...Sığalla göy üzünün saçlarını,

Üzünə düşən buludlarına daraq çək!

 

Bu gecə özün doğulacaqsan deyəsən,

Yaradanın baxışlarına varaq çək;

Qorxma, əyilmək sayılmır,

Tanrının əllərindən öp,

alın yazına xatir...

 

Özünü də sev arada,

Allah ümidinə buraxma ağrılarını.

Vurul özünə, adam,

vurul, dualarının təbəssümünə!

Güllələ öz qəbrini,

ölmədən ölümünü gör məzarının.

 

Bir şam yandır,

yuxuların qorxmasın öz təkliyindən.

Bütün ölüləri inandır,

inandır ki,

Bir də gəlsələr,

yenə duaları aldadacaq...

Yenə aldadacaq, yenidən...

Soyuq bir yanvarı

gün işığı aldadan kimi...

 

Unutma, bu gecə sən doğulacaqsan,

öp, işarə qoy öz əlinə,

öp, işarə qoy tanrının varağına...

 

***

 

Gəl,

göz yaşlarımızı bir yerdə dəfn edək,

kölgələrimiz qazsın qəbrini.

 

Nə amansız olduq biz,

xatirələrimizi də ayırdıq bir-birindən.

 

Səbrimizin dərisini soyduq

payızın sonuncu həftəsi.

Qoyduq, üzü üstə qoyduq,

saçlarımdan asılan göy üzünü də...

 

Tanrının qələmini qırdıq,

incəlib qopan yerindən...

 

Yandıracağam bütün arzularımı,

bir qədəh şərab işığında.

Gəl,

üşüyən alın yazımıza sarı gedək...

Bir kəndir atıb

yellənək bəlkə

çiçəkləyən göy qurşağında?!

 

Tural TURAN

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.15.