Zəfər yolunun yolçuları

 

Sənədli hekayə

 

Atəş səsləri getdikcə güclənirdi. Artilleriyamız düşmənin uzun illərdən bəri işğal etdiyi Füzulinin Aşağı Əbdürrəhmanlı, kənd Horadiz və Qaraxanbəyli kəndlərini mərmi yağışına tutmuşdu. Bu yurd yerlərimizin azad edilməsi uğrunda ağır döyüşlər səngimir, igidlərimizin sərrast həmlələri düşmənə göz açmağa aman vermirdi.

Bəhram yaxınlıqdakı silah yoldaşlarının namərd gülləsinə tuş gəldiyini görüb, onlara tərəf şığıdı. Ölümsaçan mərmilər onu əsla qorxutmurdu. Gah yerə yatır, gah da kol-kosun içi ilə dizin-dizin sürünürdü. Qumbaraatanın qəlpələri başı üzərində amansızcasına "dövrə vurub" yerə sancılır, ətrafdakı seyrək, adda-budda kolları, daş-qayanı belə yandırıb-yaxırdı. Cəbhə yoldaşlarına köməyə tələsən gənc döyüşçü uca Tanrının hökmüylə sağ qalmışdı. Yağı gülləsindən qurtulduğuna görə bir an şaşırmışdı. Çaşqınlıq içində ətrafa boylananda yanında qardaşı İmanı gördü. Onunla eyni gündə orduya yollanan doğma qardaşını, çiyindaşını. İman Bəhramı odun-alovun içində tək qoymayıb ardınca gəlmişdi. Əsgər dostları Qiyasa yaxınlaşanda ürəkağrıdan mənzərə ilə qarşılaşdılar. Yaxınlıqda qumbara partladığından onun bədənində iri yaralar açılmışdı. Onlar şəhid olmuş igidlərin cəsədlərini, neçə yaralını ön xətdən çəkib çıxardılar. İlk yardım göstərilən yaralılar təxliyə olundu.

Dörd saat davam edən döyüş səngimiş, əsgərlərimizin qələbəsi ilə başa çatmışdı. Düşmən susdurulmuş, silah-sursatını, hərbi texnikasını döyüş meydanında atıb geri çəkilmişdi. Uğurlu əks-hücum əməliyyatından sonra əsgərlərimiz azad etdikləri yerlərdə döyüş mövqelərini möhkəmləndirir, intizarında olduğumuz Zəfər gününə aparan sabahları gözləyirdilər. İman və Bəhramın da daxil olduğu tağımın əsgərləri Füzulidəki kanal ətrafında və erməni quldurların möhkəmləndiyi beton sədlərin yaxınlığında gedən döyüş əməliyyatlarında, habelə Cəbrayılın kəndlərinin alınmasında nər kimi vuruşur, şücaət göstərirdilər. Bu tağım Cəbrayılın düşməndən təmizlənmiş Daşkəsən kəndində komplektləşdiriləndən sonra yenidən döyüşlərə atılacaq, neçə-neçə yurd yerimizi əsarətdən azad edəcəkdi...

 

"Əliniz millətimin qanına batıb"

 

Bu sənədli hekayənin qəhrəmanları - İman və Bəhram Məmmədzadə qardaşları yurdumuzun cənub bölgəsində - Lerikdə dünyaya göz açmış, Bakıdakı fizika-riyaziyyat təmayüllü liseyi bitirmişlər. Rusiyanın Həştərxan vilayətindəki Dəniz Gəmiçiliyi Akademiyasına qəbul olunmuş, Samaradakı bu qəbildən olan akademiyada təhsillərini başa vurmuşlar. Təhsillərini Samarada davam etdirmələrinin səbəbi düşünməyə sövq edən bir hadisə ilə bağlıydı. Tarix müəlliminin Bakıda baş verən 20 Yanvar faciəsi və az sonra soydaşlarımıza qarşı törədilmiş Xocalı soyqırımı barədə suallarını cavablandıran İman bu qətliamlara erməni-rus şovinizminin fitvası kimi rəvac verildiyini, xalqımızın azadlıq hərəkatına və Azərbaycanın əzəli torpaqlarının bölünməzliyi uğrunda mübarizəsinə qarşı yönəldiyini söyləmişdi. Bu məğrur gəncin cəsarətli cavabından qeyzlənən ermənipərəst müəllim onunla kəskin mübahisəyə girişmişdi. O, tələbəsinin hazırcavablığı və gerçəyi söyləməsi ilə heç vəchlə barışa bilmirdi. Burada çalışan erməni müəllimlər həmin hadisədən sonra İman və Bəhrama qarşı əks-təbliğat apararaq, qara piara başlamış, doğma Azərbaycanını sevən bu qürurlu gənclərin digər təhsil müəssisəsinə köçürülməsinə nail olmuşdular. Bu işin sürətlənməsinin bir səbəbi də bu qardaşları daim əsəbiləşdirən, qarşıdurma yaradan erməni müəllimin İmanla sözləşməsi, birincinin onunla guya hal-əhval tutan həmin müəllimin əlini geri qaytarması, "siz erməni vandalların əli mənim millətimin qanına bulaşıb" deməsi olmuşdu. Cüdo ilə məşğul olan Bəhramın Həştərxanda keçirilən yarışlarda erməni idmançını məğlub etməsi də bu məsələdə hiddətə səbəb olmuşdu.

 

"Birgə döyüşəcəyik!"

 

Tələbəlik illəri arxada qalmış, ali məktəb diplomunu alıb Bakıya qayıdan qardaşlar N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdılar. Vətən müharibəmiz alovlananda isə Qarabağ uğrunda ölüm-dirim savaşına atıldılar. Elman müəllimin və Hicran xanımın böyüdüb boya-başa çatdırdığı bu gənclərin (ailədə cəmi iki övladın) komandiri bir evdən iki oğulun cəbhəyə yollanmasına etiraz edərək, "Biriniz gedin, biriniz qalın" desə də, qardaşlar razılaşmayıb. Qəti qərarları isə bu olub: "Birgə döyüşəcəyik!".

...Döyüşdən uğurla çıxan əsgərlərimiz yenicə mövqe tutduqları ərazidə baş-başa verib dincəlirdi. Sevdiyi mahnını zümzümə edən kim, baməzə söhbətləri ilə dostlarını güldürən, xoş ovqat yaradan kim. Kəşfiyyatdan qayıdan silah yoldaşlarının qabaqlarına qatıb gətirdiyi erməni əsirini görən Bəhram üzünü qardaşına tutub: "Bu yırtıcının sir-sifətinə bir bax! Gör necə o şərəfsiz erməni müəlliminə oxşayır!" - demişdi. Sonra isə əlavə etmişdi: "Eyni murdar qandan törəyənlərdir!".

Qarabağın işğal altında olan şəhər, kənd və qəsəbələri erməni faşistlərindən addım-addım, qarış-qarış azad edilir, ordumuzun nəzarəti altına keçirdi. Sözün əsl mənasında, can davası, qan davası gedirdi. Öz müdrik Sərkərdəsinin xeyir-duası ilə haqq işimiz uğrunda silaha sarılmış, otuz ildən bəri davam edən bu tarixi ədalətsizliyə artıq dözməyən oğullarımız son damla qanınadək döyüşür, düşmənin başını əzirdi.

 

Son döyüş

 

Oktyabrın 27-də İmangilin tağımına Qırmızı bazar istiqamətində yerləşən strateji yüksəkliyin alınması ilə bağlı döyüş tapşırığı verilmişdi. Məhz bu yüksəkliyi götürməklə Xocavəndin Sos, Cütçü kəndlərini və Qırmızı bazar qəsəbəsini işğaldan azad etmək mümkün olacaqdı. Əməliyyata tabor komandirinin müavini Cəlil Cavadov rəhbərlik edirdi. İman və Bəhramın da daxil olduğu bölük iki qrupa bölünmüşdü. Onlar döyüş yoldaşları ilə birlikdə birinci qrupda birləşmişdi. Həmin qrupu gizir Əsgər Hüseynov öz arxasınca aparırdı. Bir qədər aralıda olan ikinci qrupun döyüşçüləri düşmən mövqelərini atəşə tutur, İmangilin on dörd nəfərdən ibarət qrupuna dəstək verməklə irəliləməsinə imkan yaradırdı. Ə.Hüseynovun qrupu işğalçı ermənilərlə çox yaxın bir məsafədə düşmənin qəfil atəşi ilə qarşılaşdı. Döyüşçülərin əksəriyyəti bu məsafəni iti sürətlə keçdi. İman döyüşçü dostlarından bir an içində ayrılaraq arxada qalan əsgərlərə kömək etmək üçün həmin məsafəni gedib-qayıtdı. Həyatını təhlükəyə atdığına görə onu qınayanlara "Ölüm haqdır", - deyirdi. - "Şəhidlik zirvəsinə ucalsam, xoşbəxt olaram".

İman, Bəhram və silahdaşları təpəyə qalxdıqca azğın ermənilər onları güllə yağışına tuturdu. Döyüşçülərimiz mövqelərini yenicə müəyyənləşdirmişdi ki, qarşı tərəfdən mərmilər dolu kimi yağmağa başladı. Pusquya düşmüşdülər. Erməni yaraqlıları gizir Ə.Hüseynovun əsgərlərinə onların mövqe tutduğu təpənin qarşısındakı yüksəklikdən atırdı. İgidlərimiz - İman və Bəhram Məmmədzadələr, Əfqan Məlikov, əsgərlər Elnur Bayramov, "Şəkili" ləqəbli Hüseyn nər kimi döyüşür, yağı yuvasına zərbələr endirirdi. Qüvvələr nisbətinin bərabər olmadığı amansız döyüşün davam etdiyi ilk saatda İman ayağından yaralandı. Ara verməyən yağı gülləsindən qorunmaq üçün ətrafda xırda kol-kosdan savayı heç nə yox idi. Düşmən əsgərləri isə illərdən bəri möhkəmləndirdikləri səngərlərdən atırdı.

Bölüyün təlim-tərbiyə işləri üzrə komandir müavini Ə.Məlikov Bəhramla köməkləşib İmanı yaxınlıqdakı kolun dibinə çəkərək yarasını sarıdı. Silahdaşları onu özünü müdafiə etmək üçün hərəkətsiz qalmağa, ayağa qalxmamağa çağırsa da, İman: "Bu şərəfsizlər kimdir ki, qarşılarında diz çökək?!" - deyirdi. Sonra snayper onun o biri ayağını da nişan aldı. Hər iki ayağından qan süzülən, buna baxmayaraq, toparlanıb əlindəki avtomatla düşmən mövqelərinə atəş açan İmana tuşlanmış güllələrin sayı-hesabı yox idi... Taqəti çatdıqca əlini silahın tətiyindən çəkmirdi. Amma getdikcə işığı azalan gözləri qaralır, heydən düşürdü. Qulaqları uğuldayır, sanki haradasa uzaq bir dünyadan, lap elə uşaqlıq çağlarından çox həzin, kövrək bir nəğmə eşidilirdi. Bu, onu ağuşuna alıb sonsuzluğa aparan, ölməzliyə, şəhadətə yüksəldən əbədiyyət nəğməsi idi...

Bəhram və Əfqan da yaralanmışdı. Yaralı vəziyyətdə düşmənə müqavimət göstərmək çətin idi. Şəhid olmuş İmana doğru çətinliklə sürünən Əfqan bir qədər aralıda düşüb qalmış Bəhramın "Qardaşımın vəziyyəti necədir" sualına nə cavab verəcəyini bilmirdi. İmanın ölüm xəbərini gizlədərək: "O, huşunu itirib, hər şey yaxşı olacaq, Bəhram, sən hərəkətsiz qal, tərpənmə" deyə bildi. Bununla da o, ölümlə çarpışan silah yoldaşının ağrı-acısını qismən yüngülləşdirmək istəyirdi.

Qan içində çabalayan Bəhramın sövq-təbii çiynini qaldırıb qardaşına sarı boylanması ilə snayperin onu hədəfə alması bir oldu. Yer-göy, sanki başına fırlanırdı. Azca sonra özünü ona yetirən Əfqana güclə eşidiləcək xırıltılı səslə bunları deyə bildi: "İnsanı yaşadan, sabaha aparan ümiddir. Ən çətin anlarımı da inamla yaşadım, ümid məni heç vaxt tərk eləmədi. İndi qanlı savaşın içində yalnız qələbə haqqında düşünürəm. İman yaraları sağalan kimi yenə düşmənlə vuruşacaq. Yağıya qan udduranda məni və bütün şəhidləri əvəz edərsiniz! Məğlubiyyət düşmənin, Zəfər bizim olacaq! Çox az qaldı..." deyib gözlərini əbədi yumdu.

Ölümlərin alisidir şəhidlik! Bu döyüş əməliyyatında İmangilin qrupunun on dörd üzvündən on biri şəhid olmuş, şəhadətə yürümüş, canını sevgili Vətənə fəda etmişdi.

Ertəsi gün əsgər və zabitlərimiz hücum edib erməni quldurların kök saldığı həmin strateji yüksəkliyi alaraq, Azərbaycan ordusunun hünərini göstərmişdi. Üçrəngli bayrağımız artıq bu yüksəklikdə də əzəmətlə dalğalanırdı. Ən əsası isə şəhidlərimizin qanı yerdə qalmamışdı.

 

Kəşfiyyatçının dostu dumandır

 

Döyüşçüsü olduqları tağımın komandir müavini, gizir Əsgər Hüseynov İmanın və ondan iki yaş kiçik olan Bəhramın cəsarəti, hünəri barədə ağızdolusu danışır. Deyir ki, onların gözündə qorxu yox idi, dəliqanlı, dəli-dolu idilər. Zahirən daha ciddi və bir qədər ötkəm görünən İman da, daha həlim və ünsiyyətcil Bəhram da çox sadə, xeyirxah ürəyin sahibi idi. Həqiqi hərbi xidmətləri dövründə də komandirləri olduğumdan onların bacarığı, döyüş qabiliyyəti, insani keyfiyyətləri haqqında müşahidələrim yetərincədir. İman və Bəhram kəşfiyyat bölüyünün əsgərləriydi. Düşmənin döyüş mövqeləri, canlı qüvvəsi, texnikası, silah-sursatı barədə dəyərli məlumatla geri dönürdülər. Hər ikisi zəkalıydı, idmançı, bədəncə möhkəm, gümrah idi. Rabitədən baş çıxarır, dalğanı dəqiq tutur, istiqamətləri doğru-düzgün müəyyənləşdirirdi. Müharibənin ilk günlərindən mürəkkəb döyüş tapşırıqlarının öhdəsindən gəlir, ən çətin anlarda vəziyyətdən çıxış yolu tapa bilir, dara düşən cəbhədaşlarına köməyə tələsirdilər.

Deyirlər, kəşfiyyatçının dostu dumandır. O kəs yaxşı kəşfiyyatçıdır ki, silahsız və səssiz işləyə bilir. Mühasirədə qaldığımız günlərdə su, ərzaq qıtlığı yarananda cəsur qardaşlar bu müşkülü də çözmüşdülər. Dumanlı bir gündə gizlin, dar cığırlarla təpəni enib su mənbəyi tapmış, əsgər yoldaşlarını susuzluqdan qurtarmışdılar. Xeyli məsafə qət edib, aralıda olan ərzaq maşınından döyüşçülərin yemək paylarını gətirib çatdırmağı da bacarmış, bu cəhdləri də uğurlu olmuşdu.

Şəhid qardaşların atası Elman Məmmədov deyir ki, İman və Bəhram haqsızlıq, biganəliklə barışmır, xəbisliyə, ikiüzlülüyə dözmürdülər. Onların tarixi düşmənlərimiz olan erməni faşistlərinə dərin nifrəti, vulkantək püskürən kin-küdurəti də elə bundan qaynaqlanırdı. Sankt-Peterburqda magistr təhsili almaq şansları vardı. Amma hər iki oğlum ordu sıralarında olmağa üstünlük verdi. Aprel döyüşlərindən üzübəri düşmənə qarşı savaşa atılmaq, otuz ildən bəri təşnə olduğumuz, işğal altında qalan torpaqlarımızı azad etmək istəyirdilər. Anası Hicran xanım da, mən də hər dəfə harada olduqlarını soruşanda: "Narahat olmayın, istədiyimiz, arzuladığımız yerdəyik!" cavabını eşidirdik.

Hər iki şəhid qardaş "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülmüşdür (ölümündən sonra).

Xalqımızın şərəfini, heysiyyətini uca tutan yurd sevdalıları Vətənin müdafiəsində idi, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışır, azğın düşmənə zərbələr endirir, öldürür, ölür, şirin canından keçib şəhid olurdu. Ölümü öz ölümsüzlüyü ilə məğlub edən İmanla Bəhram kimi. Təki Vətən sağ olsun!

 

Zemfira MƏHƏRRƏMLİ

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 24-25.