Varislər

 

Ofelya SƏNANİ: Sirdaşım xatirələrdir

"Varislər"in bugünkü qonağı XX əsr Azərbaycan teatr və kino tarixində böyük xidmətləri olan unudulmaz Xalq artisti Möhsün Sənaninin gəlini, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sevimli diktor, kino aktrisası, Xalq artisti Ofelya Sənanidir.

Şeytanbazarlı oğlan

 

1900-cü ilin yayında Tiflisin Şeytanbazar məhəlləsində, ruhani ailəsində gəlmişdi dünyaya. Valideynlərini lap erkən yaşlarında itirmiş, nənəsinin himayəsində böyümüşdü. Az sonra bu sevinc də bitir. Nənəsi dünyasını dəyişəndən sonra Möhsünə və kiçik bacısına xalası molla Zinyət baxır. O, mərsiyəxanlıq edir, bacısı oğlunu da ruhani kimi görmək istəyirdi. Xalası evində yaşayan yeniyetmə Möhsün ailənin çətin şərtlər, maddi sıxıntılarla dolandığını gördüyündən, tezliklə özü bir parça çörək qazanıb, bir yolla evə kömək etmək istəyir. Yaşamaq üçün ən ağır işlərə gedir, soyuğa, sazağa qatlaşır, bir qarın çörək qazanmaq üçün sınaqlardan keçirdi.

İlk dəfə Tiflisə qastrola gələn Azərbaycan teatr truppasının tamaşalarına baxanda ürəyində bir gün bu insanlar kimi səhnəyə çıxmaq, rol almaq, tamaşaçı sevgisi qazanmaq alovu şölələndi. Özü ilə baş-başa qalanda səhnədə gördüklərini təqlid edir, rolları əzbərləyirdi. 11 yaşı olanda ilk dəfə tamaşaçı qarşısına çıxır. Bu onun uzun və çətin yolda ilk uğuru olur.

 

İlk dəfə 11 yaşında

 

Onun taleyinə bir gün Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi dövrün böyük aktyorları ilə tanış olmaq, onlardan dəstək almaq, öyrənmək, görüb-götürmək yazılmışdı. İllər keçəcək, ilk dəfə səhnəyə çəkinə-çəkinə, ürkək-ürkək çıxan yeniyetmə Möhsün Sənani Azərbaycan peşəkar aktyor sənətində öz dəst-xətti, öz yeri olan böyük sənətkarlardan biri olacaqdı.

Bu unudulmaz və sevilən aktyor Möhsün Sənaninin gəlini, hamımızın sevimli diktoru, Xalq artisti Ofelya xanım Sənani ilə mənə də doğma olan rəhmətlik Valid Sənaninin ocağında görüşdük.

 

- Ofelya xanım, siz Azərbaycan peşəkar diktor sənətinin canlı əfsanəsisiniz. Sizi görmək çox xoşdur. Bütün "Ədəbiyyat qəzeti" ailəsi adından sizi salamlayıram. Necəsiniz?

- Xoş gəlmisiniz. Deyim də, bu il, nədənsə, özümü xüsusilə pis hiss edirəm. Nə olur-olsun, artıq yaş öz işini görür. Mən lap çoxdan, belə deyək də, stajlı hipertonikəm, təzyiq mənə əziyyət verir, amma bunu əvvəllər heç vaxt ciddi qəbul etmirdim. Üstünə düşmürdüm, indi hiss edirəm, incidir məni. Yayda bir gün yüksək hərarətim oldu, bax, ondan sonra yaddaşım korlandı, ruhumda qəribə bir süstlük yarandı. Mən "koronadan" şübhələnirəm. Deyəsən, bunun birinci əlaməti elə yaddaşa təsir etməsidir. İştahım tamam küsüb. Amma o hərarətə qədər hər şey normal idi. Nəsə, yaxşı olmağa çalışıram.

 

Stajlı hipertonik

 

- Bizim borcumuz sizin qayğınızı çəkmək, qulluğunuzda dayanmaqdır. Sizin üçün nə edə bilərəm?

- Çox sağ ol, oğlum, yox, hər şey qaydasındadır. Sağ olsun ölkə başçısı, Prezidentimizin fərdi təqaüdünü alıram, yəni elə bir çətinliyim yoxdur, sadəcə, yaş öz diqtəsini edir. Qoy sənə çay gətirim... (qalxmaq istəyir).

- Çox sağ olun, mən sadəcə sizinlə söhbət etmək istəyirəm və xahiş edirəm, bu zövqü mənə çox görməyin. Çox yerdə çay içmək olar, amma Ofelya xanımla görüşmək, onun söhbətlərini dinləmək başqa zövqdür. Davam edək, lütfən. Bu gün unudulmaz Möhsün Sənani və mənim də bir vaxtlar şəxsən tanıdığım, söhbətlərini eşitdiyim, məsləhətlərini aldığım Valid Sənani haqqında danışacağıq.

Ofelya xanım, Möhsün Sənani əksər tamaşaçının yaddaşında sizin də rol aldığınız "Dağlarda döyüş" filmində yaratdığı Qəmbər obrazı kimi əzazil, sərt adam kimi qalıb. Bəs həyatda necə idi?

- Elə həyatda da elə idi.

- Yəni gəlin kimi zülm edirdi sizə?

- Yox, biz bir yerdə yaşamamışıq axı. Həyat yoldaşım Valid müəllim onun ilk ailəsindən idi. Sonra başqası ilə ailə qurmuşdu və o qadından bir qızı olandan sonra az qala bunları tamam unutmuşdu. Amma mən onun xətrini dünyalar qədər istəmişəm. Bilirsiniz, çox səliqəli adam idi, ətrafdan da səliqə tələb edirdi. 1959-60-cı illərdə mən radioda təzə başlamışdım diktorluğa, gəlib oturdu şüşənin o biri üzündə, əllərini astaca dizinə vura-vura diqqətlə məni izlədi. Sən demə, oğlu üçün qız seçirmiş və gələcək gəlininin bütün xarakterini, xasiyyətini öyrənirmiş.

 

Özünə gəlin seçirdi

 

Mən radioya ilk dəfə onuncu sinifdə oxuyanda ayaq basmışam. İçi dəftər-kitabla dolu məktəbli çantası əlimdə, dərsdən çıxıb birbaşa radioya gedirdim. Konsert proqramı gedəndə arada mənə 30-40 dəqiqəlik imkan yaranırdı dərslərimlə məşğul olmağa. Ədəbiyyatı, riyaziyyatı elə studiyada, pult arxasında hazırlayırdım.

Biz heç vaxt qələmsiz işləməmişik. Bunu bizə rəhmətlik Aydın Qaradağlı öyrətmişdi. Çox səliqəli kişi idi. Bizə doğma balası kimi qayğı göstərir, həm də tələb edirdi. Hər sözün, hər vurğunun üstündə əsirdik. Bizə çoxlu bədii kitab oxudurdu. Özü də sonra imtahan edirdi bizi, oxumuşuq, ya yox. Oxumadınsa, qanın getdi (gülümsəyir). Radioda bir-birimizə bədii kitab ötürərdik, bu ənənəni Aydın Qaradağlı qoymuşdu. Onun həyat yoldaşı Gültəkin Cabbarlı 190 saylı məktəbdə mənim ədəbiyyat müəllimim olub, radioda da diktor müəllimim idi. Bizə mətnləri oxumağı Gültəkin xanım öyrədirdi. Bu yaşa gəlib çatmışam, hələ də Aydın müəllimi, Gültəkin xanımı rəhmətlə xatırlayıram. Bəlkə başqası olsaydı, deyərdi cavan diktordu, səhv oxuyur, cəhənnəmə oxusun, mənə nə, tamaşaçı ona güləcək, ona nifrət edəcək, amma Aydın Qaradağlı buna imkan verməzdi, deyirdi, bu bizim radionun adıdır. Bizim kimi müəllimləriniz var, tamaşaçı bizə irad bildirəcək.

- Ruhları şad olsun. Möhsün Sənani özünə gəlin seçirdi, nə oldu onun axırı, necə xəbər tutdunuz bundan?

- Hə də, mən efirə çıxanda gəlib otururdu şüşənin o tayında, hərəkətlərimə göz qoyurdu. Ürəyimdə deyirdim, bu kişinin işi-gücü yoxdur?! Mənə heç nə demirdi axı. Sonra da oğluna məsləhət gördü ki, bu qızı al. Mənə elə gəlir, Valid özü atasına demişdi, gəl bu qıza bax. Valid ciddi adam idi, hisslərini büruzə verməzdi, amma mənə çox kömək edirdi. Mən sınaq müddətini işləyirdim radioda, hələ əmrim verilməmişdi. Gün ərzində efirdə olurdum, bir dəfə də saat 17 xəbərlərini oxuyurdum. Yəqin, Allah vergisidir də, bir dəfə də səhv etmirdim. Üstəlik, bütün yaşlı, təcrübəli diktorlar kömək edirdilər, çalışırdılar səhvə yol verməyim.

- Ofelya xanım, müəllimlərdən, təcrübəli diktorların münasibətindən, qayğısından danışırsınız, yenə varmı elə insanlar?

 

İndi elə insanlar yoxdur

- Mən onlardan sonra elə insanlara rast gəlməmişəm. İndikilərin xətrinə dəyməsin, amma bu sənətə olan münasibət dəyişib elə bil. Bəzən kim necə gəldi oxuyur, vurğu yerində deyil, söz səhv gedir. Üstəlik, indi badalaq vuranlar, kömək etmək istəyənlərdən çoxdur. Niyə?! Səbəbini də bilmirəm! Bu yaxınlarda kinostudiyaya getmişdim, cavanları gördüm, ürəyim sevindi. Elə istəyirdim ki, bir yolla kömək edim onlara. Yəqin, biz başqa məktəbin tərbiyəsini görmüşük də, ondandır.

- Yenə radio ilə əlaqə saxlayırsınız? Yəni təqaüd yaşı-filan bəhanəsi yoxdur sizə qarşı?

- Yox, sağ olsun radio üzrə sədr müavini Rafiq Həşimov. Çox yaxşı oğlandır. Mənə elə hörmət edir, lap utanıram. Təsəvvür edirsiniz, hər dəfə mən onun otağına gedəndə ayağa qalxır. Gözütox, təmkinli, təmənnasız rəhbərdir.

- Rafiq Həşimov həm də yaxşı yazıçıdır, istedadlı ədəbiyyat adamıdır. Və mənə xoş oldu dostumuz haqqında sizdən belə gözəl sözləri eşitmək.

Möhsün Sənaninin uşaqlığı çox ağır keçib. O günlərdən nə danışırdı qayınatanız?

- Yazıq çox əziyyət çəkib ey. O balaca uşaq iş axtara-axtara, oturacaqların altında gizlənə-gizlənə Türkiyəyə gedib çıxıb. Özündən böyük şələləri daşıyıb, biri mərhəmətli çıxıb pulunu verəndə, beşi qapazı başına vurub qovub. Bir qarın ac, bir qarın tox yaşayıb. Görüb, bir şey çıxmır, yenə çox çətinliklə geri qayıdıb.

- Sizcə, onun üzündəki əbədi qəddarlıq maskası o çətin uşaqlıq illərinin möhürü idi?

 

Üzündəki qəddarlıq maskası

 

- Yəqin, oradan gəlirdi. O, həm də çox qısqanc idi axı. Həm ailəsinə, həm də elə mənə qarşı. "Dağlarda döyüş" filmində çəkiləndə rəhmətlik Şahmar Ələkbərovla bir yerimiz var, dağdan qaçaraq aşağı enirik, ssenaridə elə idi ki, Fərrux (Şahmar Ələkbərov) mənim əlimdın tuturdu, qaça-qaça gəlirdik. Həm də baxmayın da, dağdan enirik axı, yıxıla bilərəm. Şahmar əlimdən tutmuşdu. Aşağı çatdıq, qayınatam yaxınlaşdı, səsini qaldıraraq: "Saxlayın çəkilişi! Ə, Şahmar, qızın əlindən niyə tutmusan? Get bir də gəl, amma qızın əlindən tutma!". Şahmar dedi: "Ay Möhsün müəllim, sən rejissorsan? Qızın əlindən tutmuşam ki, yıxılmasın!". Belə şeylərə çox diqqət yetirirdi. Gecəyarı mehmanxanadakı nömrəmin qapısını döyürdü. "Ofa, yatmısan?". Mən də ağır yatıram. Cavanlıqda lap ağır yatırdım. Eşitmirdim səsini. Nəsə ayılırdım. "Bir şey lazımdır?" - soruşurdum. "Yox, elə belə, qapını döydüm, görüm yatmısan, ya yox?". Artıq bir qızımız da gəlmişdi dünyaya, amma qayınatam belə idi. "Dağlarda döyüş"ün çəkilişləri Mineralnıye Vodı, Yessentuki tərəflərdə gedirdi, uşağı atasının yanında qoyub getmişdim. Möhsün müəllimin çəkiliş günü oldu-olmadı, mütləq gəlib mənim çəkilişlərimdə iştirak edirdi.

- Bəs, Valid müəllim onun bu qısqanclığına, sizi həmişə nəzarətdə saxlamasına necə reaksiya verirdi? Demirdi, ay kişi, nə istəyirsən mənim arvadımdan?

- Yox, Valid çox yaxşı adam idi axı. Biz həmişə bir-birimizə inanmışıq.

- Möhsün Sənaninin səhnəyə çıxmasında xalası oğlu Əli Qurbanovun xüsusi rolu olub. Biz Əli Qurbanovu daha çox "Bir qalanın sirri" filmindəki Kamran baba kimi xatırlayırıq. İlk dəfə səhnəyə çıxmasından nəsə danışırdı evdə?

 

Kamran baba kim idi?

- Onun haqqında kitab vardı, xatirələri yazılmışdı orda. Mən o kitabı göz yaşları ilə oxudum. Balaca, köməksiz bir uşaq, necə əziyyətlər çəkib?! Ona görə çox istəyirdim onu. Təsəvvür edirsiniz, əgər onun möhkəm iradəsi, böyük səbri, gələcəyə inamı olmasaydı, bəlkə də, tamam başqa bir yola gedər, təsir altına düşər, oğru-quldur ola bilərdi. Amma o, lap uşaqlıqdan bir parça çörəyini işləyib, halallıqla qazanmaq istəyib. Küçələrə düşməyib, kiməsə əl açmayıb, ancaq iş axtarıb və hər məşəqqətə dözərək işləyib. Çayçı köməkçisi işləyib, baqqal yanında çıraqlıq edib. Yəqin, elə bu səbəbdən çox cüzi maaşla teatrda işləməyə başlayanda hər manatının qədrini bilib. Mən Validin anasını, Möhsün müəllimin ilk xanımını görmüşdüm, o qadın heç nə danışmırdı. Özünə fikir verən deyildi. Mən çox şeyi başa salırdım ona. Əyin-başını alırdım. Sadə adam idi. Amma qayınatam həssas kişi idi, özünə fikir verən idi, həm də istəyirdi qadını özünə fikir versin. Məncə, onun ilk ailəsi bu səbəbdən dağılmışdı. Biz heç vaxt bir yerdə yaşamamışıq, ona görə onun ilk dəfə səhnəyə çıxması ilə bağlı hər hansısa bir xatirəsini eşitməmişəm.

- İlk böyük rolu "Dəmirçi Gavə" pyesində Gavə olub.

- Hə, Gavə onun böyük səhnədə ilk böyük rolu olub. Amma onun teatrdakı yolu asılqandan başlayıb. Qarderobçuluq edib, suflyorluq edib. Məqşlərə baxa-baxa öyrənib. Epizodik rollarda, kütləvi səhnələrdə yer alıb. Xalası oğlu Əli Qurbanov da köhnə aktyor məktəbi idi, kömək edib Möhsün Sənaniyə.

 

Həm də yaxşı səsi vardı

 

- Ofelya xanım, Möhsün müəllim Azərbaycan Akademik Dram Teatrının üzdə olan və sevilən sənətkarlarından biri kimi məşhur idi. Məşhur adamın gəlini kimi tanıyırdılar sizi? Gedib səhnədə canlı-canlı onun tamaşalarına baxırdınız?

- Əlbəttə, elə idi. Düzdür, o vaxt mən efirə çıxırdım, səsimi sevirdilər, amma hamı məni əvvəlcə Möhsün Sənaninin gəlini kimi tanıyırdı. Allah ona aktyora lazım olan hər şeyi vermişdi. Gözəl səs, istedad, zəhmətkeşlik, sənətə bağlılıq... Bütün bunlar olmadan uğur qazanmaq mümkün deyil. Yaxşı musiqi duyumu vardı, gözəl oxuyurdu. İstənilən təzə yazılmış mahnını oxuya bilirdi.

Əlbəttə, gedib tamaşalarına baxırdım. Daha çox komik obrazlar yaradırdı. Onun "Almaz" pyesindəki Mirzə Səməndər rolu yadımdadır. Lap ilk dövrlərdə çəkilən filmlərdə rol almışdı. "Qız qalası", "Bayquş", "Bismillah", "İsmət", "Kəndlilər" filmlərində oynamışdı. Siyahıya baxsaz görərsiniz. Çox filmə çəkilib.

- Siz "Dağlarda döyüş" filmindən başqa da filmlərə çəkilmisiniz, deyəsən.

- Hə, "Mücrü" qısametrajlı film idi. O film elə bil mənim taleyimdir. Ssenari müəllifi Gülhüseyn Hüseynoğlu da müharibə dövrü uşaqlarından idi, görünür, o da müharibənin dəhşətlərini yaşamışdı, görmüşdü. Aclıq, səfalət, çətinliklər... Bir tikə çörək üçün saatlarla növbə tuturduq. Atam müharibədə idi. 1945-ci ildə 4 yaşm vardı, anam məni çörək almağa göndərirdi. Cibinin üstündə gilas olan paltom vardı, çox sevirdim o paltonu. Elə bilirdim üstündəki doğruçu gilasdır. Artıq dükandan çörək almağı bacarırdım. Sərbəst uşaq idim. Bir gün elə bil şeytan aldatdı məni. Bir müddət pəncərədən küçəyə baxdım, sonra aşağı enib gəzə-gəzə evdən xeyli uzaqlaşdım.

 

O film mənim taleyimdir

Yaxşı ki qarşıma milis şöbəsi çıxdı. Pəncərədən içəri boyandım, növbətçi milis məni görüb içəri apardı. Sorğu-sual elədi. Eviniz hardadır, soruşdu, dedim, o tərəfdə, həm də əlimlə göstərdim. Dedi, evdə telefonunuz var. Dedim var, özü də 92 ilə başlayır, amma qalanını bilmirəm. Bu adam haradansa tapdı evimizin telefon nömrəsini. Atam milis zabiti olduğundan evimizdə telefon vardı. Beləcə, anamdan xəbərsiz çıxıb getmişdim evdən. Uşaq ağlı. Niyə gedirsən? Hara gedirsən?

- O sərbəstlik həmişə qaldı sizin xarakterinizdə?

- Azadlıq həmişə qaldı, amma müəyyən yaşdan sonra sərbəstlik formasını dəyişir axı. Bir söz deyim, uşaqlıqdan həmişə söz-söhbətdən, cəncəldən, dava-dalaşdan, intriqadan uzaq olmuşam.

- Qayıdaq öz mövzumuza. Möhsün Sənani gəlib radioda sizi seçdi və dedi ki, səni oğluma almaq istəyirəm. Elə oldu söhbət?

- Əşşi, radioda səsimi eşidib aşiq olanlarım çox idi. Mən də məktəbi qurtarmamışdım axı hələ. Radioya anasını, bacısını elçi göndərən kim. Bir gün bir qadın gəlib tapdı bizi. Bir bağlama qızıl-zinət tökdü anamın qabağına. Dedi, oğluma alacağam sənin qızını. Əlimizin içində, naz-nemətlə saxlayacağıq. Bunun oğlu da ticarətçi idi, mağaza müdiri.

 

Onu qızıla tutmaq istəyirdilər

Tanımadığım adamdır. Səsimi eşidib bəyəniblər. Anam dedi ki, biz oğlunuzu görməmişik, tanımırıq. Qız da hələ məktəbdə, onuncuda oxuyur. Qadın dedi, axı qız işləyir. Elə biliblər yaşım çoxdur. Anam dedi, qız dərsdən çıxır, atası gəlib onu aparır radioya, axşam da götürüb gətirir evə.

- Aydındır. Bəs niyə Möhsün müəllimin seçiminə razılıq verdiniz? Valid müəllimlə eyni yerdə işləyirdiniz, sevmişdiniz gələcək həyat yoldaşınızı? Düzünü deyin (zarafatla). Yoxsa Möhsün Sənani kimi məşhur adamın gəlini olmaq istəyirdiniz?

- Yox-yox... Xoşum gəlmirdi Möhsün Sənaninin gəlib məni izləməsindən. Aktyorluğu xoşuma gəlirdi, amma insan kimi onda qabalıq hiss edirdim. Adam saatlarla oturub gözlərini mənə zilləyirdi. Təsəvvür edin də, özünüzü necə hiss edərdiniz? Gözləri də od-alov idi. Baxırdı mənə... Yaxşı ki, özümü itirmirdim, mətni oxuyanda çaşmırdım. Qarşımda həmişə kitab-dəftər görürdü. Oğluna demişdi ki, bu qızın gələcəyi var.

Validin də mənə olan münasibətini hiss eləmişdim. Başqa cavan oğlanlar vardı, onlar da istəyirdilər məni. Bəzən zarafatla söz atırdılar: "Ofa, mənə gələrsən?". Deyirdim, gedin işinizlə məşğul olun, mən hələ oxumalıyam. Validi daha yaxın hiss edirdim. O, artıq BDU-nun Geologiya fakültəsini bitirmişdi, amma yazırdı, jurnalistika ilə məşğul olurdu.

- Amma ixtisaslı jurnalistlərin çoxundan peşəkar idi.

- O, jurnalistikanın estetikasını gözəl bilirdi. Hələ uşaq yaşlarından "Pioner şeypuru"na yazılar göndərirmiş. Bəzən axşam işdən çıxanda atam gecikirdi, belədə Valid məni ötürürdü. Heç nə demirdi o barədə. Aramızda 6 yaş fərq vardı axı. Hisslərini gizlədə bilirdi. Bir də görürdüm atam tələsik gəlib, yolda özünü çatdırırdı. "Valid, sağ ol, əziyyət çəkmisən, balamsan, daha sən get", - deyib, yola salırdı onu. Hiss edirdim ki, daha çox Valid mənə can yandırır. Çox həssas, incə ruhlu idi. Sırtıq deyildi başqaları kimi, onun bu xüsusiyyəti ürəyimə yatırdı. Ona görə Validi seçdim və həyat göstərdi ki, yanılmamışam.

- Mən bir neçə dəfə sizi Valid müəllimlə bir yerdə görmüşəm, dostluğunuz hiss olunurdu. Sizə necə qayğı göstərdiyi indi də gözlərim önündədir. Ailədə bir yerdə oturub Möhsün Sənaninin hansı filminə baxmaqdan zövq almısınız? Bir də... onun hansı obrazı xarakterinə daha yaxın idi, sizcə?

- Lap əvvəl çəkildiyi filmlərə maraqla baxırdıq. Umumiyyətlə, filmlərin hamısında Möhsün müəllim səmimidir. Sənətini çox sevirdi, axı. Xarakterinə yaxın obrazı? Qoçu Əsgər. Evdə də, teatrda da sərt idi də bu adam. Çox tələbkar idi. Hətta sevgisini də qəribə tərzdə çatdırırdı. Nalçikdə "Dağlarda döyüş"ə çəkilirdik. Gəlib qapını döyürdü, sərt səslə: "Ofelya, nahar eləmisən?". Deyirdim, eləmişəm. "Ac deyilsən?". Deyirdim, yox, toxam. "Harda yemisən ey? Nə vaxt bişirdin, yedin? Hanı, qab-qacağın da təmizdir. Dur gedək bir yerdə yeyək!". O vaxt ikinci həyat yoldaşını, qızını da özü ilə gətirmişdi Nalçikə.

- Daha çox qayınanalığı hansından hiss etmisiniz?

 

Mənə çox zənglər olurdu axı

- Heç birindən. Validin anası çox fağır qadın idi, amma bəzi şeylərdən narazı idi. Mənə çox zənglər olurdu axı. Hiss edirdim ki, bu zənglər qadının ürəyincə deyil. Telestudiyadan, kinostudiyadan zənglər olurdu. Çəkilişlər, dublyaj... Mən telefona cavab verəndə qadın qulaqlarını şəkləyib dinləyirdi. Şəraitimiz də yox idi. Balaca bir otağımız vardı. Bir qonaq stolu, bir də cehiz apardığım servant, içindəki cehizlik qablarım. Onlar çox kasıb idilər. Validin bir bacısı vardı, eyni anadan-atadan. Çox zirək qız idi. Mən diktor işləyirdim, maaşımla özümə əyin-baş alırdım, baldızım gəlirdi, bəyəndiyi paltarı götürüb gedirdi. Ürəyimdə deyirdim, bu niyə belə eləyir ey, amma dilimə gətirmirdim ki...

- Ümumiyyətlə, sizə baxanda həmişə kənardan səbirli xanım təsiri bağışlamısınız. Bu doğrudan belədir?

- Çox səbirliyəm. Hər şeyə dözürdüm. Kasıblığa da, evsizliyə də, şəraitsizliyə də. Qızım düyaya gələndə evdə onun arabasını qoymağa yerimiz yox idi. Yəni o qədər darısqal idi otağımız. Qayınanam, bir də biz. Tərpənmək olmurdu evdə. Sonra Valid "Baksovetə" ərizə yazdı. Gəlib mənzil şəraitimizə baxdılar, gördülər, illərdir qəfəsdə yaşayırıq. Amma bunlar məni bezdirmirdi.

- Möhsün müəllimin dostları kim idi? Valid müəllim kimlərlə dostluq edirdi?

- Çox az dostu vardı Möhsün müəllimin. Evə ümumiyyətlə, adam aparmazdı. Qısqanırdı axı. Amma Validin dostu çox idi. Evə də gəlib-gedirdilər. Mən də balaca canımla bir yeməklər bişirirdim ki... Dadlı fisincanlar, toyuq çığırtması, iri-iri kotletlər... Yayda da qışa tədarük görürdüm, bankalarda konserv bağlayırdım. Gecə gəlirdim işdən, başlayırdım banka bağlamağa. Deyin yorulurdum? Əsla!

 

Avtobusda yatırdım

 

Mən yuxu bilmirdim. Avtobusda yatırdım. Televiziyadan qaçırdım kinostudiyaya dublyaja. Yuxu tuturdu məni. Sürücü oyadırdı ki, qızım sən burda düşməlisən. Bir dəfə də yenə qaçaraq, yuxusuz getdim dublyaja. Gördüm Əli Zeynalovla Leyla Bədirbəyli məni gözləyirlər. Gecikmişdim bir az. Utandım lap. Leyla xanım da məni bir az əvvəl televiziyada görmüşdü. Bildi ki, nahar da eləməmişəm. Tez çantasını eşələyib bir peçenye tapdı. Çay gətirtdi mənə, yedirtdi, içirtdi, sonra başladıq filmi səsləndirməyə. Əli müəllim dedi ki, sən olmasaydın, gözləyən deyildim, səninlə işləmək asandır. Birnəfəsə yazırdım ey, özü də dodaqların sonxronunu dəqiq tuturdum. Mətnə baxırdım, kadra baxırdım, getdik... Görünür, Allah məni istəyib də bu sənətdə...

- Niyə az filmə çəkildiniz? Məncə, sizin imkanlarınız böyük idi.

- Ədil İsgəndərov çox istəyirdi məni. Bir gün yanına çağırıb dedi ki, qızım, sən bu qayınatanı dilə tut, mən səni 30 filmə çəkdirim, qoy o filmlər yadigar qalsın. Dedim, Ədil müəllim, mən telestudiyadakı işimi atıb çəkilişlərə gələ bilmərəm. Hər veriliş mənim övladımdır. Mən onları yetim saxlamaq istəmirəm. Ədil müəllim çox təəssüfləndi.

 

Onları yetim saxlamaq istəmirdim

 

- Ofelya xanım, Valid müəllimə nə oldu? Ondan sonra sizin üçün həyat necə keçir? Baxıram, ətrafınızda nəvələr yoxdur, amma pişiyinizi çox əzizləyirsiniz? Niyə tək qalırsınız?

- Valid qızdan sonra yatağa düşdü. Hövlləndi, həyəcan keçirdi. Qızımız onkoloji xəstədir. Əməliyyat olundu, amma Valid onun əməliyyat olunmasına dözə bilmədi. Qalmadı xəstəxanada, dedi ayaqlarım tutmur. Məni orada qoyub gəldi evə. Qız çıxdı əməliyyatdan, indi də müalicə alır. Gəldim gördüm Valid yataqdadır. O yatağa düşməyi ilə, bir də qalxmadı.

 

İstəsən ailə qurarsan...

 

Mənə görə çox əzab çəkirdi, narahat idi məndən. Bilirdi ki, ona bir şey olsa, təkliyi seçəcəyəm. Oğlumun, qızımın öz ailəsi var. Mən onlara qonaq getməyi sevirəm, amma hər kəsə öz evi doğmadır. Valid son günlərində bilirsiniz mənə nə dedi?

- Nə?

- Dedi, Ofelya, narahatam səndən, bu evdə tək qalıb öləcəksən, heç kəsin xəbəri olmayacaq. İstəsən, biri ilə ailə qurarsan, tək qalma. Dedim başın xarab olub sənin? Mən bundan sonra ailə quranam? Ölərəm, uşaqlar bir gün görəcəklər zənglərə cavab vermirəm, gəlib tapacaqlar da məni.

- Bəs qorxmursunuz təklikdən?

- Yox, niyə qorxum ki... İndi mənim sirdaşım xatirələrdir.

 

Söhbətləşdi: Əyyub QİYAS

Ədəbiyyat qəzeti.- 2021.- 27 fevral. S. 16-17.