Sükut

 

Monoşeir

 

Kitablardan oxumuşam ki,

 

analar layla çalır uşaqlarına körpə olanda.

 

Bilmirəm,

 

mən ana səsi eşitməmişəm axı,

 

heç anam da mənim səsimi eşitməyib.

 

 

Anadangəlmə lal-karam mən

 

kitablardan oxumuşam ki,

 

dünyada müxtəlif səslər var -

 

quş səsi,

 

heyvan səsi,

 

su səsi,

 

külək səsi,

 

bir adam səsi.

 

 

hər adamın öz səsi olur, deyirlər

 

deyirlər deyəndə ki,

 

yazırlar.

 

Birinin səsi xırıltılı olur,

 

birininki cır,

 

o birininki məlahətli,

 

başqa birininki başqa cür.

 

Adamlara baxanda

 

səslərini təsəvvür etməyə çalışıram

 

üz quruluşlarına görə.

 

Məsəlçün,

 

bu adama məlahətli səs yaraşar,

 

bu birisinə gur

 

onun səsi cır olar,

 

o birisininki bir başqa cür.

 

Bir onu oxumuşam ki,

 

dünyada musiqi deyilən bir şey var

 

oxumuşam haqqında,

 

amma heç eşitməmişəm.

 

Deyəsən, adamlar danışmayanda,

 

sakit oturanda

 

buna sükut deyirlər,

 

yəni səssizlik,

 

yəni mənim gündəlik həyatım.

 

Ətraf mühitlə əlaqəm ancaq gözlərimlədi

 

mən gözlərimlə yaşayıram,

 

mən gördüklərimlə yaşayıram.

 

Uğultu içindəyəm daim

 

(adətən kitablarda bunu

 

nəyləsə müqayisə edirlər

 

mən başqa heç bir səs eşitmədiyim üçün

 

bilmirəm hansı səslə müqayisə edim),

 

yaxşı heç olmasa ürəyimdə danışa bilirəm.

 

Qəzet köşkündə işləyirəm indi

 

əslində, adı qəzet köşküdü

 

qəzetdən başqa, hər şey satırıq

 

siqaret,

 

alışqan,

 

sərin sular,

 

ucuz şirniyyat,

 

alışqan qazı,

 

qəlyan tütünü,

 

təsbeh,

 

brelok,

 

oyun kartı

 

bu kimi xırda-xuruş şeylər.

 

Çox incidir məni adamların

 

lal-kar olduğumu bilən kimi

 

almaq istədiyi şeyi işarəylə

 

başa salmağa çalışması.

 

Axı mən məktəb oxumuşam

 

adi məktəb yox, xüsusi məktəb.

 

Mənə orda dodaqdan oxumağı da öyrədiblər.

 

Danışın mənimlə

 

başa düşəcəyəm sizi

 

eşitməsəm .

 

Təki siz danışın,

 

danışın.

Həmid PİRİYEV

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 23.