Unudulmayan qadın

 

Burax əllərimi, çəkil yolumdan!

Bilirəm yerdə, göydəsən.

İnan ki, mənimçün bircə gecəlik,

səhər unudulan boş xatirəsən...

 

İstər sil nömrəmi, istər adımı,

istər o gecədən qalan dadımı,

çətin unudarsan sən bu qadını,

yaranı aldatma... hələ təzəsən.

 

Adı "Sarıdimdik" olan nağılın,

yadına çox düşər... onda bilərsən.

Sol tərəfin sancar, çıxar ağılın

yaman gec sağalan ağır xəstəsən.

 

Burax əllərimi, çəkil yolumdan,

sənin göz yaşların məni saxlamaz.

Səni sevməyirsə əgər bir qadın,

unutma, zor ilə gözəllik olmaz.

 

Xatırla

 

Məni belə xatırla -

son ada xatirəsi,

bir naşı qayıqçının

yarım qalan həvəsi.

 

Məni belə xatırla -

qara, dəli qız kimi.

yavanlıq çörəyinə

son səpilən duz kimi.

 

Məni belə xatırla -

Ruhunun son günahı,

qoca, kor balıqçının

dənizlə vida ahı...

 

Məni belə xatırla -

tez-tez küsən, inciyən,

hər baxışa qısqanıb

kimsəylə bölüşməyən.

 

Məni belə xatırla -

gözünə çək şəklimi,

elə o cür saxla,

bu qədər bəsindimi?

 

Gedənlərin göynəyən yeri

 

Soruşma halımı indi necəyəm,

sən vurub qıralı...

sayını unutdum, indi neçəyəm.

Bəlkə axtarsan viranə qalmış,

dağılmış şəhərdə

yazıq, kimsəsiz

uçulmuş xaraba, yetim küçəyəm.

Bir az ağrıyıram üstünə sağlıq,

sayəndə ürəyim sözümə baxmır.

Hətta əllərim inciyib məndən

özümə etdiyim yanlışlarımı

üzümə vurmağa əlləri qalxmır.

Hər şey əvvəlkitək, qoyduğun kimi...

pişik xumarlanır soba böyründə,

hamı sappasağdır durur yerində.

Təkcə mənəm ölən balası üstə,

yas tutub ağlayan yazıq anatək.

Təkcə mənəm ölən ayağı üstə...

Necə gözləyirəm gecə tez düşə.

Qaçım xatirəmin qoynuna girim,

yenə əllərimdə qara corabın

savaşa-boğuşa sənə geydirim.

Üstünü axtarım... bəlkə tük olar,

yenə didişməyə bəhanəm olar.

Yenə yaxınlaşır bayram günləri...

yanımda qədər adam da olsa

işimdə tənhayam,

yetim uşaqtək

boynumu bükmüşəm

üzü şəhərə.

Boylanıb baxıram

işığı sönmüş,

indi başqaları gülüb gəzişən,

sonuncu satdığın evimiz olan

mənsiz qəribsəyən həmin küçəyə.

Deyingən olmuşam qoca qarıtək,

hər şeyə söylənib söz eyləyirəm.

Bütün gün oturub soba başında

gözümü qapıya köz eyləyirəm.

Dayanıb düşünüb hey söylənirəm -

bütün sevdiklərim məni tərk etdi,

bütün gedənlərim sevərək getdi!

 

Tanış hekayələr

 

Sənlə rastlaşanda payız gəlmişdi,

sənin saçlarına qədər qırov,

mənim gözlərimə sazaq düşmüşdü.

Biz üşüyürdük!

 

İkimiz saçlı, gözü eynəkli,

soyuqlar düşəndə canı ağrıyan,

Ümidsiz sevgidən qəlbi göynəkli...

Biz tanış idik!

 

Bəlkə şeir idi bizi bağlayan,

bəlkə misraların tilsimindəydik.

bəlkə sözlər idi bərk əfsunlayan?

Biz sözə aşiqdik!

 

İndi qarşımızda bir fincan tünd çay,

Gözümüz yumulu barmaqlar qatdaq,

görüş günümüzü hesabla say, say...

Biz darıxırdıq!

Qarışmış bu ara bir az duyğular,

pərdə arxasında qara kölgələr,

ortalıq qarışıq, artıb qayğılar

Biz uzaqlaşırdıq...

 

Özündən qaçış

 

Bir gün yıxılarsan ürəyin üstə,

acı etirafdan - "sevmirəm səni"...

o gündən taparsan dərdi, kədəri,

canından çıxmayan qəmi qüssəni.

Anlarsan -

Sevmək dəhşətmiş, sevilməmək !

 

Sınıb dağılarsan qaranlıqlara,

hər qırıq bağrında min yara açar.

İnamın yıxılar, güvənin itər,

daha şübhələrin min yerə qaçar.

Anlarsan -

Unudulmaq dəhşətmiş, unutmamaq da!

 

Özünü aldadıb inandırmağa

tapıb yapışarsan saman çöpündən,

ömrün uzadarsan xəyallarının,

çıxmaq istəməzsən, yalan gölündən.

Anlarsan -

Getmək dəhşətmiş, gedəmməmək !

 

Uduzmaq ağırmış, həzm etmək çətin,

ölmək istəyərsən dəyərin üçün,

bir gün inanarsan, demə, dəyməzmiş,

səni düşünməyən birisi üçün.

Anlarsan -

Ölmək dəhşətmiş, öləmməmək !

Unudulmuş tənha ruhlar...

Hərdən soruş məni bağlı qapıdan,

qaranquş yuvalı tozlu eyvandan

dəstəyə keçrilib, yazısı itmiş

haçandansa qalmış köhnə qəbzdən,

pərdəsi qaralmış hörümçək torlu,

dəmir barmaqlıqlı pəncərələrdən...

 

Hərdən otağa gir, evə baş çək,

göz gəzdir ətrafa, zəngli saata

gör saat səkkizdə yenə vururmu?

Dolabları dağıt, eşib səpələ

gör o çox sevdiyim yaşıl pijama

həmin siyirmədə hələ dururmu?

 

Hərdən soruş məni boş çərçivədən,

Masanın küncünə niyə atılmış,

Soruş içindəki şəkillər hanı?

Hərdən yadına sal, hərdən xatırla

nişan üzüyünün üstü pozulub

hansısa zərgərə niyə satılmış?

 

Hərdən soruş məni kirli yataqdan,

niyə səliqəsiz, niyə çirklidir?

Onu kim unudub yığışdırmayıb?

Çoxdandı üstündə yatmıram deyə

təmiz görünməyi güllü mələfə

inciyib özünə sığışdırmayıb?

 

Hərdən soruş məni... kimdən kimsədən

Hərdən soruş məni... heç çəkinmədən.

 

Yanğı

 

Qəfil gələn əcəl kimi

ayrılıq sarılaraq öpdü məni,

Heç bilmədim hansı zaman sevdi bizi...

Hələ yollar... hələ yollar bir tərəfə

çaydaşıtək tolazlayıb,

çay aşağı axıtmışdı özümüzü...

Özümüzə açammazkən sirrimizi

heç bilmədim, heç bilmədim ki, Tanrıya

kim satmışdı Tanrıdan da

gizli alan yerimizi.

xoşbəxtdik, xoşbəxtdik

bir zamanlar -

Bir mən idim, bir sən idin, biz bir idik.

Əl-ələ, göz-gözə, diz-dizə,

Sevişərkən həyəcandan təngnəfəs

deyilməyən, yazılmayan şeir idik.

Ta ki, bir gün qəfil gələn xəyanətkar

bir ayrılıq öpdü məni,

öpdü məni,

öpdü məni...

 

Bal-maskarad tamaşası

 

Bir-bir yoxa çıxır can dediklərim,

gah gözümdən düşür, gah ürəyimdən.

Canım ağrıyanda dönüb baxıram

Bıçaq saplayıblar düz kürəyimdən.

 

Gah rollar dəyişir, gah da səhnələr,

çoxalır yanımda üzü saxtalar.

Bu bal-maskarad, bu tamaşa,

ərtafı bürümüş rəngli maskalar?!

 

Yaman pərt oluram... eynəyim yox,

seçim hansı kimdi, yuva quşu?

Qaytarın bileti, istəmirəm mən

belə rejissoru, pis quruluşu!

 

Qaçıram kulisə, yazıqlaşıram,

tanıdıq şəkillər yerə səpilmiş...

Örtürəm qapını, gözləri dolmuş

demə sevdiklərim dünəndən ölmüş!

 

Aida ADIGÖZƏL

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.24.