Məktub

 

Salam mənim əzizim, necədi orda hava?

Mən lap dəli olmuşam bu boyda ayrılıqda

Oralar da soyuqdu, bəs işlərin necədi?

Burda sakit, səssizcə, sıradan bir gecədi...

 

Ulduzları göydə tək, ulduzları çox yalnız,

Buludları da qorxaq, yağışları anlamsız.

Çox adidi gündüzü, çox sadədi səhəri,

Yığışıb gedib sənlə bütün möcüzələri.

 

Çox unutqan olmuşam son zamanlar bir ayrı,

Dərdi bölüb qoymuşam yan-yana, ayrı-ayrı.

Hər şeyi düşünmüşəm, ən çoxu ayrılığı,

Təkcə bu unutmağın yolu bir başqa ağrı.

 

Bəlkə, necəsə olur yaddaşda da yaşamaq?

Bəlkə, orda bir evcik, yuva qurum səninçün.

Nə var e itirməyə, itirmək hər zaman var,

Bəlkə, yaddaşda qalaq, darıxıram səninçün.

 

Görürsən unuduram, görürsən yaddaşsızam.

Tamam yadımdan çıxıb sənə məktub ki çatmır

Hər şeyi düşünmüşəm, hər nə varsa yazmışam,

Ayrılığın küçəsi, poçtu, ünvanı çatmır.

 

Yenə özünü düşün, öz-özünə yaxşı bax.

İsti geyin, şərfini bir az da yaxşı bürü

Əlindən tut sevginin, yenə qaçar yaramaz,

Həsrəti çox ağırdı, yer üzünü bürüdü.

 

Bu çatmayan məktubu, oxuyuram özümə,

İçində tək sən olan, ən doğmaca yerimdi.

Bəlkə bir gün böyüdü, o da bir adam oldu,

Bəlkə bir gün sevgimtək ayaq tutub yeridi.

Sağ ol mənim əzizim...

 

Gəlmişəm

 

Nə varsa əlimdən salıb itirdim,

vaxtsız ağaclarla solub gəlmişəm.

Mələyə dönməyə vaxtım olmadı,

kədərli buluda dolub gəlmişəm.

 

Gəldim boynu bükük, amma uğurlu.

Dərd yolu müqəddəs, dərd əhli ulu.

Allah məni dərdlə birdə yoğurdu,

Saçları ağappaq solub gəlmişəm.

 

Mənim ruhum ilə oynadı fələk,

Sevinci üzümə qıymadı gülək,

İçində min fürsət, min şərli kələk,

Əlimlə şeytanı boğub gəlmişəm.

 

Gəlib hüzurunda durmağıma bax,

Saçıma çiçəkdən qəmli çələng tax.

Mən haqqın uğrunda məğlub olduğum,

dünyanın qabığın soyub gəlmişəm.

 

Axırda canımdan çıxan kədəri,

Gözümün yaşına dəyməyən qəmi.

Əlimlə didmişəm öz ürəyimi,

Sevgimi gözümdən yuyub gəlmişəm.

 

Nə qalıb sənindi canımdan Allah,

bir özüm, bir sözüm, bir üzüm Allah.

Hamı bir gün ölür gedir dünyadan,

mən sənin yanına ölüb gəlmişəm...

 

Günah

 

Dərdin dibinə düşəndə,

Yusuf oluruq.

Quyunun

Günəş axan yerindən,

bizə doğmalar boylanır.

Sonra atıb gedirlər.

Dərd bizi boğanda,

Yunus oluruq.

Öz istəyimizin qəsdinə,

Doluşub bir yekə balığın qarnına,

boğuluruq,

Bu sıx dünyanın içində,

Dərd bizi bişirəndə,

İbrahim oluruq odun içinə atılan.

Dərdin dibini, sıxıntısını, odunu çəkib,

geri dönürüksə özümüzə,

Bunu bacardıqsa,

Peyğəmbər oluruq,

Sonra ucalıb,

ucalıb göydən baxırıq dünyaya,

çəkisizlik var ruhumuzda.

Allah... olmaq istəyirik.

Allah, keç günahımızdan.

 

Güzgü

 

Son vaxtlar sevinci gözündə donuq,

Üzü dərd yuvası, kədər sarayı.

Kimsə yox, yanında bir sınıq güzgü,

Güzgüyə bükülmüş qəmdən savayı.

 

Bir ovuc dən düşüb qara saçına,

Allah sevgisidi belə deyərlər.

çox dərin yol salıb qırış üzünə,

Cığıra düşənlər çıxıb gedərlər.

 

Su töksəm, üərməz gözünün yaşı,

Dənləməz saçını ölü sərçələr.

İnsan, çox heyif ki, bir kərə solur,

Sonra ha çalışsa, çətin dirçələr.

 

Gəl tutum əlindən, qutarım səni,

Mən oldum səbəbin, mənəm günahkar.

Bəzən bir sevginin gözlərinə kor,

Bəzən ürəyinin harayına kar.

 

Son vaxtlar sevinci gözündə donuq,

Üzü dərd yuvası, kədər sarayı.

Kimsə yox, yanında bir sınıq güzgü,

Güzgüyə bükülmüş qəmdən savayı.

 

Yol

 

Bütün yollar sənə qədər gəlirsə,

Bu yollara bir çarə tap, ay Allah.

Yol var yoldu aram-aram gedirsən,

Yol var canın əldən gedir, ay Allah.

 

Ayırmısan məni bu gen dünyadan,

əlim qolum düşüb yolun izinə.

daş sevgilər düyün saldı yoluma,

göz yaşlarım yığılıbdı gözümə.

 

Mənim daha üzüləcək halım yox,

yolçu yolda gərək deyil? Bəs necə.

Gecələri hamı yatır yuxusun,

Təkcə mənəm dönüb olan bilməcə.

 

Arındırıb düşmənimi dostumdan,

özüm çıxdım ən amansız düşmənim.

Sən məhəbbət göndərmişdin dünyaya,

bircəciyi biz tərəfə düşmədi.

 

Daşmı yağdı, qarmı yağdı yoluma,

tufan qopdu, günəş çıxdı, nur saçdı.

Hər qaranlıq bir olmazın sonunda,

Quşlar uçdu, bənövşələr gül açdı.

 

Daş qaldırdım, qum daşıdım ömrümü,

it də hürdü, canavar da uladı.

Bu əllərim ağacları qırmadı,

sınıq-sökük daxmaları suvadı.

 

Yolun sonu, dərdin sonu yetişdi,

bundan belə nə yaşadım özümün.

Çırparsanmı üst-başını xəyalın

Silərsənmi kədərini gözümün.

 

Bütün yollar sənə qədər gəlirsə,

Bu yollara bir çarə tap, ay Allah.

Yol var yoldu aram-aram gedirsən,

Yol var canın əldən gedir, ay Allah.

 

Daxma

 

Bu yerin, bu göyün altında susmuş?

Bir tərəfi çökmüş sınıq bir yuva.

Nə qanadım çıxır çıxım qınımdan,

Nə ruhum oyanır dərdimi qova.

 

Döyüb odu sönmüş başıma hər gün,

Bilmədim axı mən kimi qınayım.

Dərdlər kərpic-kərpic gəldi üstümə,

Kədərdən tonqalı necə qalayım.

 

Ən çox o uzaqda qırmızıyanaq,

tüstüsü bol çıxan dama qırğınam.

Dilim-ağzım da yox töküm daşımı,

Əlimi yelləyib ona qarğıyam.

 

Başımı göy büküb, yerə bələyib,

Fələk itələyib bir ucsuz çölə,

Nə yerdə bir çimdik ədalət qalıb,

Nə bircə dualıq ümid var göydə.

 

Gözümü gəzdirdim kiçik damxana,

Dörd yanın toz basmış təndir sağ qalıb.

Yerdə daş altından xırda çiçəklər,

Yolunu kimsəsiz həyətdən salıb.

 

Yellənir qapısı arzularımın,

Cır-cırlı fəryadı qulaq batırır.

Ruhum layla deyir olub-bitənə,

Közərən sevgimi göydə yatırır.

 

Qapıda bükülüb gözü kor iti,

Cığırıtək yola çıxan həyətin.

Bu viran, bu izsiz bu taxta çəpər,

dünyalardan uzaq, solan həyətin.

 

Dərdini solaxay çəkən daxmayam,

Yavaş-yavaş enir başım torpağa,

Çox güman əvvəldən bünövrəsində,

nəsə düz gəlməyib daşım torpağa.

 

Dünyanın işi

 

Həmin gün,

Maşının şüşəsindən,

Gözlərinin sevgisizliyi ox kimi batdı ürəyimə.

Ruhum dondu

Sevgisiz gözlə.

Sonra bir il o sevgisiz gözlərdən,

Asdı özünü intihar edənlər.

Sevgisiz gözlərdən,

Dünyanın ən böyük balinası boğuldu,

Dünyanın ən böyük dəryasında.

Şəhərlərə bombalar yağdı,

Sevgisiz gözlərdən,

Adamlar qaldı dağıntılar altında.

Sevgisiz gözlərdən,

Afrikada qaradərili uşaq,

Acından öldü.

Sonra bu sevgisizlikdən,

Yeni növ həşəratlar doğuldu.

Gözləri kor.

Hara gəldi doluşdular.

Sonra daşqın oldu,

Bürüdü dünyanı.

Hər gün tv xəbərləri

Bir yeni hadisə dedi.

Susuzluqdan ölən balıqların,

ahı tutacaq dənizləri deyindi qoca qarılar.

Bu gün.

Öldü həşəratlar,

Susdu bombalar,

Kəsildi dünyanı basan su daşqınları.

Dirildi ən böyük dəryada ölən ən böyük balina

Mən Afrikada acından ölən qaradərili uşaqlara

Tərəf yola düşdüm...

Dünyanın sən durub

sevgisiz baxdığın yerini silib,

yerində boy-boy ağaclar əkdim.

Yaz da gəldi...

 

Sevgilər

 

Əlində əriyən qar dənəsidir,

Bilmədən ömrünə gələn sevgilər.

Qatarın ardıyca qaçıb yıxılsan,

Sənə gendən baxıb, gülən sevgilər.

 

Tumurcuğu dərsən əlində solar,

Yağmayan buludlar küskün uşaqdı.

Ömrün qış çağında, payız çağında,

Yaz gülü daşıyan necə qoçaqdı.

 

Dilində "bilmirəm", dilində "olmaz",

Başında bitməyən duman sevgilər.

Min doğrunu alıb, çəkib aparan,

Sonu görünməyən yalan sevgilər.

 

Daşıya bilərsən bu ağır yükü?

Qapını döyməsin ayrılıq təki.

Kor dalan, yolunu itirmiş səki,

Ətrini unutmuş çiçək sevgilər.

 

Bəzən bir günahdı, bəzən bir dua,

Ömür bitənədək sənlədi guya.

Bəzən bir yuxudu danışsan suya,

Ruhunda ağrıtək gəzən sevgilər.

 

Üzündə təbəssüm, dilində ahdır,

Zaman o zamandı, vaxt həmin vaxtdır.

Deyirsən Allahım bu necə baxtdır,

Gözümdə yaranıb, sönər sevgilər.

 

Küt ağrı

 

Dəli olur yer də, göy də beləcə,

Son qapını çırpır külək üzümə.

Canımdakı ağrı deyil bəs necə,

Ağlı var ki, deyim baxa sözümə.

 

Canım dərdim, gözüm dərdim ağrıma,

Anan olum, balan olum, nə bilim.

Gəl yaxına sıxım səni bağrıma,

gözlərindən axan çeşməni silim.

 

Ay azarım, ay kədərim bir kiri,

Sənmi doğdun, yoxsa mənmi bu səni.

Nə ölüsən, nə diri kimi diri,

Görən bu cür böyüdübdü kim səni.

 

Dəli olub ayaqlarım nə vaxtdı,

Qaçır-qaçır çəmənini, dağını.

Layla bilir ərşə çıxan naləsin,

Xeyir-dua sanır ruhum ağını.

 

Yedin-içdin ürəyimi köklədin,

göz yaşımın sellərində yuyundun.

Boyun daha tavanımı keçibdi,

Ev-eşiyi diri uddun ovundun.

 

Dəli olur yer də, göy də beləcə,

Son qapını çırpır külək üzümə.

Canımdakı ağrı deyil eləcə,

Ağlı var ki, deyim baxa sözümə.

 

Yad

 

Həmişə evində bir yad dolana,

Həmişə bir yada qapı açasan.

Birdən anlayasan olub-bitəni,

Başını götürüb uzaq qaçasan.

 

Gedəsən dünyanın dörd tərəfinə,

Ətrafın min belə yad adam ilə.

Sonra anlayasan kimsə yad deyil,

Deyəsən, hamıdan mən yadam elə.

 

Daha əllərimin ovcundan tutmuş,

Sacımın telinə qədər mən yadam.

Hər səhər açılan günümə mən yad,

Hər gecə yatdığım yerimə yadam.

 

Ürəyim ən böyük yaddır özümə,

Nə söz kar eliyir, nə də bir nəfəs.

Buz kəsib gözlərim özüm-özümə,

Sanki göz bəbəyim buzluqdan qəfəs.

 

Adam heç belə də yada dönərmiş,

O qədər yadam ki, heç soruşmuram.

İnsan öz canında belə ölərmiş,

Yad olmuş dünyama heç qarışmıram.

 

Yuxu

 

Allah, yuxum gəlir,

Söndür Dünyanı yatım.

Acı dadan ruhumu,

Şəkərə, qəndə qatım.

Elə çox yuxum gəlir,

Sökülür gözümdə dan,

Bir anlıq yer üzünü,

Yelləncəkli nənni san.

Dünyanın saman olmuş,

Diləyindən əl çəkdim.

Suyundan, Havasından,

Çörəyindən əl çəkdim.

Hərdən yuxuma gətir,

Atamın xoş baxışın.

Hərdən yuxuma gətir,

Anamın gül naxışın

Mən hələ sevgisinə,

Ölümə qarışmıram.

Bu dünya dediyinlə,

Nədirsə barışmıram.

Allah, yuxum gəlir,

Söndür dünyanı yatım.

Acı dadan ruhumu,

Şəkərə, qəndə qatım.

 

Sarı işıqlar

Bu küçənin hanı axı sarı-sarı işıqları,

Hara şütüyüb, yox olub, rəngli-rəngli maşınları.

Pəncərədən baxan uşaq hara yox oldu görəsən,

Səhv gəlmişəm bura deyil,

yolu azmışam, deyəsən.

 

Ürəyimdən düşüb itən adamlar hara getdilər,

Nə tez yox oldu sevgilər,

insandılar, ya bütdülər.

Aman Allah, görən indi hansı aydı, hansı gündü,

hara yox oldu buludlar, dənizlər hara itdilər.

 

Nə çox ağladı bu uşaq, sarı, yaşıl güllü donlu

Kimə inandı, kim idi, kimin xatirəsi onlu

Aman Allah, bəs boy-boya

düzülən ağaclar hanı,

Bəlkə mən dəli oluram, səhər hanı, gecə hanı.

 

Pəncərədən baxıb, baxıb bitirdinmi bu nağılı,

Allah, sənə qurban olum, alma verdiyin ağıldı

Əlimdən salıb sındırdım rənglərini bu dünyanın

gözümün önündə bir-bir göy dağıldı, yer dağıldı.

 

Bu küçənin hanı axı sarı-sarı işıqları,

Hara şütüyüb, yox olub, rəngli-rəngli maşınları.

Pəncərədən baxan uşaq hara yox oldu, görəsən,

Səhv gəlmişəm bura deyil,

yolu azmışam, deyəsən.

 

Ümid

 

Dur əzizim, bir çay dəmlə ümiddən,

Dur əzizim, sizdən bizə bir yol çək.

Zamanın çəp baxışın sevmədim,

Sındır vaxtı, o illərdən gəl keçək.

 

Bir kimsənin əllərini tutmadan,

Dər əlimi, qız əlləri içindən.

Ətri hələ burnumuzdan getməyən

Çiçəkləri çiçəklərin içindən.

 

Gəl düz indi ayağımın altına,

O illərin pak sədəfdən gülünü.

Mənə həsr et, yalnız mənə bağışla,

Mənsiz keçən hər anını, gününü.

 

Küçəmizin döngəsində işaran,

Təzə yoldan həmişə dön, qayıt gəl.

Sil ruhumdan bu itirmək duyğusun,

Yuxuları, xəyalları ayılt gəl.

 

Gəl əyilmə bu sevgisiz dünyaya,

dərdə dönüb ürəyimdə ağrıma,

Hə bu mənəm axır məni tanıdın,

daş bağlama yaddaşıma, bağrıma

 

Dur əzizim, dur get illər əvvəlki,

əllərini-əllərimdən qoparma.

"Hər şey bəlkə daha gözəl olacaq"

sonu bəlli nağıllara aparma.

 

Dur əzizim, bir çay dəmlə ümiddən,

Dur əzizim, sizdən bizə bir yol çək.

Zamanın çəp baxışını sevmədim,

Sındır vaxtı o illərdən gəl keçək.

 

Bağ

 

Biz daha sevgidən yazmırıq coxdan,

Biz daha sevginin özü olmuşuq.

Möhtacı deyilik ayın, ulduzun,

Göylərin yerlərə sözü olmuşuq.

 

Biziylə sevirlər dünyanı indi,

Biziylə unudub cıxıb gedirlər.

Bizimlə yağırlar buludlar indi,

Buludun ağlayan gözü olmuşuq.

 

Bizi bu dünyaya bağlayan bağı,

qırsalar da birik, qırsaq da birik.

Bizi ürəyində unudanların

canında yandığı közü olmuşuq.

 

Bizdən gedənlərin yolu acıqdır,

bizə gələnlərin yolu qapalı.

Dəli at kimidir qəm canımızda,

dərd bizim, biz dərdin üzü olmuşuq.

 

Biz daha sevgidən yazmırıq coxdan,

biz daha sevginin özü olmuşuq.

Möhtacı deyilik Ayın, ulduzun,

göylərin yerlərə sözü olmuşuq.

 

İnsan

 

İnsan doğulmur.

Dünya üzünə dağılır.

indi bildim.

Yer üzünə düşmür təkcə,

Bir baxışı kiminsə nəzərinə,

Sevinci kiminsə üzünə,

Kədəri kiminsə torpağına düşür.

Mən də düşdüm.

Bir ürəkdə unudulmağa,

Bir dilin acı sözünə,

Bir cahilin üzünə kölgə kimi düşdüm,

Bir qocanın qibləsinə dua kimi.

Bölündüm dilə, dişə, vərdişə, nəvazişə,

düşdükcə lap yerin dibinə,

torpağın ən alt qatına qədər

düşdüm.

Günəşin ən uca işığına qədər düşdüm,

lap göyün üzünə, buludun göz yaşına,

düşdüm.

Kiminə ana, kiminə övlad,

kiminə sevgili düşdüm,

insan doğulmur,

insan dünya üzünə dağılır,

gedişindən sonra,

hər zərrəsi min acıyla yığılır yer üzündən.

Özü torpağa dən düşür,

Acısı dünyada dolaşır kabus kimi.

İnsan doğulmur.

Dünya üzünə dağılır.

indi bildim.

 

Sevgili əsgər

 

Səndən xəbər gəlmir, gör nə zamandı,

çən, duman, həsrətdi başının üstü.

Ürəyim uğruna çox yanır deyə,

Hardasan görünmür, dörd yanım tüstü.

 

Gözümü yollardan çəkim söylədin,

Bəlkə qayıtmadım, ağlama bəsdi.

Xatirəmi əziz tutub, yaşarsan,

Telefon qırıldı, səsini kəsdi.

 

Həmin an ruhumu sardı bir arzu,

vətən sevgisindən ucada nə var.

Göylərdən yağanda odlu mərmilər,

Bir əsgər, görəsən, nəyi arzular.

 

Mənim də gözümə yuxu getməyir,

Nə olsa, nə bitsə yenə qayıt gəl.

Əlində, üzündə zəfər haləsi

Gözündə sevgimi uyut, ayılt gəl.

Sənin vətən eşqin bir ayrı yolla,

mənim güldən incə sevgimdən keçir.

Mən də döyüşürəm səninlə mən də

gözlərim səninçün hər gün yol çəkir.

 

Səni gözləyən var, səni sevən var,

Sən artıq qalibsən, vətən övladı.

Həmişə ucada tut, müqəddəs bil

Alnına yazılan şərəfli adı.

 

Aysel FİKRƏT

 

Ədəbiyyat qəzeti.-2021.- 17 iyul.- S.14-15.