Türkü kimi təsirli, şükrü kimi axıcı...

 

Akif Azalp yaradıcılığının ana xəttini təşkil edən vətənpərvərlik mövzusu, xüsusən, istedadlı şairin son zamanlarda "YouTube"un və "Kulis.az" saytının ədəbiyyat səhifələrində yayınlanan və "Qarabağ yürüşü" toplusuna daxil olan müxtəlif vəznli şeirlərində ("Dalğalan, Azərbaycan!", "İstiqlal", "Generalın son əmri", "Çağrı", "Şuşa coşqusu", "Minbər müxəmməsi", "Daşnak yallısı", "Marafonçu" və s.) daha qabarıq nəzərə çarpır. Bu baxımdan "Şəhid öygüsü" şeirinin Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ədəbiyyat üzrə respublika müsabiqəsinin qalibi olması heç də təsadüfi deyil.

Adətən, qardaş Azərbaycan və Türk ədəbiyyatlarında şəhid obrazından söz gedəndə böyük türk şairi Mehmet Akif Ərsoyunanaqqala şəhidləri" şeiri xatırlanır və təəssüf hissi ilə poeziyamızda Qarabağ şəhidlərinin obrazını o səviyyədə əbədiləşdirən nümunələrin yoxluğu vurğulanır. Bu, əsasən, doğru müşahidədir və Mehmet Akifin sözügedən şeiri hələ də öz əlçatmazlığında qalır. Amma dərindən və insafən diqqət yetirilsə, Akif Azalpın "Şəhid öygüsü" şeirinin həcmcə yığcamlığına baxmayaraq, onda öz böyük adaşı və ustadının həmin şeiri ilə müqayisəyə gələn məqamlar, səsləşən və yarışan "not"lar yox deyildir. Biz burada təkcə hər iki şeirin əruz vəzninin eyni ölçüsündə yazıldığını, yaxud poetik vüsət baxımından bir-birinə yaxınlığını nəzərdə tutmuruq. Bu, ədəbi təsirlə bağlı izah oluna bilər. Biz daha çox hər iki şeirdə şəhidliyin yüksək mərtəbəsini və şəhidlərin son sığınacağını poetikləşdirən təsvirlərin özünəməxsusluğunu vurğulamaq istəyirik. Məsələn, aşağıdakı misralardan da göründüyü kimi, əgər ustad Akif Ərsoy şeirində bu son sığınacaq "Peyğəmbərin ağuşu"dursa, şagird Akif Azalp şeirində "Allahın vüsalı"dır:

 

...Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sana ağuşunu açmış duruyor Peyğəmbər!

 

...Doymamış sehrinə bir yerdə Vətən adlı ana,

Göydə didarın üçün intizar Allah-Taala!

 

Effektli ədəbi təsir məsələsinə, yaxud böyük adaşının ustadının təbi ilə yarışma həvəsinə gəlsək, bunu Akif Azalpın özü cəbhə şeirlərindən birində səmimiyyətlə etiraf edir:

 

...Hər yüz ilin bir başı

Böyük Qala savaşı!

Püskür Qələbə marşın,

Ey Ərsoyun adaşı!

 

Poetik mündəricə vüsət baxımından "Qələbə marşı" ("Ədəbiyyat qəzeti", 14 noyabr, 2020-ci il) başda olmaqla Akif Azalpın "Şəhid öygüsü" ilə səsləşən şeirləri çoxdur. Amma onların arasında hər cəhətdən "Şəhid öygüsü"nün ayrılmaz "əkiztay"ı sayılan bir nümunə var - "Qazi şükrüsü"! Hər iki şeirin haqqında hələ çox yazılacağına dərin inamla, doğrudan da, biri türkü, digəri şükrü təsiri bağışlayan, biri şəhidlərimizin xatirəsinə, digəri qazilərimizin şəninə ucaldılmış həmin poetik abidələri Böyük Qələbəmizin səkkizinci ayında, şanlı İyul döyüşlərinin ildönümündə məmnuniyyətlə oxucularımıza təqdim edirik.

 

Qurban Cəbrayıl

"Mədəniyyət/Culture" jurnalının redaktoru,

Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.29.