Günün hökmü

 

Vəziyyət ruscadır

İngilis yazıçısı Daniel Defonun "Robinzon Kruzo" romanı bütün zamanların ən faydalı əsəri hesab edilir. Hətta "dünyanın sonu yaxınlaşsa, ya da inzivaya çəkilsən hansı kitabı özünlə götürməlisən?" - kimi mənasız suallara ən ağıllı cavab bu adla bağlı olur. Robinzon Kruzonun kimsəsiz, insan ayağı dəyməyən adada yaşadığı 28 illik həyatı öyrənmək, mövcud olmaq uğrunda mübarizə aparmaq üçün dərs vəsaiti kimi yazılıb... İbtidai insan vəziyyətinə qayıdıb sağ qalmaq üçün necə yollardan keçməli olduğumuzu, yaxud elə Homo Sapiensin hansı mərhələləri adladığını da "Robinzon Kruzo"dan xəbər ala bilərik. Yəqin, əsəri həmişəlik aktuallaşdıran təkcə onun bədii səviyyəsi deyil, həm də dərslik olmasıdı, həyatı tədris etməsidi. Axı 28 ilə nələr yerləşməz ki?! Özü də kimsəsiz adada, tək-tənhasansa, 24 saat hər yandan təhlükə axırsa üstünə...

 

Rus yazıçısı Aleksandr Soljenitsının "İvan Denisoviçin bir günü" povestini oxuduqca istər-istəməz paralellər çıxır ortaya. Cəngəllik qanunu (ya da qanunsuzluğu!) ilə idarə olunan həbs düşərgəsində, məhbus İvan Denisoviçin bircə günündə Robinzonun 28 illik ağrısı, əzabları, çətinliyi görünür. Bir də Robinzonu bu çıxılmazlığa salan təbiətdir və sağ qalmaq üçün sadəcə yemək, istilik, sığınacaq tapmaq bəs edir. Amma İvan Denisoviçin və onun kimi sürgündə, məhbəsdə olan bir çoxlarının zülümlərinin baiskarı insandır. Robinzon vəhşi təbiətlə, İvan Denisoviç isə amansız insanla (oxu: rejimlə) üz-üzədir və bu vəziyyətdə qurtulmaq üçün başını işlətməkdən, təslim olmamaqdan, qanunlara tabeçilikdən savayı yol yoxdu... İnsan aclıqla imtahana çəkildiyində xarakter özünü göstərir - deyirlər. Mənə görə bu sayaq əsərlərin hamısını birləşdirən ideya insanın bütün çətin, dözülməz, qəddar durumlarda ləyaqətini, mənliyini, qürurunu qorumasıdır. Hər halda sənət izah etməyə, bəlkə əslində, oxucusuna öyrətməyə çalışır ki, mümkündür; insan ən acınacaqlı vəziyyətdə də, aclıq, soyuq, səfalət, dəhşətli iztirablar içərisində də şəxsiyyətini qoruya bilər. Dərinə gedəndə axı şəxsiyyəti qorumamısansa, heç sağ qalmağa da dəyməz. Yəni bütün zülümlərdən, dəhşətlərdən özün kimi, başı uca, özünlə barışıq halında sıyrılıb çıxırsansa, qalibiyyətin mənası var. Əks halda çilik-çilik olmuş ruhla, yüz dəfə alçaltdığın mənliyinlə yaşamağına nə gərək...

 

Rus nəsri üçün XIX əsrdən üzübəri yeni deyildi bu yanaşmalar... Yəni insanın fərqli vəziyyətlərə salınıb daxilinin təftiş edilməsi sənətin əsas obyekti sayıla bilərdi. Ən adi adamları mənəvi və maddi sınaqlardan keçirib nəticəni oxucusuna göstərən Puşkindən üzübəri Tolstoyun qəhrəmanını saldığı ölüm döşəyini, ya da döyüş meydanını, Şedrinin gülməli vəziyyətlərini, Lermontovun insan taleyini xalqın tarixindən üstün tutmasını, daha nələri-nələri bu tezisi açmaq üçün nümunə gətirmək olar. Və elə "İvan Denisoviçin bir günü"nü də rus nəsrindən istənilən qəhrəmanın günü, ayı, ili - düşüncələri, gözləntiləri və qorxuları ilə müqayisə yersiz görünməz. İntəhası məhz həbsxana, düşərgə, katorqa və burdakı adamın halından, başına gələnlərdən danışırıqsa, Dostoyevski zirvədir. Özü yaşadığı məhbəs, sürgün həyatından sonra yazdıqları rus oxucusu üçün dəhşət idi... Bir yandan real faktlar, digər tərəfdən də bütün bunların hansı ustalıqla qələmə alınması təsirsiz ötüşə bilməzdi. Ona görə də bəzən "İvan Denisoviçin bir günü"nü "Ölü evdən qeydlər"in ardı kimi yozurlar, Soljenitsını Dostoyevski ənənələrinin davamçısı kimi təqdim edirlər. Əlbəttə, heç şübhəsiz ki, "Ölü ev..."i oxuyan adama "İvan Denisoviç..." tanış gələcək. Amma iki ayrı əsr, iki fərqli rejim və hətta məhbəsin də bunların müxtəlifliyini göstərməsi həlledici məqamdı... Bircə fakt Çar rejimi və Sovet mühitinin necə bir-birindən seçildiyini izah edir; Dostoyevski qəhrəmanları cinayətkardırlar, hətta onların arasında atasını öldürüb bu haqda rahatlıqla danışanlar da var... Soljenitsın düşərgəsinin sakinləri, əbədi sürgün və həmişəlik məhbəs yaşayan bu adamlar heç bir cinayət törətməyiblər. Amma Dostoyevskinin yazdığı mühit İvan Denisoviçin olduğu durumla müqayisədə bir istirahət zonası təsiri bağışlayır. Bir neçə kiçik detalla bu fərqi izah etmək olar; Dostoyevski qəhrəmanları ac deyillər, hətta o qədər toxdurlar ki, qazlar düşərgədə azad-azad gəzə bilərlər. Soljenitsın qəhrəmanının aclığını, yemək axtarmasını, balaca bir kolbasa tikəsini ağzında necə uzun-uzun saxlamasını elə yazır ki, hürr dünyanın, bolluq dövrünün adamının da ürəyi üzülür... Buna baxmayaraq başqa bir rus yazıçısı, islah-əmək düşərgələri, həbsxana həyatı haqqında "Kollım hekayələri" silsiləsinin müəllifi Varlam Şalamov Aleksandr İsayeviçin vəziyyəti təhrif edərək yazdığını deyib. Özü də zamanında bu zülmlərdən keçən Varlam Şalamov əsərdə düşərgə pişiyinin var-gəl etməsini (o aclıqda pişik qalardı!), ya da məhbusların yeməyi qaşıqla yeməsini (qaşıq hardaydı orda...) ironiya edib gülürmüş.

 

Bir vaxt müharibədə iştirak edən dostuna yazdığı məktubda Stalini və rejimi tənqid edən Aleksandr Soljenitsın elə həmin kağızın ələ keçməsi ilə ömürlük sürgün olunmuşdu. Üstəlik, 8 il azadlıqdan məhrumetmə cəzası... İntəhası riyaziyyat diplomu karına gəlmişdi, onu Qazaxıstanın şimalına Ekibastuz duz mədənlərinə sürgün etmişdilər. Hekayə yazmaq, bir məhbusun gününü bədii şəkildə qələmə almaq ideyası da elə orda yaranmışdı:

 

"Adi bir düşərgə günü idi, ağır iş görürdüm, yoldaşımla yük daşıyırdım və bir günün içində bütün düşərgə həyatını necə təsvir edəcəyimi düşünürdüm. Əlbəttə ki, düşərgənin on ilini də təsvir edə bilərsən, düşərgələrin bütöv tarixi var, amma hər şeyi bir gündə cəmləşdirmək, sanki parçalara ayırmaq, ortaq məqama gəlib səhərdən axşama qədər diqqət çəkməyən adamın sadəcə bir gününü təsvir etmək kifayətdir".

 

Soljenitsının məqsədi heç nəyi ağırlaşdırmadan, bədii boyalarla daha da təsirli etmədən düşərgəni anlatmaq idi. Həm də öz xatirələrində dediyi kimi, bunun üçün adidən adi bir adamı, İvan Denisoviç Şuxovu seçməsi təsadüfi deyildi. Yəni yazıçının niyyəti - baxın necə qeyri-adi, dahi, üstün adamları məhv edirlər - demək yox, düşərgənin amansızlığını göstərməkdi. Elə düşərgə özü də hökumətin, rejimin simasını, insana münasibətini ifadə etmirdimi?! Axı İvan Denisoviç sadəcə alman əsirliyindən xilas ola bildiyi üçün bura düşüb. Özü də - vətənə xəyanət etmək üçün bilərəkdən əsirliyə düşmüşəm - deyə etirafa qol çəksə də, onun vətənə dönmə səbəbini də uydurmaq alınmayıb. Tutarlı bir şey gəlməyib ağıllarına. Və onunla birgə onlarca, yüzlərlə adam səhər saat 6-da çəkicin zərbələrinin səsinə oyanıb gecəyəcən necəsə salamat qalmağa çalışırlar. Qaydalar amansız, temperatur mənfi, münasibət temperaturdan da mənfi... Amma gecə yerinə girəndə əlin-ayağın yerindədirsə, salamatsansa, xoşbəxt və məmnun da hiss edə bilərsən özünü.

 

O zaman, 1962-ci ildə bu cür əsərin yazılması ədəbi hadisə idi, çünki mühitdə ədəbiyyatın süqutu haqqında söhbətlər çox gedirdi. Amma bu əsərin çapı möcüzəvi iş idi, siyasi-ictimai olay idi, dövrü xarakterizə etmək üçün həlledici məqam idi.

 

"Aydın məsələdi ki, Tvardovski jurnalın baş redaktoru olmasaydı, bu hekayə çap olunmazdı. Ancaq əlavə də etməliyəm. Həmin vaxt hakimiyyətdə Xruşşov olmasaydı, yenə çap edilməzdi. Bir əlavə də edim: Xruşşov bu dövrdə Stalinə hücum etməsəydi, hekayə çap olunmazdı. 1962-ci ildə Sovet İttifaqında hekayəmin nəşri fizika qanunlara qarşı çıxmağa bənzəyir. Misal üçün, əgər Qərbdə çap olunsaydı, elə həmin sosialistlər deyəcəkdilər ki, hər şey yalandı, belə bir şey olmayıb, düşərgələr də yox idi, dağıntı da olmayıb".

 

Bunu illər sonra Soljenitsın özü deyirdi, povestin çapından heyrətini də gizlətmirdi. Həqiqətən insanların taleyi olduğu kimi, bədii əsərlərin də, sənət nümunələrinin də taleyi var. Deməli, o zaman Stalinin ölümündən sonra bəraət alan Aleksandr İsayeviç Ryazanda məktəbdə müəllim işləyirmiş. İllərdir düşündüyü povesti yazsa da, çapa veriləcəyinə inanmırmış. Dostların təkidi ilə yeni əsərini "Novıy mir" redaksiyasına göndərir, özü də "H - 854" - bir zekin bir günü" adı ilə, həm də müəllifsiz... O zaman dərginin redaksiyasında çalışan Anna Berzer mətni oxuyub təsirlənir və şöbənin işçilərindən oğurlanıb baş redaktora, Aleksandr Tvardovskiyə təqdim etmək üçün yollar fikirləşir. "Bir mujikin gözü ilə düşərgə, son dərəcə xəlqi bir mətndir" - deməsiylə redaktoru təsirləndirir... Tvardovski bir gecədə mətni oxumaqla səhər tezdən müəllifi axtarır, mütləq çap olunmalıdır, ədəbiyyatın ölmədiyini sübut etməliyik - deyir. O zaman Tvardovskinin yuxarılarla münasibəti, onlara yarınması haqqında kulisarxası ittihamlar da irəli sürülürdü, amma məhz onun sayəsində, Xruşşovu inandırması ilə hekayə işıq üzü gördü. Bu məqamda yenə Dostoyevski və onun "Bədbəxt adamlar"ı, ilk mətbu əsəri yada düşür. O zaman Nekrasov mətni oxuyub müəllifini təlaşla axtarmasaydı, bəlkə heç Dostoyevskinin də özünü göstərmək, yoluna davam etmək həvəsi olmayacaqdı. Necə ki, məhz Tvardovskinin sayəsində, uzun sürən mücadiləsi ilə ədəbiyyata Soljenitsın kimi yazıçı gəldi, həm də o cür debütlə...

 

Amma əsər müəllifin qoyduğu adla yayımlana bilməzdi. Necə yəni, məgər sovet düşərgələrində insanlar öz adları ilə yox, hansısa rəqəmlərlə işarələnir, bura məgər nasist həbsxanasıdı?! Hə, nə qədər həqiqət yazılsa da, əsərin adı bu qədər cəlbedici olmamalı idi Qərb üçün... Lakin bununla belə əsəri oxuyan hər kəs İvan Denisoviçin timsalında rus xalqının xarakterinin yaradıldığını duyurdu.

 

Korney Çukovski əsərin ilk rəyçilərindən idi, hekayəni ədəbi möcüzə adlandırırdı: "Şuxov, sadə rus insanının ümumiləşdirilmiş xarakteridir: möhkəm, "pis xasiyyətli", dözümlü, hər iş əlindən gələn, hiyləgər və mehribandır. Vasili Tyorkinin (Tvardovskinin müharibədən bəhs edən eyniadlı poemasının qəhrəmanı - P.) qardaşıdır sanki. Burada üçüncü şəxsdən bəhs olunmasına baxmayaraq, hekayə İvan Denisoviçin dilindən, yumorla dolu, rəngarəng üslubda yazılıb".

 

"İvan Denisoviçin bir günü" istər dərgidə, istərsə də sonradan əlavə çap olunan nüsxələrdə yüzminlərlə sayda tirajlansa da, yenə az idi, əsər əl-əl gəzirdi. Ta ki 1974-cü ilə kimi... "Qulaq Arxipelaq"ından sonra hökumətin səbr kasasını daşdıran yazıçı rəsmən ölkədən qovuldu. Əvvəlcə ən yüksək dairələrin müzakirələrindən sonra 1973-cü il fevralın 12-də Soljenitsın dövlət cinayətkarı kimi həbsə atıldı, sovet vətəndaşlığından məhrum olundu, ertəsi gün isə SSRİ-dən Almaniyaya deportasiya edildi. Və onun mühacirət həyatı 1990-cı ilə qədər davam etdi. SSRİ-nin süqutu zamanı və bundan sonra vətəndaşlığı bərpa olunan, əsərləri çap edilən, məktəb proqramına salınan yazıçı doğma vətəninə qayıda bildi. Amma onun yazdıqları, mövqeyi, əsərlərinin bədii dəyəri haqqında müzakirələr, mübahisələr bu gün də davam edir. Onu yazıçılığının zəngin təcrübədən gəldiyini, amma mətnlərinin bədii olmadığını deyənlər də var... Elə oxşar dəhşətlərdən keçən, amma eyni mövzuları bədii şəkildə yazan isə başqa rus yazıçısı idi... Gələn dəfə həmin yazıçının yox, əsərin repressiyaya məruz qalmasından danışacağam!

PƏRVİN

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 18.