Elxan Zala

Əziz Elxan! Sənin də altmış yaşın olarmış. Elə bil dünən idi, sənin adın gənc şairlərin sırasında çəkilirdi, məni isə həmişəki kimi siz gənclərə diqqətsizlikdə suçlayırdılar

 

Halbuki istedadlı cavanları - sən isə şübhəsiz, onların sırasındasan - həmişə himayə etməyə çalışırdım və çalışıram. Oxuduğum şeirlərini özümün yüksək qimətləndirdiyimdən başqa, ədəbi zövqünə və güzəştsiz münasibətinə inandığım əziz dostum Vaqif Səmədoğlunun da sənin yaradıcılığını yüksək dəyərləndirməsi mənimçün çox önəmlidir. Bu illərdə səni yalnız orijinal şair kimi deyil, həm də türk dünyasına, onun keçmişinə və indisinə, tarixinə və ədəbiyyatına dərindən bələd olan və bildiklərini səxavətlə oxucularla bölüşən adam kimi tanıdım. Odur ki, Mahmud Qaşqarlı fondu yaradarkən səni onun əsas təşkilatçısı kimi görməyim əbəs deyildi. Nə yazıq ki, belə həvəslə çap etmək istədiyimiz "Ulu çinar" jurnalının ömrü qısa oldu.

 

Mənə bağışladığın son kitabın "Ordu günü" qarşımdadır. İstər publisist yazılarınla, istər poema və şeirlərinlə tarixi Qarabağ zəfərimiz, bu zəfəri öncədən görən ulu öndərin ruhu, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, qardaş Türkiyənin Cümhur Başqanı Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyi sənin qələminlə bir daha canlandırılır. Eyni zamanda başqa türk xalqlarının - əcdadlarımız Mete-Oğuzdan Qazaxıstan lideri Elbaşı Nursultan Nazarbayevə qədər türk böyüklərini tərənnüm etməyin, türk dünyasına marağın və sevgin mənə çox doğma, çox tanış, çox məhrəm hisslərin ifadəsidir.

 

Bir neçə il bundan qabaq Yazıçılar Birliyi Türkiyə, türk dünyasıyla Azərbaycanın ədəbi əlaqələrinin inkişafı yolunda xidmətləri olanlara təqdim etmək üçün böyük şairimiz Bəxtiyar Vahabzadə adına mükafatı təsis etmişdi. İndiyədək bu ödülə yalnız türkiyəli ədiblər layiq bilinib. Sən Bəxtiyar Vahabzadə mükafatını alan ilk azərbaycanlı qələm sahibisən və sənin buna tam haqqın çatır.

 

Çox şadam ki, unudulmaz Vaqif Səmədoğludan başqa, çağdaşların, tay-tuşların da sənin yaradıcılığını yüksək qiymətləndirir, haqqında xoş sözlər deyirlər. Bu səmimi sözlərə qocalmağa tələsməyən qoca Anarın da ürək sözlərini əlavə etməyi xahiş edirəm. Pandemiyasız şəraitdə neçə-neçə belə gələcək yubileylərini qeyd edək.

 

24 iyun 2021

 

Anar

Ədəbiyyat qəzeti.- 2021.- 26 iyun. S. 6.