Bir vaxt sevdiyinə gül verən əllər...

 

Vətən müharibəsinin döyüşçü şairi Emin Piri yaradıcılığında müharibə

Emin Piri 44 günlük müharibədə təkcə qələmini silaha çevirmədi, həm də silahı ilə torpaqlarının azdlığını uğrunda mübarizə apardı. Eminin şeirlərini oxuyuram, yəqin, müharibədən öncə bunları yazmışdı, döyüşüb torpaqları xilas etməyi elə onda qarşısına məqsəd qoymuşdu, şəhidlər xiyabanında olanda. Yaşca özündən kiçik, şəhid olan əsgərlərin məzarları önündə bir əsgər yetişmişdi.

Bu yaşına görə

Şəhidlər Xiyabanında

18 yaşlı

baş daşları

utandırdı məni.

Məndən kiçikdi hələ

Məndən öncə doğulanlar

əmi deyib

üstümə qaçır baçdaşları

bir əsgərin ölüm günü

baş daşının doğum günüymüş.

 

Torpağı uğrunda canlarından keçən bu əsgərlərin qanı yerdə qalıdığı, torpaqları düşmən tapdağında olduğu üçün özünü qınayan bir gənc sonradan döyüşçü olmaq, torpaqlarmızı azad etmək üçün bu məzarlar önündə xəcalət çəkə bilirsə o mübariz qalib əsgər ola bilir.

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

(Emin Piri,

"Başdaşları utandırdı məni")

 

Emin Piri döyüşçü, əsgər kimi ön cəbhədə olsa da poeziyasında canlandırdığı əsgər haqqında yaşananlar arxa cəbhədə cərəyan edir. Əsgər və onun valideyinləri, əsgər və onun həyat yoldaşı, əsgər və onun körpə balası. Bu şeirlərdən də görünür ki, o nə həyatda, nə də ki, şeirlərində özünü düşünməyib.

"Şəhid oğlunun dedikləri" şeirində bir ana var - bu gününümüzün anası, müharibəni yaşayan ana. Bu ananın müharibədə şəhid olan ərinə demək istədiklərində o qədər reallıqlar var ki, əsil müharibə nədir və döyüşdə şəhid vermək nədir bu canlı tablodan görmək, yaşamaq olur.

 

Anamı heç elə görməmişdim

Atamı gətirəndə sıxmışdı əllərini...

Camaat görməsəydi

Yumruqlardı atamı:

"Bu iki yetimə bəs kim baxacaq?!"

 

Müharibə həqiqətləri, döyüşçünün arxa cəbhə üçün narahatlıqları və nigaranlıqların Emin Piri əslində elə cəbhədə olduğu üçün belə real verə bilib. Ailələri, valideyinləri, körpələri üçün bu qədər acı həqiqətləri görə bildikləri halda canlarını Vətən üçün qurban edə bilən döyüşçülər Emin Piri poeziyasında əks etdirilə bilib. Qazi olan bir döyüşçünün obrazını da görmək olur şairin poeziyasında:

 

Müharibə əliliydi babam,

Aldığı təqaüdün qəpiklərini

Gizlədərdi əlində.

"Tapın görüm, hansı əlimdədi?

Pul, tapanındı"

Oynardı bizimlə.

Ancaq heç vaxt tapmadıq

Qəpikləri hansı əlində gizlətdiyini.

Görəsən, bilirdimi

Biz bilirik

Bir əlini müharibədə itirdiyini...

 

("Babamın əlləri")

 

Şairin "Sükutlu səngər", "Ayağım özümdən qeyrətli çıxdı", "Sağ qalan varmı?" ...şeirlərində döyüşçünün yaşadığı müharibə ağrıları və həqiqətləri poetik ifadəsini tapır.

 

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

hər əsgər tabutu

bir ağ gəlinliklə köçər...

Əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

 

Müəllif döyüşçünun hər dəqiqə üzzə olduğu o anı ifadə etməsi ağrılı və eyni zamanda poetik anlamda güclüdür. 3-4 bəndlik şeirdə ön cəbhə, döyüşçünün yaşadığı həqiqət və arxa cəbhədə döyüşçüyə aşiq bir qızın sevgisi canlanır. Sevən qızın əsgər yolu gözləməsi poeziyamızda yeni bir tapıntı olmasa da, sonrakı məqamda sevdiyini itirən qızın sevgisini itirməsində şair tərəfindən özünə məxsus şəkildə ifadəsi cəbhədəki ağrılı anların dəhşəti ilə yadda qalır.

 

Daha

gecələri oyaq qalmağa

soba yanında məktub yazmağa,

yalandan üşüməyə,

sobaya odun atmağa

ehtiyac yoxdu...

tağım komandirinin

səngərdən qıvrıla-qıvrıla

boğuq səsi gəlir:

kimsə sağdı?

 

("Kimsə sağdı?")

Əslində, arxa cəbhənin mənzərəsini yaradan Emin Piri şeirin sonunda müharibənin mənzərəsini də bütün incəliklərinə qədər yarada bilir. Müharibə və əsgər əslində elə bütöv bir obraz təşkil edir. Emin Pirinin şeirlərindəki dəyər müharibənin az sözlə bütöv obrazını yarada bilməyindədir. Şairə görə müharibə yalnız öndə getmir, arxada da ikinci bir müharibə var. Bu şeirlərin hər misrasında əsgərlərimizin savaşmadığı hər dəqiqədə arxada əzablarla, ağrılarla baş-başa qalan əzizləri var. Bu real bir fakdır.

"Ayağım özümdən qeyrətli çıxdı" şeirində də yaralanmış, ayağını cəbhədə itirmiş əsgər var, bir də arxadakı müharibə ağrılarını yaşayan - ana, sevən gənc qız, ərini savaşa göndərən həyat yoldaşı var. Oxucu iki-üç misradan müharibənin dəhşətli anını yaşaya bilir. Emin Piri gördüklərini yazıb, "bir an ki, var o ana kim tuş gəlirsə çiçək açırdı, torpağa basdırılan minalar" Hər tərəfə basdırılan minalar ağac çiçəkləyən kimi bir anlıq çiçəkləyirdi. Bu çiçəklər əsgərlərin ayağına toxunanda yara açırdılar. Bənzətmə də çox yerində və təsirli ifadə olunub, ona görə ki, sonradan bu çiçəkdən doğan yaralar çiçək qəlbli anaların çiçəkiçək arzularını yandırıb kül edəcəkdi.

 

Çiçək açırdı

torpağa basdırılan

minalar

toxunanda ayaqlar.

çiçəklər yara açırdı

yaralar

anaların yuxusuna qaçırdı.

yuxular qara xəbərin

ardınca qaçırdı.

 

Bu misralarda əsgər yolu gözləyən, hər narahatlığdan sonda yuxusunda balasını görən ana var. Bu misralar əsgər və ananın canlı yaşantılarından xəbər verir. Daha sonrakı misralarda:

 

Qəlbinə qara xal düşən qızların

gözünün altından

öpüş yerini

səhər eşitdiyi xəbərlər yuyar.

 

Bu parçada qəlbinə qara xal düşən, həyatını müharibə söndürən bir qız var. Arxa cəbhədən yenə ön cəbhəyə dönən şair sağ ayağını itirən döyüşçünü təqdim edir. Sağ ayağının can verən addım səsinə geri dönüb ayağını əllərinə alan döyüşçü yenə özünü deyil ondan gül dəstəsi gözləyən sevgilisini düşünür. İtirilmiş ayağını alır əlinə:

 

Bir vaxt sevgilisinə

gül verən əllər

bugün nə aparacaqdır?!

 

Şair sağ ayağının təqaüdünü sol ayağının alıb xərclədiyinə üzülür, ən çox isə müharibədən yarımçıq gəldiyinə üzülür. Torpaqlarımızda qalan sağ ayağının daha qeyrətli olduğunu vurğulayır.

 

Danlayır özünü hər səhər-axşam

əlini başına, dizinə çırpır:

oqaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdən qeyrətli çıxdı.

("Ayağım özümdən qeyrətli çıxdı")

 

tirilmiş əllər" şeiri də eyni ideyanı əks etdirir. Şeirdə sevən gənc qızın düşüncələri ağrılı və təsirlidir. Ağrılı məqamlar əlini itirmiş döyüşçü əsgərin hər zaman sevdiyi qızın görüşünə itirdiyi əllərdən gül aparması, indi isə o əllərin savaşda itirilməsindədir. Artıq sevgilisinə gül verən o əllər yoxdu, sadəcə kitab vərəqlərində qurudulan o gül var. Və o qız sevgilisinin əllərini o güllərdə axtarır. Eminin şeirlərinin çoxunda olduğu kimi bu şeirdə də arxa cəbhədəki hadisələr ön cəbhənin dəhşətlərini əks etdirir.

 

Görüşəndə

sevgilisinin əlində

gözü axtarardı

ona veriləcək gülləri.

İndi

Kitabları arasında qurutduğu

Gül ləçəklərində axtarır

Sevgilisinin cəbhədə itirdiyi əlləri.

 

("İtirilmiş əllər")

 

Şairin cəbhə yaradıcılığında ən çox yadda qalan və diqqət çəkən şeirləri döyüşçü əsgərin itirilmiş ayaq və əlləri mövzusudur.

Emin Piri şeirlərində arxa cəbhədəki dünyaya uşaq gətirəcək hamilə qadınlar da yer alır. Bu qadınlar ərlərinin ölüm xəbərinin qorxusundan uşağı canlı dünyaya gətirə bilmədikləri halda dünyaya yalnız şəhid gətirirlər misrası reallıqla poetik məqamın birləşdiyi anı ifadə edir.

 

Əri cəbhədə olan

hamilə gəlin

hər an

gələ biləcək

qara xəbərin qorxusundan

uşaq salır.

Analar uşaq yox,

Şəhid doğur daha.

 

Şairə görə müharibələr ən çox uşaqları sevir. Və elə ona görə də müharibə körpələrə daha çox zülm edər. Bəlkə də şairi belə deməyə vadar edən, döyüşçülərin hələ dünyaya gəlməyən övladlarını görmədən belə torpaqları qorumağa yollanmalarıdır.

 

Həyasızcasına təpiklər, -

güllələr döyməz qapını...

Anaların əlindən alıb

beşiyi özü yellər

mərmilər...

 

("Adsız şeir")

Ədəbiyyatımızda nə qədər qəhrəman əsgər obrazı yaratsaq da əsgər də canlıdı və savaş zamanı onun da qorxusu olur. Torpağa dən yerinə səpilən bu barıtları dənləyən sərçə dimdiyini xatırladırdı şairin ifadə etdiyi sərçə kimi qorxu dənləyən əsgər ürəyi də Emin Piri poeziyasında müharibə həqiqətlərini poetikləşdirir. Necə olar yazsam deyə düşünmür. Ölüm olan yerdə qorxu, həyacan da var, bu həqiqətləri olduğu kimi ifadə etmək, onun şeirlərini təbii və təsirli edir.

 

Torpaqdan dən yerinə

barıt dənləyən sərçə dimdiyi.

Və bir də

sərçə kimi qorxu dənliyirdi

əsgər ürəyi.

 

("Sükutlu səngər")

 

Müharibənin ən real ifadəsini bundan artıq başqa poetik ifadəyə tökmək imkansızdır.

Emin Piri müharibədə güllələr önündə də arxa cəbhədən nigarançılığını, körpələrin gözlərindəki, qüssəni, kədəri baxışlarından silə bilmədi. Müharibədən dul qalmış qadınların acısını da poetik misralarla əks etdirdi. Fərqi yox, neçə illər əvvəl, və ya hansı müharibənin döyüşçüsünün obrazın yaratdı, onların əllərinin, ayağlarının itirilməsinin faciəsinin, ağrısının fırçayla ifadəsini verə bildi. Bu şeirlər ədəbiyyat tariximizdə qalacaq, həm təbii olması , həm reallığı ilə, həm də bu şeirlər 44-günlük bir Qarbağ savaşımızın zəfər sevinclərindən bizlərə xəbər yetirdiyi üçün əvəzsizdir. Bu gün tariximizdə əvəzsiz bir iz qoyurlar, qəlimi ilə, silahı ilə əsas da Vətən sevgisi ilə yaradıb, yaşadan oğullarımız.

 

Mərziyyə NƏCƏFOVA

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.23.