Varislər

 

Nağıl bitdi...ya da Əlvida, gözəl dünya

 

"Varislər"in bugünkü qonağı unudulmaz yazıçı, bir-birindən maraqlı teatr və televiziya tamaşalarının müəllifi, istedadlı dramaturq, ədəbiyyatşünas, pedaqoq, gözəl insan, Əməkdar mədəniyyət işçisi Altay Məmmədovun oğlu, tarixçi Elcan Məmmədovdur.

Nizami yurdu - qədim Gəncə

 

1930-cu ilin mayında gəlmişdi dünyaya. Gözlərini dünya və Şərq poeziyasının nəhəngi - böyük Nizami Gəncəvinin vətənində açmışdı. Onun bütün ömrü doğma Gəncəyə bağlı idi. Azərbaycanın neçə-neçə ziyalısının yetişməsində bir müəllimdən əlavə, həm də bir insan kimi rol oynamışdı. Azərbaycan yazıçıları arasında olan hörməti, şəxsiyyət kimi davranışı, rəftarı, yeri gələndə sadəliyi, yeri gələndə ötkəmliyi... insan kimi sevdirmişdi onu. Bir vaxtlar müxtəlif teatrların səhnələrində, televiziya ekranlarında onun yaratdığı qəhrəmanlarla baş-başa qalıb bəzən gülür, bəzən də ürək ağrısıyla cəmiyyətə tutulan aynaya köks ötürürdük.

 

Bu gün unudulmaz yazıçının oğlu Elcan bəylə Altay Məmmədovdan danışacağıq.

 

- "Varislər" layihəsinin məqsədi ədəbiyyat, mədəniyyət, elm, dövlətçilik tariximizdə xidmətləri olan insanları bir daha xatırlamaq, onları cəmiyyətə olduğu kimi təqdim etməkdir. Altay Məmmədov dövrünün tanınmış ədəbiyyat adamı kimi yaşayır xatirələrdə. Onun ömrü Gəncəylə bağlıdır...

 

Sürgün olunan kişinin yazıçı oğlu

 

- Onun atası Yusif kişi Gəncədə bir çox vəzifələrdə çalışıb, sovet işçisi olub. Hətta Gəncəyə tramvay xəttinin çəkilməsi, tramvaydan ictimai nəqliyyat kimi istifadə etmək təşəbbüsü, şəhərdəki mahud fabrikinin inşası onun adıyla bağlıdır. Atam yeganə avtobioqrafik romanı olan "Əlvida, gözəl dünya"da atasıyla bağlı xatirələrə geniş toxunub. Güman edirəm, yaxın vaxtlarda həmin roman latın qrafikasıyla yenidən nəşr olunacaq.

 

Yusif kişi maraqlı xarakterdir, 15 yaşında təkbaşına gedib Orta Asiyaya çıxıb, Daşkənddə tramvay sürüb. Geri qayıtmağı maraqlı bir hadisəylə bağlıdır. Onun idarə elədiyi konkada çar ordusu zabiti bir əsgərə şillə vurub deyib ki, niyə ayağa qalxıb salam vermirsən? Əsgər də deyib ki, niyə qalxmalıyam, çar yoxdur artıq.

 

Çar yoxdur

 

Babam deyib, bu söhbəti eşidəndən sonra başa düşdüm ki, evə qayıtmaq lazımdır. Qayıdıb gəlib, sovet işçisi kimi fəaliyyətə başlayıb, hətta bildiyim qədərilə Gəncə uyezdinin milis rəisi vəzifəsinə qədər qalxıb. Şəmkirdə, Ağdaşda torpaq şöbəsinin müdiri işləyib və s. Stalin repressiyası illərində, 1937-ci ildə əksər ziyalılar kimi onu da Sibirə sürgün ediblər. Atam və özündən böyük qardaşı nənəmin umuduna qalıb. Babam bir də 1956-cı ildə bəraət alıb. Nənəmin də taleyinə Göyçə mahalından didərgin düşmək yazılıb. Qohumları erməni qırğınlarında həlak olub. Nənəmin valideynləri malyariyadan vəfat ediblər. Nənəm uşaq evində böyüyüb. Qətiyyətli qadın idi. Sovet dövründə təhsilə maraq göstərən gənclər üçün qapılar açılırdı, nənəm ikiillik hüquq kursunu bitirib və Gəncə şəhərinin baş hakimi vəzifəsinə qədər irəli çəkilib. Babam sürgünə göndəriləndən sonra nənəm Qönçə xanımı da işdən çıxarıblar. Azərbaycan ədliyyə-hüquq sistemi tarixində xüsusi xidmətləri olan Vahid Qəhrəmanov Gəncəyə gəlib çıxıb, babamla olan keçmiş münasibətlərin xətrinə risk edib, nənəmin şəhər məhkəməsinə kargüzar kimi işə qəbul olunmasına kömək edib, yoxsa işsizlik, məhrumiyyətlər ailəyə çox böyük sarsıntılar yaşada bilərdi.

 

Repressiya bizim ailəni uzun müddət təqib edib, əmim üç fərqli ali məktəbə daxil olub, ikinci, ya da üçüncü kursdan sonra atasının sürgündə olduğunu bilib xaric ediblər.

 

Atam orta məktəbdə cəmi 4 sinif bitirib, beş il fasilədən sonra gecə məktəbində orta təhsilini başa vurub, çünki ailəyə baxmaq lazım idi, işləmək lazım idi.

 

Saatsaz şəyirdi

 

Saatsaz köməkçisi, saatsaz işləyib. Gecə məktəbindən sonra sənədlərini ali məktəbə verib, beş əla qiymət alıb, 25 bal toplayıb, amma onu instituta qəbul etməyiblər, sadəcə, bəxti bir şeydə gətirib, onu ehtiyata alıblar və şərt qoyublar, əgər qəbul olunanlardan kimsə hansısa səbəbdən gəlməsə səni qəbul edəcəyik və "kimsə" gəlməyib, 6 aydan sonra onu ali məktəbə çağırıblar.

 

- Məncə, elə ali məktəb illərindən artıq mətbuatda işləməyə başlayıb. Gəncədəki qəzetlərlə əməkdaşlıq edib.

 

- Bəli, ali təhsil ala-ala "Kirovabad fəhləsi", "Gəncə kommunisti" qəzetlərində ədəbi işçi, məsul katibin müavini kimi çalışıb, ali məktəbdən sonra onu institutda saxlayıblar və bununla da pedaqoji fəaliyyəti başlayıb.

 

- Saatsazlıq səbir və dəqiqlik tələb edir. Evdəki saatları kim təmir edirdi?

 

- Hamısını o təmir ediri, alətləri də vardı.

 

- Altay müəllimin ömrünün böyük hissəsi pedaqoji fəaliyyətlə bağlıdır. Uşaqlıq, gənclik illərinin məhrumiyyətləri... indi nə qədər qürurla danışsaq da, bu qürurun arxasında məhv olmuş insan taleləri var. Sizcə, necə müəllim olub, necə prorektor olub. Yəqin, sənin də tələbəlik dövrün onun institutda işlədiyi illərə təsadüf edib.

 

Ey hörmətli müəllim

 

- Mən instituta qəbul olunanda o, ərizə yazıb prorektorluqdan çıxdı, dedi, müəllimlik mənə daha rahatdır. Mən onun necə müəllim olduğu haqqında danışsam, bir qədər təvazökarlıq olar, amma onun tələbələri var, dəfələrlə olub qarşılaşmışıq, görüşmüşük, hamısı razılıq edib. Atam tələbələrinə, xüsusilə də bacarıqlı, savadlı tələbələrinə, bir də qayğıya ehtiyacı olanlara həmişə ata kimi münasibət göstərib, onları müdafiə edib. Məncə, o tələbələri bu yazını oxuyandan sonra münasibətlərini bildirəcək, sizin sualınıza cavab verəcəklər. Biz ailəsi olaraq hər il may ayının 15-də sosial şəbəkələrdə atamın xatirəsini yad edirik və yazılan şərhlər, göstərilən diqqət həmişə qürurverici olur.

 

Məncə, o, prorektorluqdan həm səhhətinə görə, həm də yaradıcılığa daha çox vaxt ayırmaq üçün imtina etdi.

 

- Bir oğul kimi, onun hansı insani keyfiyyətləri ilə fəxr edə bilərsiniz?

 

- Sizə bir hadisə danışım. Atam bir gün işə gedəndə institutun qarşısında bir neçə balaca uşağın diləndiyini görür. Maraqlanır o uşaqlarla, deyirlər, onlar ümumiyyətlə az qala elə burada gecələyirlər. Yaxınlıqda çadır qurub yaşayan ailənin uşaqlarıdır.

 

Dilənən uşaqlar üçün ev...

 

Atam vaxt itirmədən şəhərin birinci katibinin qəbuluna gedib, məsələni şəhər üçün ciddi problem kimi təqdim edir: "Bu məsələ xarici mətbuata çıxsa, Gəncənin adı pis tərəfə hallanacaq və şəhərdə vəzifə tutanlara da buna görə sağ ol deməyəcəklər". Ailənin mənzil problemi həll olunur, onlara şəhərin ehtiyat fondundan ev verirlər.

 

- Bir dəfə rastıma çıxdı, Altay müəllimin kitablarını hədiyyə edirdiniz, nə məsələydi o?

 

- Atamın kitablarının yenidən, latın qrafikasıyla nəşri ailə olaraq bizim iş planımızdadır. Xatirəsi yad olunan ərəfədə onun keçmiş tələbələri respublikanın müxtəlif yerlərindən öz ehtiramlarını bildirir, xoş sözlər deyirdilər. Biz fikirləşdik ki, o kitablar, əslində, elə o keçmiş tələbələr və onların dərs dedikləri uşaqlar üçün yazılıb. Bir kitabçı dostumun köməyi ilə kitabları hədiyyə etməyə qərar verdik. Hamı razılıqla qarşıladı bu təşəbbüsümüzü. Onsuz da o kitabları satış üçün çap eləməmişdik.

 

- Hətta məşhur akademiklərimiz ali məktəb müəllimi olmaqdan imtina ediblər, səbəb adlarını təmiz saxlamağa, zaçot, imtahan qalmaqallarında hallandırmamağa çalışmaqları olub. Hamımız tələbə olmuşuq, imtahan, zaçot nədir bilirik. Altay Məmmədov özünü sığortalaya bilirdimi?

 

- Atam yazıçıydı, dramaturq idi, qonorar alırdı, yaxşı dolanırdıq. Sovet dövründə qonorar məsələsi yüksək plankalarla ölçülürdü. Mən nə deyə bilərəm. Hər halda, mən elə bir şeyin şahidi olmamışam, ya da kimdənsə onun zaçotda, imtahanda nəsə umduğunu eşitməmişəm. Bayaq dedim, o, tələbələrinə qayğı göstərirdi, bu suala ən dəqiq cavabı, məncə, keçmiş tələbələri verə bilərlər.

 

Zaçot... imtahan...

 

Ucarda yas yerindəydim, yaxınlaşıb dedilər ki, Elxan müəllim mənimlə görüşmək istəyir. Məndən yaşda böyük idi, gedib görüşdüm. Elxan müəllim uzun illər Ucarda təhsil şöbəsinin müdiri olmuş adam idi. O danışdı bu əhvalatı. Yeddi nəfəri zaçotda kəsirlər. Hamısı da kasıb-kusub balası, kənddən-kəsəkdən gəlmiş uşaqlar. Atamın yanına gəlib deyirlər ki, belə getsə, bizim tələbə müavinətimizi də kəsəcəklər, üstəlik, bütün yayı burda qalıb məşğul olmalıyıq. Müəllim qəddar biri olub, atam prorektor kimi gedib özü imtahanda oturub, bütün kəsilənlər hazırlaşıb cavab veriblər və məsələ həll olunub. Mənim yaddaşımda kənar adamlardan eşitdiyim bu cür epizodlar az deyil. Hətta övladına atamın adını verən tələbələri də olub.

 

- Gəncəlilər qonaqpərvər olurlar, yəqin, Bakıdan Gəncəyə gələn qonaqlar çox olurdu. Kimlər gəlib-gedirdi evə?

 

- Onun dostları çox idi, təkcə Azrbaycanda yox, elə keçmiş SSRİ-də də, xaricdə də. Onun ən böyük, ən yaxın dostu Əli Kərim idi.

 

- Hə, xatırladım. "Varislər"də Paşa Əlioğlu demişdi bunu mənə. Altay müəllim ailənin ən yaxın adamı olub.

 

- İndi də biz Paşa Əlioğluyla qonşuyuq. Atamın yenidən nəşr edilən bir neçə kitabının redaktoru da Əli müəllimdir.

 

Fikrət Əmirovla dost idi. "Min bir gecə" baleti bütün dünyada tanınırdı. Onun quruluşunu baletmeyster Nailə Nəzirova vermişdi. Fikrət müəllim də, Nailə Nəzirova da Gəncədəki evimizdə idilər. Fikrət Əmirov "Nizami" baletini yazmağa başlamışdı və dost kimi librettonu atama yazmağa təklif etmişdi. Atam ürəklə yazmışdı librettonu. İndiki kimi yadımdadır, söhbət əsnasında Nailə Nəzirova dedi ki, 6-7 il oxusam, Nizamiylə məşğul olsam, özüm də librettonu yazaram, amma indi vaxtım yoxdur, istəyirəm librettoda mənim adım olsun. Atam razılıq vermədi, vəziyyət gərginləşdi. Axı bunlar qonaqdırlar. Atam başqa cür də rəftar edə bilmir, üstəlik, o boyda Fikrət Əmirov var burda.

 

"Nizami" baleti və librettonun ortağı

 

Atam məni mətbəxdən kibrit gətirməyə göndərdi, kibritlə librettonu yandrımaq istəyəndə, Fikrət müəllim imkan vermədi. O vaxt kseroks yox, elektron variant yox. Əlyazmadır ancaq, yandırsa, bitdi. Sonradan Fikrət müəllim atama demişdi ki, Nailə çox qəliz adamdır, istedadlı baletmeysterdir, amma çox qəribə xasiyyəti var, hətta Moskvada məni o qədər əsəbiləşdirmişdi ki, az qala "Moskva" mehmanxanasının onuncu mərtəbəsindən aşağı atmaq istəyirdim. Sonda atam Fikrət Əmirovun xahişini yerə salmadı, Nailənin adı librettoda getdi. "Nizami" baletinin taleyi ağır oldu. Fikrət müəllim dünyasını dəyişdi, ölkə dağıldı, Nailə Fransaya köçdü və orada erməni əsilli fransız musiqiçisi Jak Duvalyanla ailə qurdu... belə... "Nizami"yə yeni həyatı rəhmətlik Aqşin Əlizadə verdi, notları topladı, axır ki, 1991-ci ildə premyera baş tutdu.

 

Dostlardan danışırdıq: rəhmətlik Sabir Əhmədliylə dost idi. Biz Sabir əminin oğlunun şəhid olduğundan xəbər tutmuşduq, evdə oturub nahar edirdik. Sabir əmi elə hey deyirdi ki, uşağın ad günüdür, bilmirəm nə vaxt gedib görəcəyəm onu. Bizim ailə o gün 4-5 saat ərzində dəhşətli, sözlə ifadəsi mümkün olmayan anlar yaşadı.

 

Xalq yazıçısından gizlədilən acı xəbər

 

Atam deyə bilmədi Sabir əmiyə o acı xəbəri. O, Gəncədən oğlunun xidmətdə olduğu hərbi hissəyə getməyə hazırlaşırdı. Sonra bizə xəbər çatdı ki, uşağı artıq Bakıya aparırlar. Yaralanıb dedik. Qardaşım Elxan Sabir əmini Bakıya gətirdi. Sonradan Sabir əmi atama demişdi ki, sizdə olanda hiss edirdim, nəsə olub, hamı məndən nəsə gizlədir, Almaz xanımın (anamın) gözlərindən oxuyurdum nəsə pis hadisə baş verib, sadəcə, soruşmağa ürək eləmirdim, istəyirdim vaxt ya dayansın, ya da uzansın, heç vaxt bitməsin. Belə...

 

Çingiz Hüseynovla yaxın olub.

 

- Ailədə yazı-pozu adamı oldumu? Kimsə Altay müəllimin yolunu davam etdimi?

 

- Böyük qardaşım Elşad dram yazmışdı, "Qapı" adlı pyes. Yəni yazsaydı, davam etsəydi, bəlkə də, uğur qazana bilərdi, amma çox da həvəsli deyildi, məşğuliyyət kimi baxırdı yaradıcılığa. Özü Gəncə teatrında ədəbi hissə müdiriydi, teatrı bilirdi. Maraqlı üslubu vardı tamaşanın. Həmin tamaşaya bilet tapmaq olmurdu. Xatırlayıram, tamaşaçılar qapını sındırıb içəri doluşmuşdular. Elşadın ölüm xəbərini eşidən Çingiz Hüseynov onun haqqında bir cümlə yazmışdı: "Azərbaycan xalqının görkəmli oğlu dünyasını dəyişdi". Ailəmiz, atam, qardaşım haqqında çox səmimi fikirlər söyləmişdi o, başsağlığı yazısında. Elşad Nizamini gözəl bilirdi, bəzən atam ona Nizamiylə bağlı verilən sualları Elşada ötürürdü, deyirdi, Elşaddan soruşun, o, Nizamini məndən yaxşı bilir.

 

- Bir müddət AYB Gəncə bölməsinin məsul katibi olmuşdu. Yazarları idarə eləmək çətin olur.

 

Nazim Hikmətin, Əziz Nesinin dostu

 

- Hə, o işdən də özü getdi. Dedi, daha bəsdir, qoy təzələr gəlib işləsinlər. Mirzə İbrahimov, Rəsul Rza da Gəncədə evimizdə bir neçə dəfə olublar. Ümumiyyətlə, yazı-pozu adamları Gəncəyə gələndə atamla görüşmədən getməzdilər. Əziz Nesinlə dost idi. Əziz Nesin Azərbaycana gələndə Göygöldə bir yerdə olmuşdular. Nazim Hikmətlə dost olub, xatirələrini Nazim Hikmətə həsr etdiyi kitabda da yazıb.

 

- Uzun illər Azərbaycan teatrında və teletamaşalarda Altay Məmmədov imzasını görmüşük. "Həmyerlilər" və "Kişilər" tamaşaları məşhur idi. Ən azı, hər birini ildə iki dəfə göstərirdilər. Gəncə teatrının "Kişilər"i maraqlı idi, Azərbaycan televiziyasının da eyniadlı teletamaşası vardı, Altay müəllim bu tamaşalardan hansına yüksək qiymət verirdi? Hansı Hüseyn Ağbacı onun ürəyincə idi?

 

- Mən də bu sualı ona verirdim. Deyirdi, teletamaşa ilə teatr tamaşasının imkanları fərqlidir.

 

- Yox, mən iki fərqli aktyor oyununu nəzərdə tuturam. Telman Əliyevin teatrda, İlham Əhmədovun televiziyada yaratdığı obrazlardan gedir söhbət.

 

- Aydındır. Telman Əliyev böyük aktyor idi, onun Ağbacısı da möhtəşəm idi.

 

- Evinizdə başqa maraqlı adamlardan kimləri xatırlayırsınız? Bir dəfə rusiyalı qonaqlar da sizdə olublar, məncə. Bir xalça söhbəti var...

 

Ay o Alabaşlı...

 

- Hə... onu deyirsiniz. Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirilirdi, bizim mədəniyyət xadimləri ilə rusiyalı qonaqlar da vardı. Rus aristokratiyasının gözəl bir nümayəndəsi də bizdə idi - Leonid Lents. Klassik Azərbaycan evlərini bilirsiniz də, xalça-palaz... Atam gördü ki, bu nəsə sözlü adama oxşayır. Atamdan soruşdu, təbii ki, rusca, bu stansiya Alabaşlı hardadır? Alabaşlı da babamgilin kəndidir. Atam soruşdu, nə məsələdir axı? Dedi, mənim atam tez-tez "Ay o Alabaşlı, ay o Alabaşlı" deyirdi. Hamımıza maraqlı gəldi. Demək, Lents babası rus generalı olub, Qarsdan müharibədən qayıdanda özlərilə qənimət kimi xeyli xalça-palaz yükləyiblər qatara, qatar Alabaşlı stansiyasında dayananda bunlar sudan, yeməkdən bir şey almaq üçün vaqonu tərk ediblər, qayıdanda görüblər Alabaşlı camaatı vaqonları qəşəng "silib-süpürüb".

 

- Yəni türkün malı gavura qismət olmayıb.

 

- Yəni... rus generalı o boyda yolu gətirib qənimətləri, Alabaşlıda hamısı əlindən çıxıb. Atam gülə-gülə dedi ki, bizim əslimiz elə Alabaşlıdandır... Alabaşlıyla bağlı başqa bir hadisə yadıma düşdü.

 

Babam Şəmkirdə torpaq şöbəsinin müdiri işləyəndə görüb Alabaşlı stansiyasında bir qatar dayanb. Maraqlanıb, deyiblər, məktəb tikintisi üçün materiallardır. Soruşub, hara gedir bu materiallar, deyiblər, Çardaxlıda məktəb tikintisi üçün göndərilib. Çardaxlı da Baqramyanın kəndidir, Şəmkirin tabeliyində idi.

 

Boşaldın qatarı

 

Babam deyib, Çardaxlıda yaxşı-pis məktəb var, amma Alabaşlıda məktəb yoxdur, boşaldın qatarı, başlayın məktəb tikməyə. Bu hadisədən sonra ermənilərin babamdan şikayət eləmədiyi yer qalmayıb və gələcək sürgünün təməli elə o vaxt qoyulub yəqin. İndi həmin məktəb babam Yusif Məmmədovun adını daşıyır.

 

- "Dəli Domrul" da məşhur tamaşa idi, doğrudur, deyirdilər, Gəncə teatrında uğurla gedib, amma mən Tədris Teatrında baxmışdım ona, səhv etmirəmsə, Vaqif İbrahimoğlunun quruluşunda, baş rolu da Fəxrəddin Manafov oynayırdı.

 

- Hə, Gəncə teatrında çox uğurla gedirdi tamaşa, amma ona ikinci həyatı Bələdiyyə Teatrında Amaliya Pənahova verdi. Orada da maraqlı bir hadisə yaşanmışdı. Tamaşanın ərsəyə gəlməsində rəhmətlik Telman Əliyevin əməyi çox keçmişdi. Nəsə tamaşa artıq premyeraya hazırlaşırdı, bir gün getdim Bələdiyyə Teatrına, afişanı görəndə əsəbiləşdim. Müəllif kimi "A.Məmmədov" yazılmışdı. İlk qüsurumu Telman müəllimə bildirdim. A.Məmmədov adlı yazıçı yoxdur dedim, Altay Məmmədov var, afişa mütləq dəyişməlidir. Amaliya xanımla görüşdüm, iradımı ona da dedim, nəsə, məni sakitləşdirmək istədilər, razılaşmadım, afişanı dəyişdirtdim. "Dəli Domrul" tamaşasıyla Bələdiyyə Teatrı xaricə qastrollara getdi və çox uğurlu oldu. İnşallah, eşitdiyimə görə, Şəki teatrı da "Ulduzlar görüşəndə"yə müraciət eləməyə hazırlaşır.

 

Salam, Vyetnamdan gəlmişik

 

- Altay Məmmədovun əsərləri ispan, rus dillərinə tərcümə olunub və hansısa pyesi xaricdə tamaşaya qoyulub, deyəsən.

 

- "Ulduzlar görüşəndə" sovet dövründə məşhur olan Sovet Ordusu Teatrında tamaşaya qoyulmuşdu və Mərkəzi Televiziyanın 2 kanalı ilə nümayiş olunmuşdu. Adıçəkilən pyesin bir başqa izi də gedib Vyetnama çıxıb. Bir gün Gəncədəki evimizin qapısı döyüldü, açdım, salam verdilər. Dedilər, biz Altay müəllimin "kuçəliləriyik", Altay müəllimlə görüşmək istəyirik. Görüşdülər. Gələnlərin ikisi də neftçiydi, Neft və Kimya İnstitutunu bitirəndən sonra tale onları aparıb Vyetnama çıxarıb. Bir gün Xoşimində gəzəndə teatrın qarşısında basırıqlıq görüblər, yaxınlaşıb baxanda afişada atamın adını və "Ulduzlar görüşəndə" yazısını oxuyanda qürur duyublar. Tamaşaya baxıblar, tamaşadan sonra rejissorla görüşüblər və müəllifin həmyerlisi olduğunu deyiblər. Rejissor da atama xatirə hədiyyəsi göndərmişdi, dekorativ güllər, lələk, şəkillər... Belə.

 

- Altay müəllimin yaradıcılığı haqqında xeyli danışdıq. Bir az ailədən danışaq. Almaz xanımla necə tanış olublar, münasibətləri necəydi? Necə yola gedirdilər?

 

- Onlar institutda bir yerdə oxumuşdular, anam da müəllim idi. Atam yaradıcı məsələlərdə həmişə anamla məsləhətləşirdi, müzakirə edirdilər. Kənd mövzularının, kənd xarakterlərinin əksəriyyətini atama anam danışırdı.

 

Evdə həmişə yaradıcılıq, elm söhbətləri gedirdi, atam dinləməyi xoşlayan adam idi, qonaqları danışdırırdı, söhbət edirdilər və qəfildən bir mövzu çıxırdı ortalığa. Bizi kitabların arasında böyüdürdülər. Simfonik musiqi, muğamlar evdə daimi fon musiqisiydi sanki. Mən o günlər üçün çox darıxıram. Təsəvvür edirsiniz, indi altı nəfərlik ailədən cəmi ikimiz qalmışıq: atam, anam, iki qardaşım dünyasını dəyişib və biz də əlimizdən gələni edirik ki, onların xatirəsi unudulmasın. Atam insult oldu, son beş ili əziyyət çəkdi, müalicə olundu və mən Bakıdaydım o vaxt, xəbər mənə çatanda artıq atam həyatda yox idi.

 

Atam dünyasını dəyişəndən sonra anam cəmi bir il yaşadı. Dedi ki, hekayə bitdi, Altaydan sonra mənim üçün yaşamaq çətindir.

 

Elcan Məmmədov

Söhbətləşdi: Əyyub QİYAS

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 16-17.