Əjdər Olun Klim Samgini

Sıradan Yazı

 

Əjdər Ol zəmanəmizin ədəbiyyat adamıdır, Ədəbiyyatı yaxşı da bilir. Amma Yazı belədir ki, adamı hər yana qovur. Odur ki, Əjdər Ol tarazlığı hərdən saxlaya bilməyib çaşır. Şeirləri, hekayələri, hətta pyesləri belə yaranır. "Lo" "canlı roman"ı da (Qanun Nəşriyyatı, 2019) bu çaşqınlıqdan kənar(da) deyil.

"Klim Samginin həyatı" tələbəlikdə oxumuşam; həmişəlik yadımda qalıbdır. M.Qorkinin inqilablar epoxası ara itib məzhəblər qarışdığı dövrləri, elə epoxaya yaraşan epopeya həcmində də, dörd cilddə-kitabda süzgəcdən keçirən romanıdır; hadisələr başlayır 1880-ci illərdən rus əyalət şəhərlərindən birində Klimin dünyaya gəlməsilə, başa çatır 1917-ci il "smuta"sı (qarmaqarışıqlığı), çarın devrilməsi, paytaxt Petroqrad inqilablar içində; bir İnsan fərdinin ömrü uzunu, - yazıçı romanın adında da bunu vurğulayır: "Klim Samginin həyatı (qırx il)" - bir növ "belə bir ömür, belə bir zəmanə" xronotopunda.

Nədən yadıma düşdü. Əjdər Olun "Lo" romanının qəhrəmanı da buna oxşar silkinmələr epoxasının sakinidir; 1980-ci illər, Çernobıl, sonra SSRİ-nin dağılması, Qarabağ, müstəqillik qovğaları, hakimiyyət savaşı, məğlubiyyət acısı... - hadisələr bir-birindən Lo gəlir; bir əyalət şəhərində doğulub boya-başa çatmış roman qəhrəmanı ...1988, 1989, 1990... - bu heynlə1993-cü ili paytaxt Bakıda, inqilabi çevrilişlərin içində başa vurur, bir növ "belə bir zəmanə və ömür" xronotopunda.

M.Qorki "Klim Samgin"i birdəfəlik bioqrafik roman strukturunda qurmuşdur; həm də hər hansı bir tarixi məşhurun deyil, Sıravinin, sıravi birisi Klim Samginin bioqrafisində. Zaman Sıravidə. Təhkiyə qırx il, nə ölkəni bürümüş böyük (ictimai-siyasi) təlatümlər cığından çıxır, nə də orta (təbəqə) ziyalı ömrünü yaşayan Klimi izləməkdən. Klim hər zaman İnqilablar epoxasına yaraşmaq istəyir, heç zaman da inqilablar (Epoxa) Sıraviyə - İnsan fərdinə düz (əyninə) gəlmir; ya onu (epoxanı) yaşamalısan, ya fərdini. Klim təbii ki, özünü yaşayır, yəni nə inqilabı axıracan yaşaya bilir, nə də fərdini...

Əjdər Olun "Lo" romanı da bioqrafik struktur üzərindədir; hərçənd başlanğıcda bir qədər çaşqınlıq var. Çernobıldan başlaması sanki ardınca XX əsrin nəhəngi Sovet dövlətinin dağılması barədə ictimai-siyasi (hadisələr) romanını gətirəcəkmiş. Ya bəlkə həmin dağılmanın altında qalıb əzilən fərdin sosial-psixoloji, ya da daha dərin (qatlarda) ekzistensial romanını?; bizim romançılıqda axı əksərən bu struktur işləkdir. Amma "Lo"da nə axıracan birincidir, nə də tam ikincisi; Lo xəbəri alınca Çernobıldan Qazaxıstana köçürülmüş əsgər qardaşı Qaranın görüşünə tələsən qəhrəman yol boyu, ekzistensiyasında Çernobıldan daha çox Qaradan yapışıb uşaqlıq və gənclik çağlarına, (ip)isti xatirələrinə, bir cənub şəhərinin hardasa (ekzotik) dünən, hardasa (aktual) bugününə dalır. Sonrası da belədir, ictimai-siyasi hadisələrin hər il daha da gur gəldiyi və qəsb etdiyi (real) roman zamanını Əjdər Ol qəhrəmanının tüm fərdi bioqrafisi ilə yükləməkdən, bioqrafik zamana transfer etməkdən çəkinmir. Hətta getdikcə ayırd etmək çətinləşir: romanda üst olan nədir - ictimai-siyasi-gerçək(dən) baş verənlərmi, ya şəxsi-fərdi-ekzistensial (bioqrafik) olanmı? Romandan: "Müharibə, inqilab, anarxiya, qarışıqlıq dövrləri adamı avara qoyur..."

Axı başlanğıcdaca marığını Çernobıl ilə itiləmiş oxucu üçün qəfil dönüşlə: bir xatirə dolu əyalət şəhəri, qoy lap olsun ifrat kriminal mühiti-qəhrəmanları- sıradan epizodları, uzun-uzadı bazar lövhələri-personajları- lətifələri, iki qardaşın çoxlu Heklberri Finn macəraları və s. və s. ilə necə maraq kəsb edə bilər? Amma yox, baxırsan ki, maraqlıdır...

Əvvəla, baxıb-görürük ki, Çernobıl, Əfqanıstan, Yenidənqurma-filan... - bütün bu nəhəng ölçülər SSRİ-yə aid nəsnələr imiş; altında insanların özünə-mühitinə-dolanışıqlarına çəkilib, həmən bu nəhəngdən qoruna-qoruna yaşadıqları ekzotik-aktual Azərbaycanımız varmış. Ən çox da bu mənzərələrdən yadda qalanı bilirsiniz nədir: dəmir yol kənarında yerləşən əyalət şəhərində vaqonların mütəmadi yağmalanması faktı. Romandan: "Yük qatarları bizim şəhərin oğruları üçün ən yaxın, ən rahat, ən zəngin qazanc yeri idi. Nə qədər qatar oğrusu tutulurdu, xeyri olmurdu. Yeni oğrular yetişirdi. Türməyə düşənlər də cəzasını çəkib gələndən sonra yenə yük qatarlarına dırmaşırdılar..."

Həm də ki, axı qəhrəmanımız bu şəhərdə doğulub-böyüyüb- ərsəyə gəlibdir. Daha doğrusu, baxıb-görürük ki, burda doğulub-yaşayıbsa da, əslində həmən o SSRİ- adlı nəhəngin ölçülərində (məktəbi, milisi-məhkəməsi, idarələri-qadağaları- kuralları, Bakısı, Rusyəti, Leninqradı və Ermitajı...) irəli gəlibdir. Üstəlik, bu nəhəngin içində itib-batmayıb, öz Azərbaycanını da kəşf edibdir. Axı qəhrəmanımız özü bir Lo-dur; fərasəti ilə, hələ 12 yaşından atasının verdiyi cib xərclərini yığıb, həftə-sonu Azərbaycan rayonlarına təkbaşına turnelər edib, abidələr-heykəllər önündə, məxsusən ölkə muzeylərində saatlarla olmağı, balaca təkanlardan böyük xəyallar qurmağı sevibdir. Qəhrəmanımız izdihamlı bazarları nə qədər desən seyr edir, amma bazar adamı olmur; tüfeyli "kruqlar"da (dairələrdə) olub, kənarda durmağı bacarır; "türmələr"i çox görmək istəyir, təsadüfən gedib-görür də, amma "türmə adamı" olmur. Nəhəng ölçülər, can atdığı və gedib-baxmağa nail olduğu miqyaslı hadisələr (romandan: "həyatımda ilk gördüyüm böyük hadisə Kürdən Bakıya su kəmərinin çəkilməsinin başlanması" və s.) qəhrəmanımızı ehtizaza gətirir, amma Sıradan (cızığından) çıxmağa da nədən olmur...

Qəhrəmanımızın ailə tərbiyəsi güclüdür, bu ona (Sovetin deyil) sırf milli mentallıq qazandırır: Məşədi Zeynəb nənəsinin güzəştsiz patriarxlığı, roman boyu təkrar-təkrar söykəndiyi (həm də nəzəriyyədə yox, əməliyyədə) örnəyin ata tövsiyələri, daim istisini duyduğu ana nəvazişi-əhatəsi; boynuna düşən böyük qardaş missiyası-havadarlığı-himayəsi və hardasa da (çevikliyi-ərköyünlüyü ilə üstün, babasının adını daşıyan Qarakişiyə) kiçik qardaş qısqanclığı, (aralarında vur-tut dörd ay yaş fərqi olan Balaşla) ömür sınağından çıxmış dostluq ülfəti-qılığı və hardasa da ötkəmliyi-sərtliyi, həyatında qadın fərəhi və Fərəhi... Bu ki, hələ N qədər də bioqrafisində olan hadisələri, insanları, doğma və yad adamları üstünə gəlsək, maraqlıdır. Nədən maraqlı olmasın?! Ayrıcalıqda (daha bu dar macalda durub Klim Samginin birinci kitabını, bir rus əyalətinin darıxıb-darıxdırdığı mənzərələri yada salası deyiləm) daha da maraqlıdır. Çox maraqlıdır. Amma keçmiş ola...

Qapıda 1985-1987 - Qorbaçov yenidənqurmasıdır; roman bizi real (ictimai-siyasi) zamana qaytarır. Marqaret Tetçer, R.Reyqan, Raisa Maksimovna, Paris, "Humanite" qəzeti, Aqambekyan, Qarabağ.... - baho, nəhəng bildiyimiz SSRİ dağılır ki və budur, Qarabağ hadisələri... 1987 - Ermənistanqan qovulan azərbaycanlılar, sonra 1988-in fevralı, Sumqayıt; 1988 noyabr-dekabr mitinqləri, Meydan hadisələri; 1989 - AXC və digər baş verənlər; artıq biz öz Azərbaycanımızın hayına qalmalıyıq...

Bu ki: ekzotik-aktual Azərbaycanı orada qoyub, qəhrəmanımız bizə bu dəfə qəfil/qafil düşdüyümüz "inqilabi Azərbaycan"ı danışmağa başlayır. Hamı kimi o da hadisələrin içindədir, həm çölündə; hadisələr də həm qəhrəmanın içindədir və çölündə. Hər gün Meydana can atır, hamı kimi; Azərbaycan naminə nəsə eləmək istəyir, Sıravilikdən özgə nəyəsə əli çatmır, hamı kimi. İnqilabi-silkinmiş Zaman Sıravidə yaşayır, nəfəs alır. İstəməsə belə qapısını döyəcləyir; bir gün Meydandan başı ayılanda qəhrəmanımız direktor müavini kimi çalışdığı Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evini qaçqınlar ordusu ilə dolmuş görür, çoxlu faciəli, ağrılı, (adi vaxtlara görə) bəzən hətta məzəli hadisələr istər-istəməz bioqrafisinin içinə girir.

Bəs 1990-nın Qara yanvarı?; kimin qapısını döymədi ki. Qəhrəmanımızın mitinqçilər sırasında olan qardaşı Qaranı xəstəxanalar boyu axtarması, içəridə, çöldə və öz içində sayagəlməz müsibətlər, qardaşını ölənlər, yaralananlar arasında deyil, Şüvəlan türməsində tapmasının o günlər üçün çox qəribə sevincləri və s. epizodlar, yaşamlar, sıra faktlar... - bugün artıq nəinki ictimai yaddaşda, sənədli tele-xronikalarda, ədəbiyyat üçün də çox tanış, tipikləşmiş mənzərələrdir. Bu dəfə Yazıçıların Şüvəlandakı Yaradıcılıq evini İşğal ordusu zəbt edir və kirli çəkmələrlə tapdanmış İctimai görəvindən qəhrəmanımızı bilmərrə (ictimai) Meydanlara qovmuş olur...

M.Qorki sonradan (1927-1935-ci illərdə) qələmə aldığı Epoxanı "Klim Samgin"də epik keçmiş olaraq (içərisindən çıxıb da) təfsir edir və hətta romanın janrını da dörd uzun kitaba rəğmən sadəcə "povest" (hekayət) adlandırır. Əjdər Ol da Lo-nu sonradan (2010-2018-ci illərdə) yazıya alır, amma romanın (Zamanın, Epoxanın) içindən çıxammayıb, stixiyasında qalmağı tərcih edir; "canlı roman" təyinatı da, görünür ki, buradandır...

Qarabağ məsələsi necədir romanda; İnqilablar Klim Samgin üçün nədirsə, o cürdür. Baxmayaraq ki, qəhrəmanımız və Qarabağ müharibəsi eyni epoxada, yanaşı, lap iç-içədirlər, amma romanda, demək olar ki, birbaşa görüşmür, görüşə bilmirlər. Doğrudur, epizodların birində hər şeylə maraqlanıb, kənarda (şəxsi dünyasında) qalmağı bacaran dostu Balaşla birgə, cəbhə bölgəsində nələr olur marığı ilə Ağdama səfərləri baş tutur, amma çayxana söhbətlərindən/sərhədlərindən o yana keçə bilmirlər. Başqa bir epizodda qəhrəmanımız Qarabağa çəkilişə gedən telejurnalist dostunun dəvətilə, beş nəfər bir "Jiquli"də, Füzuliyə gedib-çıxır, bir neçə evlərə düşən qrad mərmilərinin müdhiş səhnələrini gözləri ilə görür, hətta qida-sursat apardıqları səngərlərdə qəfil düşmən atəşinə də tuş gəlirlər; könüllülərin necə bir çətin, əlacsız müharibə apardıqlarının şahidi olurlar... Bir dəfə isə Bakıda, atasının "Niva"sında getdikləri yerdə Omonçular qəfil qabaqlarını kəsib, maşını cəbhə üçün tələb edir; etiraz etdikdə şəxsən R.Cavadov özü hər ikisini güllələmək əmri verir. Bu da müharibənin başqa bir sərt üzüdür... Sonralar, prezident aparatında xırda məmur olaraq çalışdığı zamanlarda, qəhrəmanımıza bir dəfə də hərbi hissələrdən birində "sabah cəbhəyə göndəriləcək hərbi siyasi rəhbərlər, çağırışçılar" qarşısında "farağat vəziyyəti alıb vətənpərvərlik mövzusunda inamlı sözlər demək", "dövlətin adından danışmaq" da müyəssər olur; müharibə epizodudur əlbəttə, xüsusən "dediklərimin qarşımdakılara təsirini görüncə daha da qızışdım" məqamında...

Amma ki, bütün bunlar haşiyələrdir; ümumən hesabladım, münaqişə və müharibə başlayalı, romandan Qarabağ sözü 56 yerdə keçir (hələ bu, konkret cəbhə bölgələrinin adları istisna olmaqla, mənim təxmini say-hesabımdır). Bəs necə ola bilər, müharibə epoxasıdır... Amma müharibənin özü deyildir; patriotik Ədəbiyyatdan baxanda Qarabağ müharibəsinə heç yavuq da gəlmir. Orda, cəbhə bölgəsində - müharibə, burda, Bakıda (və hər yerdə) - mitinqlər; orda könüllülər, burda hakimiyyət qovğaları; orda böyük dövlətlərin böyük maraqları, burda balaca adamların böyük iddiaları; hər yerdə son-aqibət (Moskvaya) qalib gələn sanki xalqdır, AXC-dır, amma bütün illüziyalara rəğmən Qarabağda son-aqibət məğlubiyyətdir...

Sadəcə tarixi faktlar olmayıb, gətirdiyim mənzərələr birbaşa romandandır; həm də qəhrəmanımızın paralel konstatasiya etdiyi realiyalardan. O, Qarabağ hadisələrini görür, düşünür, izləyir, anlayır, intixab edir (çoxları kimi); amma faktik "bu müharibə"də yoxdur, ola bilmir, hər yerdə, hər vəchlə Qarabağdan uzaqda, hardasa buralarda, illüziyalarındadır (əksəriyyət kimi). Bilsəniz, roman boyu qəhrəmanımızın nə qədər də sərrast "müharibə düşüncələri" yer alır (burda sadalamağın yeri yox); hər dəfə də (müharibə ilə) üzbəüzlüyündə bir qənaətə gəlir: "Müharibəni dövlət aparmalıdır", axı Sıravinin əlində nə var... Bu və ümumən roman - qəhrəmanımızın Epoxayla iç (ekzistensial) müharibəsidir; ən mühüm olanı da elə budur.

Əjdər Olun "Lo" romanı ədəbi mühitdə kifayət qədər rezonans doğurmuş, "Ədəbiyyat qəzeti"ndə müzakirəsi də olmuşdur (ƏQ, 29 fevral 2020); amma Epoxanın (1990-cı illər) işığında, Epoxanın kölgəsinə alaraq (nə düz imiş, nə yanlış müstəvisində). Mən daha qlobal, Dünya klassikası işığında baxmaq istədim; bəlkə də romana təkrarən diqqət çəkmək üçün. "Lo" özlüyündə qiymətli Ədəbiyyat faktıdır. Bizdə bu növ romanlar olmayıbdır. Tarixi şəxsiyyətlərin nəzərlərindən 1990-ları qapsayan "canlı roman"larımız var (S.Rüstəmxanlının "Xətai yurdu"nu, yaxud Elmira Axundovanın Ulu Öndər Heydər Əliyevin bioqrafisi üzərindən "Heydər Əliyev. Şəxsiyyət və zaman" altı cildliyini yada salmaq olar), tarixən olanları yazıb da, mənalandırıbdılar. "İnqilabi epoxa"nın insanını, fərdi, Sıravini (romanda deyildiyi kimi: "müharibə, inqilab, anarxiya, qarışıqlıq dövrləri adamı"nı) isə yazan olmayıbdır, bir növ: "belə bir zəmanə, belə bir ömür" xronotopunda. Lo - bioqrafik struktur üzərində(n) İnqilablar-silkinmələr dövrü ekzistensial-realist romanımız, aqibət Yazımızdır; eynən (rusların) "Klim Samgin"(i) kimi. Bu növ romanımız heç əvvəllər də olmayıbdır. "İnqilablar"ı yazıbdılar (bütün sovet dönəmi ərzində), ekzistensiyasını isə yox; bəlkə də ondan ki, İnqilablarımız (bizimki) olmayıbdı...

M.Qorki Klimi bitirə bilməmişdi; eləcə Epoxa ilə bioqrafisinin aralığında qalmışdı. Zahirən bitmiş görünsə də,- dedik:- Lo-da da bir çaşqınlıq var. Ulu Öndər Heydər Əliyev iqtidara gəlib xilaskarlıq, səliqə-sahman, quruculuq Epoxasına başlayalı (ilk addımların sevincini romandan duyuruq), deyən, möhkəm əllərdə görüb, qəhrəmanımız bayaqdan bəri stixiyasından qopammadığı Epoxadan (və romandan) tələsik çıxmağı qərar verir: "Yenə də işə gedirdim... Artıq yazdığım romandan çıxmışdım" - son cümləsi belədir...

Razılaşa bilmirəm. Qəhrəmanı bəlkə də başa düşmək olar, Yazı-çını / Əjdər Olu isə heç vəchlə. Epoxa davam edir axı; bəs sonrakı Epopeyanı (...2-ci, 3-cü... kitablar) kim yazacaq? Biz Qarabağda qələbə çaldıq. Şuşanı aldıq. Yeni epoxaya girdik... "İş" bəhanəsi gərəkməz, qardaşım; igidin başı qalda, ədəbiyyat adamı Ədəbiyyatda gərək.

Sayğılarımla.

 

P.S. "Ədəbiyyat qəzeti" üçün nəzərdə tutduğum "Sıradan Yazı" layihəsini indən belə (bizdən asılı olmayan səbəblərdən) öz imzamla təsdiqləməli oluram. Etiraf edim ki, qəzetin əvvəlki saylarında Sıravi imzası ilə getmiş "Yazıçı Anarın hünəri" (ƏQ, 13 mart 2021), "Rasim Qaracanın fədakarlığı" (ƏQ, 3 aprel 2021), "Sabir Rüstəmxanlının müstəqillik Savaşı" (ƏQ, 22 may 2021, 21-22) yazıları da mənə məxsusdur.

 

Tehran ƏLİŞANOĞLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.10-11.