Hələ dodaqları süd qoxuyurdu

 

Şəhid Kamran Əliyevin xatirəsinə

 

Hələ gözlərində körpə gülüşü...

 

Hələ dodaqları

 

süd qoxuyurdu.

 

Elə bil dünəndi nənəsi ona

 

Corab toxuyurdu,

 

şərf toxuyurdu...

 

Elə bil dünəndi olub-keçənlər.

 

Hərəsi bir evdə xınalı quzu.

 

Ataya dayaqdı,

 

qardaşa sirdaş,

 

Ana ürəyində...

 

gəlin arzusu...

 

...Nə vaxt böyüdülər,

 

kişi oldular?!

 

Ruhları arzuyla aşıb-daşırdı...

 

Hərəsi...

 

bir qıza ümid vermişdi,

 

Hərəsi...

 

bir qızla pıçıldaşırdı...

 

 

Amma hər birinin Vətən adında

 

Bir nazlı,

 

nazənin sevgisi vardı.

 

Düşmən tapdağında inləyən Vətən

 

Onları səslədi...

 

Onu çağırdı...

 

 

Məqamı hər şeydən ucada duran,

 

O Bayraq oğullar,

 

Vətən oğullar...

 

Torpağın köksünə öz canlarıyla

 

Diriliş toxumu səpən oğullar

 

Vətənin köksündə sipərə döndü.

 

Hər biri

 

bir evin doğması idi,

 

Hər biri

 

el boyda qəhərə döndü...

 

 

Onlar bilirdi ki,

 

qisas günüdür,

 

Torpaq qan ağlayır,

 

düşmən qan içir...

 

Onlar bilirdi ki, bu yolun sonu

 

Şəhadət adlanan zirvədən keçir...

 

 

Onlar bilirdi ki,

 

daşlar, qayalar...

 

Dərələr müqəddəs yerə çevrilir!

 

Uğrunda Kamranlar şəhid olduqca

 

Torpaq Vətən olur, pirə çevrilir!

 

 

Onlar bilirdi ki,

 

Vətən dardadır...

 

Onlar bilirdi ki, Vətən səsləyir!

 

Analar Vətənçün oğul doğanda

 

Atalar Vətənçün oğul bəsləyir.

 

 

...Hələ gözlərində körpə gülüşü...

 

Hələ dodaqları

 

süd qoxuyurdu...

 

Elə bil dünəndi nənəsi ona

 

Corab toxuyurdu,

 

şərf toxuyurdu...

 

 

Qazilər

 

Bir qolu dirsəyindən qopub düşüb savaşda,

 

Bir ayağı yol alıb

 

ondan qabaqda gedir.

 

Gözlərində qəlpənin istisi qalıb hələ,

 

Don vurmuş barmaqları hələ can üstündədir.

 

 

Yanağında iz qoyub neçə mərmi parçası,

 

Alov onun üzünü tamam yandırıb-yaxıb.

 

Döyüşlərin birində qəfil düşmən gülləsi

 

Sinəsinə möhürtək bir cüt qərənfil taxıb!

 

 

Keçmiş şəkillərinə

 

arabir baxıb durur...

 

Bu necə yaraşıqdır, nə gözəl gülüşü var.

 

Aynadakı əksini görəndə köks ötürür:

 

"Yəqin, bu sir-sifətdə bəyənməz məni qızlar...".

 

 

Əlil arabasına çöküb -

 

tutub başını...

 

Neçə gündür dinləyir ürəyinin səsini:

 

"Niyə şəhid olmadım?

 

Bu necə yaşamaqdır?!

 

Gərək bir yolla tapım başmın çarəsini!".

 

 

Elə bilir ki, daha

 

sevgidən uzaq düşüb.

 

Elə bilir ki, daha

 

dost-tanışa yük olub!

 

Hələ fərqində deyil hansı ucalıqdadır,

 

Qazandığı zəfərlə bu millət böyük olub!

 

 

Nə bilsin üzündəki

 

çapıq yaraşır ona,

 

Ayağını çəkəndə ana torpaq sevinir.

 

Köynəyinin bir qolu

 

çiynindən sallansa da

 

Əllərilə sancdığı neçə bayraq sevinir!

 

 

Hələ bilmir savaşı dastan olub dolaşır,

 

Hələ bilmir qızların ürəyinə od qoyub.

 

Döyüşdə ayağını itirməklə bu oğlan

 

Tarix kitablarında bir əbədi ad qoyub!

 

 

Hələ xəbəri yoxdur milyonlarla yurddaşı

 

Onu köksünə sıxıb,

 

alqışlamaq istəyir.

 

Onun kimi döyüşə qatıla bilməyənlər

 

Ona öz ürəyini bağışlamaq istəyir.

 

 

Neçə şəhid qardaşın əvəzinə yaşamaq,

 

Əvəzinə qocalmaq düşüb onun bəxtinə!

 

Qoltuğuna sıxdığı bir cüt qol ağacıyla

 

Bayraq kimi ucalmaq düşüb onun bəxtinə!

 

 

Hələ fərqində deyil O, ucalıq rəmzidir,

 

Bu millətin qəlbində daim ucadır yeri!

 

Başını dik tutacaq, qəddini əyməyəcək!

 

Çünki and yerimizdir Qarabağ qaziləri!

 

 

***

 

Nadir Azayoğluna

 

 

Gözləri yol çəkirdi...

 

Dodaqları papiros dumanında itirdi.

 

Əskilmirdi ruhundan

 

Həsrət,

 

vüsal,

 

kədər,

 

qəm...

 

Yaşayırdı özüyçün - bir az kövrək, bir az dəm.

 

Arabir xəritəni açıb baxırdı ona:

 

"Buraları görürsən? Kəndimiz burda idi..." -

 

Göstərirdi oğluna.

 

 

Arabir yol alırdı

 

dağa,

 

daşa,

 

dərəyə...

 

Bir dəli köhlən tapıb tərkinə atılırdı

 

Durub bir qaya üstə... o tərəfə baxırdı.

 

 

Yazdığı şeirlərə

 

danışırdı dərdini...

 

Gözümüzün önündə dən düşürdü saçına...

 

Sevinci asta-asta içində əriyirdi,

 

Adam həsrət qalmışdı ata yurdu Laçına!

 

 

Dili suluqlayırdı hər Laçın kəlməsindən.

 

Əlləri əsə-əsə Laçın sözün yazırdı.

 

Ruhu dara çəkirdi onu yuxularında,

 

Adam dəlilər kimi öz içində azırdı.

 

 

Uzun çəkdi bu həsrət,

 

ömür getdi,

 

gün keçdi...

 

Ümidlər qırıq-qırıq, yarı-yarı yaşadı.

 

O adam adam kimi yaşamadı dünyada,

 

O adam çiçək-çiçək, arı-arı yaşadı...

 

O adam qoca-qoca, qarı-qarı yaşadı...

 

O adam buğda-buğda, darı-darı yaşadı...

 

 

Təzə qəbir yerləri qazdı doğmalarına.

 

Çoxunu dərd apardı, çoxu sıra bilmədi.

 

Bu adam ağac əkdi, yol saldı, binə qurdu...

 

Amma özünə təzə vətən qura bilmədi.

 

 

Çox gözlədi bu günü - yazdan payıza qədər

 

Neçə payız, qış oldu, gör neçə bahar keçdi.

 

Ümid sahillərində illər qatara döndü,

 

Bu minvalla ömürdən gör neçə qatar keçdi.

 

 

Bu adam ümidini dəfn etmədi içində,

 

Bu adam ümidləri gerçək bilib barışdı.

 

"Görəsən, Laçına da yağış yağır?" soruşan

 

Oğluna Laçın dolu xatirələr danışdı.

 

 

Şəhərin göbəyində şəhərləşdi bu adam,

 

Səhərin toranında

 

Tanrıya ürək açdı.

 

Bu günü gözləməkçün otuz ilə dəyərmiş...

 

Bu səhər günəş doğdu,

 

bu səhər çiçək açdı!

 

Bu səhər qulaqları tutuldu xoş xəbərdən!

 

Gah içini çəkdi o,

 

gah papiros sümürdü...

 

Şəhərdəki evinin qapısından baxanda

 

İlk dəfəydi gözünə Laçını görünürdü...

 

 

Şəkildəki qadın

 

 

Sabahların birində oyanırsan yataqdan,

 

Elə bilirsən hələ yuxu görürsən, yuxu.

 

Gözlərini döyürsən:

 

- Nə ətirdir otaqda?!

 

Otağın havasını dəyişmişdim mən axı...

 

 

Yatağında dikəlib, baxırsan divarlara...

 

Çərçivədən bir şəkil sənə baxıb qımışır.

 

Birdən qəribsəyirsən:

 

- Mən hara, bura hara?

 

O kimdir, yan otaqda, öz-özünə danışır?!

 

 

O kimdir pıçıldaşır?

 

Axı kim var bu evdə?

 

O nə səsdir, bir baxım...

 

Cumursan yan otağa.

 

Görürsən bir qadın var, büzüşüb bir tərəfdə,

 

Qorxursan yaxınlaşıb, saçına toxunmağa...

 

 

Üzünü görmək üçün bilmirsən nə edəsən.

 

Danışmaq istəyirsən,

 

səsin batır eləcə...

 

- Ətri də tanış gəlir mənə axı deyəsən.

 

Bu qadın buralara necə gəlib, bəs necə?

 

 

- Bəs onun gəlişindən niyə yoxdur xəbərim?

 

Kim onu qarşılayıb?

 

Bəs kim açıb qapını?

 

Oyatmaq istəyirsən köhnə xatirələri,

 

Birdən xatırlayırsan şəkildəki qadını.

 

 

- Bu ki odur, o qadın...

 

Tanış saçlar, xoş qoxu...

 

Bəlkə yuxu görürəm?!

 

Çimdikləyin bir məni.

 

Evdəkilər hardadır?

 

Hara gediblər axı?!

 

Kim asıb divarımdan o qadının şəklini?

 

 

Bir az cəsarət tapıb ona doğru gedirsən,

 

İrəli uzadırsan titrək barmaqlarını.

 

Qəribədir, sən onu şəkiltək hiss edirsən...

 

Qəlbinin döyüntüsü yarır qulaqlarını.

 

 

Üzünə toxunursan, gözlərinə baxırsan...

 

Onun hərarətindən barmaqların alışır.

 

- Hey... səni tanıyıram, şəkildəki qadınsan.

 

Bax, evimdə nə varsa ancaq səndən danışır...

 

 

Axı hara getmişdin, gözlərim yol çəkirdi?!

 

Nə yaman uzun oldu bu sonuncu gedişin?!

 

Səni hansı küləklər yenə bura gətirdi?!

 

Daha başından çıxart bu qəribə vərdişi...

 

 

Üzünə gülümsəyir, evinə nur çilənir,

 

Sənə baxıb astaca pıçıldayır nə isə.

 

- Nə dedin, eşitmədim, səsin qırıldı yenə...

 

Bir az ucadan danış... Bax da... əgər mümkünsə...

 

 

Bu dəfə onun səsi qucaqlayır ruhunu.

 

- Susma, danış, nə olar!

 

Davam elə, sən danış...

 

Dünyanın işinə bax, nə qəribə adamam,

 

Taleyimdə bir səsə tamarzı qalmaq varmış.

 

 

Kimsə toxunur sənə, çiyninə bir əl dəyir.

 

Gözlərini açırsan:

 

- Bu nə şirin yuxudur...

 

Çiyninə toxunan əl: "Səhər açılıb", - deyir.

 

Bu tanış səs bəs nədən səni belə qorxudur?!

 

 

Tez durursan yataqdan, gözlərini döyürsən.

 

Ağzında hiss edirsən o yuxunun dadını.

 

Ürkək-ürkək yenə də o səsə boylanırsan;

 

O anda tanıyırsan şəkildəki qadını...

 

 

Xatirə dəftəri...

 

Mənim ürəyimin ucqar yerində

 

Sənə oxşatdığım bir qadın qalıb.

 

Köhnə kağızların içində itən

 

Ünvanın, xatirən və... adın qalıb...

 

 

Zaman qərinəni adlayıb keçib,

 

O vaxtdan indiyə adlar dəyişib.

 

Adamlar dəyişib o vaxtdan bəri,

 

Doğmalar dəyişib, yadlar dəyişib.

 

 

Hərəmiz bir eşqə qurban getmişik,

 

Susub barışmışıq bu dünya ilə.

 

Çoxu bu savaşdan məğlub ayrılıb,

 

Bizim savaşımız bitməyib hələ.

 

 

Gözümüz yol çəkir gör neçə vaxtdır,

 

Səsimiz illərin içində itib.

 

Çoxunun başını ayrılıq qatıb,

 

Hərə bir küçədə, bir tində itib.

 

 

Gündüz yuvasından perik quşlara

 

Baxıb evimizə dönmüşük gecə.

 

Hərdən araq içib sərxoş olmuşuq...

 

Hərdən ayılmışıq araq içincə...

 

 

Nə qədər sirr qalıb ürəyimizdə,

 

Qatıb başımızı bu oğul-uşaq.

 

Elə bilmişik ki, o güzgülərdən

 

Nə vaxtsa bir cavan adam baxacaq...

 

 

Bəzən üzümüzdə donub təbəssüm,

 

Bəzən sıxılmışıq deyib-güləndə.

 

Ürək ev deyil ki, qapısı ola,

 

Açasan ən əziz qonaq gələndə.

 

 

Hər ürək gör neçə eşqə məzardı,

 

Vaxt olub özgəyə "balam" demişik.

 

Ağzımız gerçəklə dolub hər dəfə

 

Vurub ağzımızdan yalan demişik.

 

 

Yalandır dən düşüb saça, yalandır...

 

Biz ağlı kəsməyən uşağıq hələ.

 

Quzeyə yığılan qar topasıyıq

 

Günəşin gözündən uzağıq hələ.

 

 

Bilirəm, evinin gizli yerində

 

"Xatirə dəftəri" qalıb toz çəkir.

 

Məni unutmağa nə var ki, qadın,

 

Oxu yazdığımı... sözü söz çəkir.

 

 

Salam, unutduğum, sevdiyim qadın...

 

Dur aç o dəftəri, orda adım var...

 

Bəlkə o günlərə bir də qayıtdıq...

 

Dünyanın işini nə bilmək olar...

 

Qi Or El

Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun. S. 24.