XX əsrin klassikası:İsveç şeiri

 

Tomas Tranströmer 1931-ci ildə İsveçdə, Stokholmda anadan olub. Təhsilini başa vurandan sonra həbsxana psixoloqu kimi çalışıb. Musiqiçi, fortepiano ifaçısıdır. Müasir İsveç poeziyasının ən vacib şairlərindən biridir. Ədəbiyyat üzrə Avropanın "Petrarka" (1981) Bonnier (1983) kimi nüfuzlu mükafatlarını, həmçinin Nobel Ədəbiyyat Ödülünü (2011) alıb.

 

Tarix

 

I

 

Bir mart günü gölün sahilinə enirəm, ətrafı dinləyirəm.

 

Buz örtük səma kimi mavidir, günün altında çat verir.

 

Buzun yorğanı altında səsgücləndiriciyə nəsə pıçıldayır Günəş.

 

Nəsə pıqqıldayır, luq-luq edir.

 

kimsə orda, uzaqda, sanki döşəkağını silkələyir.

 

Bizim İndimiz: Tarixə oxşayır hər şey.

 

Dalmışıq ona hamımız; hamı dinləyir.

 

II

 

Toplantılar uçan adalara oxşayırlar, dağılmağa hazırdılar.

 

Sonra isə güzəştlərin titrək uzun körpüsü.

 

Bütün hərəkət burdan keçib gedəcək, ulduzların,

 

boşluğa atılmış, düyü dənəsi kimi gizlin,

 

doğulmamış solğun üzlərin nəzərləri altında.

 

III

 

Höte 1926-cı ildə Jidin qiyafəsində

 

Afrikaya getdi hər şeyi gördü.

 

Bəzi simalar gördükləri üzündən

 

öldükdən sonra daha da görünən olurlar.

 

Əlcəzairdən olan gündüz xəbərləri oxunandan sonra

 

göz önündə bir ev canlanırdı, pəncərə şüşələri qaralmışdı,

 

birindən başqa; ordan Dreyfus boylanırdı.

 

IV

 

Radikal reaksioner bir-birindən asılı

 

bir-birini formalaşdıran

 

bədbəxt nigahdakı ər-arvad kimi yaşayır bir damın altında.

 

Amma biz - onların övladları - bu cürə bağı qırıb atmalıyıq.

 

Hər bir dərd öz dilində bağırır.

 

Həqiqətin ayaq basdığı yerlərə ləpirçi it kimi get.

 

V

 

Tikilidən bir az aralıda torpaq üstə

 

hadisələrlə dolu unudulmuş bir qəzet var neçə aydır ki.

 

Gündüzləri gecələri yağışın, günəşin altda eləcə qocalır -

 

bitkiyə, kələm kökünə çevrilməyə, torpaqla qarışmağa hazırdır.

 

Eynən yavaş-yavaş sənin özünə dönən, çevrilən xatirələr kimi...

 

Dağıdılmış toplantı

 

I

 

Evlərimizi göstərməyə razılıq verdik.

 

Ziyarətçi düşündü: yaxşı yaşayırsız.

 

Xarabalıq içinizdədir.

 

II

 

Kilsənin sütunları tağları

 

ağappaqdılar, inamın sınmış qolundakı

 

qipsə bənzəyirlər.

 

III

 

Kilsədə sədəqə qabları var,

 

özləri döşəmədən aralanır

 

oturacaqların arasıyla gəzirlər.

 

Xaricdəki dostlarıma

 

I

 

Sizə elə xəsisliklə yazırdım ki. Yaza bilmədiklərim

 

köhnə hava şarı kimi şişdi, şişdi nəhayət,

 

gecə səmasında qeyb oldu.

 

II

İndi məktubum senzordadır. O öz lampasını yandırır.

 

Sözlərim işığın altında tullanıb düşürlər -

 

qəfəsə çırpılan meymunlar kimi,

 

onu silkələyir, sonra donub qalır, dişlərini ağardırlar.

 

III

 

Sətirlərin arasını oxuyun. İki yüz ildən sonra görüşəcəyik,

 

onda otelin divarlarında unudulan "böcəklər" mikrofonlar

 

buğumayaqlılara çevrilib nəhayət ki, yatacaqlar.

 

Qarşılıqlı əlaqələr

 

Bu boz ağaca bax. Səma toprağın canına hopur

 

onun gövdəsinin lifləri ilə, torpaq doyduqca da

 

buludlarını qırışdırır göy üzü. Oğurlanmış kosmos

 

ağac köklərinin dolanbaclarında gəzişir,

 

sap kimi əyrilir yaşıla dönür. - Fələk çəhrəsini fırladan qarının

 

damarlarıyla nəhayətsiz sonralara yel kimi axıb gedən

 

kiçik azadlıqlar doğur içimizdə...

 

 

Kyrıe

 

Hərdən həyatım qaranlıqda gözlərini açırdı.

 

Elə bir hiss vardı, sanki camaat küçədə

 

sayıqlayaraq gəzir, təşviş içində kor kimi

 

möcüzə axtarırlar, mən isə dayanmışam,

 

amma gözə görünmürəm.

 

Qorxu içində mürgüləyən körpə kimi

 

ürəyimin ağır addım səslərini dinləyirdim uzun-uzun -

 

səhər günəş şüasını qaranlığın kilidinə salıb

 

onun qapılarını taybatay açana qədər.

 

Oktyabr cızma-qarası

 

Yedək pasdan çil-çil olub. Burda, sahildə,

 

sudan belə uzaqda neynir?

 

Bu bolluq mövsümündə sönmüş yekəpər çırağa oxşayır.

 

Ağaclar rənglərin dəlilik dövründədir.

 

O biri sahilə işarə verirlər elə bil.

 

Sanki bəziləri istəyir ki, onları burdan aparsınlar.

 

Evə gedən yolda mürəkkəb rəngli

 

göbələklərinə rast gəlirəm,

 

otların arasından boylanırlar.

 

Bu qaranlıqda öz-özünə hıçqırıb ağlayan,

 

kömək istəyənlərin barmaqlarıdır.

 

Biz hamımız - torpağın yetirmələriyik, uşağı.

 

Tomas Tranströmer

Tərcümə etdi: Səlim Babullaoğlu

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 32.