Kadzuo və Klara

 

Yaxud İsiquronun Nobeldən sonra oxucunun gözlərini ayna parçası ilə qamaşdırıb aldatmaq cəhdi

Allahdan gizlin deyil, bəndədən nə gizlədək? Bizim nəşriyyatlarımız da bizim yazıçılarımız kimi passiv rejimdə çalışır. Bir növ, özlərini depressiv-sentimental ovqata qapılmış kimi göstərib tənbəl-tənbəl mürgüləyir, hərdənbir "mən də varam" deyə, piştaxtalarını paylaşırlar. Dünya kitab bazarı isə XXI əsrin bütün imkanlarından (hətta pandemiya böhranının yaratdığı yeni fürsətlərdən də) son dərəcə peşəkarlıqla istifadə edərək həm ədəbiyyatı yeniləməyə və yaşatmağa davam edir, həm də ədəbiyyatı yaradanları - yazıçıları yəni.

 

Əslində, nəşriyyatlarımız barədə yazdığım bu abzasın nə mənim yazıma dəxli var, nə də Kadzuo İsiquroya. Amma həm də dəxli var. Çünki Nobel mükafatı laureatı olduqdan sonra artıq dünya şöhrəti qazanmış bu yazıçının son romanından xəbər tutmayacaqdım, əgər məsələn, başım öz nəşriyyatlarımızın maraqlı layihələrinə, diqqət çəkən və motivasiya verən saytlarına qarışsaydı, nəticədə də Moskvanın məşhur EKSMO nəşriyyatının elektron səhifəsini daim izləməsəydim.

 

Nə isə. Dil ağrıyan dişin üstünə gedər deyib atalar, odur ki, bu mövzuya da toxunmadan sözə başlamaq mümkün olmadı.

 

Keçək İsiquroya.

 

Neyləyib gündoğan ölkənin Bukerçi və Nobelçi yazıçısı?

 

"Klara və Günəş" adlı yeni roman yazıb.

 

Və bu romanın reklamı il başlayar-başlamaz dünyanın ədəbiyyat izləyicilərini rahat buraxmadı. Şəxsən mən annotasiyadakı təqdimata qapılaraq, düz bir ay boyunca əsərin elektron versiyasının sayta satışa çıxarılacağını həyəcanla gözlədim, hətta öncədən ödəniş də etdim və may ayının 3-də kitab artıq elektron poçtumda məni gözləyirdi.

 

Oxudum!

 

Pərişan oldum...

 

Əsərləri dünyanın əllidən çox dilinə tərcümə edilmiş, milyonlarla tiraj satışı olan, "Mənim məqsədim beynəlxalq romanlar yaratmaqdır" deyən yazıçının fantastika ilə gerçək məişətin sintezini qurmaq, bunun fonunda antiutopiya reallığını göstərmək cəhdi tam olaraq alınmayıb.

 

Klara robotdur. Özündən əvvəlki, özü ilə birlikdə yaradılmış və özündən sonrakı nəsil müxtəlif robotlarla birlikdə böyük bir mağazanın vitrinində dayanıb onu öz yeniyetmə uşağı üçün ev dostu kimi alacaq müştəriləri gözləyir. Klaranın, hətta öz robot rəfiqəsi də var, adı Rozadır. Bütün robotlar Günəş işığı ilə qidalanırlar deyə, hər biri vitrinə daha yaxın qalmağa can atır. Burada hamının bir arzusu var - "öz evini" tapıb ora köçmək və lazım olmaq.

 

Klara Cozi adlı xəstə qızcığazın dostu kimi seçilib alınır. Bundan sonra biz yenilənmiş dünyada yaşayan insanların robotlarla necə baş-başa həyat sürdüklərini görürük. Dost robotlar öz yeniyetmə sahiblərini (əslində, onları nə qədər dost kimi təqdim etsələr də, sahib-qulluqçu formatı münasibətlərdə özünü göstərir) hər yerdə müşayiət edir, onlarla birlikdə dərs hazırlayır, hətta bir otaqda gecələyirlər. Yeniyetmələrdən kiminsə ad günü olanda da hər kəs məclisə öz robotu ilə gəlir. Məhz belə məclislərin birində Cozinin dostlarının Klaranı ələ salıb təhqir etdiyini görürük. Daha doğrusu, biz Klaranın (robotun) bu təhqirlərdən incidiyini, sarsıldığını görürük. Bu həssaslıq daha sonra digər məsələlərdə də özünü göstərir. Məsələn, Cozinin anasının gizli planında: o, Cozidən öncə ölmüş qızından sonra ikinci övladının ölümündən də sarsılmamaq üçün, Klaradan Cozinin bütün davranışını, səsini, hətta azacıq axsamasını da eynilə təkrar etməyi istəyir. Cozinin rəqəmsal maketinin hazırlanması üçün isə onu vaxtaşırı şəhərə, tanış rəssamın gizli emalatxanasına aparır. Məqsəd, Cozinin ölümündən sonra onun rəqəmsal maketində Klaranın "beynini" yerləşdirmək, beləcə də ovunmağa can atmaqdır. Klara isə daha həssas davranır. O, Cozinin özünü, gerçək varlığını xəstəlikdən xilas edir - Günəşlə "razılığa gələrək" və öz enerjisindən keçərək.

 

Gözəl mövzu, əla süjetdir.

 

Amma heyif ki, müəllif bu gözəlliyi, bu əlahiddəliyi məhz bu janr üçün və bu janrın müasir dövrün tələblərinə uyğun forması üçün özünün bəsit informasiya bazasından kənara çıxmağı bacarmadığına görə verə bilməyib. Uzağa getməyək, elə Ayzek Əzimovun "Mən robotam" kitabını oxuyan bütün fantastikasevərlər informasiya bazalarının bədii əsər adına təqdimatındakı səviyyə fərqini açıq-aşkar görəcəklər, əminəm. Hələ plagiat barədə danışmıram (Əzimovun robotu dayədir), çünki mövzu özü az işlənməyib.

 

Düşünürəm ki, mövzunu müsabiqə üçün elan etsəydilər, eyni romanı İsiqurodan daha yüksək səviyyədə yaza biləcək müəlliflər az olmazdı. Bəlkə Bernar Verber, bəlkə Viktor Pelevin, bəlkə Anna Starobinets, bəlkə elə Kadzuonun öz həmvətəni, Haruki Murakami... bəlkə də bizdən kimsə.

 

P.S. Nəşriyyatlarımıza və yazıçılarımıza Günəş diləyirəm, hətta deyirəm ki, gəlin biz də gözəl əsərlər yazaq, oxucularımızı yola verməyi saxlayaq Bukerdən, Nobeldən sonraya. Lap elə İsiquro kimi.

Cavi DAN

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 19.