Turist oğlan

 

Pritça

 

O var idi, bu yox idi, bəzən az idi, bəzən çox idi, ilin-günün boş vaxtı, böyük şəhərlərin xoş vaxtı, Yer kürəsinin meyxoş vaxtı idi.

Saman yolundakı ulduzların arasında bir oğlan yaşayırdı. Günlərin bir günü oğlan Yerə səyahət etmək qərarına gəlir. Səyyah çantasını belindən aşırıb, parlaq sönük ulduzlardan aşıb dünyanın düz ortasına, yumurtanın içi kimi sapsarı, yupyumşaq bir düzənliyə çatdı, uzun otların uclarında yellənərək nəğmə oxuyan quşlara rast gəldi. Başladı onları yamsılamağa. Nəğməkar quşlardan zümzümə etməyi öyrənən oğlan sağollaşanda onlara dedi:

- Mənə qəşəng mahnılar öyrətdiyiniz üçün, çox sağ olun, yolboyu darıxmayacağam. Qayıdanda sizə oxuyan bulaqların suyundan gətirəcəyəm.

Sonra o, dümdüz düzənlikdə düz gedə-gedə gəlib bir dağa çatdı. Dağı da aşanda bir ayıya rast gəldi. Ayı onun qarşısında insan kimi oturub soruşdu:

- Hara belə, turist oğlan?

- Şimala gedirəm, qohumların ayılara salam deyimmi?

- Ah, gözəl. Əlbəttə, de. Denən, buzun altındakı yağlı balıqları yeyəndə məni yada salsınlar.

- Xəzini mənə verərsənmi, yolda üşüməyim?

Ayı o saat kürkünü çıxarıb oğlana verdi.

Oğlan dağı aşıb böyük çay qırağında böyük ağızlı timsaha rast gəldi.

- Ay turist, hara belə? - timsah soruşur:

- Şimala gedirəm, sonra da Qərbə gedəcəyəm, sənə yağlı balıqlar gətirimmi?

Timsah razılıq edib iştaha ilə dişlərini şaqqıldatdı.

- O zaman dəmir kimi möhkəm dərini mənə ver, çayı keçəndə ayaqlarım su olmasın.

Timsah razılaşdı.

Oğlan çayı keçəndə ilana rast gəldi.

İlan suda qıvrılıb ondan hara getdiyini soruşdu.

Oğlan dedi:

Asiya qitəsindən keçib, Qərbə gedirəm, qohumların uçan ilanlara salam deyimmi?

- Əlbəttə, de.

- O zaman dərini mənə ver, üstüm su olmasın.

Dəriyə bürünüb çaydan dənizə keçən oğlan şişman bir balığa rast gəldi.

- Ay oğlan hara üzürsən? - balıq soruşdu.

Böyük okeana üzürəm, ulu nənən nəhəng balinaya səndən salam deyimmi?

- Əlbəttə de, onu çox sevdiyimi de.

- O zaman gözlərini müvəqqəti mənə ver, suyun altında görə bilim, sonra qaytararam.

Oğlan yolda yoruldu, bir kötüyə söykənib mürgüləməyə başladı. Oyananda başının üstündə böyük bir papaq gördü. Göbələk papağını qaldırıb soruşdu.

- Dincələ bildinmi?

- , çox sağ ol. Ancaq indi yağış yağır, çətin olacaq səyahət. Balalarımdan birini götür başına çətir tut.

Oğlan göbələyin kötüyünü qucaqlayıb yola düşdü. Beləcə o, dağları aşıb, çaylarda üzüb, dənizləri keçib, böyük bir adaya çatır. Bura onun o qədər xoşuna gəlir ki, məskən salıb yaşamağa başlayır.

 Aylar ötür, illər dolanır bir gün turist oğlanın yadına düşür ki, Yeri səyahət edərkən verdiyi vədlər var idi. Onları yerinə yetirməyin zamanı çatıb. O, əsasını götürüb, çantasını yığışdırıb yavaş-yavaş yeni səyahətə hazırlaşır.

 

Nurlana İŞIQ

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.10.