Doymuşam, yadımdan çıxıb...

 

Hekayə

Yox, yox! Bu yeddi qazan yeyən Koroğludur, banka- banka mürəbbələri qarnına ötürən Karlson. Bu mənim Zunud kəndində yaşayan babam Umuddu. Özü çox yemək onun indiki adəti deyil, lap çoxdankı adətidir. Adət dəyişilmir onsuz da.

 

Güllər qarı dağdan bir vedrə zoğal yığmışdı. Dağ zoğalı xırda olur, amma dadı dərman olur. Güllər qarı fikirləşdi ki, (ümumiyyətlə, o, həmişə fikirli olurdu, altı uşağın qarnını razı salmaq asan məsələ deyil) qədər uşaqlar məktəbdədirlər, tezcə mürəbbəni bişirsin, sonra da təndirə çörək yapsın. Qarı "Ay aman, çırpı da azdır, ocaq qalamağa çatar, əşi", - deyib qollarını çırmaladı. O, ocağı qaladı, təndirin ağzı boyda olan tiyanı gətirib ocaqdan asdı. Gümüş güyümdən gümüşü suyu töküb zoğalları yudu. Zoğallar tiyanın içində pıqqıldayır, mürəbbənin qoxusu düz kəndin məktəbinə qədər yayılırdı. Artıq çırpıları şıq-şıq şıqqıldadan od küllənib öləziyirdi. Qarı durdu ki, tezcə gedib bir az da çırpı gətirsin, çörəyi yapsın ki, uşaqlar gəlib ac qalmasın.

 

Bu zaman Umud bacısıyla üzüyuxarı - evə doğru qalxırdı.

 

Bacısı:

 

- Yaman acmışam, görən ciyimiz bişirib?

 

Umud:

 

- Heç məni demirsən.

 

- Ehh, sənin tox olan vaxtın var ki?!

 

Oğlan hirsləndi:

 

- Bura bax, o gün sən deyildin bir satıl qatığı yeyən?

 

- Bəs sən deyildin, anamın qonağa saxladığı bir qazan qoz dolmasını qarnına aşıran.

 

Umud kəkələdi:

 

- Mənim onların hamısını yemək fikrim yox idi, doymuşdum, yadımdan çıxmışdı.

 

- Yaxşı bəhanən var, "doymuşam, yadımdan çıxıb...".

 

Uşaqlar höcətləşə-höcətləşə evə çatdılar.

 

Güllər qarı da dağdan bir şələ çırpını belinə yükləyib, üzüaşağı düşürdü. Doqqazdan içəri girəndə Umudu ağzını al-qırmızı gördü:

 

- A bala, nolub sənə, yoxsa dalaşmısan yolda uşaqlarla? Ağzın, burnun qıpqırmızı...

 

Qız:

 

- , dalaşıb, ay ciyi, amma mürəbbəylə dalaşıb.

 

Umud dili ilə ağzının qırağını yalayıb, qəzəblə dedi:

 

- Satqın, sən məndən qabaq başını qazana sallamışdın...

 

Ana yaxınlaşıb tiyanın içinə baxdı: içində zoğal çərdəklərindən başqa heç qalmamışdı. O, sakitcə şələsini yerə qoyub, içindən sıpsığallı bir çubuq çıxarınca Umud işi bilib çəpəri aşdı.

 

Ana-bala axşamacan kəndi fır-fır fırlandılar. Umudun qarnı köpsə də var-gücüylə qaçırdı. Yuxarı məhlədəki axırıncı doqqaza çatanda Güllər qarı yorulmuşdu. Təngnəfəs halda dedi:

 

- Yaxşı, bağışladım səni. Di gəl qayıdaq evə, daha axşam olur.

 

- Yox, vuracaqsan məni. İnanmıram.

 

- Əşi, daha halım qalmadı, gəl get qonşudan maya al, əppək yapasıyam, dədəngilin qayıdan vaxtıdı.

 

Umudun kefi açıldı. Anasına yaxınlaşanda isə qarı qəflətən küpəgirənə çevrildi.

 

Umud çığırmağa başladı:

 

- Ay ana, döymə, bir də eləmərəm.

 

- Hə, qonağın dolma payını yeyəndə də elə demişdin... boyuna qamış tutum sənin. Düş qabağıma ləlöyün...

 

Beləcə, həmin gün Umudun qarnının köpü yatdı. Bacısı da cəza olaraq təndirdə 60 dənə çörək yapdı. Elə yoruldu ki, həmin gün təndirin yanında yuxuya getdi.

 

Ancaq bu Umud kişi uşaqlıqdan bu yana çox az dəyişib. O gün bizə qonaq çağırmışdım, 3 dövrə xingal yedi. Fikirləşdim ki, mənə də saxlayar, amma yadından çıxmışdı, deyəsən.

 

Nurlana İŞIQ

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun. S.29.