Yalqız yaşadığım evin

qapısını tapıram şəkillərin arasından

döyürəm;

söykəndiyim bütün ağaclar gizlənir it səsindən,

qağayı dimdiyindəki kibrit qutusundan...

Bir rəssamsa

filmə çəkilməmiş

ömür axtarmağa başlayır körpələr evində.

 

Beləcə...

Heç təqvimdə iməkləyən

pilləkənlər böyümədi, dostum...

Düşüb arxamca qaçır üzümü tanıyan ayağı palçıqlı qırışlar

... qışqırır:

Bağışla,

bağışla,

tor qurub işıq dirəklərinə Tanrı...

 

Görürsənmi...

bizi bu dayanacaqda akvariumlar da tərgitdi,

yarpaqları itkin düşmüş yürüklər də.

Göz yaşlarına söykənmə,

barmaqlarımdan gizlədirəm skripkamın yaşını,

skamyaların dəfn yerini...

 

...və unutma,

unutma ki,

qapılar hər iki tərəfdən qıfıllana bilirsə,

demək, sən uşaqlıqda oynadığın topun

çiçəklədiyi günə qədər azadsan.

 

Get,

get bir ocaq qala tərkedilmiş notların otağında...

Daha sevgi qovuşmaq üçün yox,

bir-birini unutmamaq üçündür...

Günəşi qar,

qarı su,

suyu od unutduğu kimi...

 

...Bilirəm, bu saat

sən dən səpirsən göy üzünə, qollarına xatir

Mənsə

hələ

gözümü çəkmirəm cüt rəqəmlərin yuvasından...

... birdən

qonşu evdə yaşayan qocanın

öz qarısına dediyi sözü eşidirəm:

Bağışla,

heç sən ,

heç sən qalmamısan yadımda!

 

Emil RASİMOĞLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.24.