Söykənmişəm səsinə

 

Gözlərin azanımdır -

Gündə min yol məni sevgiyə çağıran...

Könlüm sənə səcdədə,

Qəlbim qəlbinə sonsuz bir rüku...

Bu sevda sevdadır belə? -

Sultanlığı olmayan bir quyu...

 

Adın dodağımda dua kimi səsləndi,

Yaxşı olmağıma bəsdir bir "necəsən"in,

Gül qoxudu gülməyin.

Gəmiləri torpaqdan keçirən

Fatehin inadkarlığıyla

istədim səni!

 

Səndən məcburi köçkün bədənimi

harada gizlədim,

Vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki,

qurtulum bir kimsə olmaqdan?

Mən bu dünyada heç kim olmaq istəyirəm,

Bircə sənin nəyin olum bimirəm...

 

Ayaqlarımın gücü yox,

söykənmişəm səsinə...

Uzun gecələr

həsrətindən çəkilmir,

Söykənmişəm səsinə,

Səsinin dəydiyi sözləri

bir-bir öpmək istəyir könlüm.

O sözləri söz edən hərfləri

bir-bir bağrıma basmaq,

Hər kiçik zərrə qədəriylə sevmək səni.

Qaldırdım bütün bayraqları

Eşq cəbhəsində,

Təslim, təslim,

Təslim bu sevdaya!

Söykəndim səsinə,

Quşlara dedim duamı

Çatdırsın səni mənə verənə

aləmlərin rəbbinə...

 

Azadlığım

 

Sənlə gedə bilmədiyim

bütün parklar

ağaclardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

Bütün şəhərlər

Binalardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün küçələr

adamlardan hörülmüş həbsxanalardır.

 

Sənlə üzə bilmədiyim

bütün dənizlər

sulardan hörülmüş həbsxanalardır.

 

Sənsiz

məhbusam

ağaclar, binalar, adamlar, sular arasında...

 

Hardasan, mənim azadlığım?

 

Ay

 

Yalquzaq bu şəhərdə,

Bircə qonşum var - Ay.

Hər axşam ona baxdıqca

Düşünürəm Aya baxan adamları.

 

"İndi" dediyimiz

durmadan keçmiş olan

Bu zaman dilimində

etdiyini düşünürəm.

Bilirəm sən Aya baxırsan

səbəbsiz darıxırsan.

 

Görməsəm üzünü,

Gözlərim gözlərində yuva qurmasa da

Bilirəm gözlərimiz qovuşur Ayda,

Üzünü, gözlərini görürəm

Ayın sarı işığında...

 

Ramil ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.22.