"Şuşada dolaşır Xarıbülbül sevdalı könlüm..."

 

Şair, tərcüməçi, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə 90-cı illər ədəbi nəslinə mənsubdur. Onun ilk kitabı olan "Yaşamaq dərsi" 1996-cı ildə çap olunaraq oxucularına çatdırılıb. Şairin təbii, səmimi, real həyatı əks etdirən poetik yaradıcılığı çox zəngindi.

E.İsgəndərzadənin də bir şair olaraq baş mövzusu Vətən və onun ağır yükü, keşməkeşli həyatı olub. Şuşada doğulan, Ağdamda böyüyən Elçinin poetikasından Qarabağ dərdi, ağrısı, yanğısı qırmızı xətt kimi keçir. Şairin bu mənada "Qürbətə uçurtdum şeirlərimi", "Qanlı şeir", "Sevdalı gilənar yarpağı", "Qan", "Qalırmı", "Qızılgül ləçəyinə yazılmış duyğular" və onlarca bu kimi şeirləri diqqəti çəkir:

 

Oğul odu qarabağlı ola,

Özü də qərib şair,

sinəsi dağlı ola...

Və günlərin bir günü

Gedib çıxa Dördyola...

Öndə Ağdam, qənşər Şuşa...

 

Şair dostu, eloğlusu Əbülfət Mədətoğluna müraciətən yazdığı "Sevdalı gilənar yarpağı" şeirində Elçin Vətənin ağrısını belə təsvir edir:

 

Dilim qabar oldu, Vətən deməkdən,

Balam doğulduğu kəndi soruşur

Hər gün məndən...

...Vətən - başımın bəlası...

İndi mən dərdin oğluyam,

Balam dərdimin balası...

 

Xalq şairi Məmməd Araz Elçinin poeziyasını, xüsusilə Vətən mövzulu əsərlərini yüksək qiymətləndirib: "Bədii, poetik sözün ilahi dəyəri hamıya bəllidir. Bədii sözün dəyərini, qiymətini bilənləri söz həmişə müqəddəs ucalığa yüksəldib... Şübhəsiz ki, həmin yüksəlişin poetik məkanını müəyyənləşdirən Allah vergisidi... Bu baxımdan gənc şair E.İsgəndərzadənin poetik ilham mayasının Allah vergisi olmasını mən çoxdan, lap əvvəldən duyub hiss etmişdim".

Filologiya elmləri doktoru Vaqif Yusifli Elçinin yaradıcılığından bəhs edərkən yazır: "O, huşyar gözü ilə ətrafında baş verən hadisələri izləyir, təbii ki, bunlardan təsirlənir və içindəki təəssüf və acıları şeirə çevirirdi. Həm də bu dövranın, ölkədə baş verən neqativ halların bitəcəyinə, ən ümdəsi isə itirilmiş torpaqlarımızın alınacağına ümidlərlə yaşayırdı".

Qarabağ torpağının yetirdiyi yaradıcı insanlara - Famil Mehdiyə, Aqil Abbasa, Əbülfət Mədətoğluna, Qulu Ağsəsə, İlham Qəhrəmana ... üzünü tutan şair sanki dərdini, ağrı-acısını onlarla bölüşür. "Hayana baxırsan zülmət... hayana baxırsan qaranlıq,// Qaranlıq, zülmət, qan və qaçqınlıq... // - Ehey! Hardasınız, ehey, İnsanlıq!". Qarabağı bürüyən qaranlıq və qan insanlıqdan uzaq düşüb,- düşünür şair.

"Elçinin həyat və yaradıcılıq marşrutu belədir: Şuşa - Gəncə - Bakı - Dünya. Elmdə professor səviyyəsinə çatıb. Şairliyi ondan geri qalan deyil. Onlarca kitabın müəllifidir. Xeyli sayda əsəri xarici dillərə tərcümə olunub. Haqqında kitablar yazılıb...". Bu sözlərin müəllifi Gəncədə şairin müəllimi olmuş yazıçı Qərib Mehdidi. Yazıçı daha sonra yazır: "Elçinin poeziyasında vətəndaşlıq hissləri, çağırışları çox güclüdür. O, erməni işğalçılarının Qarabağda törətdiyi ağrı-acıları yaşasa da, heç vaxt ruhdan düşmür".

1997-ci ildə yazılan "Haray, Malıbəylim, haray" şeiri bu günümüzlə necə səsləşir:

 

"Döz" deyilir, dözəmmirəm, ay Allah,

Övladların səfərbərdi, bax, vallah,

Bu gün, sabah qovuşarıq inşallah,

Haray, Malıbəylim, haray!!!

 

E.İsgəndərzadə dünyanın bir çox ölkəsini gəzib, onlara şeirlər həsr edib. Qərb ölkələri, Şərq dünyası, Amerika həyatı onun bir çox əsərlərində öz bədii həllini tapıb. "Qırx qapılı dünyanın otuz doqquzundan keçdim...// Qırxıncı qapıdayam, - yenə bu taleyi seçdim..." - deyən şair nədən, kimdən, haradan yazır yazsın, mütləq ordan Vətən boy verir:

 

Parisdə Yelisey meydanından keçirəm,-

Şuşada dolaşır Xarıbülbül sevdalı xəyalım...

 

"Sənət hansı məkanda, harada yaranmasından asılı olmayaraq beynəlmiləl hadisədir. Bu mənada, sənətkar da mahiyyət etibarilə dünya vətəndaşı, planetar düşüncə daşıyıcısıdır. Hamının qəbul etdiyi bu həqiqətin təməlində zərif bir sirr yatır: Hisslərin dili ümumbəşəridir!". Bu sətirlərin müəllifi Murad Köhnəqaladır. O, Elçinin poeziyasına həsr etdiyi "Ağ poeziyanın işığı" kitabında şairin dünya ölkələrini, xalqlarını tərənnüm edən əsərlərindən bəhs edərkən daha sonra yazır ki: "Elçin İsgəndərzadə təfəkkürcə ümumbəşəri ideyalar daşıyıcısı olsa da, mənən, Vətən torpağında vətəndaşlaşan şairlərdəndir". Bu bir həqiqətdir. Bu qəbildən olan şairin "Trabzon", "İstanbulda Orxan Vəlini düşünərkən", "Moskvada ilk bahar", "Bir Misir gözəlinə", "Buxarestdə yağış", "Nevanın sahili", "Fələstinli Xalidin havası" kimi şeirləri çox diqqətəlayiqdi.

"Fələstinli Xalidin havası" şeirində şair Fələstinli qaçqın Xalidlə Qarabağ qaçqını Məmmədin taleyini müqayisə edir. Doqquz uşaq atası Xalid kədərin "tunc heykəli"nə dönüb minarələrin kölgəsində. O, Fələstin şairlərinin dərdli, ələmli, düşmən tapdağında inləyən Vətən şeirlərini dua kimi oxuyur. Şair özü də dua edir: "İlahi, sən özün qoru Fələstin şairlərini,// Fələstin göylərini, Fələstin körpələrini,// ...Fələstin didərginlərini...". Bu qaçqınlıq, didərginlik həyatını qarabağlı Məmməd də yaşayır:

 

Qarabağ qaçqını Məmmədə

Yaman oxşayır fələstinli Xalid...

Onun da gözlərində bir cüt Xarıbülbül

Qan içində ölümə gülümsəyir elə bil...

 

"Elçinlə Xalidin - müəlliflə qürbət qəhrəmanının dərd şərikliyi, tale oxşarlığı var... Şairin uçarlı fikri, xəyalı bir şüa kimi Şuşadan sıyrılaraq bir Günəş kimi bütün dünyaya yayılır... Elçin İsgəndərzadə bir sözarısı olaraq Dünyanın uzaqlarına, ucqarlarına qədər uça bilir". - Deyir yazıçı Qərib Mehdi. Elçin bir alim kimi Avropa, Asiya ölkələrində elmi konfranslarda, simpoziumlarda iştirak edir. Lakin bu anlarda belə şair Elçin alim Elçini tərk etmir. Şair Elçin istər Qərbi Avropada - Almaniya, Fransa, Polşa, istər Suriyada, Fələstində, ya Monqolustanda, Çində olsun, mütləq xalqların dərd yükünü ədəbiyyata gətirir və bəşəri nəticə çıxarmağı bacarır. Real həyat hadisələrini poetik şəkildə əks etdirən şair az sözlə böyük mətləbləri səmimi və ustalıqla ifadə edə bilir. İstər heca vəznində, istər sərbəst formada, fərq etməz, Elçin ağır yüklü fikirlərini, düşüncələrini misralara hopduraraq sağlam şəkildə oxucusuna ötürür. "Elə dəyərlər var ki, o, bütün Türk dünyası üçün müqəddəsdir. Torpağını bir an belə olsun düşmən tapdağında görmək istəməyən, buna dözə bilməyən, buna səbri-qərarı çatmayan Türk, digər Türk yurdlarındakı qandaşlarına bir haray salıb, ocaq çatıb köməyə səsləyir, bu dar günündə hamının bir olmasını, düşmənə qarşı savaşmasını istəyir". - Gənc tədqiqatçı Oktay Hacımusalı "Turan savaşçısı" əsərində belə yazır.

"Ebrülər...Ebrülər..." adı altında toplanan şeirlər şairin Vətən - Dünya - Kainat haqqında fəlsəfi düşüncələrinin, duyğularının məcmusudur.

"Elçin İsgəndərzadənin yaradıcılığında Şuşa harayını eşidirəm. O, Xarıbülbülün əvəzinə oxumalı, qarlı Qızılgülün yerinə danışmalıdı... O, üzünü tək bir oxucuya yox, bütün Türk dünyasına tutub danışır, tanıdığı şəxsiyyətlərə müraciət edir. Gah ürək sözünü, gah da əsrin sözünü deməyə çalışır", - deyir Xalq şairi Nəriman Həsənzadə.

E.İsgəndərzadənin irili-xırdalı iyirmi iki poeması var. Bu poemaların da əksəriyyəti vətənə, onun təbiətinə, yaradıcı, qurucu insanlarına həsr olunub.

"Məmməd Araz qayası" şair Məmməd Araza həsr olunsa da, əslində, burada yalnız şairin ayrı-ayrı misraları səslənir. Mövzu, məqsəd, ideya isə Vətəndir, onun parçalanmış torpaqları, arzuları, tikələnmiş, bütövlüyü, cərgəsi pozulmuş dağları, dərələridi:

 

Ağlama, Ana Vətən,

Sən hönkürüb ağlasan

Daş üstündə su yanacaq!

Sən ağlasan Məmməd Araz

Yuxusundan oyanacaq...

 

Əslində, burada Məmməd Araz vətənləşmiş, ağrı-acı simvoluna çevrilmiş bir şair obrazıdı. Məmməd Araz özündə bir obraz olaraq Şuşa həsrətini də, Araz dərdini də, Təbriz yanğısını da, Ərkin, Savalanın hiddətini də tək daşıyır.

Məmməd Arazın məşhur misraları Elçinə poemanı yazmaq üçün ideya - ilham verir, yol göstərir, kömək olur: "Bir qayaya söykənmişəm, deyirəm kaş,// Bax beləcə daşa dönəm yavaş-yavaş...". Beləcə, Məmməd Araz obrazı poemanı oxunaqlı edir, rövnəqləndirir, poema isə ədəbiyyatın yaddaşında daşlaşıb əbədiləşir:

 

Bir qaya Füzulidi, bir qaya Koroğludu,

Buludlara baş vurur Məmməd Araz qayası...

Nurdan yoğrulub sanki bu qayanın mayası!

 

Elçinin ölməz şairimiz Şahmara həsr etdiyi "Şahmar şikəstəsi" poemasını muğam-rekviyem hesab etmək olar. Poema maraqlı quruluşa malikdir. Müəllif poemanın təsir gücünü daha da artırmaq üçün qəhrəmanı Şahmar Əkbərzadənin də şeirlərindən yerli-yerində istifadə edir". Yazıçı Qərib Mehdi fikirlərini sübut etmək üçün daha sonra yazır: "Rekviyem-muğamın şöbələri Elçinə, təsnifləri, rəngləri isə Şahmara məxsusdu. Bu təsniflərdə, rənglərdə Şahmar xəbərdarlığından, harayından qalmır".

Elçinin digər poemaları da ayrı-ayrı şəxslərə ittihaf olunsa da məqsəd eynidi: Vətənin taleyi, onun ağır yükü və bu yükün şairlər tərəfindən daşınması, onların dünyaya çatdırılması, etirazın yüksəlişi, ədəbiyyatda yeri, mövqeyi. Dilçi alim Buludxan Xəlilov "Bəyaz doğulan şeirlər" kitabında qeyd edir ki: "Elçin İsgəndərzadə yazdığı poemalardakı qəhrəmanları yalnız hissin təsiri ilə vəsf etmir. O, qəhrəmanlarını öyrənir, keçdikləri həyat yolunu, əməllərindəki uğurlarını, fəaliyyətlərindəki xeyirxahlıqlarını məhz bir insanşünas kimi tədqiq edir. Bəlkə də onun bu tədqiqatının uğurlu olmasında alimliyi köməyinə çatır".

Beləcə, biz Elçin İsgəndərzadənin Vətəni tərənnüm edən poetik yaradıcılığına qısa bir nəzər saldıq. Aydın oldu ki, Elçinin bir qarabağlı yazar kimi bütün şairlərə, ən çox qarabağlı şairlərə üzünü tutaraq Vətənin dərdini poetik hayqırmaq gücü var. Eyni zamanda dərdini onlarla bölüşmək bacarığı, poetik üsulu var. İstər şeirlərində, istərsə də poemalarında üz tutduğu şairlər ordusu var.

Bahar BƏRDƏLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.28.