Sağlam toxum səpicisi

 

Seyran Səxavət - 75

 

...Özünə çox əziz olan bir ideyanı müdafiə etdiyi anda O, başını azca çiyninə yığar, gözləri irreal dərəcədə işıldayar. Mən isə elə bu anda özümü onun hər yana külli miqdarda alovlu ox səpələməsinə hazırlayıram. Özü hər dəfə tam arxayın oluram ki, bu vahiməli oxlar heç kəsə bir ziyan gətirməyəcək. Bəlkə heç toxunmayacaq da. Çünki bu adamın təbiətində zərrə qədər aqressivlik yoxdur. Aqressivlik onun üçün bilirsiniz, ...sanki xəttindən artıq sadə, primitiv bir komponentdir. Axı hərənin özünəməxsus ahəngdarlıq sistemi var.

...Yox, yola gələn deyil, tərsin biridi! Çünki Şairdir! Anadangəlmə! Mahiyyətinə görə. Ehtirasına, Ruhunun gücünə görə! Bir əlində qələm tutan geri çəkilərsə, getdiyi Yol bu xəyanəti ona bağışlamaz: İçində İlham deyilən dəyəri bilinməyən bir varlıq saxlanılan sehrli şüşəcik boşalıb qupquru quruyar.

Bundan sonra da ?.. Çarəsizlik... " zamansa istedadlı kimi qələmə verilmiş" statusu...

Prinsipcə, tutalım fərz etsək ki, O, ədəbi fəaliyyətə o qədər dərindən qapılmış deyil... Bəli, təbii ki, onun başqa maraqları da var: Ev-eşik, ailə, meyvə bağı, muğamat, dostlarla oturub-durmaq sairə. Amma orasındadır ki, O, hər şeyi - ətrafında varsa (hətta o "sairələri"də) "ədəbiyyatlaşdırır"!

Məsələn, Onun televiziyada çıxışları: başdan-ayağa metaforizm, qeyri-adi söz birləşmələri, özü icad etdiyi neologizmlər sel kimi gəlir. Bir sözlə, elitar ədəbi "şou".

yaxud masa arxasında: Ay ağrını alım! Hamı qədəhləri havada, gözünü sənə dikib gözləyir ki, cansağlığına aid olan bir neçə kəlmə deyəsən, ailədə xoşbəxtlik diləyəsən, vəzifədə artmaq... Sən - haradan hara - Adəm ilə Həvvanın yataq otağının beş addımlığında doğulduğun baradə məlumat verirsən! (O, Azıx mağarası haqqında belə demişdi)...

..., bəzən düşünürəm ki, O, ədəbiyyata heç gəlməsəydi, görəsən, hansı məsləyin, peşənin, sənətin adamı ola bilərdi?

Birinci növbədə elə gələcəkdən xəbər verənlik ağlıma gəlir. (Bu məsələdə az-çox uğurlu təcrübələri var)... Şaman da ola bilərdi, ya da münəccim... Bəlkə reanimatoloq... Bir minaaxtaran. Çünki onun xüsusi duyma qabiliyyəti var - bir baxışıyla təhlükənin hansı tərəfdə olduğunu deyə bilir.

Ümumiyyətlə, hər kəs üçün Mistika nədirsə özləri bilər, amma Onun şüurunda bu, sadəcə, maddiliyin az-çox qəlizləşdirilmiş bir formasıdı. Özünüz deyin: Rəhmətlik Yusif Səmədoğlugilə vəfatından sonra qonaq gedib, özü ilə saatlarla oturub dilxoşluq etmək nədir? Kimin buna hünəri çata bilər? İnanmaq çətindir isə Onun "Kenquru" hekayəsini oxuyun.

...Amma sən Allah, "Bir cür" başa düşməyin... Sizi inandırım ki, Onun bütün klassik, modern, antik, yeni, marksist, metafizik, qərbi, şərqi fəlsəfi cərəyanlardan xəbəri var. Varlığın faniliyi, bu Dünya, o Dünya, ölümün labüdlüyü, "Memento mori" - O, bunların hamısını əzbər bilir. Sadəcə, vecinə almır.

...Amma bəlkə inanmır: "Memento"ya, "Mori"ya... Həm indiki o qaşqabaqlı "Neodekadentlər" var e, yaman yayılıb Dünyada (Allah onları bizlərdən uzaq etsin): onların artması da elə sürətlə gedir ki, ən qabaqcıl broyler fabrikləri həsrətlə baxır.

O, ömür boyu belə mızmızalardan uzaq durub. Çünki O, Pozitivist, Qalxan Günəş Vurğunu Sağlam Toxum Səpicisidi. Onu gülərüzlə qarşılayan, xətrini istəyən, ömrünün uzun olmasını diləyən, kitablarını bağrına basan insanların sayı o qədərdir ki, Onun daxilində Məhəbbət Enerjisinin ehtiyatları xətsiz dərəcəyə çatıb. (Məhəbbət Enerjisi Həyat Enerjisinin ən güclü növüdür).

...Yox, yox! Sən Allah, mənə Frans Kafka, İeronim Bosx, Fridrix Nitsşe, Kventin Tarantino Mişel Nostradamus haqqında olan fikirlərinizi söyləməyin, sınaram.

Məkanla Zaman - Pozitivdi. Ana südü İnsana Sağlıq gətirər. Dağların Başı qışda qar olar. Volqa çayı Xəzər dənizinə tökülür. Qarabağ - Azərbaycandır!

Münəccim qərarı:

Xanlarov Seyran Əsgər oğlu (Seyran Səxavət)

Doğulduğu tarix: 1946-cı il, 23 mart, saat 13.00-14.00

1. Tədqiq olunan şəxs haqqında astroloji karta əsasən onu əminliklə xoşbəxt uğurlu insanlar kateqoriyasına aid etmək olar. Taleyin ağır zərbələrinə tab gətirməyinin ruhunun keçmiş həyatlarda topladığı təcrübə, bilik bitkinlik hesabına mümkün olduğunu qeyd etmək yerinə düşər.

2. Həmin şəxsin maraqları ilk növbədə, Proseslər istiqamətinə yönəlmişdir.

Maddi aləm istiqamətində maraqların mövcudluğu aşkar olunmayıb.

Səbəb: Torpaq ünsürü sıfır səviyyəsindədir.

3. Hava ünsürünün mövcudluğu (3) göstəricisi səviyyəsindədir. Bu həmin şəxsin natiq kimi istedadlı, təsir gücü olan, mehriban ünsiyyətli olduğunu təsdiqləyir.

4. Su ünsürü - (3). Həmin şəxs insanlara qarşı məhəbbət, mərhəmət ürəyiaçıqlığını göstərməyə qadir olan insandır.

5. Od ünsürü nadir hallarda aşkar olunan göstərici ilə təqdim olunur: (11). Bu, şübhəsiz, qüdrətli bir istedad, yaradıcılıq, idrak mənəviyyata olan bir meyil, maraq həvəsdən xəbər verir.

 

Oktay MİR-QASIM

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.6.