Çağdaş Monteneqro şeiri

 

Slobodan Vukanoviç (1944) - Monteneqronun tanınmış ədiblərindəndir, peşəkar ədəbiyyatçıdır. Podqoritsada yaşayır. "Ulduz qələmləri", "Gəmi dəftərindəki qeydlər", "Monteneqronun kosmik köçü", "Sonra edək?", "Qaşıq-qayıq, qanadlı balıqlar xətib Yeromonaxı aparırlar", "Duman qoxulu evlər", "Zəriflər üçün deyil", "İnanmazsan, Amaliya yel dəyirmanına çevrildi", "Balet üçün beş libretto" başqa şeir kitablarının, "Kəfkir-Açar", "Tucemil işıldaböcəkləri" romanlarının müəllifidir. Onlarca uşaq kitabları nəşr edilib. Əsərləri dərsliklərə salınıb, dram əsərlərinə quruluş verilib, 30-dan artıq toplu antologiyalarda əsərləri əsaslı şəkildə yer alıb.

 

Artıq yoxdur

 

Qurbağa quruldayır,

Baxışlarım arzuları geyinir.

 

Qəfəsdəyəm.

Azadlıqdı arzum.

 

İlgək - qorxu bağının çiçəyidir.

Mahnılar ümid vermir.

 

Gələcək yoxdursa,

Keçmiş - cənnətdir.

 

Azadlıq qəfəsdən qurtula bilməz.

Baxışlarım arzuları geyinir.

An yüzildirsə,

Gözləmək əbədiyyətdir.

 

Zaman məni geridə buraxıb.

Geridəqalmışlığı düzəltmək olmur.

 

Zeytun ağacına səbrinə görə qibtə edirəm.

Qızılgülə qoxusuna məğrurluğuna görə.

 

Bağışlama etiraf bitib artıq.

Etibarlılıq müddəti uzadılmr.

 

Labirint

 

Əbədiyyət arzulayan o an ki var,

Bax həmin anda da öldün.

Ölüm gözəlliyin ödəncidir.

 

Düşüncə unudulmaqdan xilasdır.

Boş yerə düşmüş kometi

min illər sonra tamam başqa cür

anlamaq yozmaq olar.

 

Hər şey başlanğıcdır.

Sərhəd kimi.

Heçlikdə bərabərlik.

Bütün məxluqatın bərabərliyi.

Arxeoloq mənanı axtarır.

Sən özün kimin haqlı olduğuna qərar ver.

Ya da Hamlet ol.

 

Çoxbilmişlik baş ağrıdır.

Qarışqa uzununa gedir,

quşlar hündürlükdə uçur.

Zeytun uzun zaman içində bar verir.

Əncir - anın şahıdır.

 

Labirint - taleyimizdir.

 

Qurbağa olmaq istəyirəm

 

Yağışlı hava kimi hiss edirəm özümü.

Küləkli hava kimi.

Yandırıram, günəşliyəm demək.

Bütün bunlar ötüb-keçəndə

bulanıq sudakı qurbağaya dönürəm.

Yulaf qoxusu məhv edib məni.

Sualları, yox qayğıları var.

Mən bitmiş itmiş adamam:

narınginin ətrində,

süsən-sünbülün rəngində,

qadının dadında.

Dərman axtarmaq günahdır.

Axtarırsansa bədənini incidirsən.

Əhval - qəlbimin çərxidir.

Qurbağa olmaq istəyirəm.

 

Slobodan Vukanoviç

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.29.