Varislər

 

Nadiya Qafarova: Məmnuniyyətlə yaşayan adam...

 

"Varislər"in bugünkü qonağı unudulmaz şair, peşəkar tərcüməçi, gözəl insan, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi Vladimir Qafarovun varisi, tanınmış şair, tərcüməçi Nadiya Qafarovadır.

Gəmi kapitanının oğlu

 

1935-ci ildə Sabirabadda, Əbdüləzim Qafarovun ailəsində dünyaya göz açmışdı. Orta məktəbi Bakı şəhərində bitirən Vladimir təhsilini BDU-nin filologiya fakültəsində davam etdirmişdi. Hələ orta məktəbdə oxuduğu illərdə şeirlər yazır, bəzən saatlarla şəhərdəki kitabxanaları dolaşır, diqqətini çəkən, marağına səbəb olan kitabları acgözlüklə oxuyurdu.

Müharibə qurtaranda onun 10 yaşı təzə tamam olmuşdu. Çörək növbələri, qara kağızlar, cəbhədən qayıdan əsgərlər, ayağını, qolunu müharibə meydanlarında qoyub gələn adsız qəhrəmanlar... Bütün bunlar Vladimirin uşaq yaddaşına öz imzasını qoymuşdu.

Müasirləri öz xatirələrində onun həyat dolu bir insan olduğunu söyləyirdilər. Yazdığı şeirlər öz deyim forması, üslub yeniliyi ilə seçilir, sevilirdi. Onun etdiyi tərcümələr neçə-neçə soydaşımızın imzasını ölkə hüdudlarından kənara daşıyıb aparmışdı.

 

"Ölüm - ərlik qız deyil,

görürsən?

Onunla oyun oynama, oğlan".

 

Vladimir Qafarov öz milli mədəniyyətinə, ədəbiyyatına, dilinə sadiq adam idi. Əsərlərini rus və Azərbaycan dillərində yazırdı, klassik ədəbiyyatımızdan etdiyi tərcümələri son dərəcə maraq doğururdu. Onun əruz vəznini "qoruyub saxlayaraq" rus dilinə etdiyi tərcümələr haqqında ötən əsrin 80-ci illərində demək olar ədəbiyyat cameəsində hər kəs danışırdı.

Bu gün ondan danışacağıq - Vladimir Qafarovdan və söhbətdə mənə unudulmaz Vladimir Qafarovun qızı, həmkarım, dostum Nadiya Qafarova bələdçilik edəcək.

 

Proletariata sevgiylə

 

- Nadiya, səninlə "Varislər"də görüşməkdən məmnunam. Gəl lap əvvəldən başlayaq: necə olur ki, tipik azərbaycanlı adı olan Əbdüləzim kişi oğlunun adını Vladimir qoyur? Sənin adınla da bağlı sualım olacaq.

- Əvvəlcə "Ədəbiyyat qəzeti" kollektivinə bu cür maraqlı layihədə atama yer ayırdığı üçün təşəkkür etmək istəyirəm. "Varislər" son dövrlərdə mətbuat dünyasında çox böyük nüfuz və marağa sahib olan layihədir və bacardığım qədər "Ədəbiyyat qəzeti"nin hər nömrəsini oxumağa çalışıram.

Çox doğru qeyd etdiniz, ailəmizdə adlar sanki xüsusi ayinlə seçilib. Atam həmişə Kürlə Arazın qovuşağında "Çapayev" gəmisində dünyaya gəldiyini deyirdi. Onun anası Voronejdən olub - Nadejda. Babam isə köklü sabirabadlıdır. Onlar Birinci Dünya müharibəsi vaxtı tanış olub evləniblər. Müharibədən sonra babam nənəmlə bir yerdə Sabirabada qayıdıb, amma ailəsi onların bu evliliyinə əvvəlcə narazılıq edib, sonda razı olmaqdan başqa çarələri qalmayıb. Atamın adını nənəm seçib. Kommunist hakimiyyəti dövrü olub, dəyərlər, inanclar fərqli olub o vaxtlar, özünüz bilirsiniz. O da proletariatın dahi rəhbəri Leninin şərəfinə oğlunun adını Vladimir qoyub.

Mənim adımın da öz mənası var, əgər sizin üçün maraqlıdırsa, danışa bilərəm.

- Əlbəttə, dedim axı, bu barədə sualım olacaq.

- Demək, biz əkizlər dünyaya gələndə atam oğlunun adını rus alimi Dmitri Mendeleyevin nəslindən olan dostu Aleksandr Mendeleyevin şərəfinə Aleksandr qoymaq istəyib. Aleksandr Mendeleyevlə atam çox yaxın dost olublar. Atam Moskvaya onlara gedirdi, o, Bakıya gəlib bizdə qalırdı. Yəni bizim mənəvi əmimiz idi də demək olar ona. Mənim adımı isə anası Nadejdanın şərəfinə Nadejda qoymaq fikrində olub.

 

Mendeleyevin dostu

 

Biz ana tərəfdən köklü bakılı - içərişəhərliyik. Ana tərəfimiz çox mühafizəkardır, atamın övladları üçün ad seçiminə ana tərəfdən böyük narazılıq yaranıb və belədə atam Aleksandrın türkləşdirilmiş variantını - İsgəndər adını qardaşıma, Nadejda adının oxşarını, ərəbləşdirilmiş formasını isə mənə verib və adım Nadiya olub.

- Ailədə neçə uşaq olmusunuz?

- Ümumiyyətlə, atamın 4 övladı olub, amma 3 nikahdan. İlk nikahdan lap böyük qardaşımız Rövşən Qafarov idi, ötən il dünyasını dəyişdi. İkinci nikahdan olan qardaşımızın adı Əzim idi, biz onunla əlaqə saxlamırıq. Sonuncu nikahdan isə bizik - əkizlər, mən və qardaşım İsgəndər. Atam ailə həyatının ən böyük hissəsini, ömrünün sonuna qədər bizimlə yaşadı.

- Əbdüləzim kişi kim olub? Necə gedib çıxıb Birinci Dünya müharibəsinə, "Çapayev" gəmisinə?

- Babam Əbdüləzim kişi gəmi kapitanı olub. Dediyim kimi, nənəmiz Nadejda ilə tanış olublar, elə orada ailə qurublar. Müharibədən sonra da babam kapitan kimi fəaliyyətinə davam edib. Mülki gəmilərdə kapitan olub və belə demək olarsa, ailəsi ilə gəmidə yaşayıb. Dediyim kimi, atam da 1935-ci ildə "Çapayev" gəmisində doğulub. Yəqin, elə buna görə atamın dənizə, gəmilərə sevgisi çox romantik idi.

 

Gəmidə dünyaya gələn şair

 

- Vladimir Qafarov ədəbiyyata çox erkən yaşlarında gəlib və ilk şeiri çap ediləndə haradasa 17 yaşı olub. Yaradıcı adamlar peşəkarlaşdıqca çox vaxt ilk qələm təcrübələrinin primitiv olduğunu etiraf edirlər. Vladimir Qafarov ilk şeirindən razı idimi?

- Hərdən söz düşəndə təbəssümlə deyirdi ki, yaradıcı insan daha çox yazmağa başladığı ilk dövrlərdə səmimi olur. Peşəkarlıqdan uzaq da olsa, o yazılardakı səmimiyyət sadəcə ilahi işıqla müqayisə edilə bilər. Əlbəttə, evdə arxivində saxlayırdı o şeiri. Şeirin adı "Oğul" idi. Daha çox onun yetirmələri atamın ilkin dövrlərdə yazdığı şeirlərə münasibət bildirirdilər. Onun özünün rəhbərlik etdiyi ədəbi birlik vardı, Azərbaycan və rus dillərində yazan xeyli istedadlı gənc toplaşırdı başına. Birliyin adı "Rodnik" (Çeşmə) idi. Birlikdə çox qızğın ədəbi mübahisələr, təhlillər, fikir mübadilələri aparılırdı. Atam öz peşəkarlığını o gənclərlə bölüşürdü. Birliyə hər iki dildə yazan (amma daha çox rusdillilər) şairlər, yazıçılar, tənqidçilər, tərcüməçilər toplaşırdılar. Müxtəlif məkanlarda görüşürdülər. AYB-də, evimizdə, bəzən işlədiyi "Bakinskiy raboçiy" qəzetinin redaksiyasında bir araya gəlirdilər. Sonradan kifayət qədər tanınan şair Yelizaveta Qasımova, Heydər Orucov, İbadət Rüstəmzadə, Maarif Soltan, Əmrah Xanməmmədov, Yuri Məmmədov və adını unutduğum xeyli imza var onların arasında.

 

Azad olmaq sevdası

 

- Kinostudiya maraqlı yerdir, üstəlik, Vladimir Qafarovun kinostudiyada işlədiyi ötən əsrin 50-ci illəri "Azərbaycanfilm"in çox qızğın iş rejimində fəaliyyət göstərdiyi, maraqlı filmlər çəkdiyi vaxtlar olub. Vladimir Qafarov çox qısa müddət, təxinən 1 il orada redaktor işlədikdən sonra, ayrılıb. Bunun nəsə ciddi səbəbi olumbu?

- Təəssüf, bu barədə dəqiq məlumat verə bilmərəm, amma bir həqiqət var, o, ruhən azad yaradıcı mühitə üstünlük verən biri idi. Həqiqət, ədalət tərəfdarı idi. Heç bir çərçivə, heç bir qəlib onun azadlığını məhdudlaşdıra bilməzdi, yəqin, oradakı iş hansısa formada ürəyincə olmayıb, ya da bəlkə, ürəyinə yatan daha münasib iş tapdığı üçün oradan ayrılıb. Bu xüsusiyyətində mən də ona çəkmişəm. Mən də azadlıq sevirəm. Məxsusi akkordlar xoşlamıram.

- Vladimir Qafarovdan söz düşəndə o, gözəl şair olması ilə yanaşı, həm də gözəl tərcüməçi kimi xatırlanır. Azərbaycan ədəbiyyatını, xüsusilə də milli poeziyanı rus dilində keçmiş sovet məkanına təqdim edən biri. Mən bir neçə dəfə mətbuatda onun Bakı şairlərindən əruzda etdiyi tərcümələrlə rastlaşmışdım. Əlbəttə, buna klassik əruz demək olmasa da, mətnin poetik ritmini qoruyub saxlayaraq təqdim etmək istedadla yanaşı, həm də peşəkarlıq tələb edir.

 

Rus dilində əruz?

 

- Doğrudur, şeir mətnlərinin tərcüməsi çox ağır prosesdir. Mən də tərcümə edirəm və bunun nə olduğunu dəqiq bilirəm. Atamın bir üstünlüyü vardı: o həm öz dilini, doğma Azərbaycan dilini gözəl bilirdi, milli ədəbiyyatımıza, folklora, klassik şairilərimizin yaradıcılığına yaxından bələd idi, həm də rus dilinin incəlikləri, rus ədəbiyyatı, ümumiyyətlə götürsək, dünya ədəbiyyatı ilə tanış idi.

Onun tərcümə, belə götürsək, bütün yaradıcı prosesi gecələr başlayırdı. Elələrinə klassik mənada, sözün yaxşı mənasında bayquş deyirlər. Bundan əlavə, yaradıcı mühit üçün sakitliyə üstünlük verirdi və bir qayda olaraq evimizdə sakitlik ancaq gecələr olurdu. Gündüzlər yatıb dincini alır, müəyyən qədər istirahət edirdi, amma gecələr onun yaradıcılıq ayini başlayırdı. Bu proses çox maraqlı idi. Evdəki kabinetində böyük kitabxanası vardı, ən sevimli məşğuliyyətlərindən biri də kitablar arasında vaxt keçirmək idi. Bir qədər kitab oxuyurdu. Sevimli müəllifləri - şairlər vardı, ola bilərdi eyni müəllifi dəfələrlə oxusun. Zaman keçdikcə, özüm ciddi yaradıcılıqla məşğul olduqca nə qədər ona oxşadığımı, bəlkə də şüuraltı olaraq onu təkrar etdiyimi görürəm.

 

Mahnı oxuyur, qəlyan çəkir, sonra...

 

Əvvəlcə özünü tərcümə ladına, yaradıcılıq ladına kökləyirdi. Mahnı oxuyurdu. Ancaq qəlyan çəkirdi. Musiqi dinləyirdi. Bütün bunlardan sonra masa arxasına keçib yazmağa başlayırdı. Görünür, artıq mahnı oxuduğu, qəlyan çəkdiyi andan beynində nəsə proses başlayırdı və masa arxasına keçəndən sonra saatlarla yazırdı. Gəmi formasında sevimli külqabısı vardı. Ümumiyyətlə, atası gəmi kapitanı olmuşdu deyə, onun şəxsi əşyaları arasında dənizlə, gəmi ilə bağlı xeyli maraqlı xatirə toplanmışdı. Ömrünün sonuna qədər bu əşyaları göz bəbəyi kimi qorudu, çünki hər biri ilə bağlı nəsə xatirə, nəsə maraqlı detal olmuşdu həyatında. Kompüteri heç vaxt özünə yaxın buraxmadı, yazı makinası vardı, onunla yazırdı. Bir barmaqla işləyirdi. Əslinə qalsa, bir barmaqla işləmək vaxt aparır, amma vərdiş eləmişdi artıq, çox sürətlə yazırdı. Onun "Məmnuniyyət" (Udovolstviye) adlı maraqlı bir şeiri var.

 

"Məmnuniyyətlə yatır,

Məmnuniyyətlə oyanıram yuxudan,

Məmnuniyyətlə içirəm,

Yeyirəm eyni niyyətlə.

Məm-nu-niy-yətlə!

...İşləməyim də - məmnuniyyətlədir.

Elə ki gördüm

Yaşaya bilmirəm bu ləzzətlə,

Ölərəm məmnuniyyətlə".

 

Səhər açılanda özünü yaradıcılıq borcundan çıxan biri kimi hiss edirdi. Məmnun görünürdü. Mən onun bütün bu proseslərdən, bu yaradıcılıq aurasından zövq aldığını hiss edirdim.

 

"Məmnuniyyətlə..."

 

- Bir qədər əvvəl də qeyd elədik, sovet ədəbiyyatının ən uzağa gedib çıxa bildiyi məkan elə sovet sərhədləri arasında tanınmaq idi. Vladimir Qafarov Azərbaycan şeirinin sovet məkanında tanınmasında xüsusi xidmətləri olan təcüməçidir. Təsəvvür edirəm kimlər onun növbəsində dayanıb, kimlər xahiş edib ki, məni tərcümə elə. Yəqin, inciyənlər də olurdu...

- Əlbəttə, növbədə olanlar çox idi. İlk növbədə onun özünün sevdiyi müəlliflər vardı ki, onları xahiş-minnətsiz özü tərcümə edirdi və təbii ki, bundan özünün dediyi kimi "məmnuniyyətlə" zövq alırdı. Bir sözlə, kimliyindən asılı olmayaraq, hər tərcüməni götürüb işləmirdi. Pula görə, xətirə görə iş götürmək yad idi onun xasiyyətinə və bu xüsusiyyətinə görə mən həmişə onu təqdir edirəm. Azad idi bu işdə. Çox az tanınan bir müəllif, əgər onun yazdıqları atamın ürəyinə yatıbsa, məmnuniyyətlə tərcümə edirdi. Adını çəkmək istəmədiyim bir tanışı vardı, özü də hüquq-mühafizə orqanlarında işləyirdi, yəni adam şair deyildi, tamam başqa sahənin adamıydı, atamla yoldaşlıq edirdi. Təmsillər yazırdı...

- Məncə, söhbət Mərkəz Quliyevdən gedir.

- Hə, söhbət ondan gedir.

- Mən də tanıyırdım onu, maraqlı adam idi, təmsilləri də maraqla qarşılanırdı.

- Bəli, atam da təmsillərini bəyəndiyi üçün xeyli tərcümə etmişdi ondan. Amma bir də görürdün, kifayət qədər tanınmış bir müəllifin tərcüməsindən çox rahat şəkildə, "tərcümə eləmirəm" deyəcək qədər açıq formada imtina edə bilərdi. Və imtina etdiyinə görə ondan inciyən xeyli məşhur imza vardı.

 

"Səni tərcümə eləmirəm!"

 

- Bəlkə, bir neçəsinin adını çəkəsən...

- Məncə, buna ehtiyac yoxdur. Onsuz da bilənlər bilir. Üstəlik, mən deyə bilmərəm axı həmin müəlliflər pis yazdıqları üçün atam imtina edib, burada şəxsi münasibətlər, şəxsiyyət faktoru da mühüm rol oynayır. Atam o mətbəxin içindəydi, onların çoxunu şəxsən tanıyırdı, elə onlar da atamı tanıyırdılar, xasiyyətinə bələd idilər. İnciyənlər, mane olanlar, sonra hətta düşmənçilik edənlər də olurdu, əlbəttə. Məncə, bu, təbiidir. Elə indi də eyni şeylər yaşanır yaradıcı mühitdə.

- Dedin sevdiyi müəlliflər vardı, mənim üçün maraqlıdır, kim idi o sevimli müəlliflər. Kimləri zövqlə, məmnuniyyətlə tərcümə edirdi?

- Müasirlərindən Məmməd Arazın fanatı idi. Çox sevirdi onun yaradıcılığını. Söhrab Tahirin yaradıcılığını sevirdi, üstəlik, həm də yaxın dost idilər. Atam Söhrab müəllimdən çox tərcümə etmişdi, hətta atamın tərcüməsində Söhrab Tahirin şeirlər kitabı da çap olunmuşdu. Süleyman Rüstəmlə bağ qonşusuyduq həm də, Süleyman müəllim çox istəyirdi atamın xətrini. Atam onun qəzəllərini, şeirlərini sevə-sevə tərcümə edirdi. Məmnuniyytlə bu siyahıda Bəxtiyar Vahabzadənin adını çəkmək istəyirəm. Atam Bəxtiyar müəllimin yaradıcılığının vurğunu idi.

 

Pencəyini götürüb getmişdi

 

- Söhbətin əvvəlində üç dəfə ailə qurub dedin, ola bilsin, bu fakt oxucularımıza qəribə gələr, amma mənim üçün o qədər də qəribə deyil, çünki yaradıcı adam, ilk növbədə, öz evində rahatlıq tapmalıdır. İlk növbədə ailəsi onu başa düşməli, qəbul etməlidir, ruhunun azadlığını öz ailəsinin içində, doğmalarının arasında duymalıdır, əgər belə olmursa, adam sadəcə pencəyini götürüb, evdən gedə bilir.

- Doğrudur. İlk nikahda təxminən elə bir şey olmuşdu, atam pencəyini götürüb getmişdi evdən.

- Vladimir Qafarov ailədə necə idi? Ananızla - içərişəhərli qızı ilə harada, necə tanış olublar? Üstəlik, iki dəfə ailəli olub, ailəsini atan biri ilə evlənmək məsuliyyət tələb edir, yəni iki dəfə ailəsindən ayrıla bilən adam, haradasa öyrəncəli olur artıq, bu üçüncü dəfə baş verə bilər. Bir az bu barədə danış.

- Anam böyük şəxsiyyət Nəsir İmanquliyevin baş redaktoru olduğu "Bakı-Baku" axşam qəzetlərində korrektor işləyib, redaksiyada tanış olublar, yəni atam da "Bak. raboçiy" qəzetinin bədii redaktoru olub o vaxt. Atam tez-tez anamın işlədiyi redaksiyaya qonaq gedirmiş, amma anamla tanış olandan sonra ümumiyyətlə ayağı oradan çəkilməyib. Onlar ailə quranda atam artıq kifayət qədər tanınmış şair idi. Aralarında 16 yaş fərq vardı, atam xeyli böyük idi ondan. Ana babam Məmmədağa kişinin anam Rəna xanımla bağlı öz planları olub, yəni ilk vaxtlar onların ailə qurmasına razılıq verilməyib. Üstəlik, qeyd etdiyiniz kimi, atam artıq iki dəfə ailəli olmuşdu, bu da müəyyən narazılıqlara səbəb idi. Amma alın yazısından, taledən qaçmaq olmaz. Yəqin, göylərdə onların ulduzlarının barışacağı planı çoxdan hazır olub və nə yaxşı ki, olub, çünki mən atamla həm bir şəxsiyyət, maraqlı ədəbiyyat adamı, həm ata kimi fəxr edirəm. O, bütün rahatlığını, huzurunu evdə, ailədə tapırdı, üstəlik, hələ balaca olandan mənim ədəbiyyata, şeirə həvəsimi hiss etmişdi və bu da ona xüsusi məmnunluq verirdi.

 

Ulu öndərin qayğısı

 

Onlar uzun müddət Şüvəlandakı bağ evimizdə yaşamışdılar. Sonra ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə atama yeni mənzil verdilər. Ulu öndər atamın yaradıcılığına xüsusi diqqət ayırıb. Ev məsələsi ortalığa çıxanda ümumilli lider o vaxt Bakı şəhərinin memarlığında böyük xidmətləri olmuş Əliş Ləmbəranskiyə tapşırır ki, Qafarovla bir yerdə şəhəri gəzin, ürəyi harada istəsə, oradan ona ev verin. Elə də olmuşdu. İndi anamla bir yerdə Azadlıq prospektində yaşadığımız mənzil həmin evdir.

Evdə anamla da, qardaşımla da münasibəti çox yaxşıydı, amma mənimlə həm də dostluq edirdi. Bir sözlə, söhbətimiz tuturdu. Bunun bir səbəbi də vardı: onun məndən başqa bütün övladları oğlan olmuşdu. Ona görə məni əzizləyirdi, anasının adına oxşatmışdı adımı, mamanya (anam) deyirdi mənə. Mənim ədəbiyyata maraq göstərməyim anamın ürəyincə deyildi, bəlkə də atam olmasaydı, heç vaxt ədəbiyyata gəlməzdim. Amma atam mənə arxa durdu. Ürəkləndirdi. Mənim yaradıcılığa başladığım dövrlər Birinci Qarabağ müharibəsinə təsadüf etmişdi, ağır zamanlar idi. 10 yaşım olandan şeirlərim mətbuata ayaq açdı, əlbəttə, atamın redaktəsi və dəstəyi ilə çap olunurdum. Vətənpərvərlik şeirləri, müharibəyə nifrət notlarında yazılan mətnlər idi onlar. Hərdən mənə elə gəlir ki, vaxtından əvvəl böyüdüm, bəzən düşünürəm, elə bizim nəsil bütünlüklə vaxtından əvvəl böyüdü. Doğrudur, Bakıda müharibə yox idi, amma Bakının hər addımında müharibənin izləri vardı və "Şəhidlər xiyabanı" özü müharibə haqqında hər şeyi deyirdi. Bakı 20 Yanvar faciəsini yaşamışdı.

- Elə başa düşdüm ki, Vladimir Qafarov sənin təkcə şeir yazmağına deyil, həm də tərcümə ilə məşğul olmağına, bir tərcüməçi kimi yetişməyinə də dəstək olub. Amma mənim aləmimdə ədəbiyyatda tərcümə qədər ağır və zəhmət tələb edən ikinci iş yoxdur. İstedad, peşəkarlıq və saatlarla oturub, yazmaq həvəsi... Sən atanın bu əziyyətini görmüşdün, nə əcəb eyni yolla getməyi seçdin?

 

Özü ilə yarışanlar

 

- Öz işimdən xoşum gəlir. Bəzən özüm-özümlə yarışıram, bir şeiri bir neçə variantda tərcümə edirəm və aralarında seçim etməyə çalışıram. Doğrudur, ağır zəhmət tələb edən işdir, həm də maraqlı işdir. Ümumiyyətlə, ədəbiyyat maraqlı planetdir. Atam da eləydi, bir bayatını 3-5 dəfə işləyə bilərdi, seçirdi, özüylə yarışırdı. "Daha yaxşı tərcümə edə bilərdim" tələbi adamı yaradıcı işin dərin qatlarına aparıb çıxarır. Maraqlı prosesdir. Özünüz peşəkar tərcüməçi, nasirsiniz, bu işdə kifayət qədər təcrübəniz var, mətn zaman-zaman öz məna yükünü dəyişir, beş il əvvəl sənə əhəmiyyətsiz görünən mətn sonra sənə çox maraqlı, hətta sirli görünə bilər. Atam bayatılara, folklora xüsusi həssaslıqla yanaşırdı, lap çap olunmuş bir bayatını da 3 ildən, 5 ildən sonra təzədən, tam fərqli formada tərcümə edə bilərdi. Xəyyamın rübailərini də eyni sevgilə tərcümə etmişdi.

- Ədəbiyyatdan, tərcümədən başqa marağı nəyə idi? İdman, musiqi? Ya da nəsə bir hobbisi vardımı?

- Deyəsən, bir qədər əvvəl qeyd elədim: dəniz mövzusu ilə bağlı müxtəlif əşyalar toplayırdı. Rəsmdən tutmuş balıqqulağına və digər şeylərə qədər. Ağlı kəsəndən dəniz, gəmi... bu mühitdə böyümüşdü. Hə, onu da deyim, atam gəncliyində dənizçi olmaq istəyib, amma babam mane olub. Məncə, onu ədəbiyyata gətirən də elə dənizə olan marağıdır. Axı dəniz təbiətin ən maraqlı şeirlərindən biridir.

 

Dəniz - təbiətin ən maraqlı şeiri

 

- Dostları kim idi? Evə kimlər gəlib-gedirdi?

- O vaxtlar indiki kimi deyildi, evə get-gəllər çox olurdu. Onun sağlığında qapımız heç vaxt bağlı olmazdı. Siyavuş Məmmədzadə sanki ailəmizin bir üzvü idi. Allah Siyavuş müəllimə şəfa versin, eşitmişəm xəstədir. Hər adamı özünə yaxın buraxmırdı, amma yaxınlıq etdiyi, etibar etdiyi adamlar az deyildi. Siyavuş müəllimin bizə gəlməsinin bir səbəbi də mən idim. Bir vaxtlar peşəkar şahmatla məşğul olmuşam, o da şahmat həvəskarıdır, mənimlə şahmat oynamağa gəlirdi.

- Nadiya, söhbətin sonuna yaxınlaşırıq. Onun ömrünün son günləri, son dövrləri yaddaşında necə qalıb?

- O çox erkən yaşlarından siqaret çəkməyə başlamışdı. Hələ sovet dönəmində ciyərlərində problem yaranmışdı, amma müalicə alıb, sağalmışdı. Mən atamın nə vaxtsa xəstələnib yatağa düşdüyünü xatırlamıram. Həkimə getməzdi. Əgər xatırlayırsınızsa həmişə başına papaq qoyardı, qış papaqları ayrı, yay papaqları ayrıydı. Müşfiq günlərində Xızıya getmişdi, nədənsə, papaqsız getmişdi və saatlarla günəş altında qalmışdı. Bəlkə də ondan idi, proses sürətləndi, dəqiq deyə bilmərəm. Beyin xərçəngi tapıldı atamda. Yaxşı həkimlər müayinə etdilər onu, məlum oldu ki, metastaz verib və bu metastazın ocağı nə vaxtsa müalicə olunduğu ciyərlərdir.

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.16-17.