Anamız Azərbaycan

 

 

Keçdikcə aylar, illər,

 

Başlayır cücərməyə

 

Dedi-qodulu dillər:

 

- Deyirlər ki... deyirlər.

 

Bu yeni ev tikənlər

 

Bünövrəni yeyirlər!

 

İşdən qovulan nazir,

 

Deyirlər Həccə gedib,

 

Orda ibadət edib.

 

Ona "vergi" verilib!

 

- Orda da vergi yığıb?

 

Gör necə adət edib?

 

Dinc dayanmır ki, dillər...

 

Deyirlər ki... deyirlər:

 

Əlqulunu tutublar,

 

Pulları xaricdədi.

 

Pullar orda işdədi,

 

Özü burda küncdədi.

 

Bəli, bu var, doğrudu,

 

Bu bir gerçəkdi, gerçək!

 

Qanun işin görəcək!

 

Cəzasını verəcək!

 

Deməyin, biz adiyik,

 

Bu odlar diyarıdı,

 

Biz odlar övladıyıq!

 

"Odlu diyar" deyilən,

 

Müqəddəs adımız var.

 

44 günlük döyüşlə

 

Yer üzünü çaşdıran,

 

Müzəffər ordumuz var!

 

Biz lazım olan zaman

 

Əl uzadıb hamımız,

 

Böyük bir can olarıq!

 

Hamımızın anamız

 

Azərbaycan olarıq!

 

 

21.02.2021

 

 

Eşq Allahın ruhundadır

 

Heç bilmirdik... Kimik? Hardan?

 

Cənnətməkan bir diyardan

 

Bu dünyaya gələn kimi

 

Ağlamışıq.

 

Gözümüzü açdı bizim

 

O eşq adlı gözəl işıq.

 

İlk gördüyüm ilk canlıya,

 

Elə ona - dedik ana.

 

Anamıza olduq aşiq.

 

Bu eşq ilə yaşamışıq.

 

Eşq Allahın ruhundandı,

 

Onun qədrin kim bilər ki,

 

İnsan qədər!

 

İnsan oğlu

 

Eşqdən gəlir bu dünyaya.

 

Eşqlə yaşar, eşqlə gedər.

 

23.02.2021

 

Fikrət Qoca

Ədəbiyyat qəzeti.- 2021.- 27 fevral. S. 3.