Yaz gəlir

 

Yuyur nəm əllərini, otlar səhər şehində,

Dodağı puçurlayır budağın, yaz mehində,

Könüllərə nur yağır ruhların fatehindən;

Yaz gəlir.

 

Zirvələr yavaş-yavaş çıxır yorğanından,

Quş nəğməsi tökülür səhərlərin banından,

Günəş şəfəq göndərir göylərin ünvanından;

Yaz gəlir.

 

Atır sükut dərdini nəm qoxuyan meşələr,

Təzə övlad kimidi təzə doğan rişələr,

Gizlənir kol dibində leysandan bənövşələr;

Yaz gəlir.

 

Ayrı bir yaz olacaq gələn yaz, bu il ki var,

Uzun həsrətdən yana Şuşada bir ilki var,

Ürəklərdə qədər gözləyən söz mülkü var;

Yaz gəlir.

 

Güllələr parçalayıb bağrının parasını,

Çiçəklər sağaldacaq daşların yarasını,

Yaşatmağa torpağa təzə macərasını;

Yaz gəlir.

 

Hardasa çayır basan cığırlar yola həsrət,

Qəm çilənmiş ocaqlar bir doğma qola həsrət,

Kaş ki, ümid doğrula, daha tərk ola həsrət;

Yaz gəlir.

 

Dağın müdrikliyidi köksündəki şırımlar,

Bulaqlar öz yolunda enişləri burumlar,

Günəşə üz tutacaq yamaclar, aşırımlar;

Yaz gəlir.

 

Hər zərrəsi Vətəndi, Vətən canlı torpağın,

Təpərdi bərəkəti bar ünvanlı torpağın,

Öpüb göz üstə qoyaq Şəhid qanlı torpağı;

Yaz gəlir.

 

Uzaqda həsrət ağırdı

 

Uzaqda həsrət ağırdı,

Ağırdı, könül verdiyim.

Bütün duyğular yetimdi,

Fağırdı, könül verdiyim.

 

sən orda sən kimisən,

mən burda mən kimiyəm.

Üstündən payız adlamış,

Soluxmuş çəmən kimiyəm.

 

Ömür nədi, qayğı, qada,

Sürüyüb illər, aparır.

Ümidini xəzan döyür,

Vaxtını yellər aparır.

 

Zaman dəyişdirib bizi,

Qırx il öncəki deyilik.

Hərəmiz bir qəm heykəli,

O xoş gündəki deyilik.

 

İndi əldə bəhanə yox,

Kimisə qınamaq üçün,

Hər gün yadıma salıram,

Səni unutmamaq üçün.

 

Neynim, sənsiz keçdi, ömür,

Qəmdi eşqindən dərdiyim.

Uzaqda həsrət ağırdı,

Ağırdı, könül verdiyim.

 

Yol ki var,

sən çəkdiyindi

 

Bir yol başlanacaq - uzun,

Daha həsrət donur, bala.

Yüz illərdi bu istəklə

Ürəyimiz yanır, bala.

 

Bir sönməz eşqə ünvanıq,

Eşqə saray yaradanıq,

İzimiz dünyaya tanıq,

Ruh özünə dönür, bala.

 

Yol ki var, sən çəkdiyindi,

Gül ki var, sən əkdiyindi,

Tanrı sənin təkliyindi,

Yad olan qanır, bala.

 

Yer üzündə hürr yoxdusa,

Haqq vuran möhür yoxdusa,

O yurdda hüzur yoxdusa,

Anır səni anır, bala.

 

İtirib izini çölün,

Sulara qarışıb, gölün,

Ay hər gecə həsrət elin,

Başına dolanır, bala.

 

Özünü gərib ulayır,

Dərdini sərib ulayır,

Qurd necə qərib ulayır,

Həsrətdən usanır, bala.

 

Yola çıx ki, yolun olsun,

Tabın olsun, halın olsun,

Dönüşün vüsalın olsun,

Qayıdış başlanır, bala.

 

Yolunda

 

Könlümüzdən nələr keçir, bilirik,

Savaş qalıb nələr, nələr yolunda.

Bu dünyada çox arzular puç olub,

Boşa keçən qərinələr yolunda.

 

Vüsalına divanələr çatmayıb,

Qurd ulayıb, şərin yolun tutmayıb,

Doğan günəş bir azca gec batmayıb,

Od istəkli pərvanələr yolunda.

 

Boynumuzda neçə yurdun töhməti,

Əsarətə girov düşüb zəhməti,

Daşıyırıq sinəmizdə möhnəti,

Bu dünyanın gedər-gələr yolunda.

 

Ruhumuzun sərhədsizdi məkanı,

Kim əkibdi yolumuza tikanı?

Bu gəminin əldən çıxıb sükanı,

Qalıbdı yad tərsanələr yolunda.

 

Ulusumdan başlayıbdı çağ, mənim,

Duman mənim, zirvə mənim, dağ mənim,

Dəryaların fatehiydi yelkənim,

Var olmağa nişanələr yolunda.

Qar üzündə qan izi var o dağın,

Əllərinə həsrət qalıb, bu dağın,

İçimizdə pöhrələnən budağın,

Yüz illərdi qaldıq mələr yolunda.

 

Ürəyimiz arzuların dəryası,

Dilimizdə ulu Tanrı duası,

Bu millətin Turan adlı sevdası,

Bir gün gülər, bir gün gülər yolunda.

 

Kimi

 

Yağdı bitən qışın ilk qarı, yağdı,

Yağdı ümid kimi, yağdı bar kimi.

Çoxdan gözlərimiz yolunda idi,

Həsrət çəkdiyimiz uzaqlar kimi.

Xal düşdü şamların yaşıl donuna,

Meşələr sükutu çəkdi yanına,

Torpaq nəmişliyi sıxdı canına,

İstidən çatlamış dodaqlar kimi.

 

Göylər qol qaldırıb yelə oynadı,

Dağlar sığal verib telə oynadı,

Ürəkdə duyğular elə oynadı,

Qartopu oynayan uşaqlar kimi.

 

Dönüb küləklərin qarğı dilinə,

Navalça not tutdu, qışın yelinə,

Buzdan qılıncını taxdı belinə,

Damlar, şaxtalara havadar kimi.

 

Hələ mürgüdədi çiçəklər, yəqin,

Darıxır tumunda ləçəklər, yəqin,

Fürsət gözləyirlər böcəklər, yəqin,

İstiyə bürünən ocaqlar kimi.

 

Ümidi yaşadan yolun ağıdı,

Qış da bir sevginin duvağıdı,

Duyğular həyata sevgi bağıdı,

Təzə puçurlayan yarpaqlar kimi.

 

Öldürən ölməlidi...

 

Xocalı soyqırımına ithaf

 

az, çox,

daha susmağa yer yox.

Düz 29 ildi, sən bizi gözləyirsən,

biz səni,

Vaxtın amansızlığı,

bəşərin qansızlığı

buraxıb yer üzündə

tamam ümidsiz səni.

Sən niyə şəhid oldun?

Bir davan da yoxuydu,

kimisə öldürməyə,

kiməsə xor baxmağa

bir havan da yoxuydu.

Əkilmişdi torpağa,

torpağı əkən əllərin,

həyat sevgisinə

bayraq olmuşdu əməllərin.

Hələ anlamaq olmur -

o fevral gecəsində doğulan cinayəti,

törədilən vəhşəti.

Din davasıydımı? -

anlamaq olmur.

Qan davasıydımı? -

anlamaq olmur.

Dava qeyrət işidi, axı.

Burda qeyrət görünmədi,

kişilik boy göstərmədi,

əlisilahlı qatil südəmər körpəyə

son ümidi vermədi.

Qırdılar Xocalını,

günəşə əl uzadan arzularından

vurdular Xocalını.

Tarix gərək unutmasın,

erməni-rus məkrinin

bu təzə misalını.

İndi ədalət istəyirik,

kimdən?

- ədaləti olmayandan,

bütün insanlığa

məhəbbəti olmayandan.

Xocalının ədaləti

qandan keçir, qardaş, qandan,

o körpənin damarını kəsən

cəllad balayandan keçir, qardaş,

balayandan.

Qanlı suça əl atıb

öldürən, ölməlidi,

əzən əzilməlidi,

hamısı tapılıb divara düzülməlidi,

ədalətə qovuşmaq üçün,

təzədən yol açmaq üçün

düz 29 ildi ki, əlimiz çatmayan

Xocalıya.

 

Sevənlər tanır dünyanı

 

Sevənlər tanır dünyanı,

Tanır öz yuvası kimi.

Yaşayır lap dərdini

Könlünün havası kimi.

 

Baş çəkəcək bilir nələr,

Sevdalısı pərvanələr,

İçində duyğusu mələr

Bir dərviş röyası kimi.

 

Eşq olan bəla gətirir,

Salır min hala gətirir,

Yaxşı ki, yola gətirir, -

Duyğunu laylası kimi.

 

Haqq ki var, şirin yuxudu,

Bütün sevənlər oxudu,

Arzuları dərd toxudu,

Bir ömür davası kimi.

 

Çoxları şir gözlü imiş,

Sirli imiş, gizli imiş,

Varlığı tərs üzlü imiş,

Medalın arxası kimi.

 

Yollar yol kimi saxlanıb,

Buzlaqlar da ocaqlanıb,

Dünya sevənlə ağlanıb,

Milyonların yası kimi.

 

ELBARİZ

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.21.