Biz yenə görüşdük

 

Hekayə

 

Şəhidlər ölmür, əbədi yaşamaq üçün ürəklərə köçürlər!..

Yanvar - 2021

Bugünlük sonuncu çəkilişləri idi. Çox yorulmuşdu. Əslində, onun yorğunluğu gördüyü işin ağırlığından deyil, içinə yüklədiyi ağrılardan doğurdu. Şəhid analarının gözlərinə baxaraq sual vermək, Şəhid atalarının qürurunda boğmaq istədiyi hıçqırtılarını eşitmək, Şəhid balasının "Atam qəhrəmandır" deyərək, dörd yanda atasını axtarmasını seyr etmək onu çox ağrıdırdı. Elə ağrıdırdı ki, bu ağrıların altında əzilən bədəni ruhuna təslim olur, yorulurdu...

...Təxminən əlli yaşlarında olmasına baxmayaraq, qaməti əyilmiş, gözlərinin, dodaqlarının ətrafına qırışlar düşmüş bəstəboy qadın jurnalistləri mehribanlıqla qarşıladı. Bu qırışlar cadar torpağın üstünə yenicə yağmış leysandan sonra açılan şırnaqlara bənzəyirdi. Başını qara yaylıqla bağlasa da, ağarmış saçları yaylığın altından görünürdü. Qadın üzündəki ağrını gizlətməyə çalışırdı.

Onlar köhnə qapı-pəncərə çərçivələri ilə hasara alınmış həyəti keçərək, kiçik eyvanda ayaqqabılarını çıxardılar və darısqal, lakin səliqəli otağa keçdilər. Otaqdan üç tərəfə qapı vardı. Qapılar o biri otaqlara açılırdı. Otağın bir tərəfini divan və iki kreslo, o biri tərəfini isə ətrafına stullar düzülmüş böyük masa tuturdu. Masanın üzərində müxtəlif cür konfetlər və mürəbbələr vardı.

Əsmər keçib divanda oturdu. Operator isə əlindəkiləri yerə qoyub, çəkiliş üçün hazırlıqlara başladı.

Qadın Əsmərlə üzbəüz əyləşmişdi. O özünü sakit göstərməyə çalışsa da, titrək barmaqları ilə yaylığının saçaqlarını durmadan didişdirir, həyəcanını büruzə verirdi. Otağa gənc, sarışın bir xanım və onun arxasınca iki uşaq daxil oldu. Xanım:

- Xoş gəlibsiniz! - deyərək, qapının küncündə ayaq üstə dayandı. Qarayanız, iri qara gözlü, qıvrım saçları üzünə dağılmış qız uşağı yeddi-səkkiz yaşlarında, sarışın, qəhvəyi gözlü oğlan isə üç-dörd yaşlarında olardı. Əsmər öz-özünə düşündü: "Bacı-qardaşdılar yəqin. Ancaq bir-birlərinə heç bənzəmirlər. Görünür, qız atasına bənzəyir, oğlansa anasına".

Uşaqlar yaşlı qadının yanına keçib dizlərinə qısıldılar. Qadın onların başına tumar çəkərək, üzünü gənc xanıma tutdu:

- Qonaqlara çay gətir, ay bala, yoldan gəliblər...

- Narahat olmayın xala, - Əsmər dilləndi.

Gənc xanım otaqdan çıxdı.

- Qızım, nə narahatçılıq, əziz qonağımızsınız. - Qadın bayaqdan bəri gizlətməyə çalışdığı göz yaşlarını ehmalca silərək dedi. Otağa sükut çökdü. Bu ağır sükutu dünyanın şirinindən əvvəl acısını dadan, atasızlığın ilk günlərini yaşayan uşaqlar da pozmaq istəmirdi.

- Siz Şəhidimizin anasısınız, eləmi? - Əsmər verdiyi sualın ağırlığında əzilərək soruşdu.

- Hə, qadan alım, hə! Mən qaragünlü, mən ölmüş onun anasıyam.

Sonra qadın əlində çay sinisi içəri girən gənc xanımı göstərdi:

- Bu isə yoldaşıdı, qarayaylıq gəlinim... - deyərək, dərindən ah çəkdi, - uşaqlar da onundu...

Yenə də göz yaşlarını gizlin-gizlin silməyə çalışdı. Oğlan uşağı nənəsinin ayaqlarına söykənib gələn qonaqları matdım-matdım izləyirdi. Onun rahatlığından nənəsinin göz yaşlarına öyrəşdiyi hiss olunurdu. Qızsa bir yerdə durmur, gah nənəsinə suallar verir, gah da kameraya, mikrofona toxunur, dəcəllik edirdi.

- Əsmər, nənə qadanı alsın, bir yerdə dur, qonaqlarımız küsər bizdən.

Dəcəl qız maraq və təbəssüm dolu nəzərlərlə Əsmərə baxaraq gülümsündü. Onun yanaqlarında bir cüt qəmzə - çökək əmələ gəldi. Əsmər öz-özünə düşündü: "İlahi, nə qəşəng qızdı. Hələ bir bunun yanaqlarındakı qəmzəsinə bax. Tanrım, necə qıyırsan uşaqların atasız böyüməsinə?". Dərindən ah çəkdi və astadan:

- Müharibəni lənətə gəlsin! - dedi. Onun pıçıltısını kimsə eşitmədi. Sonra balaca Əsmərə dönərək: - Yox, küsmərik. Heç sənin kimi qəşəng qızdan küsmək olar? - dedi və gülümsündü. - Mən də Əsmərəm, adaşıq. Gəl, gəl bura. - Əlini qıza tərəf uzatdı. Qız ürkək addımlarla qonağa yaxınlaşdı. Əsmər onun saçlarını oxşayaraq yanağındakı qəmzədən öpdü. Balaca Əsmər gözlərini qıyıb:

- Adaş nədi? - soruşdu.

- Yəni ikimizin də adımız Əsmərdi. Adları eyni olan adamlara adaş deyirlər. Bilirsənmi, Əsmər nə deməkdi?

- Hə, bilirəm, - balaca qızın yanaqlarında yenidən çökək əmələ gəldi.

- Əsmər qara kişmiş deməkdi. Atam mənə "qara kişmişim" deyir. Sənin də atan sənə "qara kişmişim" deyir?

Əsmər gülümsünərək qızın yanaqlarından bir də öpdü və sakit səslə dedi:

- Hə, mənim də atam mənə "qara kişmişim" deyir.

"Mənə də "qara kişmişim"deyən varıydı. Bir zaman mən də kiminçünsə qara kişmişiydim", - düşündü. Bu illər ərzində heç vaxt unutmadığı, lakin adını çəkməkdən qorxduğu Orxanı xatırladı. Ona elə gəlirdi ki, "Orxan" desə, dili yanar. Yanan dili bütün bədənini qarsar və içindəki sirri faş olar. Bu adın sahibi onun Tanrısıydı, səcdəgahıydı. O, Tanrını görmüşdü, səsini eşitmiş, hənirini duymuşdu. Tanrı ona sevgi olaraq rast gəlmiş, sevgi şəklində görünmüşdü. Sonra onlar ayrı düşdü. Tanrı onun ürəyində, ruhunda yaşadı... İlk övladını bağrına basanda Tanrını yenidən qarşısında gördü, ətrini duydu, səsini eşitdi... Sonra ikinci övladında göründü Tanrı... Və beləcə, Tanrı ona daha çox yaxınlaşdı, o, Tanrıya daha çox sarıldı. O, tanrılarını - balalarını bağrına basdıqca Orxanı unudurdumu? Orxanın yoxluğunu bu varlıqlar doldururdumu? Bu suala heç vaxt cavab tapa bilmirdi...

 

***

 

Oktyabr - 2008

Əsmərlə Ruhiyyə bu binaya sentyabr ayından köçmüşdülər. Onlar yaşlı ər-arvadın kirayəçiləri idilər. Ev sahibləri sakit, mehriban adamlar idi. Qarayanız, arıq, elə də gözəgəlimli olmayan Əsmərdən fərqli olaraq, Ruhiyyənin görünüşü gözoxşayırdı. Onun ipək kimi sarı saçları, iri şabalıdı gözləri, nazik olsa da, çöhrəsinə yaraşan dodaqları, dolu, lakin mütənasib bədən quruluşu vardı. Onu görənlər xarici görünüşündən doymadığı kimi, dinləyənlər də şirin ləhcəsindən qopa bilmirdi. Ruhiyyə çox şən qız idi. Harda olur-olsun, diqqət mərkəzində olmağı bacarırdı. Qızlar universitetə bir gedir, bir də qayıdırdılar.

...Qonşuluqdakı qaraşın, arıq, üzündən təbəssüm heç vaxt əskik olmayan, güləndə yanaqlarında çökək əmələ gələn oğlan tez-tez onların yoluna çıxırdı. Sanki o, yanaqlarındakı qəmzəni hamıya göstərmək üçün hey gülümsünürdü. Oğlan kölgəyə dönərək hər gün qızları universitetə ötürür, günortalar isə evə qaytarırdı. Onlar eyni binanın ayrı-ayrı bloklarında yaşayırdılar. Qaldıqları mərtəbə də eyni idi - səkkizinci mərtəbə.

Soyuq və dumanlı bir payız günü idi. Həmin gün Əsmər dərsdən tez çıxmışdı. O, universitetin həyətindən çıxaraq maşın yolunu keçdi və tələsik halda parka tərəf addımladı. Evlərinə ən kəsə yol buradan keçirdi. Sıralanan çinar ağaclarının arasındakı parkı keçəndən sonra böyük idman meydançasına girəcək və oradan da binalarına tərəf gedəcəkdi.

Qara, arıq oğlan həmişə olduğu kimi, parkın qarşısındakı böyük gövdəli çinar ağacına söykənərək gözləyirdi. O, Əsmərin tək gəldiyini görüb duruxdu və üzündə ani bir sevinc yarandı, yanaqları çökdü. Əsmər ona fikir vermədən yanından ötmək istəyəndə dedi:

- Salam!

- Salam! - Əsmər addımını yavaşıtdı.

- Məə-n... - oğlan kəkələməyə başladı, - mən...

- Ruhiyyə dərsdədi bir saata çıxacaq. - Əsmər qısa cavab verərək, parka tərəf addımladı.

- Ruhiyyə? Hansı Ruhiyyə?

- Necə hansı? - Əsmər ciddi görkəm aldı, ona tərəf çevrildi və: - Gözlədiyin qızı deyirəm də, hər gün yolunda durduğun... - dedi.

- Məə-ən? Mən onun yolunda durmuram, axı...

Onun cavabı Əsməri özündən çıxardı. Öz-özünə dedi: "Bu adam ya axmaqdı, ya da məni axmaq yerinə qoyub". Sonra ucadan:

- Bəs kimin yolunda durursan? Mənim? - hirslə dedi.

Əsmər sözü birbaşa deməyi və kəskin cavabları sevirdi. Qrupda hamı ona "acıdil", qohumlar arasında isə "zəhər tuluğu" deyirdi. Amma bu acıdil, işvə-nazı sevməyən qızın iç dünyası tamam fərqli idi. Əsl Əsməri görmək üçün onun yazdığı şeirləri, esseləri oxumaq lazım gəlirdi. O şeirlər sevgi, həyat dolu, çılğın bir qızın ürəyinin səsiydi.

Yerində dayanaraq, kiçik gilələri qapqara olan gözlərini oğlana zillədi. Bu qara, "arıq-uruq" deyə lağa qoyduqları oğlanın üzündəki təbəssüm, baxışlarındakı işıq, sanki gözlərini qamaşdırdı. O işığa boylandı. Oğlanın içini aydınca gördü: necə də həyat dolu, saf, təmiz görünürdü... Sonra ağaclar, skamyalar, çiçəklər, quşlar, adamlar, bütün Gəncə işığa büründü. Əsmər yerindəcə donub qalmışdı.

- Hə, sizin yolunuzda dururdum! - Oğlanın titrək səsində bir qətiyyət vardı.

- Məənim? - Əsmərin də səsi titrəməyə başladı, - Niyə? Mənim niyə?

- Bilmirəm! - Orxan başını aşağı saldı.

Əsmər özünü itirmişdi. Həyəcandan tir-tir əsirdi. Oğlana cavab vermədən geri döndü və dayanacağa tərəf qaçdı. Oğlan onun arxasınca:

- Adım Orxandır! - desə də, Əsmər onu eşitmirdi. Dayanacaqdakı ilk avtobusa əyləşərək, əlləriylə üzünü örtdü. Ona elə gəlirdi ki, yanaqları indicə od tutub alışacaq və hamı onun içində baş verənləri görəcək.

Orxan isə çaşqın halda Əsmərin arxasınca boylanırdı...

***

 

Sentyabr - 2008

Orxan Kənd Təsərrüfatı Akademiyasının sonuncu kursunda oxuyurdu. Evin bir oğlu idi. Ata-anası onu nə qədər əzizləyərək ərköyün böyütsələr də, arıq, çəlimsiz olaraq qalmışdı. Arzusu hərbçi olmaq idi. Lakin atasının təkidi ilə sənədlərini akademiyaya vermişdi. Bilirdi ki, akademiyanı bitirən məzunlara hərbi rütbə verilir. Buna görə də səbr edərək təhsilinin bitməsini gözləyir, hərbi həyata can atırdı.

Atası Qarabağ döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acısını yaşamışdı. O, bircə balasını hərbidən uzaqlaşdırmağa nə qədər səy göstərsə də, oğlu bununla razılaşmır, "Mənim torpağım erməninin ayaqları altındadı, qardaş-bacılarım dığaların əlində əsirdi. Mən azərbaycanlı olduğumla fəxr etdiyim halda, bunu dilimə gətirəmmirəm. Niyə? Nədən? Yox, mən mütləq hərbçi olacam. Qarabağ işğaldan azad olmayınca, mənə rahatlıq yoxdur!" - deyirdi.

...Həmin gün Orxan dərsdən yorğun gəlmişdi. Eyvandan şəhərin izdihamını izləyirdi. Sol tərəfdən gələn səsə boylandı. Qonşu eyvanda iki qız mübahisə edirdi. Biri sarışın saçlı, dolu bədənli, o birisi isə qara saçlı, arıq. İçəri keçmək istəsə də, hansısa bir qüvvə onu yerindən tərpənməyə qoymurdu. Qızlar isə ona fikir vermir, mübahisələrinə davam edirdilər. Sonra birdən-birə mübahisələri kəsdi və gülüşməyə başladılar. Elə gülüşə-gülüşə də içəri keçdilər. Sonralar Orxan qızların tələbə olduqlarını, burada kirayədə yaşadıqlarını öyrəndi. Öz aləmində qızlara ad da qoymuşdu. "Qara kişmiş" və "Sarı qız". Əvvəllər sadəcə onları görməyə öyrəşsə də, sonra bu hissin bütün içini sardığını hiss etmişdi. "Qara kişmiş" onun ürəyini elə bir şirinliklə doldururdu ki, bu sehrdən qopa bilməyəcəyini dərk edirdi. O, "Qara kişmişi" görmədiyi gün özünə gəlmirdi. Hər gün qızların arxasınca universitetə gedir, onlar qayıdanda dönürdü. Hər gün də dərsə gecikir, sonuncu dərsdən isə qaçırdı. Nümunəvi tələbələrinin dəyişdiyinə müəllimləri də təəccüb edirdi. Qızlar da onun müşayiətinə öyrəşmişdilər. Orxanı görən kimi pıçıldaşır, şaqqanaq çəkərək gülüşürdülər...

 

***

 

Fevral - 2009

Həmin o dumanlı payız günündən sonra Əsmərin də qonşu oğlana marağı oyanmışdı. Tez-tez balkona çıxır, qonşu tərəfə boylanırdı. Ruhiyyə də bunu sezir, gülərək deyirdi:

- Axır ki, sənin də aşiq olduğunu gördük. Aaz, saa demerdimmi, gün gələjəh sən də sevdalanajaxsan.

Əsmər ona susaraq cavab verirdi.

Son zamanlar Orxan qızlara yaxınlaşmaqdan çəkinmirdi. Demək olar ki, dostlaşmışdılar. Bir neçə dəfə Ruhiyyə Əsmərlə Orxanı tək qoymaq istəmiş, amma qız rəfiqəsinin qolundan yapışaraq buraxmamışdı.

Ruhiyyə rayonda idi. Əsmər dərsə tək gedib-gəlirdi. Orxan bir neçə dəfə ona yaxınlaşmaq istəsə də, qız qaçıb avtobusa minmiş, ondan uzaqlaşmışdı. Bu gün isə qaçmadı, hətta Orxanın yanına çatanda addımını yavaşıtdı və asta səslə salam verdi.

Əsmər Ruhiyyənin yanında çox sərbəst olurdu. Deyib-gülür, zarafatlar edirdi. İndi isə susqun, ürkək idi. Sanki bütün cəsarətini Ruhiyyənin şaqraq gülüşlərindən alırdı bu qız...

- Əsmər, səninlə danışmalıyam. - Orxan dedi.

- Buyur!

- Mən sənin barəndə anama demişəm. O çox sevindi. Atama da dedi.

Əsmərin yanaqları qızardı.

Orxan davam etdi:

- Sizə gəlmək istəyirlər. Atam deyir ki, nişanlan və ixtisasına uyğun işə düzəl. Mən isə hərbiyə getmək, hərbçi olmaq istəyirəm. Sən hərbçiylə ailə qurarsan?

Əsmər başını qaldırdı, yanaqları qıpqırmızı olmuşdu. Orxanın gözlərinə baxdı və həyəcanlı səslə:

- Mən də hərbçi olmağı arzu edirdim. Ailəmiz buna razı olmadı. Çox sevirəm hərbi geyimi...

Orxan sevincək dedi:

- Demək, hə! Həəə, sən hərbçiylə ailə qurarsan!

Əsmərin əlindən tutaraq onunla yanaşı addımladı. Onlar çinar ağacları ilə əhatələnmiş parkı geridə qoyub, əslində, arakəsmə, lakin keçilməkdən böyüyərək yolağa dönmüş cığırdan keçib meydançaya daxil oldular. Meydança boyunca salınmış oturacaqlardan birində yanaşı əyləşdilər. Ətrafda kimsə yox idi. Arabir meydançanın içini kəsə yol edən yerli adamlar görünürdü. Orxan Əsmərin əlini hələ də buraxmamışdı. Hər ikisinin ürək döyüntüsü eşidilirdi.

- Akademiyanı bitirən kimi hərbiyə yollanacam. - Orxan sükutu pozdu. - İstəmirəm oğlum da mənim kimi torpaq həsrətiylə böyüsün. Bilirsənmi, Əsmər, bizim ordumuz çox güclüdür. Biz müharibəni uduzmamışıq. Sadəcə, dayandırmışıq. Zaman belə tələb edir. Hər şeyin öz vaxtı var. Atam deyir ki, erməni ordusunda vuruşanlar ermənilər deyildi, çoxusu ruslarıydı. Rus onlara dəstək olmasa, erməni kimdi ki, bizə güc gəlsin.

O, hərbidən, döyüşdən çox hərarətlə danışırdı. Onun səs tonundan, hərəkətlərindən, iti baxışlarından hiss olunurdu ki, qorxmaz, qəhrəman bir zabit olacaq.

 

***

 

Sentyabr - 2009

...Orxan dediyi kimi də elədi, akademiyanı bitirdi və hərbiyə yola düşdü. İlk günlər valideynləri etiraz etsələr də, sonda oğullarının hərbçi olmaq istəyi ilə razılaşmaq məcburiyyətində qalmışdılar. O, vaxtaşırı məzuniyyətə gəlir, Əsmərlə görüşürdü. Əsmər dördüncü kursda oxuyurdu. Onlar evlənmək üçün Əsmərin universiteti bitirməsini gözləyirdilər.

...Yenə də idman meydançasında - həmişəki oturacaqlarında yanaşı oturmuşdular. Orxan qolunu Əsmərin belinə dolayaraq:

- Ay qara kişmişim, - dedi, - toyumuzdan sonra kənddə yaşamaq sənə çətin olmayacaq ki? - Xidmət etdiyi sərhəd bölgəsindəki kəndi nəzərdə tuturdu. - Bax, dağ yeridi oralar, həyat tərzi burdakı kimi deyil.

- Olsun dəə, sən yanımda ol, lap Murovun başında da yaşayaram. - Əsmər Orxanın furaşkasını çıxarıb qapqara saçlarını qarışdırdı. - Sənə çox yaraşır ee, hərbi forma. Elə qəşəy görünürsən ki?

- Mən formasız da yaraşıqlıyam, - Orxan gülümsündü. Yanaqlarındakı çökək bir az da dərinləşdi.

- Ayy, necə də özündən razısan! - Əsmər dodaqlarını büzdü.

- Əlbəttə, razıyam. Gör mən kimin sevdiyi oğlanam. Sənin ee, sənin. - O, güclü qolları ilə Əsməri özünə tərəf sıxdı və yanağından öpdü.

- Yavaş! Yavaş! Adamlar var, görərlər. - Əsmər ürkək baxışlarla meydançaya boylandı.

- Görsünlər dəə, sevdiyim qızı bağrıma basıram. Anam deyir ki, bayramda elçi getmək düşərli olur. Ona görə də marta saxlayır nişanı. Deyir ki, martda nişanlananların ilk övladı oğlan olur, - Orxan ucadan qəhqəhə çəkdi. Əsmər başını aşağı saldı və utancaq şəkildə:

- Onda gəl apreldə nişanlanaq, - dedi.

- Niyəə? - Orxan təəccüblə soruşdu.

- Qoy birincisi qız olsun! - Əsmər Orxanın sinəsinə qısılıb pıçıldadı.

 

***

 

Mart - 2010

Baharın gəlişiylə təbiət oyanmış, hər tərəfdə canlanma, həyat eşqi baş qaldırmışdı. Orxan martın səkkizinə qədər gələcəyinə söz vermişdi. Bayramda nişanları olacaqdı.

Son zamanlar Ruslan adında bir oğlan Əsmərin kölgəsinə dönmüşdü. Oğlan bir neçə dəfə ona yaxınlaşmış, rədd cavabı almışdı. Əsmərin valideynləri də elçilərə "Qızımız kimi istəsə, ona verəcəyik. Ali təhsilli qızdı. Ailə həyatını da özü istəyəndə quracaq" - demişdilər. Əsmər bütün bunları Orxana yazmaq istəsə də, fikrindən daşınmış, "hərbidədir, fikrini qatmayım, gələr, hər şeyi deyərəm", - deyə düşünmüşdü.

O gün... Əsmərlə Ruhiyyə universitetdən çıxıb evə tərəf gedirdilər. Onların yanında rəngli maşın dayandı. Ruslan və daha iki oğlan Əsməri bircə anın içərisində qamarlayaraq maşına tərəf apardılar. Əsmərin qışqırığı ətrafa yayıldı. Əvvəl heç nə anlamayan Ruhiyyə özünə gələndən sonra "Qoymayın, qızı qaçırdılar!" - deyə haray çəksə də, maşın gözdən itmişdi...

Bir neçə gündən sonra valideynləri Ruslanla Əsməri Türkiyəyə yola saldılar. Əsmərin ailəsi ilə barışıq olmuş, diplom işi isə növbəti ilə saxladılmışdı. Toy Türkiyədə olacaqdı. Türkiyədə önəmli iş adamı kimi tanınan Ruslan Əsmərin ana-atasının, qardaşlarının sevgisini qazanmışdı. Hamı bu izdivaca sevinir, hamı xoşbəxt idi. Təkcə Əsmərdən başqa...

 

***

 

Yanvar - 2011

Əsmər bütün dostları ilə əlaqəni kəsmişdi. Yalnız hərdən Ruhiyyəyə zəng edirdi. Bir dəfə özünü toparlayaraq soruşmuşdu:

- Ondan nə xəbər?

Ruhiyyə isə:

- Hərbidədi, - demişdi, - zvaniyası yüksəlib. Deyirlər, siz Türkiyəyə gedəndən iki gün sonra gəlib. Eşidən kimi Ruslangilə gedib, "Hanı o?" - deyə oraları dağıdırmış. Dostları onu güc-bəlayla oradan aparıblar. Səndən sonra cəmi bir dəfə gördüm. Əsmər, bir görsəydin necə dəyişmişdi. Əvvəlki Orxandan əsər-əlamət qalmamışdı. Salamlaşdıq və bircə kəlmə dedi: "Əsməri görsən, de ki, biz görüşəcəyik...".

Əsmər isə:

- Ay Ruhiyyə, axı sən bilirsən, hər şeyi... - deyərək hönkür-hönkür ağlamışdı...

Qayınatası Əsmərin diplomunu almışdı. Ruslan isə, "Diplomdu dəə, almısan. Onsuz da sənə gərək deyil. Sənin işləməyə ehtiyacın yoxdur", - demişdi. Həmin gündən işləmək söhbətinə son qoyulmuşdu. Sonra ard-arda iki qızı olmuş, evdə uşaqlara baxmışdı. Hərdən Azərbaycandakı müxtəlif qəzet və jurnallara köşələr yazırdı. İmzası tanınır, hətta sevilirdi. Əri avtomobil qəzasında həlak olandan sonra Azərbaycana gəlmiş, atası evinə yerləşmişdi. İşə də düzəlmişdi. Atası ona:

- Qızım, Allah ömür versin sənin balalarını da böyüdüm. Elə bilirəm qızım bir yox, üçdür. Amma bütün günü evdə oturmalı deyilsən. Ali təhsilli qızsan, istedadın, bacarığın var. Uşaqlara nənələri baxacaq. Sənsə istədiyin yerdə işə düzəl, - demişdi.

Əsmər iki ilə yaxın idi ki, televiziyada hərbi proqramlar departamentində müxbir kimi çalışır, qəhrəman hərbçilər barədə reportajlar hazırlayırdı. İşini çox sevirdi. Hərbçilərlə bir arada olmaq onun içində bükülü qalmış arzularının ətrini gətirirdi, sanki. Özünə belə etiraf etməkdən çəkinsə də, içində daim bir ümid közərirdi: "Nə vaxtsa Orxanla qarşılaşacağam...".

Azərbaycan hərbi və siyasi tarixinə şanlı hərflərlə yazılmış 44 günlük müharibədən sonra, Birinci və İkinci Qarabağ döyüşlərində, Azərbaycan Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş, qazi olmuş, müqəddəs şəhid adını qazanmış oğullarımızdan söz açan bir layihəyə Əsmər rəhbərlik edirdi.

 

***

 

Yanvar - 2021

Şəhid anasının səsi Əsməri xəyaldan ayırdı.

- Rəhmətlik kişi Əsmərə ayrı ad qoymaq istəyirdi. Sonralar biləndə ki, Orxan... - dərindən ah çəkdi, - Orxan qızının adını Əsmər qoymaq istəyir...

"Orxan" adını eşidəndə otaq Əsmərin başına fırlandı, sanki. O, illərdir içində gizlətdiyi adı dilinə gətirdi:

- Orxan?!

Ona elə gəldi ki, dili od tutub alışdı. Alov Əsmərin bütün bədənini sardı. Artıq hər yer alışıb-yanırdı. Əsmər isə bədənini qarsan alovun içərisində "Orxan! Orxan! Orxan..." - deyə, təkrarlayırdı. O, hər dəfə Orxan dedikcə alov daha da güclənir, nəfəsi tutulur, ayaqları sustalırdı.

...Orxan anasının yan otaqdan gətirdiyi qırmızı lentli şəkildən Əsmərə baxırdı. Yanaqlarında bir cüt çökək əmələ gəlmişdi. O, yenə də gülümsünür, gözlərindən ətrafa işıq yayılırdı. O işıq əvvəl otağı, sonra isə bütün dünyanı bürüdü. Əsmər Orxanın səsini eşidirdi: "Ay qara kişmiş, bax, biz yenə də görüşdük...".

7 fevral 2021

 

İradə AYTEL

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.30-31.