Sözü boyda Adam

 

Seyran Səxavət - 75

 

Söz halallıqdır. Söz dəyərdir... Söz hikmətdir... Bu gün ilahidən gələn hikmətin - Sözünün halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yolu qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər... Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur... Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Seyran Səxavət məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının - millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı...

Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb, sanki...

On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin yaradıcılığı mövzusunda araşdırma aparacağımı qarşıma məqsəd qoyub uzun bir yola çıxmışdım. Seyran müəllimin yaşadığı ünvanı, işlədiyi yeri bilsəm də, böyük yazıçı ilə qarşılaşmağa özümdə heç cür cəsarət tapa bilmirdim, hər dəfə öz-özümə düşünürdüm ki, daha çox oxumalı və daha mütaliəli olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim.

Söz vaxtına çəkər... 2012-ci ilin bugünkü günü - çərşənbə axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad - Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz-çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz-çörək kəsdik... Uzun və müqəddəs bir yola çıxdıq...

Bu illər ərzində hər addımımda mənəvi atam kimi sığalını başımda hiss elədim, Seyran müəllimin, sadəcə, böyük yazıçı deyil, Sözü boyda adam olduğunu gördüm, bu on ildə mənim dünyamda min ilin doğmasına çevrildi Seyran Səxavət...

Gecəmi gündüzümə qatıb oxudum, araşdırdım, yazdım, çap olundum və müdafiə etdim... Bu yazdığım mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki sadəcə, kitabxanalarda kar-kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət mənim ilk övladımdı... Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı - halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət...

Yenə həmin gecəyə - ilk görüşdüyümüz çərşənbə axşamına qayıdıram... "Yüz ilin kişisi", "Bir stəkan hava", "Ocaq daşı", "Gözü işığa düşən adam", "Qapıların o üzündə qalan dünya", "Hamı elə bilirdi", "Çayçı Rəşid", "Alça çiçəyi", "Toy havası", "Qızıl teşt", "Sanatoriya", "Ağrı", "Boynu əyri kişi", "İt intervüsü", "Cəhənnəm", "Gün ağladılar", "Qatil", "Haram pul", "Daş evlər", "Dar köynək", "Palıd toxumu", "Nekroloq", "Yəhudi əlifbası", "Bəhanə", "Qaçaqaç" kimi əsərləri oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi bacarıb... Həmin gecə bizim evimizdəki bayram süfrəsinin başında səhər sübhəcən elədiyimiz söhbətlərdən anladım ki, Seyran Səxavətin sözlə ruhundan qopara bilmədiyi ağrıları da var - varlığını didib-parçalan ruhani ağrıları... "Mirzə Hüseyn" segahı oxuya-oxuya o ruhani ağrılarını gözlərindən axıtdı Seyran Səxavət...

Kövrəldim... Açığı, həm də heyrət etdim, Süleyman kimi quş dilini bilən, əsərlərində ("Yəhudi əlifbası", "Boynu əyri kişi") quşları danışdırmağı bacaran Adam həm də necə məlahətli səslə cəh-cəh vururmuş, ilahi...

Mən Seyran Səxavətdən öncə Ramiz Rövşənin yaradıcılığı ilə bağlı magistr dissertasiyası yazırdım və maraqlı söhbətlərimiz olurdu. Bir dəfə Ramiz Rövşən dedi: "Mən tam səmimiyyətlə deyirəm ki, Seyran mənim, Sabir Rüstəmxanlının və bir çox yaradıcı dostlarımızın, yaşıdlarımızın gözünü qorxudan bir şair idi. Amma xoşbəxtlikdən o, sonra şeirdən nəsrə keçdi. Bu barədə mən bir dəfə demişəm ki, şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi". Bu səmimi etirafı sonralar Ramiz müəllimin müsahibələrinin birində də oxumuşdum.

Elə Seyran müəllimin yanıqlı səsi, Qarabağlı nəfəsiylə oxuduğu "Mirzə Hüseyn"i dinləyə-dinləyə özüm üçün bunu da yəqin etdim ki, "Seyran müəllim incəsənət aləmində, heç şübhəsiz, çoxlarının xoşbəxtliyindən böyük sənətin ədəbiyyat yoluna üz tutub...

İndi illərin bu tayından həmin günə boylananda o səsi, o görüşü, o segahı xatırladıqca Qulu Ağsəsin bu bahar ruhundan qələmə köçürdüyü, elə qar altından baş qaldıran bahar çiçəkləri kimi təzə-tər misraları gəldi ağlıma...

- Nə gördün Qarabağda,

(soruşdum Rza Diqqətinin fotolarından)

orda vəziyyət nə cürdü?

Salamatçılıqdı, dedi:

məscid - minbərdən,

kəhriz - çinardan,

qəbir - başdaşından,

mina - kadrdan

hündürdü!

Hə, bir də

mat qaldım bir şeyə:

oranın quşları

adam kimi danışır,

adamları

quş kimi oxuyur deyə...

 

Seyran Səxavət istedadlı söz ustası olduğu qədər də, sözün həqiqi mənasında, elə Qulunun (oxu - Rza Diqqətinin) dediyi kimi, Qarabağın quş kimi oxuyan adamlarındandı...

İnsanın həyatındakı ilklər heç zaman unudulmur və bəzən düşünürəm ki, bütün yazdığımız, düşündüyümüz məhz o ilklərin ab-havasına köklənir... İlk görüşdüyümüz gün bir şey də dedi: "Balam, gətirdiyim o bağlamalardakı mənim əlyazmalarımdı, bütün arxivimi mənəvi övladım kimi - varisim kimi sənə bağışlayıram. Axır ki, mənə də sahib çıxan tapıldı"... Kövrəldim. Çiynimə qoyulan yükün məsuliyyəti böyüklükdə müqəddəsliyinə kövrəldim...

Başıaşağı bağlamaları açıram, nəzər yetirirəm. Və Seyran müəllimin səsi məni xəyaldan ayırır: "Nəyim varsa, sənə əmanət eliyirəm...". Elə bu dəmdə əlimə məktublar keçir, elə bilirəm, oxucu məktublarıdı, yerinə qoymaq istəyirəm ki, rahat vaxtı oxuyaram, birdən gözüm məktubun sonundakı imzaya sataşır: "Sənin Zəzən"... Yaş boğazımda düyünlənir. Tanıyıram bu xəttin sahibini... İllərin həsrətlisi olduğum birini görürmüş kimi kağızları qoxulamaq keçir könlümdən, bu məktubu yazan Zəzə - "Qaçaqaç" romanından tanıdığım, boyu, buxunu, səsi, duruşu, xanımlığı xətti kimi doğma olan, Seyran Səxavəti dünyaya gətirən Qadındı, Anadı - Zərif xanımdı... Ruhu şad olsun! Nur içində uyusun!

Seyran Səxavət "nəyim varsa, sənə əmanət eliyirəm" deməklə və o Ana yadigarını da bağışlamaqla elə düşünürəm ki, təkcə öz yaradıcılığını yox, bir Ana məktubu ucalığında bütün Azərbaycan ədəbiyyatını qorumağı mənə tapşırdı...

Sonra elə Zərif xanımla tanış olduğum "Qaçaqaç" romanının əlyazması çıxır qarşıma... Seyran müəllimin özünəməxsus şakəri aydın olur mənə: texnikanın ən müasir mərhələsində də olsaq, Seyran müəllim qələminə sığınan, qələminə xəyanət etməyən adam imiş... Qələmlə yazırmış... həm də necə... "Qaçaqaç" romanının əlyazma mətninə baxıram, səhifələyirəm və gözlərimə inana bilmirəm. Adam nəinki bir söz, hətta bir hərfi belə qaralama etmədən yazıb, elə bilirsən ki, bir düzüm muncuqdu, düzüb vərəqin üstünə...

O vaxtı rəhmətlik Mir Cəlal müəllim deyirmiş: "Səməd Vurğun heç zaman kağız korlamayıb". Bütün əlyazmalarını birər-birər oxuyandan sonra bu qənaətə gəldim ki, Mir Cəlal müəllimin bu fikirlərini heç mübaliğəsiz Seyran Səxavətə aid etmək olar, lap ana südü kimi halal xoşu olar...

Yenə ilk görüşdüyümüz günə qayıdıram... həmin çərşənbə axşamına... Tonqal yandırdığımız bir bahar axşamı üşümüşdüm - ilikləriməcən üşümüşdüm... Deyəndə, nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, kim özünü kişi hesab edir etsin, mən özümü kişi hesab eləmirəm, kişilikdən istefa vermişəm.

Ruhun əzabını heç bir romana köçürmək olmur, Ustad! - demişdim ürəyimdə. Amma özünə heç nə deyə bilməmişdim. Qıymamışdım...

Elə o günü - ilk görüşümüzün sevinci qarışıq Seyran müəllimin vətəndə Vətənsizlik ağrısını, vətəndən vətəninə getməyə yol tapa bilməmək əzabını illərdir qəlpə kimi ürəyimdə daşıyırdım...

Heç xatirimdən çıxmaz, Musa Yaqub mənə bir şey danışmışdı: Rəhmətlik anam Rabiyə xanım çox həssas qadın idi, olduqca böyük ürəyi vardı. Heç vaxt uşağı olmayan qadının yanında bizi qucağına almazdı, oxşayıb, əzizləməzdi. Bu elə müqəddəs bir hissdi ki, bunu izah eləmək olmur. Deyirdi ki, mən sizi qucaqlayanda o gəlinlərin uşaqdan yana ürəyi qübar eliyər. İndi mən burda, Buynuzda öz torpağımla qovuşanda yadıma qələm dostlarım düşür, Seyran Səxavət, Rəşad Məcid gəlib dayanır gözlərimin qabağında. Hər dəfə kəndimdən, bulağımdan, torpağımdan yazanda içim göynəyir ki, mən öz yurdumu qoxulaya bilirəm, amma onlar o torpağın ətrinə həsrət qalıb. Bir dəfə rəhmətlik Məmməd Aslana dedim ki, ay Məmməd, ürəyim gəlmir sənə deyəm ki, Buynuzdayam, birdən sənin də ürəyin atdanar, axı sənin Kəlbəcərin düşmən əlindədi...

Allah o günü bizə nəsib eləsin ki, Qarabağ alınsın, mən Buynuza qovuşanda tam olduğum kimi Seyran Səxavət də öz Yağlıvəndinə qovuşub bütövləşsin.

İndi yazımın elə bu yerində həmin söhbətimizi xatırladıqca yurdumuza gerçəkdən qovuşduğumuzu dərk eləməyə çalışmaq duyğusu Musa müəllimin təzə biçdiyi otun qoxusu kimi adamı bihuş eliyir...

Şükür bu günə... Vətənin daşı-daş üstdə qalmasa da, xarabalığına şükür... Qulu Ağsəs demiş, Şükür külünə... Şükür qayıdış gününə...

Dədəm, Gözün aydın olsun! Bir gün nisgillə deyirdin ki, Şuşanın ucalığından baxanda Təbriz, Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü - bu gün isə, Şuşanın özünü görə bilmirik.

Şükür bu günə... Bu gün 75 mərtəbəli ömrün ucalığından baxanda Şuşan, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Xankəndin, Laçının, Qubadlın, Füzulin - Vətənin görünür... Yurd yerin görünür... Xatirələrinə bələndiyin uşaqlığın görünür... Ata ocağın görünür, Ustad!

Və üfüqdə Günəş görünür... Bir gün yurdunda - doğma ocağında - ata evinin həyətində o Günəşin istisinə qızınacağın ümidi və 30 ildir ruhunu üşüdən buz bağlamış həsrəti canından Sözlə çıxaracağın diləyiylə... Sənə cansağlığı arzulayıram! Doğum günün mübarək, Ustad!

 

Xəyalə ZƏRRABQIZI

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.7.