Günlər səhra kimi gəlib keçmədə...

 

 Son görüşümüzdə onun 28 yaşı vardı. İndi 59 yaşı tamam oldu. Aprelin 25-də isə anım günüydü.

Şeirlərini 17-26 yaşlarında yazıb tamamladı. Sonra yazmadı.

- Niyə yazmırsan?

- Yazmaqdan zəhləm gedir... Mən yazanda elə bil körpəyə acı dərman içirirlər... İçimdə bir şair can verir... Amma yaman yazmaq istəyirəm. Məni rahat buraxmayan misralar gəlir içimə. İçim sözlə doludu. Bir bal yeşiyi kimi içimdə arılar uçur. Bayıra çıxmağa yolları yox...

- Sən böyük şairsən...

- Mən indi şair deyiləm...

Beləcə yazmadı...

Amma özündən əvvəl məni uzaqlaşdırmışdı şeir yazmaqdan.

1982-ci il idi. O zaman 19-20 yaşlarımız vardı. Hər söhbətimizdən sonra bir-birimizdən başqa əhvalda ayrılardıq. Bu gün Vaqif Mustafazadə, sabah Əli Kərim barədə danışardıq. Ertəsi gün söhbətlərimiz şeirləşərdi. Bir-birimizə yeni şeirlərimizi oxuyardıq. Məsələn, Əli Kərimlə bağlı söhbətimizin ertəsi günü o belə bir şeir yazdı:

 

Əli Kərim,

Çatdımı özünə

ölüm xəbərin?

Çatdısa,

nə yazdın

bir parça ağ kağıza?

 

O elə yazdı, mənsə belə:

 

Daş atdım,

Qırçın ləpəli,

Bəyaz həsrətli gölə.

Sən demə, o daş

Gedib-gedib

Yosun altda dincələn,

Dincəldikcə incələn,

əti insan dişinə həsrət

su pərisinə dəyib.

Özü düz gözünə.

Səni andım Əli Kərim.

Mən ki yarıvəhşi.

yarıçılpaq qədim insan deyildim.

 

19-20 yaşımız vardı. Onun poeziyadakı meyarlarını bilirdim. Elə buna görə yanında şeirlərimi oxumağa çəkinirdim.

Yuxarıdakı söhbətə qayıdıram. Yazmadı, yazmadı. Son anda, lap ömrünün sonunda içində uçuşan arıların yolu açıldı. Son şeirlərini ölümündən bir az əvvəl yazdı...

 

Günlər səhra kimi gəlib keçmədə,

dəvəsiz yolçuyam, xəbərin varmı?

Gümanlar an kimi qərib köçmədə,

ovluyam-ovçuyam, xəbərin varmı?

 

Bilinmir ömürdür, ya da ki, oyun,

bir kor quyu kimi unudulmada.

Kədəri, sevinci bilinmir bunun,

bilmirəm səsləyim kimi son anda.

 

Sonra bu:

 

Kimin yadına düşəcəm

bir isti yay günü,

o ayna sularınmı?

- Üzümü özündə saxlamır.

 

Kimin yadına düşəcəm

yağışlı bir payız,

o asfalt yollarınmı?

- İzimi özündə saxlamır.

 

Kimin yadına düşəcəm

bir ağappaq gecə,

o qərib ruhlarınmı?

- Özümü özündə saxlamır.

 

1994-cü ildə onun barəsində yazdığım kitabın adını "Ölüm süvarisi" qoymuşdum...

Yenə "Ölüm süvari"si.

Yenə Faiq İsmayılov.

Dostluğumuzun ilk günündən indiyə qədər adı düşüncələrimdə sevgi ürək sözləri ilə, çiçək ətri ölümlə assosiasiya edir... Hər dəfə işıq sönür, şeir başlayır. Çiçəyə dair, yağışlara, ürəyə, sevgiyə ölümə dair...

Qərib başdan-başa minor ovqatıyla fərqlənən şeirlərini yazanda 18 yaşı vardı. 26 yaşına qədər yazdı... dediyim kimi, sonra daha yazmadı. Susdu. "Sən sus, pünhan böcək, / mən susantək".

Onun çiçəkləri Orhan Vəlinin çiçəkləri kimi gurultuyla açılmırdı. Sükutla açılırdı. Amma çiçəklər çoxdan solsa da, bütün duyğularında çiçək ətri vardı...

 

Azər TURAN

 

29 aprel 2021

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.18.