Segah

 

hekayə

 

İstedadlı yazıçı Sara İbrahimin "Xalis bal", "Qaymaqlı dondurma", "Sonuncu dərs" və digər hekayələri ilə müxtəlif saytlarda tanış olmuş, sonra "Yasaq sevgilər" romanını oxumuşam. Təbii süjet, sadə, axıcı dil və canlı insan xarakterləri onun üslubunun əsas cəhətləridir. Sizə təqdim etdiyim "Segah" vətənpərvərlik mövzusunda yazılıb, amma müəllif öz fikrini çılpaq pafosla ifadə eləmir, danışmaqdansa, göstərməyə üstünlük verir və onun başlıca uğuru, məncə, budur. Biz vətən sevdasını hekayənin qəhrəmanı, müğənni olmaq arzusuyla alışıb-yanan gənc Barxudarın dilindən eşitmir, bunu onun ürəyi, qanı, ruhunda "görürük". O öz gücünü ana torpaqdan alır. Hekayə özünün ən ümumi ruhu və ideyası ilə Qarabağ savaşındakı qələbəmizlə səsləşir. Qarabağ Azərbaycandır və heç bir qüvvə bizi doğma torpaqda yenə bilməz. Hekayədə gənc qəhrəmanın oxuduğu "Segah" xüsusi anlam daşıyır. O həm qələbəmiz, həm doğma torpaqlarımız, həm də bu torpaqlara qayıdışla bağlı Tanrıdan gələn xeyir-duanı rəmzləşdirir. Müəllifə uğurlar arzu edir, səmimi duyğularla yazılan hekayənin sizin də zövqünüzü oxşayacağına inanıram.

 

Əsəd CAHANGİR

 

 

Toy qapısı adamla doluydu. Əlində bəzəkli xonçalar tutmuş, allı-güllü geyinmiş qız-gəlinlər yavaş-yavaş toy evinə axışırdı.

Məclis həyətdəki böyük çardağın altında qurulmuşdu. Çardaq ikimərtəbəli evin qabağından ta darvazaya kimi bütün həyət boyu uzandığından, kənarlarına çadır tutulan mağar nəhəng görünürdü.

Kəndin sayılıb-seçilən ailələrindən birinin sonbeşik oğlunun toy məclisi idi. Toya beş yüzə yaxın qonaq çağırılmışdı. Toy sahibinin sonbeşikdən başqa yeddi-səkkiz uşağının hamısı Bakıda yaşayırdı. Qardaş-bacılar hərəsi öz ailəsi, yaxını-simsarı, bir sözlə, başının dəstəsilə gəlmişdi.

Çardağın altına sırayla düzülən uzun, dördkünc masaların üstünə ağappaq süfrələr salınmış, çərəz və soyuq yeməklər qoyulmuşdu. Evin arxasındakı ocaqlıqda, iri mis tiyanlarda bişən yeməklərin adamı iştaha gətirən ətri həyətə, ordan da küçəyə yayılırdı. Kababçı şişləri, manqalı hazırlayıb toyun başlamasını gözləyirdi. Manqaldan bir qədər aralıda dörd-beş iri, sarı samovarın düdkeşindən nazik tüstü halqaları çıxırdı.

Çayçı ev sahibinin yaxın qohumu, həm də qapıbir qonşusuydu. Ona on dörd-on beş yaşlı oğlu kömək edirdi. Məclisin çay tədarükünü ata-oğul öz boynuna götürmüşdü. Arada ev sahibi onlara yaxınlaşıb, hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün soruşurdu:

- Səfər, çatdırırsan? Barxudar yarıtmırsa, bəlkə, başqa köməkçi də verək?

Səfər artıq dızıldamağa başlayan samovarın birinə qamqalaq atdı, oğluna fərəhlə baxıb:

- Yox, ay əmi, maşallah, Barxudar üç nəfərin əvəzidir, narahat olma, - dedi, - çatdıraçağıq, sən köməkçini kababçıya ver.

Bir azdan tamada və musiqiçilər də göründü. Onlar mağarın yuxarı başında, musiqiçilər üçün nəzərdə tutulmuş qırmızı ipək örtüklü, yan-yana qoyulan iki iri stolun üstünə musiqi alətlərini yerləşdirməyə başladılar. Dörd-beş nəfər musiqiçi və cavan xanəndənin yanında dayanan tamada qaz boğazına oxşayan uzun boynunu qabağa uzadıb mikrofona üflədi: "Fışşş... Bir, iki... bir, biiir...".

Qarmonçalan elə bil tamadanın mikrofona üfürməsini gözləyirmiş - qarmondan çıxan şən musiqi mağarda dərhal canlanma yaratdı.

Artıq mağar qonaqlarla dolmuşdu. Yeməklərə ilk həmlə başlananda tamada məclisi açıb, ev sahibinə gözaydınlığı verdi, məclisin yuxarı başındakı bəzəkli masada oturan bəy-gəlini təbrik elədi.

Məclis yavaş-yavaş qızışır, oynayanlar bir-birinə aman vermirdi. Bakıdan gəlmiş qonaqlar bir qədər seçilirdi. Kənd əhli qonağa hörmət əlaməti olaraq onları tez-tez meydanın ortasına, rəqsə dəvət edirdi. Qonaqların arasında sarı saçlı, yaşıl paltarlı arıq qadın digərlərindən fərqlənirdi. O, oğlan evinə yaxın olduğunu nümayiş etdirərək tez-tez ayağa qalxıb oynayır, yanında oturanları da rəqs etməyə həvəsləndirirdi.

Qadın toya öz qızıyla gəlmişdi. Zil qara, uzun saçları kürəyinə tökülən, ağbəniz, zərif vücudlu qızın on yeddi-on səkiz yaşı ancaq olardı. Anası nə qədər təkid eləsə də, o, rəqs edənlərə qoşulmur, əlini çənəsinə dayayıb məclisi seyr edirdi. Kənd toyunda ilk dəfə iştirak etdiyi hiss olunurdu.

Yaşıl paltarlı qadın oyun meydançasını növbəti dəfə tərk edib, qızının yanında oturdu. O, hərdən ağzını qızın qulağına dayayıb nəsə deyir, elə bil, onu nəyəsə həvəsləndirib yola gətirməyə çalışırdı. Hər dəfə anası onun qulağına nəsə pıçıldayanda qulaqbatırıcı səs-küy yaxşı eşitməsinə mane olduğu üçün qız çiynini çəkib başını bulayır, qadın bir əlini ağzının kənarına qoyub, dediklərini təkrar eləməyə məcbur olurdu. Axır ki, o qızından istədiyi cavabı alıb, özündənrazı halda gülümsədi və gözucu musiqiçilərin oturduğu masaya sarı baxdı.

 

***

 

Günortadan başlayan toy məclisi axşama doğru daha da qızışdı. Yemək yeyiləndən sonra süfrələri çay dəstgahı üçün hazırlayırdılar. Səfərlə Barxudarın işi indi lap çoxalmışdı. Barxudar bayaqdan hərdən qonaqlardan kimsə istəyəndə çay aparırdısa, indi bütün məclis üçün çay tədarükü görür, atasının armudu stəkanlara süzdüyü çayı çevikliklə mağara daşıyırdı.

Xanəndə yanıqlı səslə "Segah" oxuyurdu. Hamı səsini içinə qısıb, onun ifasını dinləyirdi. Barxudar boş məcməyini sinəsinə sıxıb, çadırın qapısı ağzındakı dirəyə söykənmişdi. "Segah" onu tutmuşdu. Qonaqların başı musiqiyə qarışdığından onu çağıran, çay istəyən yox idi.

İfanı bitirən xanəndə qavalı qulağının dibindən götürüb dizinin üstünə qoydu. Məclisdəkilər hərə bir yandan onu alqışladı. Xəyalı kim bilir, haralarda gəzən Barxudar məcməyini qoltuğunun altına soxub, xanəndəni alqışlayanlara qoşuldu.

"Segah" bitən kimi soyumuş çaylarını təzələtmək istəyənlər hərə bir tərəfdən onu çağırmağa başladı: "Baxı, qadan alım, çayım buza döndü, qaynayan yerindən birini süz gətir!"; "Barxudar, gözünü yeyim, bu tərəfə də gəl, boğazımız qurudu".

Barxudar köksünü ötürüb, yeyin addımlarla mağardan çıxdı və ocaqlığa tərəf getdi. Barxudar ocaqlıqla həyəti birləşdirən taxta qapıda görünən kimi Səfər çığırdı: "A bala, harda qaldın, gəlib çıxsana! Bunları apar, - yenicə süzdüyü, armudu stəkanlarda buğlanan çay dolu məcməyini ona verdi, - stolların üstündəkini tez yığ gətir".

Barxudar atasının ona uzatdığı məcməyini alıb, qapıya tərəf iki addım atmışdı ki, mağardan gələn məlahətli səsi eşidib ayaq saxladı. Mikrofondan gələn səs tanış deyildi. Naməlum qadın səsi son vaxtlar dəbdə olan bir türk mahnısı oxuyurdu. Barxudarın ağzı heyrətdən açıla qaldı. - Axı, xanəndə kişiydi, bu qadın müğənni hardan çıxdı?! Addımlarını yeyinlədib, özünü mağara saldı. İlk gördüyü musiqiçilərin qarşısında mikrofonu hər iki əliylə ağzına lap yaxın tutub, gözlərini yumub, bədənini mahnının ahənginə uyğun azca yırğalaya-yırğalaya oxuyan şəhərli qız oldu. Qız türk mahnısını çox peşəkarcasına oxuyurdu. Hiss olunurdu ki, mikrofonla tanışlığı ilk dəfə deyil. Səsinin tembrini oxuduğu mahnını ifa edən türk müğənnisinin səsinə oxşada bilirdi. Qızın səsi eşidilməyə başlayan andan məclisdəkilər yemək-içməyi, söhbəti kəsib, heyranlıqla onu dinləyirdi.

Qonaqlara gətirdiyi çayı unudub, qıza qulaq asan Barxudar əlində dolu məcməyi mağarın girəcəyində heykələ dönmüşdü. Qızın ifası bitər-bitməz xanəndə, musiqiçilər də daxil olmaqla mağardakılar hamısı onu alqışladı. Qız gülümsəyib, mikrofonu xanəndəyə uzatdı, təşəkkür edib heç kimin üzünə baxmadan asta addımlarla öz yerinə - anasının oturduğu masaya üz tutdu. Yaşıl paltarlı qadın fəxrlə qızına baxıb, ucadan yanındakılara dedi: "Bizim bütün ailə məclislərimizdə oxuyur. Səsi olsa da, müğənni olmasına icazə vermədim, amma yaxın adamların şənliyində oxumasını özüm də istəyirəm. Heç olmasa, həvəsini bu yolla öldürsün".

Qadının sağ-solunda oturanların səsi bir-birinə qarışdı:

"Gözəl oxuyur, vallah, bir çox müğənnilərdən sənin qızın yaxşı oxuyur"; "Hə, yaxşı oxudu, heç türk müğənnisindən pis oxumadı".

"Elə yaxşı edib qoymursan oxumağa; qız nədi, müğənni oldu nədi!?".

Həyəcandan nə edəcəyini bilməyən Barxudar pörtmüşdü. Məcməyi əlində stollara yaxınlaşdı, boş stəkanları məcməyiyə yığıb, ocaqlığa sarı getdi, sonra tez də geri qayıdıb, boşalmış qabları yığmağa başladı.

Səfər Barxudarın özündə olmadığını görüb ona təpindi: "Yumurtası tərs gəlmiş toyuq kimi nə vurnuxursan? Bir işin dalınca iki dəfə gedib-gəlirsən, yuxulusan, nədi?".

Barxudar atasının yanından ötüb, məcməyini iri sarı samovarın qarşısında yerə qoydu. Udquna-udquna qalmış, həyəcandan üzü qıpqırmızı olmuşdu. Çəkinə-çəkinə atasına baxıb mızıldadı:

- Ata, tamadaya deyə bilərsən ki...

Səfər xırda, göy gözlərini oğlunun üzünə dikib gözləyirdi. Barxudarın haldan-hala düşməsi kişiyə qəribə görünürdü.

- Tamadaya nə deyim axı?

Barxudar ağzını açmağına peşman olmuşdu, özünü toparlayıb atasının üzünə baxmadan birnəfəsə:

- Tamadaya de ki, mən də oxumaq istəyirəm, icazə versin, - dedi.

Eşitdikləri o qədər gözlənilməz idi ki, Səfər bir anlığa nə deyəcəyini bilmədi. Barxudardan nə desən eşitməyə hazır idi, bircə bundan başqa. Ömründə oğlunun bir ağız da olsa, nəinki oxuduğu, heç mızıldandığını da görməmişdi. Kişi nə deyəcəyini götür-qoy edə-edə susub durmuşdu.

Barxudar atasının fikrə getdiyini görüb ürəkləndi:

- Ata, mən o qızdan da yaxşı oxuya bilərəm, - kişinin tərəddüdlə ona baxdığını görüb israrla, - sən get de, qoy mənə söz versin, qalanıyla işin yoxdu, - dedi.

- Nə bilim, vallah, a bala, birdən-ikidən oxumamısan, görən, necə olar? - kişi gözlərini döyüb oğluna baxdı.

- Mal-qoyun otaranda dağlarda o qədər oxumuşam ki! Bilirsən, necə yaxşı səsim var? Mən oxuyanda səsim neçə kilometr uzağa gedir.

Səfər oğlunun həvəsdən alışıb-yanan üzünə, atlanan sinəsinə baxıb bir söz demədi, çənəsini ovuşdurdu. Önlüyü yaxasından açıb, samovarların yanındakı kötüyün üstünə qoydu. Qəddini düzəldib mağara sarı getdi. Heç beş dəqiqə keçməmiş geri qayıdıb, intizarla onu gözləyən oğluna:

- Deyir ki, hazırlaşsın, oyun havası bitən kimi sözü ona verəcəm, - dedi.

Barxudar cəld mağara tərəf götürülsə də, atasının səsi onu geri qaytardı:

- Hara?! Bir üst-başına, özünə əl gəzdir, - Barxudara yaxınlaşıb köynəyinin içəri qatlanmış yaxalığını çəkib düzəltdi, əlilə saçlarına daraq çəkib dedi:

- Özünü sərbəst apar, həyəcanlanma, bayaq oxuyan qızdan da yaxşı oxuyacaqsan! O, şəhərdən gəlib, nə bilir oxumaq nədi? Bizim yerlərin suyunu içən oxumaya bilməz.

Barxudar atasına qulaq assa da, fikri başqa yerdəydi - mağardan gələn oyun havasını dinləyirdi. Tamadanın səsi eşidilər-eşidilməz özünü mağara çatdırdı. Tamada öz kəndlərindən olduğundan onu tanıyırdı, əlilə irəli gəlməsinə işarə edib, mikrofonu ağzına yaxınlaşdırdı:

- Məclisimizdə oxumaq istəyən daha bir nəfər var. Həvəskarlara imkan vermək lazımdır ki, istedadlarını göstərə bilsinlər. İndi sizi Barxudarın ifasıyla baş-başa buraxıram, - tamadalara məxsus pafosla əlavə etdi, - feyziyab olun: yeni səs, yeni nəfəs!

Və mikrofonu gözünü bayaqdan onun ağzına dikib gözləyən Barxudara uzatdı. Oğlan həyəcandan titrəyən əlini uzadıb mikrofonu tamadadan aldı. İlk dəfəydi ki, əlində əsl mikrofon tuturdu. Dağda, bağda oxuyanda onun mikrofonu ya ağac qırığı, ya da saç darağı olardı.

Bu mikrofonda nəsə sehrli bir qüvvə vardı. Onu əlinə alan kimi bütün həyəcanı yox oldu. Elə bil ona bir güc, güvənc gəlmişdi - özünü əsl müğənni kimi hiss edirdi. Gözünün ucuyla məclisdəkiləri süzdü. Şəhərli qız çənəsini stolun üstə dayaqladığı əlinin içinə qoyub, maraqla ona baxırdı. Ona demək olar ki, fikir verən yox idi - kimisi çay içir, çoxu da yanında oturanla söhbət edirdi.

Geri dönüb boğazını arıtlayaraq, musiqiçilərə oxumaq istədiyi türk mahnısının adını söylədi. Musiqiçilər mahnının girişini çalıb, aşağı tempə keçəndə Barxudar oxumağa başladı.

Öz səsindən özü də diksindi. Səsi xırıldayırdı. "Oxuduqca açılacaq, hələ indi başlamışam" - fikirləşib özünü tox tutmağa şalışdı. Gözlərini yumub oxumağa davam etdi.

Samovarları qoyub mağara gələn Səfər bir küncdə dayanıb, oğlunun oxumasına tamaşa edirdi. Barxudar oxumağa başlayanda köksü fərəhlə qabardı, gülümsəyib yan-yörəsinə baxdı, sanki baxışlarıyla hamıya, - "Baxın, oxuyan mənim oğlumdur!", - demək istədi.

Barxudar mahnının ilk misrasını oxuyan kimi tələsik zilə çıxmaq istədi. Zilə qalxan kimi də xırıltıyla çıxan səsi nazikləşərək boğazında ilişib qaldı. Nə illah elədisə, qırılıb tökülən, cığırtıya çevrilən səsinin yığıb-yığışdıra bilmədi.

Təbəssüm Səfərin üzündəcə donmuşdu. Utandığından bilmirdi ki, özünü hara soxsun. Necə xəcalət çəkdisə, Barxudarı orda qoyub ocaqlığa qaçdı.

Barxudarın səsi cırıldamağa başlayan kimi bayaqdan oxuyana qulaq asmayanların da diqqəti ona yönəldi. Əvvəlcə bir-birini dürtmələyib, gülməyini boğmaq istəyənlərə sanki eyni anda işarə verilmişdi - onu bir-birinə göstərib gülməkdən uğunurdular.

Barxudar bir az əvvəl türk mahnısı oxuyan şəhərli qızın da güldüyünü görəndə gözləri doldu, boğazında qaynayan qəhəri udub, oxumağa davam eləməyə çalışdı. Amma nə qədər gücənirdisə, səsi sözünə baxmırdı ki baxmırdı. Onun dağları titrədən səsi harasa qeyb olmuşdu.

Əmisi oğlu yaxınlaşıb onu qucaqladı, yavaşca mikrofonu əlindən alıb, gülməkdən özünü güclə saxlayan tamadaya verdi, qolundan tutub, mağarın çıxışına sarı apardı. Barxudar çölə çıxan kimi əmisi oğlundan sıyrılıb, evlərinə tərəf götürüldü.

Ona heyrətlə baxan anasının yanından güllə kimi keçib özünü evə saldı. "Niyə belə oldu? Axı, dağda, meşədə oxuyanda səsim qayaları titrədirdi. Səsim niyə belə namərdlik edib məni gülünc vəziyyətə saldı?".

Toy sovulub bitəndən sonra evə qayıdan Səfər Barxudarı heç cür sakitləşdirə bilmirdi. Oğlanın gözləri ağlamaqdan qan çanağına dönmüşdü.

- Nə böyük iş olub, səsin bir az tutulub, oxuya bilməmisən. Burda utanacaq nə var, axı?

Barxudar içini çəkib hıçqırdı:

- Sabah kəndin uşaqları məni hoydu-hoyduya götürəcək, ondansa ölsəm yaxşıdı!

Səfərin arvadı "ölmək" sözünü eşidəndə geri sıçrayıb çığırdı:

- Barxudar əsəbidir, damarını kəsəcək, bir dəfə də hirslənib biləyini kəsmişdi!

Səfər tərs-tərs arvadına baxdı:

- Oğrunun yadına daş sal sən də!

Oğluna yaxınlaşıb onu qucaqladı.

- Bir həftə çölə çıxma, otur evdə. Görərsən, bir həftə yox ey, üç gündən sonra toy da, orda olanlar da yaddan çıxıb gedəcək.

Atasının sakit səsi, inamlı sözləri Barxudarı xeyli sakitləşdirdi

 

***

 

Bir həftə sonra səhər tezdən quzuları meşənin ətəyinə otarmağa aparanda top qovan bir dəstə uşaq Barxudarı uzaqdan görüb fitə basdı. Aralarından ən böyüyü irəli çıxıb qışqırdı:

- Çəkilin, uşaqlar, xanəndə gəlir!

Barxudar əvvəl özünü itirib geri qayıtmaq istəsə də, fikrini dəyişdi. Əlini qulağının dibinə qoyub asta-asta oxumağa başladı. Səsi bu dəfə naxələflik eləmədi. Titrək səslə oxumağa başladığı "Segah"ın zilinə çatanda ona rişxənd edən uşaqların gülüşü dodaqlarında donmuşdu. O, indiyəcən "Segah"ı belə ustalıqla oxumamışdı.

Otarmağa apardığı quzuları, uşaqları, toyu, şəhərli qızı... unudub oxuyurdu. Bulaq kimi çağlayan məlahətli səsi qarşıdakı qayalara dəyib çiliklənir, çal-çəpərləri aşır, açıq pəncərələrdən keçib evlərə dolurdu.

"Segah" bitəndə çəpərlərdən, qapı-bacalardan boylanıb qulaq asanların, - "Əhsən, Barxudar!", "Qarabağın suyu, çörəyi sənə halal olsun!", - səsləri gözünü yumub oxuyan Barxudarı diksindirdi.

Günəş dağların ardından bir boy qalxmış, quşların orda-burda, kolların arxasından gələn şən səsləri aləmi başına götürmüşdü. Barxudar sinə dolusu nəfəs alıb, təzə-tər otların ətrini ciyərlərinə çəkdi və quzuların ardınca yollandı...

 

Sara İbrahim

 

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun.- S.26-27.