Sabir Rüstəmxanlı: portretə cizgilər

Bu günlər Azərbaycanın ədəbi çevrəsi, aydınları, geniş oxucu kütləsi xalqımızın sevimli qələm sahibi, ictimai-siyasi xadimi Sabir Rüstəmxanlının 75 illiyini qeyd etdi, ədəbi fikirlərimizin güzgüsü "Ədəbiyyat qəzeti" bu münasibətlə çox sevindirici, düşündürücü, kövrəldici ayrıca say buraxdı. Yüzlərdən biri kimi özümə dost saydığım, ilk gənclik illərindən təmasda olduğum bu böyük Yurddaşın, şair, yazıçı, publisist, ictimai-siyasi xadimin keçdiyi sayqılı yaşam yolu gözlərim önündən keçdi... Qələmi bir neçə kərə götürüb qoydum. Sadə olduğu qədər də böyük olan, XX yüzilliyin başından ədəbiyyatımızın nəhəngləri, ictimai-siyasi xadimləri ilə tutuşdurula bilən Sabir Rüstəmxanlı haqqında yazmaq kolay deyildi. Zira dağlardan, dərələrdən, süni və təbii maneələrdən keçərək zirvəyə ucalmış bu bənzərsiz şəxsiyyət haqqında çox yazılıb deyilmişdir. Amma böyük Heydər Əliyevin, Bəxtiyar Vahabzadənin, Əbülfəz Elçibəyin, yüzlərlə tanınmışların fikir söylədiyi Sabir Rüstəmxanlı haqqında "demək olar ki, hər şey deyilmişdir" düşünmək, yanlış olardı. Biz yalnız Ayın görünən üzünü görə bilirik...

 

Bizlər - ötən yüzilliyin 60-cı illərinin yeniyetmə gəncləri dörd manatlıq ucuz çamadanla kənddən Bakıya gəlmiş, yüksək balla Azərbaycanın tək universitetinin astanasından içəri keçə bilmişdik. Sabir də, mən də sənədlərimizi filoloji fakültəyə vermişdik. Şərqşünaslıqda 16 nəfərlik ərəb dili tərcüməçiliyi şöbəsində on nəfər imtahanlardan kəsilmişdi, filologiyada isə konkurs gözlənilirdi. Şərqşünaslığın dekanı, ümumi razılığa əsasən, şəxsən özü baxıb, seçib on nəfərin şəxsi işini götürmüşdü. Onların arasında biz də vardıq. İlk tanışlıqdan ədəbiyyat sevgisi, yazıb-yaratmaq həvəsi bizi yaxınlaşdırdı, bir partada oturduq. Bəlkə də universitet auditoriyasında Sabirin şeirlərini oxuduğu ilk adamlardandım. Orta məktəbi 16 yaşımda bitirmişdim, rayonlararası qəzetdə korrektor işləmişdim, yazılarım burada dərc olunmuşdu. Sabirin vətənpərvərlik mövzusunda şeirini Cəbrayılın indi "Xudafərin" adlanan qəzetinə göndərdik. Çox keçmədi şeir dərc edilmiş qəzeti bizə göndərdilər. Bu, Sabir üçün sürpriz oldu: ilk dərc olunmuş şeirini Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının tələbkar oxucuları oxumuşdular.

 

Ərəbcə öyrənmək böyük vaxt, diqqət tələb edirdi. Universitetə ədəbiyyat sevdası ilə gəlmişdik. Amma 1-ci sinifdəki təki əlifba öyrənmək, söz əzbərləmək döşümüzə yatmırdı. Mən bədii nəsrə, Sabir poeziyaya meyilli idi, hər gün təzə şeir yazırdı. O, qaynar bulaq idi, kükrəyirdi. (Ancaq bu qaynar bulağın özəlliyini, mahiyyətini tam şəkildə sonralar anlayacaqdım). Başa düşəcəkdim ki, təzyiqlə kükrəyən bu bulağın gözünü bağlamaq olumsuzdur.

 

Bu bulaq məni də öz axarına aldı. Dərs vaxtı pıçıldaşmağımızı ərəb dili müəllimimiz irad tuturdu. Qərara aldıq ki, filologiya fakültəsinə keçək. Jurnalist bölümünə rəhbərlik edən tanınmış qələm sahibi Nurəddin Babayev bizə qayğı göstərdi, kiçik sorğu-sualdan sonra ərizə yazdıq. Ertəsi gün Şərqşünaslığın dekanının yanına gedib şəxsi işimizi götürməliydik. Axşam atamla məsləhətləşdim. O, "Mən olsam, dəyişmərəm. Yazan harda oxumağından asılı olmayaraq yazacaq"...

 

Sabirə təklif etdim ki, gəl dəyişməyək. Ərəb dili, ədəbiyyatı, tarixi, bu ölkələrə səfərlər başqa aləmdir... O, fikrindən dönmədi. Yollarımız ayrıldı. Amma məslək dostu kimi qaldıq. Çox illər keçəndən sonra Sabir dedi ki, gərək fakültəni dəyişməyəydim. Bildirdim ki, əgər o zaman ürəyinin sözünə baxmasaydın, bugünkü Sabir Rüstəmxanlı olmazdın, millətimiz, ədəbiyyatımız itirərdi... Razılaşdı.

 

Biz ərəbşünaslar Moskvanın Yaxın Şərq siyasəti üçün çox gərəkli idik, hərbi və mülki tərcüməçilərə çox böyük ehtiyac vardı. Şəxsən mən 1967-1973-cü illərdə Azərbaycana ancaq məzuniyyətə gəlirdim. Sonrakı illər başqa-başqa Şərq ölkələrini görmək, işləmək həvəsi bizləri dartıb aparırdı. Beynimizi, istedadımızı bizə gərək olmayacaq sahələrə sərf edirdik... Sabirin kitablarını oxuduqca düşünürdüm ki, nə yaxşı o, içindən gələn istəyin dalınca getdi... (Bəlkə də Uca Tanrının ona verdiyi missiyanı yerinə yetirirdi)...

 

Sabir üçün ən uca, qutsal sevgi Ana yurd (Vətən), millət sevgisidi... O, qayğıkeş ata, qardaş, vəfalı dost kimi çoxlarına örnək olmuşdur və olacaq. Tək onun yaxınları, çevrəsi deyil, başqaları da ona baxıb düzlənmişlər, necə ki, sıradakı əsgərlər başda duran 1-ci əsgərə baxıb düzlənirlər. 70-si illərdən sonrakı gənclərimizdə vətənpərvərlik duyğularının aşılanmasında Sabir bəyin əsərlərinin və şəxsiyyətinin önəmli rolu vardır:

O qansızdan öcümüzü almasaq,

Vətən bizi "Oğul" deyib öyməsin.

Dur, qardaşım, silahımız qeyrətdi,

Cənnət yurda iblis əli dəyməsin.

 

Yazarın şəxsiyyəti ilə yazdıqları bir-birini tamamlayırsa, oxucuları onu sevəcək, arxasınca gedəcəklər.

Hələ Sovetlər dönəmində mənsəbə, var-dövlətə əli çatandan sonra səsini içinə çəkmiş, məsləkindən dönmüş bir çox "millətsevər qələm sahiblərini" görmüşük. Sabir Rüstəmxanlı vəsiləyə də, mənsəbə də çatdı, şöhrətləndi, amma tutduğu yoldan bir addım da çəkilmədi, əksinə, mənsəbindən, şöhrətindən Vətəni və Milləti üçün istifadə etdi.

 

Sabir Rüstəmxanlı əbədiyaşar qələm sahibidir. Zira Ana yurd (Vətən), Millət sevgisi onun üçün hər şeydən qiymətlidir, daima Vətəninin gələcək taleyi, yurddaşlarının qayğıları ilə nəfəs alaraq yazıb-yaratmışdır. Xalq həmişə belə dəyərləri özündə birləşdirənlərin arxasınca gedibdir. 1988-1990-cı illərdə xalq hərəkatı dönəmində Sabir ölümü, həbsi gözünün altına alıb meydanlara çıxdı. Döyüldü, söyüldü, təhqir edildi, başı yarıldı. Onun bu cəsarəti, əqidəsindən dönməzliyi on minlərlə yurddaşımıza sirayət etdi. Yüz minlərlə oxucu "Ömür kitabı", "Qan yaddaşı", "Gəncə qapısı", "Cavad xan", "Xətai yurdu", "Bütövlük həsrəti", "Difai fədailəri", "Sağ ol, ana dilim", "Bu sənin xalqındır" kitablarının müəllifini Bakının baş meydanında, auditoriyalarda, müxtəlif tribunalarda od püskürən görürdü. Elə bu kitabların adları quzeyli, güneyli Millət üçün bir çağırış idi...

 

Fazil GÜNEY

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 13.