Gecikmiş məktub

 

1983-cü ildən tanıyırdım səni. Ədəbiyyat institutunun aspiranturasına imtahan verdiyimiz may-iyun aylarından. Elə ilk tanışlığımızdan bir-birimizə qanımız qaynamışdı. Borçalının elat ruhundan gələn saflıq, duruluq, təbiilik səmimiyyət sənin varlığının əsas göstəricisi idi. Ədəbiyyata fanatikcəsinə bağlı idin, böyük sənət adamlarının yaratdığı əsərlərə az qala ehkam kimi yanaşırdın. Mən bəzi şair yazıçıların bədii yaradıcılığına tənqidi baxışlarla yanaşanda heyrət içində mat-mat üzümə baxırdın. Hər günü, hər saatı ədəbiyyatla, poeziya ilə nəfəs-nəfəsə keçən o günlərimizi indi həsrətlə, nisgillə xatırlayır, göynədikcə göynəyirəm.

Kənd balasının saflığı, halallığı, sadədilliyi, bununla belə, həm inadkarlığı səni heç vaxt tərk etmədi. İyirmi yaşlarındakı ancaq özünə bənzəyən Məhəmmədəlini əlliyə-altmışa da elə bu davranış ölçüləri ilə daşıdın. Səni özümün ən doğma adamlarımdan bildim hər zaman. Xoş günlərimin, dar məqamlarımın istisnasız müraciət yeri sən oldun. Ürəyimdən cərrahi əməliyyat keçirəndə, beynimdən ağır insult zərbəsi alanda səni yanımda görüb ürəkləndim. Heyif ki, sən ağır xəstə olanda bunların əvəzini çıxa bilmədim. Amansız əcəl imkan vermədi, Məhəmmədəli.

Sevincini, qayğı dərdlərini, arzularını ən çox bölüşdüyün adamlardan biri mən olmuşam həmişə. Aspirantura dövründəki qayğılardan tutmuş, ta dünən-srağagün tamamladığın "Ədəbiyyat nəzəriyyəsi" kitabının içərisində yer alan alim düşüncələrinin yetkinliyinə, mükəmməlliyinəcən sən gözümün önündə uzun bir yolu zəhmət qeyrətlə addımlayıb gəlmisən. Son zamanlar görürdüm ki, yetkin bir alim mərtəbəsindəsən. XX əsrin iyirmi-otuzuncu illərin ədəbi-tarixi mənzərəsini, hətta məni heyrətdə qoyacaq dərəcədə dərindən bilən bir araşdırıcı-filoloq idin. Tənqid tarixi ədəbiyyat nəzəriyyəsi (heç unutmuram sən "nəzəriyyə" ifadəsini bizim ellərə - Borçalıya məxsus xüsusi bir diksiya ilə tələffüz edirdin) istiqamətindəki bilik təhlillərin o qədər dolğun inandırıcı idi ki, sənə güvənmək adama qürur verirdi.

Maraqlı adamıydın, qardaş, əlindəki imkanları bizlərdən - dostlardan, doğmalardan heç vaxt əsirgəmirdin. Maddi mənəvi cəhətdən səxavətliydin, hətta deyərdim ki, həddən çox səxavətliydin. Bu keyfiyyət səni hər kəsə çox sevdirirdi. Akademiyadakı elmi işçilər, mətbuatdakı jurnalistlər, universitetdəki müəllim tələbələr bütün mənalarda səndən çox faydalanırdılar. Yerişin, duruşun da mehr-məhəbbət doluydu, məclisdəki oturuşunun, zarafatlarının, danışıq tərzinin yeri bir ayrıcaydı.

Səninlə çox gözəl səfərlər etmişik, macəra dolu günlərimiz olub. Müxtəlif universitetlərdə səyyari müəllimlik gerçəkləşdirmişik. İndi o günlər, o məqamlar gözümün önündən kinolent kimi keçib gedir.

Bir yerdə olan dostlarımızla - Faiq Qismətoğlu, Rasim Nəbioğlu, Qürbət Mirzəzadə başqaları ilə hər rast gəldiyimizdə səndən danışırıq elə bilirik ki, yenə yanımızdasan.

Can qardaş, səndən bir az gileyim var. Axı, son zamanlar özünü hədsiz dərəcədə çox yüklədiyini görüb etiraz etmişdim: "Çox dərs deyirsən, gün boyu kompüter telefonda gərgin çalışırsan. Səhhətinə fikir ver, özünü qoru!". Bunları sən bizi tərk etməmişdən cəmi bir həftə öncə demişdim. Özüm dedim, özüm eşitdim. Mən sözümü qurtaran kimi sənə yenə zəng gəldi. Sağollaşıb vacib bir dalınca hansısa bir universitetə tələsdiyini söylədin. Sonra olanlar oldu. İtirdim səni, hara tələsirdin, əziz qardaş?

P.S. Bir şeirim var, "İtirdim dostları". Oradakı bir obraz da sənsən:

 

Onların içində biri vardı,

Ürəyi yamyaşıl, könlü bahardı.

Əsdi xəzan yeli, qəfil apardı,

Boylandı torpaqdan bir erkən qəbir,

İtirdim dostları, itirdim bir-bir...

Məhəmmədəli, bu yazını başdan sona kimi sənə xitabla qələmə aldım. Xəyalımda sağ olan əziz qardaşıma bu gecikmiş məktubun yetişəcəyinə dəli bir ümidlə

 

Məhərrəm Qasımlı

Əməkdar elm xadimi, professor

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.21.