ŞİRİN

 

Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının qadın personajı

 

Nizami Gəncəvi ilk feministlərdəndir. Doğrudur, bu anlayış hal-hazırda öz məcrasından elə çıxıb ki, böyük zəka sahibini belə adlandırmaq bəlkə də münasib görünmür. Amma dövrünə görə Nizami Gəncəvinin yaratdığı qadın obrazları o qədər özgür və rahatdırlar ki, yazıçının qadının varlığına, düşüncə tərzinə və fikirlərinə olan münasibət o qədər demokratik və ucadır ki, onu başqa cür adlandıra bilmirsən.

Ümumiyyətlə, N.Gəncəvinin əsərlərində qadın obrazları haqqında yetəri qədər danışılıb. Mən qətiyyən təkrara yol vermək fikrində deyiləm. Məqsədim "Xosrov və Şirin" poemasında Nizami Gəncəvini psixoloji mütəxəssis, insan xarakterinin bilicisi kimi açmaq, qadın və kişi münasibətlərini çözmək və Şirin obrazı üzərində dayanmaqdır.

Alqışlanası məqam odur ki, iki qütbün (kişi və qadın) təsviri zamanı yazıçı tərəfkeşlik etmir. Yəni məsələyə sırf kişi təfəkküründən, ampluasından yanaşmır. Qadını təsvir edərkən onun hiss və duyğularının içinə daxil olaraq qadının varlığını olduğu kimi təsvir etməyə başlayır.

Yazılarımın birində qeyd etmişdim ki, didaktika və nəsihət Nizami tərəfindən mətnin canına elə hopdurulub ki, bəzən nəyisə aşkar etmək üçün əsərə arxeoloji baxış keçirmək istəsən də nəsihət burulğanında başının gicəlləndiyini hiss edirsən və buraya nə məqsədlə gəldiyini unudursan. Zatən Nizaminin özü də bəzən özünə "yetər" deyir: "Qayıt əfsanəyə, Nizami, bəsdir! Nəsihət quşunun səsi pis səsdir".

Nizaminin Şirini hökmdar nəslindəndir. Onun əsər daxilində təsviri olduqca mükəmməldir. Biz obrazın saçının uzunluq dərəcəsindən tutmuş, boyu, biçimi, ağlı, kamalı, gözəlliyi haqqında müfəssəl məlumat almış oluruq. Qeyd edim ki, N.Gəncəvi mükəmməl estetdir. O, yaratdığı bütün obrazları gözəl yaradıb.

Nizami Gəncəvi Şirin obrazını əsas obyekt kimi mərkəzdə saxlayır (günəş kimi) və bütün hadisələr onun ətrafında cərəyan edir. Şirin yalnız xarakter nümayiş etdirməklə, hadisələrə adekvat cavab verməklə nümunəyə çevrilir. Nizami Gəncəvinin cızdığı hadisə trayektoriyaları daha çox Şirinin əhvalını, düşüncəsini, xasiyyətini bəlli etmək üçün sanki qurulub. Və istənilən situasiyada biz dəfələrlə qarşımızda mükəmməl Şirin obrazını görürük. Daha düzgün ifadə etsək, mükəmməl qadın strukturunu, sütununu görürük.

Gələk Şirinə aşiq olma məqamına. Mərkəzi fiqurun iki talibi var. Biri hökmdar oğludur, digəri zəhmətkeşdir. Amma adi rəiyyət nümayəndəsi olsa da Fərhad möhkəm xasiyyətə və yenilməzliyə malik obraz olaraq qələmə alınır. Şirinlə hər iki şəxsin tanışlığı Şapur vasitəsilə gerçəkləşdirilir. Çox maraqlıdır ki, əsərdə əsas xətt üzərində olan obrazların adları məhz "Ş" hərfi ilə kodlaşdırılıb. Bu obrazlar birbaşa hadisə dəyişimində, taleyin məcrasını dəyişdirməkdə rol oynayan obrazlardır.

Əlaqələndirici obraz olan Şapur, Şirinin varlığı haqqında tərif dolu fikirlərini Xosrova söyləyir və hökmdar sözlə edilmiş təsvirə aşiq olur. Doğrudur, Şirinə aşiq olma məqamı Xosrovun atası ilə konflikt zamanına düşür. Və onun taxt-tacı, statusu əldən gedir. (Bu məqamda Xosrovun yuxusuna gəlmiş babasını xatırlayaq). Əldən gedən əsas sütunların müqabilində gələcək olan atributlar və həmdəm haqqında Xosrova yuxu öncəgörməsi vasitəsilə əyan olur. Məhz bu şirin yuxudan sonra Xosrov ətrafında baş verən olaylara diqqət kəsilir. Bu məqamda Şapur Şirin haqqında düşüncələrini nəql edir. Fərhadla tanışlıq da Şapur vasitəsilə gerçəkləşir.

Süd arxının ideyasını Şirin ərz edir, Şapur isə bu məqsədi gerçəkləşdirmək üçün dillərdə dastan olmuş ustanı - Fərhadı Şirinlə tanış edir. Həmçinin biz Şapurun təsviri zamanı Fərhadın Çin təhsili alması və hansı yüksək bacarıq sahibi olması haqqında da məlumat almış oluruq.

Fərhad pərdə arxasında əyləşən, üzü pünhan olan Şirinə onun səsi vasitəsilə aşiq olur. Süd arxı çəkildikdən sonra ilk dəfə Şirinlə üz-üzə dayanır və səs duyumu ilə vizual göstərinin mükəmməl vəhdətindən, üstəgəl, xarakterik keyfiyyətlərdən sonra ona qarşı olan aşiqliyi birə-beş artıq. Və məhz bu məqamda Fərhadın Məcnuntək çöllərə, dağlara düşmə durumu dövriyyəyə buraxılır. Nizami Gəncəvi çöl, biyaban vasitəsindən obrazının ruh halını təsvir etmək üçün istifadə edir. Biz "Leyli və Məcnun"da da yazıçı tərəfindən eyni manevri görürük. Və obrazın hansı əhvalda, ab-havada olmasını özümüz üçün aydınlaşdırırıq.

Demək Xosrov tərifə, sözə, Fərhad dinlədiyi səsə aşiq olur. Bəs bu qədər mükəmməl təsvir olunsa da niyə görə Nizami bu obrazdan apar-topar xilas olur? Niyə əsərdə ilk intihar hadisəsi - suisid baş verir? Bu haqda bir az sonra.

Dahi Nizami Xosrovun və Şirinin atəşpərəstlik inancına etiqat etdiklərini dəfələrlə oxucusuna xatırladır. Məsələn, Şirinin qayıtma xəbərini eşidən Məhin Banu Atəşgaha hədiyyələr göndərir. Əslində, bu retual sonralar İslam etiqadında "nəzir-niyaz" adına əbədi məskən qura bilir. Bütpərəstlik ehkamları, qurbankəsmə ayinləri, nəzir paylamalar, səcdəgahlara olan inam, pir anlayışı və s. o zamanın insanı üçün din olaraq qavradığı nəsnələr idi. Və bu sadaladıqlarım sonralar İslam dininin atributikasına çevrilməyi bacarır.

Karma qanunauyğunluğu da əsərdə özünü büruzə verir. Bu məsələ daha çox özünü buddizmdə (induizm) göstərir. Bəlkə də "karma" adına termin olaraq fəlsəfi kontekstdə daha çox rast gəlirik. Amma "karma" mənəviyyat baxımından deyimlərimizdə indiyədək dolaşmaqdadır. Məsələn, "Nə tökərsən aşına, o da çıxar qaşığına" və s. kimi deyimlər daima "yaxşılıq et ki, yaxşılıq görəsən" həyat fəlsəfəsini şüuraltı olaraq bizə təlqin edir.

Fərhadın ölümünə, belə deyək onu intihar dərəcəsinə gətirməsinə səbəb olan Xosrov sonradan etdiyi əmələ görə peşman olur və onun bu əməli şair tərəfindən lirik təsvirlə cavablandırılır.

 

Şah öz etdiyindən çox peşman oldu,

Əməlinin dərdi qəlbinə doldu.

Qəlbi rahatsızdı, əhvalı xarab,

Necə verəcəkdi bu zülmə cavab?

Yamanlıq eyləsə özgəyə hər kəs,

Çıxar qabağına, hədərə getməz. (karma)

Əsərdə iki intihar hadisəsi - suisid göstərilir. Onlardan biri fitnə nəticəsində Şirinin yalan ölüm xəbərini alan Fərhadın intiharı, ikinci isə Xosrovun ölümündən sonra Şirinin öz canına qıymasıdır. Qəribəsi budur ki, İslamı alqışlayan Nizami hər iki intihar hadisəsinə göz yumur. Lirik ricətdə, hətta Şirinin qəsdini, intiharını alqışlayır da.

Əslində, Şirinin intiharı həm də qədimlərdə mövcud olmuş retualı yadımıza salır. Bu akt induizmdə yaxın əsrə qədər qorunub saxlanılmış bir adətin təsviri də ola bilər. Yəni bir zamanlar qadınlar həyat yoldaşlarının ölümündən sonra könüllü olaraq suisidə əl atırdılar. Ərləriylə birgə tonqalda yanırdılar. Bu, müqəddəslik hesab edilirdi. Hər halda, atəşpərəstliyin mövcud olduğu bir məmləkətdə özünəqəsd çox normal qarşılanırdı. Sadəcə, Nizaminin Şirinin etdiyi bu hərəkəti İslam kontekstindən uzaqlaşaraq alqışlaya bilməsi təəccüb doğurur. Bunun adı "sadiqlik" olsa belə... buna haqq qazandırır. O, islam etiqadına uyğun olaraq bunu günah hesab etmir, heç eyham da vurmur.

İstənilən yazıçı əsərin sonunu müxtəlif cür düşünə bilir. İnanıram ki, məhz bu poemada Nizaminin əlində müxtəlif variantlar var idi. O isə məhz Xosrovun sonda öz oğlu tərəfindən öldürülməsi variantı üzərində dayanır. Bunun da niyəsi var. Bu haqda sonra.

Şirin əsərdə həm də həqiqi qadın xarakterini sərgiləyir. Nizami Gəncəvi bu xarakteri, inadcıllığı böyük zövqlə təsvir etməkdən yorulmur. Şirin Məhin Banunun öyüdlərindən sonra hiss burulğanından ayılır və ona söz verir ki, Xosrovun evinə kəbinlə daxil olacaq və heç vaxt onun kənizi statusunda olmayacaqdır. Əslində, bir hökmdar üçün bir qadına sahiblənmək elə də çətin olmazdı, amma Nizami burada da demokratik dəyərlərlə məsələyə yanaşıb. Şirinin timsalında qadının məhz bu anlamda, özünü ələ verməməkdə nə qədər dəyərli olmasını əsər boyunca göstərmək istəyib. Eyni zamanda qadının konkret istəyinin qarşılığında Xosrovun lazımsız ərköyünlüyünə də işıq salaraq, onu ard-arda istəmədiyi qadınlarla izdivaca girməsinin acı sonluğunu təsvir edib. Xosrovun inadcıllıqda məqsədi Şirinə sahiblənmək, Şirinin məqsədi isə kölə, kəniz olmamaq və ən dəyərli qadınlıq statusuna yiyələnmək idi. Elə bu cəsarət və bu xarakter Xosrovu Şirindən asılı saxlayırdı. Əsər boyu Xosrovun dəli ərköyünlüyü və bütün hərəkətlər qarşılığında Şirinin qadın xarakteri, təmkini kitab kimi açılır. Xarakter fərqliliyinə baxmayaraq tərəflər bir-birini buraxmır. Necə deyərlər, mənfi və müsbət qütblər bir-birini cəzb edir.

Xosrovu öldürmək Nizaminin nəyinə lazım idi? Axı poema Atabəy Məhəmməd Cahan Pəhləvana ithaf olunmuşdu. Şair bu ölüm faktını hökmdara necə izah edəcəkdi? Bəraəti nə olacaqdı?

Öncə karma məsələsi. Bəli, bumeranq işə düşməli idi. Xosrovun əməlləri bir-bir onun qarşısına çıxmalı idi. Hansı əməllər? Fərhadmı? Xeyr, bir hökmdar çoxlarının ölümünə çox rahatlıqla fərman verə bilərdi. Eynilə göylər səltənətinin hökmdarı Allah kimi. Zaman yetişəndə şəxslərin ölümünə fərman verən, cənab Əzraili insanın yanına göndərən Yaradan kimi, hökmdar da yer qanunlarının, ölümlərin fərmançısı idi. Bu anlamda Fərhad bu cəzalandırmanın özülündə dayanmırdı. Əslində, Fərhadın əsərə gəlməsi də elə-belə deyildi. O, yazıçıya maraqlı bir məna priyomunu gerçəkləşdirmək üçün lazım idi. Həmid Araslı Fərhad obrazı haqqında belə deyir: "Nizami əməkçi insanlar içindən seçdiyi qəhrəmanı şaha qarşı qoyaraq əməyin, sənətin şahlıqdan üstünlüyü kimi öz dövrünə görə çox cəsarətli bir fikir irəli sürür". Doğrudur, bunu cəsarətli fikir adlandırmaq olar, amma Nizami istənilən halda həmin əməkçi obrazını sona qədər yaşatmır və əsərin daxilindən apar-topar itirir. Məsələn, Şirinin ölüm xəbərini eşidən Fərhad elə Qeys kimi məzar üzərinə də gedə bilərdi. O isə düşünmədən ölümü, intiharı seçir. Bununla sənətkar maneəni Xosrovun yolundan, kobud dillə ifadə etsək, rədd edir. Ümumiyyətlə, biz Xosrov və Şirin arasında əsər boyunca üç maneə görə bilərik. Fərhad əsərdə sadəcə katalizator rolunu oynayır. Yəni o, maneədən daha çox, köməkçi vasitə idi. Burada da Nizami məsələyə psixoloji anlamda yanaşıb. Kişi psixologiyasına bələd olaraq əsərə ikinci rəqibi gətirir. Bəli, Fərhad Xosrov kimi hökmdar deyildi. Amma Bisütunu yaracaq qədər güclüydü. Və o qədər güclüydü ki, Xosrov onunla üz-üzə gəlib döyüşməkdən çəkinir və yalanla onu məhv etmək yolunu seçir. Amma Xosrov haradan bilirdi ki, Fərhad məhz bu işə əl atacaq? İntihara gedəcək. Bu da maraqlı psixoloji məqamdır. Əslində, kontekstdən uzaqlaşmadan demək istəyirəm ki, Fərhadın əsərə gəlişini Nizami belə bir açıqlama ilə aydınlaşdırır: "Bir şeyə olanda iki müştəri, əlbəttə, o şeyin artar dəyəri" fikirlərini dilə gətirir. Yazıçı istəyinə nail olduqda və rəqabət yanğısını artırdıqda əməkçi Fərhadı asanlıqla hökmdarın yolunun üstündən çəkir.

Xosrov və Şirinin bir-birini tanımadan göldə rastlaşma səhnəsi də psixoloji təlatümlərlə zəngin səhnədir. Şirin uzun saçlarıyla özünə örtük verir, Xosrov isə hökmdar paltarında deyil. Xosrov nağdı buraxıb nisyə dalınca getmək istəmir, içində bunu keçirir. Amma sonradan özünə gələrək "kişinin bir istiqaməti olar" gerçəkliyini öz yadına salaraq qarşısındakı gözəldən uzaqlaşır. Şirin də daxilində baş qaldıran tərəddüdü və istəyi anlamır. Ruh halının maraqlı sınağı. Reallıq və utopiya üz-üzə gəlir. Hiss və emosiya hər iki tərəfdən rədd edilir, ağıl qalib gəlir.

Bəlkə də Şirin qarşısındakı Xosrov olsa belə, tanımadığı Xosrova yaxınlaşsaydı artıq Xosrovun baxışında Şirin ucalığında qalmayacaqdı. O səbəbdən də oxucu onları tanıyaraq qovuşmasını istəsə də, Nizami qadını zirvədə saxlamaq üçün qovuşma anını bir az da uzadaraq oxucusunu ardıyca aparır.

Əlqərəz, Xosrovun qatili sevmədiyi qadından dünyaya gəlmiş sevgisiz oğlu Şiruyyə olur. Burada növbəti "karma" qanunauyğunluğu işə düşür. Dünya düzəninin sevgi üzərində bərqərar olması gerçəkliyinə inanan dahi Nizami, Dostoyevskisayaq bilirdi ki, dünyanı "sevgi" adlı gözəllik xilas edə bilər. Əlbəttə, sevgisizlik barından Şiruyyə adlı oğul dünyaya gələ bilərdi. O isə asanlıqla, heç düşünmədən sevmədiyi atasını öldürə bilərdi. Belə də edir.

Xosrov və Şirinin qovuşmamasında ən əsas maneələrdən biri Xosrovun xarakteri idi. Əsər boyunca onun bəsit dünyagörüşü və şəhvətpərəstliyi Şirinə qovuşmaq qarşısında maneəyə çevrilir. Məhz bu nüans dəfələrlə Şirinin ayaqlarına düşməsinə baxmayaraq onun tərəfindən rədd edilməsi ilə nəticələnir.

Nizami Gəncəvinin Şərq qadınını ismətli, əxlaqlı və s. kimi təsvirləri reallıq idi əslində. O, gerçəkliyi olduğu kimi qələmə almışdı. Şair Şirinin dilindən xanımın qəlb çırpıntılarını, cəmiyyətin onun hərəkətlərinə hansı qiyməti verəcəyini dəfələrlə təkrarlayırdı. Şirinin Xosrovdan istədikləri ilə Xosrovun Şirindən umduqları arasında uçurum olduğu üçün əsər onları qovuşdurana qədər uzanır. Əlbəttə, bu istəklər Şirinin tələblərinin yerinə yetirilməsi ilə nəticələnir. Ya da Xosrov sevdiyinə qovuşmaq üçün başqa alternativ tapa bilmədiyindən onunla razılaşmalı olur.

Əslində, bu təsvir yalnız Şərq qadınının dünyagörüşü deyildi. Daha azad görünən Qərb cəmiyyətinin qadınının da təhtəlşüurunda ocaq, ev ənənəsi vardır ki, bu, əsas prioritet məqsəd kimi qadınların şüurunda dolaşır. Amma bir fərq var. Fərq ondadır ki, Qərb qadını praktik olaraq bunu həyatından keçirə-keçirə sevgi axtarışına çıxır və nəhayətində istədiyi kişi ilə rastlaşa bilir. Şərq qadını isə bu məsələyə həssaslıqla, ehtiyatla, platonik yanaşaraq özünüqoruma, müdafiə etmə mövqeyində dayanır.

İndi keçək Nizami Gəncəvinin əsərin sonunda hökmdarı öldürməsi məsələsinə necə bəraət qazandırmasına. Əsərin ortalarında Xosrov yuxusunda ərəb atında bir adamın yuxusuna gəldiyini görür. Sonda məlum olur ki, Xosrovun yuxusuna gələn peyğəmbər Hz. Məhəmməd imiş. O, yuxuda hökmdarı İslama dəvət edirmiş. Hökmdar isə bununla razılaşmır. Elə bu səbəbdən də Nizami ərköyün, ipə-sapa yatmayan atəşpərəst Xosrovu cəzalandırır. Bu, eynilə Nəmrud və İbrahim əfsanəsini yadımıza salır. Və yaxud indi də bəzi insanlar Sovetlər adlı imperiyanın dağılmasının əsas səbəbini Allahsızlıqda, Ateizmdə görür.

Bəs Şirin niyə öldürülür? Əslində, "Xosrov və Şirin" Nizami Gəncəvi yaradıcılığında eyni sonluqla bitən növbəti əsər idi. Birincidə Məcnun Leylidən sonra, ikincidə isə Şirin Xosrovun ölümündən sonra bu dünyanı tərk edir. "Leyli və Məcnun"da hər iki obraz mənəvi cəhətdən özünüintihara, özünüməhvetməyə fokuslanır, "Xosrov və Şirin"də isə Xosrov əməllərinin nəticəsində, Şirin isə özünüqoruma acizliyində bulunaraq həyatına qəsd edir. Halbuki, Şirin Xosrovun səltənətini nankor oğlun əlindən rahatlıqla ala bilərdi. Və yeni şahlıqda yeni qanunlar yaradaraq Xosrovun həyatda olmamasına baxmayaraq səltənətinin davamını qura bilərdi. Əlbəttə, edə bilərdi. Qələm Nizaminin əlində idi. Son anda Nizami Gəncəvi məhz bu cür sonluğun olmasını məqbul hesab edir. Səbəb kimi isə Xosrovun Allahın peyğəmbərinə "yox" deməsi gerçəkliyini göstərir və islam ehkamlarını uca tutaraq hökmdarın ölüm məsələsinə bu cür bəraət qazandırır.

 

Mustafa dininin möcüzəsindən

Məhv oldu Pərvizin şahlığı birdən.

Taxtını altından götürdü fələk,

Oğlu qılınc çəkdi ona düşməntək.

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.28-29.