Torpaq atın göz yaşıma,

Gözlərimdə vətən bitsin!..

 

"Soyqırım" cəfəngi

 

Supergüc həddin aşdı...

Nədir həlli olmayan?!

"Soyqırım"dan danışdı

Soyu bəlli olmayan...

 

Deyir, desin fikrini,

Düzü də əysin görüm!..

Atıb Allah zikrini,

Döşünə döysün görüm!..

 

Səs çatıb qulağına -

Böyümədə Türk-Turan.

Dərd sancıb dalağına

Birləşən bu dağ, aran!..

 

Yalan sözlə yal isid,

Yalaq - pay qırımıdır...

O səslənən "Genosid"

Hüquq soyqırımıdır!..

 

Bu ittiham, iddia -

Populist açıqlama.

İblisanə müddəa -

Arsız bir açıqlama!..

 

"Hay"lar az bəslənməyir...

Tüğyandır hayqırımı...

Bəs niyə səslənməyir

Xocalı soyqırımı?!

Nədən belə olmuş dəb

Şər nitq, saxta bəyanat?!

Köçürülməyə səbəb:

Osmanlıya xəyanət...

 

Sussun siyasi "div"lər,

Tarixçilər yanaşsın...

Açın, dinsin arxivlər;

Zaman özü danışsın!..

 

Sorun, mövzu sorumsa,

Sözü bu elə gətir -

Köçürülmə soyqırımsa,

Bizi də dilə gətir!..

 

Borcu var hər bəyanın

Pak diqqətə, saf aha.

Türkü tanımayanın

Şansı yoxdur sabaha!..

 

Super güc həddin aşdı!!!

Nədir həlli olmayan?!

Soyqırımdan danışdı

Soyu bəlli olmayan!..

 

Şəhid zövcəsi

Hələ çatmamısan ahıl bir yaşa,

Həm sinə dağımsan, həm də baş tacım.

Bir zaman zövc idin - yəni cüt, qoşa,

İndi təkqanadlı mələksən, bacım.

 

Harayın, sükutun, doğma ərklərin

Vətən savaşında - o cəngdə qalıb.

Üçrəngli bayrağa bükülən ərin

Amalı, məramı bir rəngdə qalıb!..

 

Nur saçdı dünyaya zəfər inadın,

Dünya əvvəl-axır ölüm-itimdir...

Torpağa ər şəhid tapşıran qadın,

Şəhidi olmayan torpaq yetimdir!..

 

Dözgünsən həyatın zərbələrinə...

Ümid müjdələrin - Tanrıdan əta.

Ata soraqlayan körpələrinə

Bir üzün anadır, bir üzün ata.

 

Dərd köhlən, yol yəhər, inam üzəngi,

Bir dilək min cilov çeynəyib udur...

Hərdən basılanda qapının zəngi

Elə bilirsən ki, gələnin odur...

 

Gecələr gözünə gəlsə bir çimir,

Onu yuxularda sağ görəcəksən...

Birdən kəsiləcək sükut, səs-səmir,

Oyanıb, tək Qara...bağ görəcəksən...

 

Sanma köhnələcək hər ötən "boyat",

Təzəcə nisgillə boy at - şəhiddir.

Onun taleyində şəhidlik - həyat,

Sənin gözlərində həyat Şəhiddir!..

 

Verin şəhidlik növbəmi

 

Bayram edərəm yasımı -

Verin şəhidlik növbəmi.

Geyim şərəf libasımı -

Verin şəhidlik növbəmi.

 

Qara yellər əsdi daha;

Yurdum duman, sisdi daha...

Gözlədiyim bəsdi daha -

Verin şəhidlik növbəmi.

 

Qan ağlayan el Oğuzdu;

Nə fərqi - Şuşa, Tovuzdu!..

Yalmanan yağı quduzdu!..

Verin şəhidlik növbəmi.

Həsrətəm əsir dağıma -

Qarabağ adlı ağıma...

Bükün məni bayrağıma -

Verin şəhidlik növbəmi.

 

Bir ovuc torpaq həvəsim -

Bir dünya vətəndi bəsim...

İçimdə boğulur səsim -

Verin şəhidlik növbəmi.

 

Noolsun ki, qələmim var?!

Hər nəfəsdə ələmim var...

Ömür borcum - sələmim var;

Verin şəhidlik növbəmi.

 

Şər ötən ozan deyiləm,

Söhbəti uzun deyiləm;

Növbəmi pozan deyiləm -

Verin şəhidlik növbəmi.

 

Zikr edim ölüm tövbəmi -

Verin şəhidlik növbəmi,

Verin şəhidlik növbəmi!

 

Qoymayın o şəkli

yuxuma girə

 

Ağlımın ağlını əlindən alıb,

Qoymayın o şəkli yuxuma girə.

Ömrümün ayından, ilindən alıb,

Qoymayın o şəkli yuxuma girə.

 

Bu gün bir xatirə - gün olduğundan...

Ruhumda başqa bir ün olduğundan...

Mənim yuxularım çin olduğundan

Qoymayın o şəkli yuxuma girə.

 

Gözəl ofsunudu - şux "şər"di, düşdüm,

Bəmdə duyğulanıb, zil pərdə düşdüm,

Bircə yol görməklə min dərdə düşdüm...

Qoymayın o şəkli yuxuma girə.

 

Yuxum yuxalanar, kövrəlib dolar,

Yaxam yaxalanar; edamım olar,

Bütün gözəlləri gözümdən salar -

Qoymayın o şəkli yuxuma girə.

 

Hələ bu, rəsmdir, özü ki deyil,

Üzüm söykədiyim üzü ki deyil,

"Qoymayın" sözümün düzü ki deyil,

Qoymayın o şəkli yuxuma girə.

 

Tutun yağışlara, ya qardan asın,

Atın dəryalara, avardan asın,

Könlüm evindəki divardan asın,

Qoymayın o şəkli yuxuma girə.

 

Bu gün ad gününü keçirəcəyəm

 

Bu qədər ki, həsrət qalmışam sənə,

Səbrimə ümidlər içirəcəyəm...

Bir misra hədiyyə "almışam" sənə,

Bir şeir ad günü keçirəcəyəm.

 

Çox da uzaqdasan, çatmayır əlim,

Dilə gətirmərəm məlamətimi...

Dərdindən ölməyim yaşadar, gülüm,

Hər gün sağlığımı, səlamətimi.

 

Mələklər ahımı bəlkə eşidir;

Bəhri-təvillənib bəlkəmin yası.

Bəlkə Rəbbin kiçik "elmi işi"dir

Bu acı ayrılıq "monoqrafiya"sı...

 

Yoxsan,

varlığınla göz-gözəyəm ki,

Məhrəm baxışında baharın, qışın...

Gərək xəyalını şux bəzəyəm ki,

Səma görkü olsun Ayla yarışın...

 

Qaneyəm dünyamda hər azla, çoxla;

Başıma yığacam dünənləri mən...

Sözümü bir səbət gül kimi qoxla,

Ötüm xatirəyə dönənləri mən...

 

Vəsf piyaləsinə təşbeh doldurub,

Süzgün baxışını süst tutacağam...

Şəninə neçə bənd badə qaldırıb,

Sənə qəribanə üz tutacağam...

 

Gecə telefondan səsin gələcək;

Yaddaşın yanılıb qalar röyadan.

Ekran açılınca üzün güləcək;

Şəklin boylanacaq "qalereya"dan.

 

Sən ürək sözümə atəş deyənsən,

O da bir hərarət salsa eyninə.

Götür o misranı, əgər bəyənsən,

Sevgi libasıtək geyin əyninə.

 

Tapdığım sevincim - tapılmaz bəlam...

Surəti gözümdə bəsirətinin.

Sən - əsir eləyən,

mən - əsir olan;

Ad günü mübarək əsarətimin!..

 

Oğullar şəhid oldu ki...

 

Şəhidlərimizin

müqəddəs ruhuna ehtiramla

 

Son xəbər - şəhid sorağı

Yerdən-yerə yetirildi.

Geyib üçrəngli bayrağı,

Əllər üstə gətirildi...

 

Minor kökündə yuvalan,

Səslər qan itirə bilər...

Üzülən Qoşqar, Savalan;

Dağı dağ götürə bilər...

 

Ərzin ərz dili laldı ki!..

Çulğamasın şər dünyanı.

Oğullar şəhid oldu ki,

Tanısın bəşər dünyanı...

 

Ana, bacı ahlar, susar;

Qəm yaş yanaqda qalmasın.

Seyri təmkinindən asar,

Səbrin kasası dolmasın...

 

Qanla torpağı yoğurdun -

Vətən bilmə onsuzluğu...

Oğlu şəhid olan Yurdun

Olmur kişi sonsuzluğu!..

 

Oğullar şəhid oldu çox...

Ərlik yad anları sevməz.

Qadınsız, qansız sevgi yox,

Döyüş qadınları sevməz...

 

Qana qəltan buludu ki

Yağmurlayan yağılansın!

Oğullar şəhid oldu ki,

Şəhidlik də oğullansın...

 

Torpaqla su köz-köz oldu,

Araz, Həkəri bir candır.

Dillərdə ilk, son söz oldu:

"Qarabağ Azərbaycandır!"

 

Yaranan qeyzə doldu ki,

Yurd yar sığalsız olmasın.

Oğullar şəhid oldu ki,

Torpaq oğulsuz olmasın.

 

Bu ölüm - ucalıq uman;

Xoşbəxt etmiş girəvəni...

Everest, Comolonqma

Qısqanmazmı o zirvəni?!

 

Alp ərənlər öc aldı ki,

Ərlik qalsın öz adında.

Oğullar şəhid oldu ki,

Qəm kirisin fəryadında.

 

...Döyüşlərdən etkilənib,

Dərd qışından yaz andılar.

Yarı ömür itkilənib,

Bütöv həyat qazandılar...

 

Yol uzun, sonucsuz - mərdə

biçilmiş ön şərəf donu.

Oğul şəhid olan yerdə

Haqqın qibləsi bil onu!..

 

Amal amanı aldı ki,

Üstünə hünər sərilsin.

Oğullar şəhid oldu ki,

Bir öləndə yüz dirilsin.

 

Dağlar dağ əhdiliyində,

Mərdlik boyu ərşə dirək...

Hər əsgər şəhidliyində

Bir diriliş çarpan ürək...

 

Şəhidlik zirvə yoldu ki...

Ümidlər sınıb-solmasın.

Oğullar şəhid oldu ki,

O zirvə şəhid olmasın!

 

Torpaq vətən

 

Ata millət, ana yurd, bil,

Öfkəli, saf soy andıraq.

Bəlkə şeir vaxtı "deyil"...

Bəlkə sözü "dayandıraq"?..

 

Bəlkə elə birdəfəlik

Silah asaq dilimizdən?!.

Söz qaçmır ki, o da ləlik...

Qaçan vaxtdır əlimizdən...

 

Nitqi də iyi iş edək;

Qələm tale-təməl yazsın.

Bu qanunu dəyiş edək:

Alnımızı əməl yazsın...

 

Dağ dalından, daş incimdən

Boz xəyanət sisi gəlir...

enə dalğın düşüncəmdən

Qılınc-qalxan səsi gəlir...

 

Dözməzliyə, dözümüm, döz,

Tənsizə nə tən əyirəm?!

Vətən torpağı - məlum söz,

Mən - torpaq-vətən - deyirəm.

 

Yeri, göyü bürüyən ah

Hələ də rəhm eşiyində...

Torpağımı qoru, Allah,

Mən də sənin keşiyində!..

 

Əsil mayadan bitənim

Əslimin əski əridir.

Generalı şəhid vətənin

Millət cəmi əsgəridir!..

 

Lal sükutdan ünə keçmək

Dağ işidir əta yönün.

Sıravidən önə keçmək

Doğuşudur Xətainin!..

 

Azadlıq totemi qurdkən

Susmazıq təmkin həblə biz.

Torpaqla qan birgə yurdkən

Savaş məqamı - qibləmiz!..

 

Yağış olum öz daşıma,

Düzümdə düz ötən bitsin...

Torpaq atın göz yaşıma,

Gözlərimdə vətən bitsin!..

 

Soyuqluq qürbəti

 

Nəvaxtdan itirib ağız dadını;

Dünya ha çeynəyir öz fəryadını...

 

Doqqaz sinəmizin döyəni ola,

Könül qapımızın dəyəni ola;

Qardaşlar, bacılar qapıdan girə,

Yaxınlar yaxını yaxından görə.

Yaşmaqlar açıla ağız-burundan,

Ürəklər feyz ala təmas şurundan.

Əmilər, dayılar hal-xoş eləyə,

Süfrə ətrafında bir nuş eləyə.

Bir el şənliyinin sorağı gələ,

Soybir əqrəbalar verə əl-ələ...

 

Zülmətin bağrından qızıl dan çıxa;

Qəfil gələn bəla bacadan çıxa!..

 

Məhrəm səs-sədanı qulaq istəyir,

Qırıq ünsiyyətlər calaq istəyir...

Soyuqluq harayı hənir batırır,

Sükut doğmalığa qürbət gətirir...

Kimsə əhvalını sormur kimsənin,

Kimsə çəkdiyini görmür kimsənin...

Görən bir Allahdır - kənardan baxır,

O da bilən yoxdur heç hardan baxır...

 

Həmdəmsiz durum da şövqsüzlükdür,

Ən böyük tənhalıq sevgisizlikdir...

 

Hardan peyda oldu bu xəstəliklər;

Yükləndi üst-üstə üst üstəliklər?!

Kimdən yan keçəcək bu dərd - bilinmir,

İçimizdə yatan namərd bilinmir...

Yatır biganəlik balışlarında,

Yatır şairlərin göz yaşlarında...

 

Həsrət qova-qova tövşüdür bizi,

Qürbətsal yanğılar üşüdür bizi...

 

Sanki ayrı düşüb cismim ruhumdan;

Dost dostdan cüdadır, qohum qohumdan...

 

Dünyanı kim saldı bu yönsüz günə -

İşıqsız, ümidsiz, kor, günsüz günə?!

Sanki bəxtəvərlik şux atdan düşüb,

Ölüm də, qalım da urvatdan düşüb...

Düzən sorağında Yer-Göy təlaşlı,

Cahan qan ağlayır torpaqlı-daşlı...

 

İlahi, bir ovuc göz yaşı bəskən,

Hökmündən uzaqda nə var - əbəskən

Qoynunda dəryaca qəmləri qurut,

Bu lilli, bulanıq suları durult.

Tək sənə agahdır nəsnələr sirri,

Təki sən ağlama, Allahım, kiri...

 

Boğazı tıxanıb səs yerlərinin;

Cıqqır çıxarmağa çarəmi yoxdur?!

Toy-düyün bir yana, yas yerlərinin

Təsəlli-ünsiyyət məramı yoxdur...

Gah açır, gah qapı bağlayır Allah;

Yaradan hər anı ah-ah bölübdür.

Şair düşünəndə "ağlayır" Allah,

Şair ağlayırsa, Allah "ölübdür"...

 

Yusif NƏĞMƏKAR

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.4-5.