Sandıq

 

Yurd yerinin əlifbası silsiləsindən

 

Uşaqlıq yaddaşımın günc-bucağında sıxışıb qalmış elə obrazlar detallar var ki, mənə rahatlıq vermirdi. Onlardan qurtulmaq üçün əlifba sırası ilə (A-dan Z-ya) yığcam, cəmi 2-3 səhifəlik mətnlərdən ibarət "Yurd yerinin əlifbası" yazmalı oldum - nəticədə 32 mətn alındı. Sevimli "Ədəbiyyat qəzeti"nin səhifələrində həmin yazılardan bir neçəsi ("Qapımızın alın yazısı", "Cığır", "Taykeş çarığın nağılı", "Gecə öyküsü") işıq üzü görüb. "Sandıq" həmin silsilədəndir...

(Müəllifdən)

"Vəli: - Arabada iki böyük sandıq var ki,

heç tərpətmək olmaz. Sən, Tarverdi,

tez oları sındır, içinin şeyini bir yerə yığ..."

M.F.Axundzadə. "Hekayəti - xırs-quldurbasan"

Yasəmən kollarının qara çəpərlərdən əyilən, boz hasarlardan boylanan vaxtıydı.

Göy üzünün qaranquşlara, yer üzünün qarışqalara sevinən vaxtıydı.

Göyçə arvadın nəvəsi sinifdəki qızların gözünə əl güzgüsü ilə şüa salırdı.

Məktəbin xadimələri divarboyu düzülüb özlərini günə verirdilər. Əjdər müəllim hərbi təlim dərsində meydançada yuxarı sinif şagirdlərini sıra yerişinə düzmüşdü hərdən qışqırırdı: "Ay qız, başın batsın, sol ayağınla sağ ayağını seçə bilmirsən?" Məktəbin direktoru Sabir müəllim ona tapşırdı ki, dərsi dayandırsın, uşaqları da akt zalına yığsın.

Kənd məktəbi faşizm üzərində qələbənin 30 illiyinə hazırlaşırdı. Tədbirə müharibə veteranı kimi babam Həmid kişini çağırmışdılar ki, uşaqlara sovet xalqının qəhrəmanlığından özünün səngər xatirələrini danışsın. Axşamdan kişiyə ismarıc göndərmişdilər ki, bir yana tərpənməsin, məktəbdə tədbir olacaq.

Onun dalınca cavan tarix müəllimin özü gedəsi oldu.

Həmid kişi çəliklərini divara söykəyib, kilimli taxtın üstündə güllü mütəkkəyə dirsəklənmişdi, mürgü vururdu.

Müəllim qapının ağzından kişini salamlayıb:

- Həmid əmi, hazırlaş gedək, uşaqlar bizi gözləyir, - dedi.

- Gedə bilməyəcəm, a bala, - Həmid kişi sakitcə cavab verdi.

Tarix müəllimi duruxdu:

- Necə yəni gedə bilməyəcəm? Səni özüm qırmızı "Jiquli"mdə aparıb-gətirəcəm.

Müharibədə kontuziya almış bu köntöy, əsəbi kişini yola gətirmək üçün dilinin şirin yerinə saldı.

- Bəy kostyumun hardadır? - dedi paltar dolabına doğru yönəldi.

Həmid kişi:

- Boşuna özünə əziyyət vermə. Mənim cehizim bax o sandıqdadır, - dedi otağın küncündə, qapağı xana-xana naxışlı, üstü qoşa xoruz şəkilli, metal döyməli sandığı göstərdi, ağzından qara, balaca qıfıl asılmışdı. Sandıq ər evindən küsüb atası evinə qayıtmış gəlin kimi dinməzcə dururdu.

- Açarı bəri ver, səni bəy kimi bəzəndirəcəm, - tarix müəllimi dedi.

- Məndə açar gəzir? Açar arvaddadır...

Tarix müəllimi zarafata saldı:

- İpi Güllər bibimin əlinə veribsən ha! - dedi. - Gedim çağırım, yəqin bağın içindədi.

- Evdə yoxdu, ağlaşmaya gedib. Gəlinin atası bu gecə keçinib.

- İndi bəs neyləyək?

Həmid kişi arvadının qarasınca deyindi:

- Pensiyamızı başa düşdüm, ay rəhmətliyin qızı, mənim andır dəmir-dümürlərimi niyə sandıqda saxlayırsan? - Həmid kişi "dəmir-dümur" deyəndə orden-medallarını nəzərdə tuturdu. Ömründə bir dəfə olsun onları taxmamışdı. Bu otuz ilin başında bir dəfə adam yerinə qoyub məclisə dəvət edirlər, onda da sandıq qıfıllanıb, açar da arvadda...

Tarix müəllimi söhbəti xoş ovqatda saxlamaq üçün:

- Rəhmətlik cijim beləydi. Əlinə keçəni - tut-zoğal qurusunu, Allahın taxta peçenyelərini, nanəli konfetini, mixək-darçını sandığa yığırdı. Dağdan gətirdiyi bir qom yovşanı da sandıqda saxlamışdı. Sandığın qapağını açanda evi ətir götürürdü. Sandıqdan cənnət qoxusu gəlirdi. Vallah, bin-bərəkət elə sandıqlarda idi, - dedi. bir onu dedi ki, cijim öləndən sonra arvad sandığı çardağın altına tulladı, içində kürt toyuq yatızdırır...

İkisi susdu qəribə bir məhrəmliklə sandığa baxdılar. Bu məhrəm baxışlar altında dəmir sandıq xəcalət çəkən adam kimi sıxıldı.

- Ay müəllim, düş aşağıdan baltadan-zaddan bir şey gətir.

- Həmid əmi, baltanı neynirsən? - tarix müəllimi təəccübləndi.

- Bəs sandığı təhər açaq? Qıfılı sındırmalıyıq ki, medallarımı götürüm...

Tarix müəllimi anladı ki, veteranı bu amansız, sərt niyyətindən çəkindirmək çətin olacaq, ona görə sarı simlərə toxunmaq qərarına gəldi.

- Bu sandıq sizin cavanlığınızın yadigarıdı. Güllər bibimin gəlinlik cehizidi, heç bu gözəllikdə sandığı da sındırmaq olar? Güllər bibimi kəl arabasında bu sandıqla gətirdiyin günləri yadına salmırsan? Rəhmətlik cijim deyirdi ki, o zaman sandığı subay qızın bəxtinin açılması üçün alınırdı.

- Onsuz da biz öləndən sonra gəlin onu zibilliyə atacaq, - Həmid kişi dedi. - Yeri, sən dediyimə əməl eylə.

- Sən atanın goru, Həmid əmi, məni Güllər bibimin dilində-ağzında qoyma. Məni günaha batırma.

- Medalsız-ordensiz müharibə veteranımı olar? Qələbə günüdü, camaat qabağına çıxıram...

- Demək, qismət beləymiş, bu dəfə medalsız da ötüşərik. Bütün kənd bilir ki, müharibə iştirakçısı olubsan, qan tökübsən, can qoyubsan bizim yolumuzda - dedi tarixi müəllimi düşündü: "Rəhmətliyin oğlu, şikəst ayağın bunun sübutu deyilmi?".

Yenə sandığa tərəf baxışdılar. Sandıq da günahkar kimi susurdu.

Həmid kişi dedi:

- Ay müəllim, sandığı bəri sürütdə.

Tarix müəllimi kişinin qətiyyətli, kal səsinin hipnozuna düşüb, sandığı taxta tərəf çəkdi. Kişi əlini divara söykəyib dikəldi, topal ayağının belindən qatlanmış şalvar balağı yelləndi. Kişi çəliyini götürüb qıfıla dalbadal zərbə endirə-endirə "səni lənətə gələsən", - dedi.

Sandıq bu qəfil zərbədən diksindi. Qıfıl əsəbi-əsəbi yırğalandı, amma ağrıya dözdü.

- Ay kişi, neynirsən? - tarix müəllimi həyəcanlandı, qollarından yapışdı çəliyi əlindən aldı.

Kişi bərk hirslənmişdi, sarıyanız olduğundan üzündə qırmızımtıl xal-xal ləkələr aydınca bilinirdi. "Səni..." - söymək istədi, amma müəllimin yanında sözünün dalını gətirmədi.

Cavan tarix müəllimi kişini kor höcətindən döndərə bilməyəcəyini anladı. Saatına baxdı.

- Baho, tədbirə gecikdim. Bütün işimiz pozuldu, - dedi deyinə-deyinə, hinduşkaların tərbiyəsiz xorunun müşayiəti ilə həyətdən çıxdı...

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.7.