XX əsrin klassikası: ispan şeiri  

 

Xatirə

 

Qovaq ağacı,

Ey qovaq ağacı,

Həsrətdən toxunulmuş.

Sən dəli kimi idin

Yamyaşıl rəngdə,

Başının üstündə quşlar

Göy üzünü bürümüşdü.

Avqust səmasının altında

Sən gülümsədin,

Sonra susdun...

Eynən mənim kimi -

Səma altında

al rəngli

Dərdlərimlə birlikdə susdun...

Budaqların xoş ətirli

Qəlbimdə dinclik tapdım.

Biz səninlə yorğun qocayıq,

Ey qovaq ağacı -

Həsrət toxunur bizə...

 

Gün batdımı

 

Gün batdı, gün batdı,

Ağaclar düşüncəli -

Heykəllər kimi.

Taxıl zəmiləri biçilmiş,

Kədərli görünür hər şey -

Ölçüsü olmayan qədər kədərli...

 

Bütün axşamı kənd iti hürdü,

Səmanın üzünə sarı.

Göy üzündəki Venera

Alma kimi görünür...

 

Çobanlar sürüləri gətirəcək,

Uzaqlardan, lap uzaqlardan...

bunu görən uşaqlar

Sevincək halda qaçacaqlar

 

Sürülərin üstünə,

Evlərdə şən mahnılar oxunacaq

Bütün gecə...

 

Xatırla

 

Öləndə,

məni çay qumsalında basdırın,

Gitaramla birlikdə...

 

vaxt ölsəm...

Narıncı bir meşədə

Bir çiçəyin yanında

Ölmək istərdim...

 

vaxt ölsəm,

Flüger kimi

Küləyin istiqamətini göstərəcəm,

Damın üstündə...

 

Susun...

Mən öləndə...

 

Sonet

 

Yaşarmış gözlərində susqunluğa çevrilən -

Bu parlaq möcüzəni itirməkdən qorxuram.

Bu gecədən qorxuram, bir daha nəfəsinin -

Üzümə toxunmayacağından qorxuram...

 

Qorxuram ki, bədənimin ölü budaqları,

Ömrümün sahilində sirr olacaq.

Özümlə aparmaq istəmirəm hər yerə -

O budaqları ki, meyvələri əzablardı...

 

Qoy mənim son çağırışlarım -

Boşuna  getməsin

xəzan örtsün ömrümün

Sonuncu payızını...

 

Gitara

 

Ağlamağa başlayır gitara,

Sübhün şüşəsini sındıraraq.

Ağlamağa başlayır gitara,

Yox, o susmayacaq,

Yox, ona susmaq olmaz.

Monoton ağlamayır o -

Su kimi ağlayır,

öz qətiyyətində.

Sanki

Çovğun  ağlayır

Pis hava şəraitində...

Yox, ona susmaq olmaz,

yaxın uzaq üçün ağlayır,

Səhra qumunda alışan

Küləklər kimi ağlayır...

O məqsədsiz ağlayır,

Səhərdən axşamadək.

Sanki bir quş ölubdü

Ağlayır o da kövrək...

Ah, Gitara!

Qılıncın iti ucuyla

Qəlbimi incidirsən,

Ağlamağınla...

 

Federiko Qarsiya Lorka

 

Tərcümə etdi:

Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 iyul.- S.32.