Nağıldan yağmura

 

"Vəziyyət ruscadır"

 

Maksim Qorki yazıçı oyunlarını, təsvir yarışlarını çox sevərmiş. Bir dəfə Berlində Bunin və Leonid Andreyevlə birgə balaca kafedə içib söhbət edirmişlər. Qorki saatını çıxarıb qoyur və deyir: qonşu masada oturan adama yarım dəqiqə ərzində baxaq, sonra onun haqqında müşahidələrimizi, düşündüyümüzü danışaq. Birinci elə özü təsvir edir: "Nə demək olar, boz kostyumda, solğun bir adam". Başqa bir şey demir. Bəlkə bu "oyunu" özü icad etdiyi üçün çox da ciddi yanaşmır, daha dəqiq ifadəyə ehtiyac duymur. Leonid Andreyevdən onun necə bir insan olduğunu soruşanda bircə cümlə deyir: "Bu, şeytanın oğludu".

 

Bunin isə həmin kişinin geyindiyi kostyumu, parçasının zolaqlı olmasını, qalstukunu, pencəyinin qatlarını, üzünün necə olduğunu təsvir edir. Fikrə gedib, bu adam kimdir? - deyə mızıldanır, sonra sakitcə cavab verir: "Bu, açıq-aşkar, ciddi bir beynəlxalq oğrudu".

 

Kafe sahibini çağırıb həmin adamın kimliyi haqqında soruşanda cavabdan mat qalırlar: "Siz Allah, sakit olun, o, bura dincəlməyə gələn məşhur bir beynəlxalq oğrudu".

 

Bunin və Qorki fərqi haqqında danışsaq, bu hadisə bir simvol ola bilər. Uzun illər dostluq etmiş və bir-birini "klassik" adlandırmış iki sənətkarı məhz bu görüm bucağı ayrı salıb. Bunin inqilabın faciə olduğunu, yaxşı yerə aparıb çıxarmayacağını və o mühitdə yaşaya bilməyəcəyini elə ilk illərdən başa düşüb, Berlindəki təsvirindən çıxış edib obrazlı desək - boz kostyumun oğurluq işarəsi olduğunu dərhal duyub. Qorki isə bir çox məsələlərə üzdən yanaşmağa, dərinliyə getməməyə, bəzən hətta özünü aldatmağa üstünlük verib. Ona görə İnqilab illərində ideoloji fərqlər bu iki yazıçını uzaqlaşdırır. Onların son görüşü 1917-ci ilin aprelində Petroqradda baş tutur. Qorki Mixaylovski Teatrında görüş təşkil edir. Fəxri qonaqları İvan Bunin və Fyodor Şalyapin idi. Salondakı tamaşaçılar Buninə qəribə gəlirlər, hər şey qurama görünür, bu da azmış kimi, Qorkinin "Yoldaşlar!" - deyə başladığı nitqi onu tamam hövsələdən çıxarır. Sonralar Qorkinin bu "zamanla ayaqlaşmaq" xasiyyətini Bunin sərt şəkildə tənqid edəcəkdi:

 

"Qorki Leninin işlərinin getdikcə gücləndiyini gördükcə qəzetində qışqır-bağır salır: "Leninə toxunmağa nə cürətiniz?!" - amma elə oradaca "Vaxtsız düşüncələrini" dərc edir və Lenini (hər ehtimala qarşı) məzəmmət edir... ".

 

Kasıb bir ailədə dünyaya göz açan, körpə ikən atasını itirən, nənə-babasının yanında böyüyən Aleksey Peşkov cəmisi bir neçə ay məktəbə getmişdi, 8 yaşından işləyirdi. Nijni Novqorodda doğulmuş, Həştərxanda böyümüş yazıçı Rusiyanı az qala ayaqyalın, başaçıq, sərgərdan gəzmişdi. Həm də uşaqlıqdan ən ağır işlərdə çalışdığı üçün aşağı sinfin həyatını, məişətini yaxşı bilirdi. Özünə Maksim Qorki imzasını götürməsini də bəzən çətin və acınacaqlı uşaqlığı ilə bağlayırlar. Sovet dövründə hər anı mifləşdirilmiş yazıçı haqqında təsirli rəvayətlər də dolaşırdı. Guya Qorki uşaqlıqdan nökərlik edirmiş, işlədiyi evin yiyəsi ona bircə şam veribmiş, kitab dəlisi olan, oxumaqdan ötrü ürəyi gedən uşaq ərimiş şamları yoğurub yenilərini düzəldirmiş. Çətin 90-cı illərdə Bakı kəndlərində axşam saat 6-dan sonra işıq sönəndə, hələ üstəlik, şam da tapılmayanda "Qorki təcrübəsi"ndən istifadə edənlər az deyildi. Yadımdadı, bir-birimizə zarafatla - Səndən Qorki çıxar - deməyimiz. Amma indi onun həyatını, yaradıcılığını oxuduqca düşünürəm ki, bu miflər yaradılmasaydı belə, sadəcə real bioqrafiyası ilə də əfsanə qəhrəmanı təsiri bağışlaya bilərdi.

 

Sovet və rus tarixində (yəqin, elə bütün dünyada) heç bir yazıçı sağlığında bu qədər zirvəyə ucaldılmayıb. Adına küçə, institut, şəhər, mükafatlar, həm hökumətin, həm də kütlənin sonsuz sevgisi, maddi firavanlıq, dəbdəbə, şöhrət və s. Bütün bunlar Sovet İttifaqının, daha doğrusu, Stalinin seçilmişi olmağın nəticəsi idi. Amma istənilən halda sadə xalqdan çıxmış, artıq yeniyetməliyində iki dəfə intihara cəhd etmiş və peşman olduğunu dilə gətirmədiyi üçün kilsəyə girməsi qadağan olunmuş, gördüyü minlərlə qəribə, qeyri-adi adamları, oxuduğu yüzlərlə kitabı yaddaşında saxlamış yazıçının fantastik istedadı şübhə altına alına bilməz. İlk hekayəsi "Makar Çudra" Tiflisdə, "Qafqaz" qəzetində çap olunduğu gündən həm ədəbi mühit, həm də sadə oxucular ona və yazdıqlarına maraq göstərirlər. Rus ədəbiyyatşünasları onu Cek London və O Henri üslubunun, yolunun davamçısı hesab edirlər. Hətta bəzən əsərlərini Çexovun hekayələri ilə müqayisə edib Qorkinin daha parlaq, daha rəngli yazdığını da deyirdilər. Çexova məsləhətlər verməsi, qısa yazmağın vacibliyini anlatması, mühitdən kənarda ədəbiyyatın yaranmasının mümkünsüzlüyünə inandırması haqda fikirlər də var. Lakin başqa bir məqam da var ki, Qorki şöhrətinin bir səbəbi də mövcud şəraitlə bağlı idi. Belə ki, yazıçının yaradıcılığının məhsuldar dövrü Rusiyada ədəbiyyatın ən çox dəbdə olan zamanına təsadüf etmişdi. Məsələn, XIX əsrin əvvəlləri və ortalarında kitab oxuyan kütlə 5-10 faiz idisə, XX əsrin əvvəllərinə doğru bu faiz 2-3 dəfə artmışdı. Bir də sadə xalqın özünü görmək arzusu, öz problemlərini oxumaq istəyi də Qorkiyə sayqını, sevgini artıran məsələlərdən idi. Yəqin, bu səbəblərin cəmi kimi, o, Rusiyada Puşkin və Tolstoydan sonra ən çox oxunan və çap olunan yazıçıdı.

 

Qorki qəhrəmanlarını göz önündən keçirəndə qəribə bir mənzərə alınır. Oğrular, səfillər, yalançılar, ən aşağı işlərin, əməllərin sahibləri oxucuda ikrah hissi yox, mərhəmət oyadır. Qorki real həyatda da belə imiş, nə zamansa cibindən pulları ustalıqla oğurlayan adamın bunu necə etməsini heyranlıqla danışarmış. Deməli, bu cür mühitlərdən çıxan və hər cür xarakterlə üzləşən yazıçı belə insanları daha çox başa düşməyə çalışırmış, oxucusunu da buna çağırırmış. İstər-istəməz Mirzə Cəlilin bir quzunu beş dəfə satan kəndlisi, vəzifəlilər qabağında əyilən Qurbanəli bəyi, ya da elə əbədi sərxoş kefli İskəndəri yada düşür. Həqiqətən bir az dərinə gedəndə axı bu qəhrəmanlara nifrət hissi yaranmır adamda. Yəqin, sənətin əsas vəzifəsi də anlamaq "vərdişi"ni itiləməkdir. Elə Qorkinin özünü də anlamaq üçün əsərləri ən ciddi məxəzdir.

 

Deməli, bolşeviklərin gəlişi ilə böyük ümidlərə qapılan sənətkar ilk vaxtlarda həyatın daha gözəl olacağına inanırmış. Köhnəni tar-mar arzusu ilə alışıb yanan inqilabçılara hər cür kömək edirmiş. Deyilənə görə, elə təkcə "Na dne" ("Həyatın dibində") pyesinin Avropadakı quruluşlarından gələn qonorarlar bolşeviklərin maddi ehtiyaclarına sərf olunurmuş və bu, balaca məbləğ deyilmiş. Amma getdikcə pərdə arxasına daha yaxından nüfuz edən, inqilabın riyakarlığını duyan sənətkar üçün tutduğu yolla addımlamaq çətinləşir. Qələm dostlarına kömək edə bilməyəndə - Aleksandr Blok acından öləndə, Nikolay Qumilyov günahsız yerə güllələnəndə sarsılır. Leninlə münasibətləri gərginləşir və daha öncələr də bir neçə il yaşadığı İtaliyaya üz tutur, özü də ağ ciyərlərini müalicə adı ilə... Kapridə, Sorentoda nağıl kimi həyat yaşayan, isti italyanların sevimlisi olan yazıçı üçün burda yaşamağa hər cür şərait vardı. Qorkinin məşhur "İtaliya nağılları" oxuyan italyan yazıçısı Covanni Cermanettonun məqaləsi bu mənada çox maraqlıdı:

 

"İtaliya haqqında, onun səması, günəşi və çiçəkləri, Venesiya, Neapol, Roma, Florensiya haqqında çox gözəl məqamlar var, amma insanlar haqqında az yazılıb. Maksim Qorki İtaliyanın gözəl təbiətinin cazibədarlığını, daha dəqiq desəm, bütün həyat, yoxsulluq, əzablar, italyan xalqının qəhrəmanlıq mübarizəsini qələmə alıb. Çünki Qorki heç vaxt İtaliyada xarici qonaq kimi yaşamayıb - o öz həyatını yaşayıb, ölkənin, xalqın həyatı ilə yanaşı olub. Bir dəfə gənc bir qızdan ən sevdiyi italyan yazarının kim olduğunu soruşdum, mənə cavab verdi ki, Maksim Qorki.

 

Romada dini bayram günlərində 75% qatar bileti endirimindən yararlanıb Papanın ayaqqabısını öpməyə yox, Neapola, ordan da məşhur rus yazıçısını görmək üçün Kapriyə gedən bir çox italyan tanıyırdım".

 

Gətirdiyim nümunədən də göründüyü kimi, Qorki İtaliyada maddi və mənəvi harmoniya, rahatlıq içərisində idi. İntəhası ölkəsi sarıdan narahatlığı da onu tərk etmirdi. Lenindən bir növ küsüb getmiş sənətkarı ölkəyə qaytarmaq, ona öz bioqrafiyasını yazdırmaq (axıra kimi də yazmadı Stalin bioqrafiyasını), ədəbiyyat nazirliyinin başında qoymaq Stalin üçün prinsipial məsələ idi. Bir də həm sadə kütlələrə, həm də elə bütün dünyaya böyük dövlətin gücünü, əzəmətini göstərməyin bir yolu da sənəti inkişaf etdirmək və siyasətin dediklərini ədəbiyyat vasitəsilə çatdırmaqdan keçirdi. Gör ha, deməli, bir vaxt ölkənin nüfuzunu göstərmək üçün yazıçıya ehtiyac varmış... Ona görə öncədən təşkil olunmuş bütün vasitələrlə - guya fəhlələrin məktubları (xeyli hissəsini çekistlər yazırmış başqa imza ilə), Mayakovski səviyyəsində şairin mətbuatda şeirlə müraciəti, rəsmi vədlər və s. yazıçı Rusiyaya qaytarılır və dərhal da ən yaxşı ev, bağ, şəxsi sürücü ilə təmin olunur.

 

Sosializm realizminin banisi sayılan, Sovet Yazıçılar İttifaqının qurucusu olan və rejimin gördüyü hər işi istedadla tərifləyən yazıçının "İtaliya nağılları" oxuyanda kədərlənir adam. Əlbəttə, bəlkə çoxları sağlığında onun şöhrətini, imkanlarını, rəhbər yanındakı hörmətini arzulayardılar. Amma axı Bunin də haqlıdı. Azadlıq Vətəndir! Və vətən azad deyilsə, hər gün artan buxovları gözün görə-görə danışa bilmirsənsə, hansı sevincdən, səadətdən söhbət gedə bilər?! Belomor kanalının tikintisi zamanı orda işləyənləri görən yazıçını ağlamaq tutur. Dahi rəhbərin ideyası ilə qurulan bu böyük işi yalnız tərifləmək olardı, amma istismar olunan insanların, cəhənnəm əzabı içində çalışmalı olan adamların əzablarına da göz yummaq çətin idi. Həm də buna görə təsirlidi "İtalyan nağılları"... Çünki yazıçı bu əsərdə İtaliyada gördüyü, müşahidə etdiyi hadisələri yazıb. Və həmişə aşağı kütlələri qalib elan edib. Burda qalib bir şəhər və qalib sadə xalq obrazı var. Tramvay sürənlərin etirazı ilə başlayan ilk nağılda qısa müddətdə bütün Neapol əhalisi səfərbər olur. Və belə birlik olan yerdə kütlənin qələbəsi mütləqdir. Bir sözlə, nağıldan nağıla körpüsalanların, adi əyalət camaatının, musiqiçinin hər hansı səbəbdən üsyan etməsi və ədalətin bərqərar olması önə çəkilir. O zaman əsərin adında "nağıl" sözünün olması Sovet İttifaqında qəribə qarşılanırmış, sonralar kulislərdə belə bir fikir də varmış - rus xalqı üçün bütün bunların baş verməsi nağıl kimidi, amma əslində, gerçək İtaliya həyatından götürülüb hər şey.

 

Neapolda meydan tamaşalarına baxandan sonra Qorki gündəliyində yazırmış: İnsanlar faciəyə bu cür gülməyi bacarırlar, naqis cəhətlərini də belə rahat göstərə bilirlər, dəhşətdir. Heç şübhəsiz, italyan xalqının azad ruhunu görmüş, həm də belə yazmış sənətkar öz vətənindəki xoşbəxtlik immitasiyasından sıxılırdı. Amma bu da boyuna biçilmiş bir roldu, sona qədər oynamalı, hətta ölkəsinə Nobel mükafatı qazandırmalı idi. Onu bu mükafata beş dəfə təqdim etsələr də, alınmamışdı. Ona görə Buninin emiqrant yazıçı kimi Nobel alması etiraz doğurmuşdu. Marina Svetayeva - "Qorki epoxadır, Bunin isə epoxanın sonu" - deyə etirazını poetikləşdirmişdi.

 

Bir sözlə, xalqın və hökumətin sevimlisi, üstəgəl, dünya şöhrətli sənətkarın varlığı Sovet İttifaqı üçün vacib idi. Dünya şöhrəti və Nobel mükafatı məqamını isə İttifaq ayrı cür həll edəcəkdi... Bu haqda gələn dəfə...

PƏRVİN

Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun. S. 14.