Can sıxıntısı

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Küçələrindən qadınlar keçməyən bu şəhərdə

Kişilər bir-birini doğmuşdu,

Kişilər bir-birindən doğulmuşdu, sanki.

Bir-birlərini çoxaltmışdılar bina kölgələrinin altında

əlbəttə, mümkün bütün xanalarda...

Çocuqlarsa günəşin uşaqlarıydı

ailə-məişət zəmininə dözməyin çölündə kaktusuydular!

 

İşsizliyin doğurduğu sərgərdanlığa hamilə kişilər keçirdi yollardan,

İnanmışdım gözləri boşluğa açılan bu kişi pəncərələrin bir-birini doğduğuna.

Maşının altında yavrularını yalayan dişi qonur pişik xatırladırdı bircə

bir qadından doğulduğumuzu!

Bircə o xatırladırdı bir zamanlar anam olduğunu,

Atasız doğulanlar olsa da, anasız heç kəsin olmadığını deyirdi tarix!

Maşının sahibi bir dərisi yanmış,

sonsuz bu avqust şəhərində

dişiliyini göstərməyə başqa bir yer tapmadığı üçün pişiyi tənbehləyirdi,

vurğusu ikinci hecaya düşən miyovları sözə çevirdiyimdən gülümsəyirdim.

 

Adamdan daha çox,

yeriyən tər damlasıydı o kişi

hər gecə yatağındakı çiçəyi tərlə sulayırdı.

Məhəllədə hansı uşağı öpsəm duz dadırdı.

 

Günorta - məmurun nahar fasiləsi,

Axıb keçən maşınların qupquru cansıxıcı səsi,

Qonşu pəncərədən gələn upuzun bir sol, lya, si,

Üzündə təbəssüm donmuş şəhərin dəlisi,

Tül pərdələrin ardındakı gizlin baxışlar,

Yayılan pıçapıçlar, dedi-qodular,

Kölgəsini qovalayan uşaqlar,

Yarpağı titrəməyən,

Yarpağı soyuqqanlı qatilin əlləri kimi titrəməyən ağaclar,

Gözlərinə baxa bilmədiyim yandırıcı bir günəş,

Çayımın rəngsizliyində gülümsəyən evin qadınsızlığı,

İş yorğunluğu, başağrısı, fanilik duyğusu qanazlığı,

Ruhumu saran dibsiz bir can sıxıntısı

Hamısı, hamısı, hamısı, hamısı, hamısı,

İçimə gömdüyüm sözlərin ən qırmızısı,

İçimdə gömdüyüm sözlərin de

Hansı ən çox yaraşar bu şeirə,

Hansı, hansı, hansı, hansı, hansı?

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Sərgərdan kişilərə hamilə yollar!

Balkona düzülmüş dibçək gülləriydi qadınlar!

Kölgəsiylə oynayan məsum uşaqlar!

Ac pişik yavrular! Ümidsiz qocalar!

 

Bitməyən sonsuz bir avqust şəhərində

Yetir məni vüsala avqustun sentyabra həsrətindən!

Ey küçəyə səpilən günəş şüası

Qucaqla məni bədənimin D vitamini əskikliyindən!

 

Ramil  ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun.- S.15.