Torpaq kimi bərəkətli ömür... -

 

Bu yazını qocaman iş yoldaşım - Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Abdulla Abasovun 91 yaşına hədiyyə etməyi düşünürdüm. Abdulla müəllim ad gününü - martın 9-nu gözləmədi. Onun əziz xatirəsinə vida yazısı həsr etməli oldum.

Hərdən mənə elə gəlir ki, insanlar öz təbiətləri, xasiyyətləri, davranışları ilə doğulub boya-başa çatdıqları torpağa çox oxşayırlar. Abdulla müəllimlə hər görüşəndə, onun söhbətlərini dinləyəndə gözümün qarşısında Quba canlanırdı. Təbiətinin sirlərlə dolu zənginliyi, göylərinin genişliyi, torpağının bərəkəti ilə... Bənzərsiz zənginliyi, sonsuz genişliyi və barlı bərəkəti Abdulla müəllimin təbiətində də görürdüm. Bu, yəqin ki, mənim sırf subyektiv təsəvvürüm idi. Həmin təsəvvürü yaradan isə Abdulla müəllimin böyük rəğbət və hörmət bəslədiyim, on illərin sınağından şərəflə çıxmış şəxsiyyəti idi...

Abdulla müəllim üçün şəxsiyyət mücərrəd, ölçüsü olmayan anlayış deyildi: "... öz varlığı, əqli, fikri, yaradıcı əməyi ilə həyatın gözəlliyini artıran, hər cür fərdi və sosial fəaliyyəti, mənəvi-əxlaqi və estetik kamillik dərəcəsinə çatdıran, həyatın fəal qurucusu olan insandır!..".

Onunla tanışlığımızın, ilk ünsiyyətimizin köklü tarixi vardı. Mən tələbə olanda - 1970-ci illərin sonlarında Abdulla müəllimin çalışdığı Azərbaycan Sovet ədəbiyyatı kafedrasına tez-tez baş çəkirdim. Kafedra müasir ədəbi proseslə bağlı tədbirlər təşkil edir, görkəmli yazıçılarla görüşlər keçirir, bu tədbirlərə tələbələri, o cümlədən məni də cəlb edirdi. Abdulla müəllim auditoriyada mənə dərs deməsə də, ünsiyyətə açıqlığı, istiqanlılığı ilə fərqlənirdi. Kafedrada ilk görüşlərimiz zamanı tələffüzündəki Quba aksenti onu asanlıqla "ələ verirdi" və təsəvvürümdə Abdulla müəllimlə bağlı fərqli bir Quba obrazı da yaranırdı...

O vaxt bəzi müəllimlərimizdə maraqlı bir keyfiyyət "kəşf eləmişdim": mənə elə gəlirdi ki, onlar, əsərlərini tədqiq etdikləri yazıçıların dili, üslubu ilə danışırlar. Tədqiq və təhlil etdikləri obrazların dünyası onların özlərinə, şəxsiyyətlərinə sirayət eləmiş kimi görünürdü (heç şübhəsiz ki, bu da mənim sırf subyektiv müşahidəm idi). Professor Firudin Hüseynovun danışığı Mirzə Cəlilin, professor Cəlal Abdullayevin (hər ikisinə Allahdan rəhmət diləyirəm) danışığı Səməd Vurğunun üslubu ilə səsləşirdi. Firudin müəllim danışanda Mirzə Cəlildən, Cəlal müəllim də Səməd Vurğundan tez-tez iqtibaslar gətirirdi və bu, mənim qənaətimi bir qədər də gücləndirirdi. Abdulla müəllimin özünüifadə tərzində də Üzeyir bəy Hacıbəylinin bədii yaradıcılığının enerjisini və izlərini nəzərdən qaçırmaq mümkün deyildi. Adlarını çəkdiyim alimləri birləşdirən mühüm bir cəhət də var idi: onlar Mir Cəlal müəllimin yetirmələri idilər. Mir Cəlal müəllimin nitqindəki incə və usta ironik tərz ilə Mirzə Cəlil yaradıcılığı (Mir Cəlal müəllimin Mirzə Cəlil realizmi mövzusunda qiymətli tədqiqatı var) arasındakı bağı görmək üçünsə mütəxəssis olmağa elə bir ciddi ehtiyac yox idi. Görünür, bu insanlar böyük şəxsiyyətlərin yaradıcılıqlarını, sadəcə, tədqiq etməklə kifayətlənməyərək həmin şəxsiyyətlərin əsərlərindən gələn keyfiyyətləri öz təbiətlərinə köçürmüşdülər. Əslində, bunun özü də böyük sənət adamlarının könüllərdə yaşayan möhtəşəm abidələrə çevrilməsinin bir təzahürüdür.

Filologiyanın başı üzərində "formalizm" təhlükəsinin Domokl qılıncı kimi asıldığı 1930-cu illərdə Füzuli sənətkarlığını tədqiq edən Mir Cəlal müəllimin yetirmələrinin elmi fəaliyyətində daha bir mühüm xüsusiyyət də ayrıca qeyd edilməlidir. Onlar öz tədqiqatlarını ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığında bədii sənətkarlıq məsələlərinə həsr etmişdilər. Məsələn, Cəlal Abdullayev Səməd Vurğun lirikasında, Təhsin Mütəllimov Ə.Haqverdiyev nəsrində və dramaturgiyasında, Abdulla Abasov da Üzeyir bəy Hacıbəyli yaradıcılığında sənətkarlıq mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Klassik irsə bu cür yanaşma Sovet dövrü üçün müstəsna əhəmiyyət daşıyırdı. Çünki bizim ədəbi mühitdə bədii əsərin ideya-məzmun təhlili filologiyanı istər-istəməz ideologiyanın ayağına getməyə sövq edirdi. Ona görə də ən sağlam yol bədii söz sənətinin incəliklərini təhlil edib, yazıçının yaradıcılıq sirlərini üzə çıxarmaq idi.

Abdulla müəllimin doktorluq tədqiqatında diqqəti cəlb edən başlıca keyfiyyət Üzeyir Hacıbəyli yaradıcılığının mənbəyinin xalq ruhundan və ədəbiyyatından gəldiyi qənaətinə əsaslanmasıdır. Üzeyir Hacıbəyli ilə Abdulla müəllimin ədəbiyyat haqqında düşüncələrində üst-üstə düşən məqamlardan biri budur ki, "zəngin xalq ədəbiyyatına, klassik irsə, eyni zamanda dünya ədəbiyyatına mükəmməl bələd olmayan, ondan yaradıcı istifadə etməyi bacarmayan qələm sahibi kamil sənət nümunəsi yarada bilməz. Çünki folklorun və klassik irsin mütərəqqi ənənələri həmişə müasir ədəbiyyat üçün tükənməz mənbə olmuşdur" (Ü.Hacıbəyli).

Abdulla Abasov Üzeyir bəyin yaradıcılığının şifahi xalq ədəbiyyatı ilə əlaqəsini təhlil edərkən diqqəti üç başlıca cəhətə yönəldib:

- Üzeyir bəyin xalq sənətinin tükənməz enerjisindən faydalanması, yaradıcılığının etnokultural kökləri;

- Üzeyir bəyin milli ədəbiyyatın və sənətin ilkin qaynaqları haqqında mükəmməl elmi-nəzəri görüşləri;

- Üzeyir bəyin yaratdığı, xalq ?ikmətindən gələn aforizmlərin yenidən xalqın dilində "folklorlaşması", dilin ümumişlək fonduna keçməsi.

Üzeyir Hacıbəylinin böyüklüyünü "xalqına, millətinə, əsrinin qabaqcıl ideyalarına arxalanmasında" görən Abdulla müəllimin istər mətbuat və ədəbiyyat məsələlərinə, istər müasir Azərbaycan dramaturgiyasının inkişaf tarixinə həsr etdiyi fundamental tədqiqatlarında, istərsə də ayrı-ayrı əsərlərə və yazıçılara həsr etdiyi məqalələrində, portret-oçerklərində istinad nöqtəsi ədəbiyyatla xalqın həyatı və mənəvi dəyərləri arasındakı münasibətlərdə tarazlığın axtarılmasıdır. Abdulla müəllim üçün əsas ölçü vahidi ədəbiyyatın xalqın həyatına və dəyərlərinə bağlılığıdır. Heç təsadüfi deyil ki, professor Abdulla Abasovun kitablarından biri "Həyat və bədii həqiqət" adlanır. Alimin qənaətinə əsasən, yazıçını zamanın sərt sınaqlarından üzüağ çıxara biləcək ecazkar qüvvə həyat həqiqəti ilə bədii həqiqət arasındakı ahəngdarlıqdır. "Klassiklər həmişə müasirdir" kitabının adı və məzmunu da bu qənaətə dayanır.

Abdulla Abasovun tariximizin ən mürəkkəb dövlərindən olan 1920-30-cu illər mətbuatında ədəbiyyat məsələlərinə həsr etdiyi, namizədlik dissertasiyası əsasında qələmə aldığı monoqrafiya Sovet ideologiyasının sərt və dar çərçivələr müəyyənləşdirdiyi bir zamanda yaransa da, bu kitabda ədəbiyyatımızın təlatümlü mənzərəsi, keçdiyi keşməkeşli yol barədə ətraflı məlumat almaq mümkündür. Böyük zəhmət hesabına araya-ərsəyə gələn bu cür kitablar ziddiyyətlərlə dolu yaxın tariximizi konkret faktlar əsasında canlandırmaq, faktları yaddaşın gündəliyinə gətirmək baxımından dəyərlidir. O tamamilə başqa məsələdir ki, bu gün həmin faktlara fərqli mövqedən yanaşmaq və fərqli qiymət vermək mümkündür və lazımdır.

Abdulla müəllim "Ədəbi yadigarlar" kitabında yaxından tanıdığı, ünsiyyətdə olduğu ədəbiyyat adamları haqqında düşüncələrini, xatirələrini təqdim edib. Bu kitab qədirbilənliyin gözəl bir örnəyidir. Kitabdakı oçerklərdə diqqəti cəlb eləyən mühüm məqamladan biri müəllim obrazlarıdır. Abdulla Abasovun portret-oçerklərinin bir silsiləsi müəllifin özünə müəllim hesab etdiyi, müəllim kimi anılmaq şərəfinə layiq şəxsiyyətlər barədədir.

Abdulla müəllimin alimliyi, elmi fəaliyyəti, tədqiqatları ilə yanaşı, onun mənalı həyatında müəllimlik fəaliyyətinin xüsusi yeri vardı. Bu insan nəsillərə nümunə olacaq əsl müəllim kimliyinin ləyaqətli daşıyıcısı idi. O, auditoriyada ədəbiyyat havası yaratmağı, gəncləri bədii sözün sehrinə salmağı bacaran usta müəllimlərdən idi.

Onun bu keyfiyyəti də həyatdan gəlirdi: yeniyetməliyi və gəncliyi əvvəlcə repressiya, sonra da İkinci Dünya müharibəsi illərinə düşən Abdulla Abasov 18 yaşında Quba Pedaqoji Məktəbini bitirmiş və o vaxtdan müəllim adı onun "boyuna biçilmişdi". Sonradan təhsilini Quba Dövlət Müəllimlər İnstitutunda və Bakı Dövlət Universitetinin Filologiya fakültəsində davam etdirən, 91 il ömür sürən Abdulla Abasov 18 yaşında qazandığı müəllim adının məsuliyyətini, şərəfini ömrünün son gününə qədər bütün adlardan, fəxri ünvanlardan uca tutdu.

...Bir müddət jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatı tarixi fənnini "növbəli" tədris edirdik. Yeni tədris planına əsasən (bu planı icad eləyənlərə Allah insaf versin!), ən qədim dövrlərdən başlamış müasir ədəbi prosesə qədər Azərbaycan ədəbiyyatı tarixi jurnalistika fakültəsində bir semestr ərzində keçilir. Semestrin ortasından mən "estafeti" Abdulla müəllimə təhvil verməli olurdum. Abdulla müəllim dəfələrlə zəng vurur, mənim öz "hissəmi" nə vaxt tamamlayacağım və auditoriyanın səviyyəsi ilə maraqlanırdı. Düşünürəm ki, bu, Abdulla müəllimin xarakterinə hopmuş müəllimlik intizamından irəli gələn keyfiyyət idi və yaşının ağsaqqal çağında da o, auditoriyanın havası ilə yaşamaq, tələbə mühiti ilə nəfəs almaq narahatlığını qoruyurdu. Bu keyfiyyət onun müəllimlik fitrətindən, yeni nəsillə ünsiyyət qura bilmək istedadından, ömrü uzunu öyrənib bildiklərini səxavətlə bölüşmək ehtiyacından gəlirdi.

"İstedadlı, yaradıcı tədqiqatçı olmağın kökündə qüdrətli əmək, fədakar zəhmət, zəkalı elm-təhsil, prinsipiallıq kimi davamlı, səmərəli yaradıcılıq anlayışları dayansa da, o, həm də böyük Allah vergisidir".

Bu, professor Abdulla Abasovun öz tələbələrindən biri haqqında qeydlərindəndir.

Düşünürəm ki, Abdulla müəllimin hamımız üçün örnək olan nüfuzunun sirri də mənalı ömrü boyu fədakar zəhmət hesabına qazandığı elmlə yanaşı, böyük Allah vergisində idi...

 

Məti OSMANOĞLU

Ədəbiyyat qəzeti.- 2021.- 27 fevral. S. 23.