələr dayanıbdır şax,

 

Hər dağın döşünə bir bayraq da tax.

 

Nəqərat yerində güllə səsləri, -

 

Şəhid Xudayarın təsnifinə bax.

 

 

Əcəb ayna tutub Araz, Həkəri,

 

Tərsinə fırlanır əsrin təkəri.

 

Bəzənib-düzənib yenə yol üstə,

 

Nazlanır Vaqifin şux gözəlləri.

 

 

Qarabağ ruhuna qovuşan bədən,

 

Sünbül sevdasıdır bu şumda hər dən.

 

Füzuli gözünün yaşını silib,

 

Nizami səsləyir bizi Gəncədən.

 

 

Üzü aydınlığa yol gedən qatar,

 

Azuya, ünvana vaxtında çatar.

 

Qarabağ bizimdir, Azərbaycandır!

 

Bu qədim torpağın qan yaddaşı var.

 

Əlirza HƏSRƏT

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 20-21.