Gedirəm könlüyalın...

 

Yenə yollar görünür sən olmayan şəhərə,

 

Əllərinin həsrətin şaxtada dondururam.

 

Gözümdəki buludu yem edirəm qəhərə,

 

Bu sərçə ürəyimi ovcuma qondururam.

 

Dualar göndərirəm sevginin Allahına,

 

Ayrılığın ömrünü bir az gödək eləsin.

 

Qaranlığa əsirdi hər günüm, vallah, inan,

 

Az qalır ki, öz əlim özümü kötəkləsin.

 

Aydınlığa çıxaram zülməti pusa bilsəm,

 

Gəncliyinə susayıb qocaltdığım o qız da.

 

Yaşayardım bəlkə də içimdə susa bilsəm,

 

Demədiyim nəsnələr boylanır kağızdan.

 

Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,

 

Qorxuları yenməyə tab gəzirəm özümdə.

 

Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,

 

Gün darayan bəxtimi dərd gətirdi gözümdən.

 

Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,

 

Adıma bürünmüşəm əyilmərəm kədərə.

 

Kif basmış arzuları əlçim-əlçim didirəm,

 

Yeni ümid əyirib don hörürəm qədərə.

 

 

Bir qara əl oynayır sevincimin içində

 

Ayrılıqdan vüsala salınıb bu körpülər,

 

Eh... hələ də uzaqlar yetimlik çəkir orda.

 

Qorxuram bu yolların etibarı qırıla,

 

Həsrət yerin bərkidir, təzə ev tikir burda...

 

Körpülərin tağları qırıq bəndə söykənib,

 

Bir qara əl oynayır sevincimin içində.

 

Gün təzə boylanırdı duman özün yetirdi,

 

Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

 

Bir talesiz yurd orda, üstü kədər örtüklü,

 

Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.

 

Çırağının nefti yox, suyu başdan bulanıb,

 

Ocağı közsüz qalıb, oğurlanıb kömürü.

 

Şeytan quyruq bulayır tüstüsüz bacasında,

 

Qapısında iblisin nökərləri yallanır.

 

İlahi göydən baxıb nə düşünür görəsən, -

 

O yurdun adamları yenə nəyə aldanır?!!

 

Yenə savaş oxuyur meşələrdən gələn səs,

 

Səbri daha dar gəlir bu torpağın əyninə.

 

Ağaclar qulağını söykəyib qayalara,

 

Güllələrin səsini həkk eləyir beyninə...

 

Yıxılmazdı ürəyimdən adamlar

 

Bircə adam saxlayaydın gözümdə,

 

Kiçiltməzdin ucaltdığım "dağları".

 

Bircə ümid, bircə inam, tək güvən...

 

Qaraltmazdın dürr bildiyim "ağları".

 

Gətirməzdin gözlərimə payızı,

 

Başlamazdı yarpaq-yarpaq xəzanlar,

 

Yalanına bulaşmazdı taleyim,

 

Yıxılmazdı ürəyimdən adamlar.

 

O qadın da yalançıymış, İlahi,

 

Aldandım şeytanın mələk üzünə.

 

İblisiymiş, qaranlığın Allahı

 

İşıq kimi görünürmüş gözümə.

 

O adam da babasıymış günahın,

 

Savab bilib yar seçmişəm özümə.

 

Düz sözəydi apardığım pənahım

 

Güvəndim... aldandım kişi sözünə.

 

Bircə adam saxlayaydın gözümdə,

 

Bircə ümid, bircə inam, tək güvən...

 

 

Yollar qucaqlayıb

 

köhnə izimi

 

Yoldumu izimi çəkib aparan,

 

Mənəmmi bu yolun inadın qıran?

 

Kimiydi yanımdan ötdü çaparaq,

 

Kimiydi uzaqdan əl edib duran?

 

Yol məni, mən yolu gedib bitirdik,

 

İndi ayrılırıq bir tin başında.

 

O məndə, mən onda itib gedirdik,

 

Fərqində deyildik yayın, qışın da.

 

Fəsil tanımadıq, il tanımadıq,

 

Qarı ayaqlayıb, buzu adladıq.

 

Kölgəni yurd seçib daldalanmadıq,

 

Küləyi belindən iki qatladıq.

 

Keçdik keçilməzi, tərsi ram etdik;

 

Aşdıq olmaz adlı aşırım səddi.

 

Qismətə bölünməz kəsri tam etdik;

 

Hasil ömrümüzdə qoşa ədəddi.

 

Mənəmmiş yanımdan tələsik keçən,

 

Mən yola düşəndə saçım qaraydı.

 

Dünən zirvədəki qartalı seçən,

 

Göz indi bilmədi hara haraydı.

 

Belə unudurmuş insan özünü,

 

Belə ötüşürmüş illər xəbərsiz.

 

Yollar qucaqlayıb köhnə izimi,

 

Təzə iz qoymağa ayaq təpərsiz.

 

 

Tanrının evində

 

bir ruh dul qalıb

 

Bu taleyin son qadını mən idim,

 

Ürəyini gözlərinə sığdıran.

 

Mən idim e buludların bətnindən

 

Göz yaşıtək yağışları yağdıran...

 

Könül köçüm göy üzünə yol alıb,

 

Ulduz-ulduz ilmələnir izlərim.

 

Tanrının evində bir ruh dul qalıb,

 

Ora çəkir, ora çəkir dizlərim...

 

Yeri varmı bir adamlıq komaya,

 

Ətəyində yuva qurum tanrının.

 

Gör nə qədər göz dikilib səmaya,

 

Gözü hardan məni görsün tanrının?!.

 

 

Mənim ürəyim

 

Mənim ürəyim sənin ürəyin kimi

 

çoxotaqlı varlı mənzilinə bənzəməz.

 

Biradamlıq çarpayıda nəfəsini bölüşən

 

iki aşiqin eşq hərarəti var mənim ürəyimdə.

 

Yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan

 

pəncərə kimi cansız deyil mənim ürəyim.

 

Mənim ürəyimin divarları sevgidən hörülüb

 

içində olanlar sevgiylə qorunur.

 

Kasıb komalarının köhnəlmiş damından

 

yağış daman kimi

 

göz yaşı damar, ağrı damar mənim

 

ürəyimdən hərdən.

 

Mənim ürəyim üç-beş dost sığacaq qədər

 

geniş,

 

əzablarını içində boğacaq qədər dardı.

 

Ucsuz-bucaqsız çöllərə layla çalan qatarlar

 

kimi

 

Mənim də ürəyimin öz laylası var,

 

sevgidən başlanır, sevgidə bitir bütün notlar.

 

Birnəfərlik kupe kimidi mənim ürəyim,

 

bileti əlində qalar, keçməyə həddi olmaz

 

hansısa sərnişinin...

 

Sən o balaca otağa necə sığmısan bilmirəm,

 

rahatca gəzib dolaşırsan künc-bucağında.

 

"Zəbt etdiyin" bütünümün evi, yaşamağa

 

davam yeri olmusan.

 

Mənim ürəyimin mətbəxi, dincəlmək,

 

yemək hücrəsi

 

divarlarına hörülən sən adlı sevda çırağıyla

 

işıqlanır,

 

Acanda xatirələrdən süfrə qurur,

 

hər xatirənin yanına bir şeir düzür çörək əvəzi.

 

Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,

 

səliqəyə salıram dağınıq eşq süfrəsini,

 

gündüz tökdüklərimi yığıram öz yerinə.

 

Sonra öpüb gözündən enirəm yatağıma,

 

Gecə də layla çalır dizlərində uyuyan

 

o bəxtəvər qadına...

 

 

Sən mənim evimsən...

 

Guya ki, mən sənin evin deyiləm,

 

Bu ocaq, bu yuva bizimki deyil?!.

 

Gözündən asılan alovlu baxış,

 

Ruhuna qovuşan ruh mənim deyil?!.

 

Ovcun əllərimin isti yuvası,

 

əllərin ovcumda ən əziz sakin.

 

Sən məndə var olan ilahi adam,

 

Mən səndə yaşayan bəxtəvər qadın.

 

Bizim yaşamağa evimiz yoxdu...

 

Sən mənim evimsən,

 

Mən sənin evin...

 

 

Tanrı, öp dünyanı!

 

Dünya boğulur...

 

siyasət adlı qatilin

 

gözəgörünməz barmaqları

 

ölüm fırçasıyla rəngləyir

 

dünyanın sinəsini,

 

nəfəsi kəsilir yer üzünün...

 

İlahi, özün gəlmə,

 

bircə mələyini göndər

 

nəfəs üfürsün yerin

 

ciyərlərinə.

 

O nağıl vardı ha, o nağıl -

 

mağarada yatmış gözəl

 

şahzadənin öpüşündən

 

ayılmışdı.

 

Bir təzə nağıl başla,

 

mənfi qəhrəmanın

 

qələbəsinə sevindirmə iblisi.

 

Bu nağılın sonuna

 

üç alma da göndərmə,

 

Tanrı, öp dünyanı!

 

 

Mən olsaydım

 

Güzgüdəki mənəm?!.

 

...yox, mən deyiləm,

 

mən olsaydım -

 

təbəssüm toxuyardı kirpiklərim,

 

duyğu misralanardı gözlərimdə,

 

şeir dillənərdi baxışlarımda...

 

Mən olsaydım -

 

üşüməzdi əllərim,

 

ağlamazdı saçlarım,

 

ağrımazdı qollarım.

 

Mən olsaydım -

 

yıxılmazdım sənsizlik adlı ağrının

 

ayaqlarına,

 

yoxluğuna bürünmüş dünyanın

 

havasızlığından

 

asmazdım nəfəsimi,

 

sükutu qucaqlamazdı qulaqlarım,

 

qaranlığı öpməzdi gözlərim.

 

Mən olsaydım -

 

sevinc oynaşardı dodaqlarımda,

 

kədər çiliklənərdi yanaqlarımda...

 

Güzgüdəki mənəm...

 

çəkildim göylərə..,

 

ruhum çırpınır

 

Tanrının ovcunda kəpənək kimi...

 

Ruhum leysanlara təslim

 

Balışıma daşır gözüm,

 

Kürdən qopan qol kimidi.

 

Öyrənib sulara üzüm,

 

Ümmana bir yol kəm idi.

 

Susuram, içim alışır,

 

Dinirəm sözüm yandırır.

 

Var olan nəyə çalışır,

 

Məni yoxa inandırır?!

 

Haqq verər göz gördüyünə,

 

Aldadar qulaq adamı.

 

Bəxtim düşüb kor düyünə,

 

Əcəl alacaq "qadamı".

 

Kərpic-kərpic hördüyümə,

 

Divar-divar ah sarılır.

 

Ömür deyib sürdüyümə

 

Dərd baxır, bağrı yarılır.

 

Əlimi tutan öz əlim,

 

Ayaqlarıma əsayam.

 

Əsirdi ağzımda dilim,

 

Səbrini udan kasayam.

 

Getdiyim yolun kəsəsi,

 

Qəmin izinə calanır.

 

Kimim var umub küsəsi,

 

Kölgəm dizimə dolanır.

 

Duyğularım uçuq, pərən,

 

Ruhum leysanlara təslim.

 

Ehh... nəfəsindən öpərəm

 

Dönsə könlümə söz fəsli...

 

 

Sevinc QƏRİB

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun. S. 6.