Fədakar alim, milli idealların

daşıyıcısı və təbliğatçısı

 

Filologiya elmləri doktoru Məhəmmədəli Mustafayev ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus iz qoyub gedən alimlərdəndir. Ustadı akademik Kamal Talıbzadə onun üçün həm ziyalı, həm də alim kimi ideal idi. Kamal müəllimi xatırlamadığı, onun nəsihətlərindən bəhs etmədiyi günlər nadir hallarda olurdu. O, əsas tədqiqat istiqamətinə görə də Kamal müəllimin davamçısı, tənqid tarixi və nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis idi.

İstər fəlsəfə ("Azərbaycan sovet ədəbiyyatşünaslığında XIX əsr ədəbiyyatının tədqiqi problemləri (akademik F.Qasımzadənin yaradıcılığı əsasında)"), istərsə də elmlər doktorluğu ("XIX əsr Azərbaycan ədəbi-tarixi prosesi müasir ədəbi-nəzəri fikirdə və ədəbiyyatşünaslıqda") dissertasiyaları ədəbiyyat tariximizin ən mürəkkəb və dinamik dövrünün problemlərinə həsr olunmuşdu. XIX əsr Azərbaycan ədəbiyyatına ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəsinin ayrı-ayrı mərhələlərindən nəzər salmaq Məhəmmədəli müəllimi yeni dövr və müasir Azərbaycan ədəbiyyatı mütəxəssisi kimi yetişdirmişdi. Ədəbi tənqidin bütün mübahisəli məsələlərinə yaxından bələdliyi onu fərqləndirirdi; Kamal müəllimlə yaxın, səmimi söhbətləri, arxivlərdə səbr və maraqla axtarış aparıb faktları dəqiqləşdirməsi və fenomenal yaddaşı onu zəngin məlumatlı tədqiqatçı kimi tanıtmışdı.

Məhəmmədəli müəllim son vaxtlar ədəbiyyat nəzəriyyəsindən ali məktəblər üçün dərs vəsaiti üzərində işləyirdi. Kitabın çap üçün hazır mətnini çox böyük ruh yüksəkliyi ilə bizə göstərdi və mətbəəyə apardı. Çox təəssüf ki, üzərində zəhmət çəkib başa çatdırdığı dərs vəsaitinin nəşriyyatda çap olunan variantını görmək özünə qismət olmadı. Ancaq bu vəsait tələbələrin, yüzlərlə, minlərlə insanın müraciət edəcəyi bir qaynaq kimi Məhəmmədəli müəllimin yeni nəsillərlə ünsiyyətini təmin edəcək. Yaxşı ki, Allah bu işi öz istədiyi kimi tamamlamağı ona nəsib etdi.

Azərbaycanda ədəbiyyatşünaslığın bir elm sahəsi kimi formalaşıb inkişaf etməsində Məhəmmədəli müəllim Türkiyə elmi mühiti ilə əlaqələri yüksək qiymətləndirir və bu əlaqələrin, inkişafına öz tədqiqatları ilə də töhfələr verirdi. Onun "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi də bu bütövlüyü nümayiş etdirir. Türkiyə ədəbiyyatşünaslığında hazırda mövcud olan bölgü və təsnifatları Azərbaycan ədəbi-nəzəi fikri ilə uzlaşdırmaq, dərsliklərdən irəli gələn ortaqlıqları təmin etmək Məhəmmədəli müəllimin bu kitabının əsas məziyyətlərindən biridir. Təsadüfi deyil ki, dərs vəsaitinin son mövzusu da "Ədəbi-nəzəri fikirdə Fuad Köprülü konsepsiyası" kimi müəyyənləşdirilib.

Vətəninə, doğma Borçalıya çox bağlıydı. Hər il kitablarını da götürüb Borçalıya getmək üçün yay məzuniyyətini səbirsizliklə gözləyirdi. Deyirdi ki, il boyu burada arxivlərdə, kitabxanalarda işləyib material toplayıram, məqalələr yazıram, ancaq əsas işimi Borçalıya saxlayıram, o dağlarda iki ayda yazdığımı burada bir ilə yaza bilmirəm. Yenə də hazırlaşırdı, məzuniyyətə kəndə getməyə, xəyalı, ruhu həmişə o yerlərin dağ havası ilə qanadlanırdı... insanlara münasibətində də dağ yellərinin saflığı vardı.

Pandemiya dövründə şöbədə hamını ürəkləndirirdi ki, narahat olmayın, təmiz qidalanın, idman edin, immunitetinizi qoruyun, heç biriniz xəstələnməyəcəksiniz. Özü də bunlara əməl etməyə çalışdı və virusdan qoruna bildi. Sən demə, onun üçün həyati təhlükə virusda yox, rejimsiz çalışmaqda imiş. Çox vaxt nəfəsim darıxır deyib, işdə maskanı çıxarırdı; bu nəfəs darlığında saxlanmışmış gizli əcəl... Hər hansı bir məqalə və ya elmi işə rəy yazmaq lazım olanda Məhəmmədəli müəllim bunu hamıdan daha tez bacarırdı. Son dərəcə məsuliyyətli idi. İş planını son dərəcə səliqəli, hazır vəziyyətdə və vaxtında təhvil verirdi.

Dostluğa, yoldaşlığa qarşı da çox sədaqətli idi. Kiminsə bir problemi olanda tək özü yox, ərki çatan doğmalarını, bacı-qardaşını da köməyə cəlb edirdi. O hesaba ailəsi ilə də kollektivimiz arasında tanışlıq, ünsiyyət yaratmışdı. Bu isə ondan irəli gəlirdi ki, o, iş yoldaşlarını da öz ailəsi kimi doğma bilirdi.

Məhəmmədəli müəllimdə həm də qəribə bir uşaq xarakteri vardı. Ata-anasını itirəndən sonra, onları yad edərkən tez-tez kövrəlirdi. O özündə elə bil bütün yaş mərhələlərini qoruyub saxlamışdı. Biz 63 yaşlı, sanballı, ağır iş yoldaşımızla bərabər, həm də uşaq, yeniyetmə, gənc Məhəmmədəli müəllimi itirdik. Onu ilk tanıdığımız vaxtdan Məhəmmədəli müəllim həm gənc alim, həm də yoldaşlıq münasibətində, davranışlarında müdrikləşmiş insan idi. Gənclik və yeniyetməlik enerjisini 63 yaşa çatdırmağı bacaran Məhəmmədəli müəllimin bu dünyanı belə tez tərk edəcəyinə heç kəs inanmazdı. Onu yaşlılıq yox, uşaqlığın saflığı, kövrəkliyi apardı...

Bizim tanışlığımız aspirantura dövründən başlayır. 1983-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul imtahanları verirdik. 3 nəfərin qəbul olacağı yerə, ilk müsabiqədən 13 nəfər keçib imtahanlara buraxılmışdı. İmtahanların nəticələrinə görə qəbul olanlar Məhərrəm Qasımlı, Məhəmmədəli Mustafayev və mən oldum. Elm aləminə qədəm qoyan üç yoldaş, bacı-qardaş kimi həmişə bir-birimizlə münasibətdə doğmalaıq özünü göstərdi. Məhəmmədəli müəllim və mən, hər ikimiz Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışdığımızdan bir-birimizdən daha çox xəbərimiz olurdu. Şöbəmizin elmi tədqiqat, həm də dostluq, yoldaşlıq imkanlarının inkişafında Məhəmmədəli müəllimin ayrıca bir yeri var idi. Öz zarafatları, elmi mübahisə və məsləhətləri ilə üzvü olduğu kollektivin dəyərini artırırdı.

Məhəmmədəli müəllimin əsas xüsusiyyətlərindən biri də onun qədirbilənliyiydi. Yubileylərdə, yeni çıxan kitabların təqdimatında öz xeyirxah münasibətini bildirirdi. Son günlərdə feysbukda gələcək planları haqda belə bir fikir paylaşmışdı: "Keçdiyim həyat yoluna dönüb baxanda yadıma salacağım, xatırlayacağım çox şey var. Tale qismət eləsə və Tanrı lütfkarlıq göstərib yaşamaq imkanı versə, keçdiyim həyat yolunu, tanıdığım insanların taleyimdə oynadığı rolu xatirələrim formatında qələmə almaq niyyətindəyəm. İnsan həyatı o qədər uzun olmamasına rəğmən iki şeyi yaddaşına yazır: həyatında iz buraxan yaxşılığı və pisliyi. Həmd olsun Tanrıya, şükranlıq edirəm ki, həyat yolumda bəsirət sahibi olan insanlara daha çox təsadüf etmişəm". Bu cür düşüncə sahibi olmaq, belə dəyərləndirmə Məhəmmədəli müəllimin özünün daxili mədəniyyətindən, əxlaqından irəli gəlirdi.

Məhəmmədəli müəllim, yeriniz çox görünəcək - tədbirlərdə, gənc kadrların yetişdirilməsində, yoldaşlarımızın uğurlarını qeyd edəndə, arxivlərə aid suallara cavab axtaranda... Üzü gülər, ziyalı, işıqlı insan! Sizi dostlarınız hər zaman xoş hisslərlə, üzündə təbəssümlə xatırlayacaq!

 

Tahirə Məmməd

Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.20.