Müharibə gündəliyi

 

O gün gəlsəydi...

 

Pərt idim. 10 il idi yarı pərt, yarı ümidli, yarısa bilmirəm, məni narahat edən hisslərlə yaşayırdım. Ağdamdan, səngər həyatından qayıtdıqdan sonra bu belə davam edirdi. Əslində, pərt olmağımın səbəbi intuisiyamın bu dəfə doğru çıxmaması, ümidlərimin suda üzməsi idi. Həm Ağdam səngərindən belə dönüşü arzulamırdım.

Leytenant rütbəsiylə Ağdama yollanmışdım. Özü qəribə bir gündə. Simvolik gündə. 23 iyulda. İlk dəfə idi, 23 iyulda Ağdam torpaqlarında idim, işğal günündə. Bu, sadəcə sıradan səfər deyil, təyinatım idi. Yəni, bu gün mənim seçimimlə deyil, bəxtlə olmuşdu. Baxmayaraq ki, o təyinat üçün neçə dəfə ağız açmışdım. İçimdə qəribə inam var idi yaşanacaq o qürurlu günlərin iştirakçısı olmaq istəyirdim. Ayaq basdığım gündən rəqəmlərə simvollar yükləyir, ümidlərlə gözləyirdim. 23 iyulda gəldiyim bu torpaqdan mütləq ayrı bir adla qayıdacaqdım. Amma olmadı...Düz 10 illik yarı pərt, yarı həsrət hissi ilə yaşamaq taleyimə yazıldı.

Heç düz əməlli səngər zabiti olmağımla qürur duya bilmirdim. Məğlub ölkənin səngər zabiti...

İnsanların hərbi geyim sevdasına, mülkidə belə, o geyimi geyinməsinə həmişə müsbət baxırdım. Amma mən edə bilmədim. Bir daha o mundiri geyə bilmədim. Məhz tərxis olduğum gün çıxardım. Bir daha çəkilişdə, yeni gəldiyim günlərdə fəxrlə geyinmək daxil olmaqla əynimə almadım. Amma ümidli idim, çünki o formanı yenə geyinəcəyəm. Buna inanırdım.

İllər keçdikcə, yalan deyim, o formanı geyinəcəyim arzular, ümidlər azalırdı. Həm yaş söhbəti. Yaş bir yerdə dayanmır, hər il artırdı, elə həsrətimiz kimi. Axı bu formanı geyinmə şansı o zaman qismət olardı ki, onda da mənə ehtiyac olmazdı. Qoca bir zabit döyüşdə kimə lazım olacaqdı deyə düşünərdim.

Hər dəfə o gün tez gəlsəydi deyirdim. İstər Mübariz İbrahimovla bağlı cəmiyyətdə yaranan oyanış, istərsə 2014-cü ilin avqust hadisələri bir ümid qığılcımı idi. 2016-cı ilin aprel döyüşləri. Xalqın qürurunun özünə qayıtması, hər bir fərdin bir nəfər kimi birləşməsi, şəhidlərin hər birini öz övladı, qardaşı kimi qarşıladığı günlər. Bu, şans idi;-düşünürdüm. Həm mənimçün, həm xalqımızçün, həm addım səslərimizçün darıxan o müqəddəs torpaqlarçün.

Dərhal aprel günlərində, döyüş gedərkən Sumqayıt Hərbi Komissarlığına gedərək məni göndərmələrini istədim. Amma səfərbəlik haqqında bir sərəncam var idi, bir şey. Təbii ki, mənə belə, ehtiyac yoxdu; - deyib yola saldılar. Bircə həmin döyüş günlərindən yürüşlərdə "yaşasın müharibə", "şəhidlər ölməz" şüarlarıyla ovunmağım mənə qaldı. , bir bu döyüşlər haqqında yazdığım 20-30 məqalə köşəm.

Üzülmüşdüm yarım dayanmağına. Amma Aprel döyüşləri xalqda inamı özünə qaytardı. Düşmən haqqında mifi dağıtdı, biz qalib gələcəyik ümidi birə-beş artırdı. Həm düşmənə psixoloji zərbə idi. Lələtəpə başlanğıcdır. Biz gəlirik, biz qayıdacağıq...

Hər şey öz axarına düşdü. Həmin ümidlər, həmin həsrət, həmin pərtlik. Ta, 2020-ci ilin iyuluna kimi. General-mayor Polad Həşimovun şəhadəti ilə o ümidlər cücərdi. O gün gəldimi? - düşüncələri həm qürurlandırır, həm qəribə duyğular yaşadırdı. Qonşu məhlədə yaşayan Həşimovun şəhadəti həm adamın qüruruna toxunurdu. Yəni bunlar bu qədərmi irəli getdi, bu qədərmi cavabsız qalacaqlar sənin komandanını şəhid etməklə?

O gün bütün gecəni Həşimovun evi qarşısında onun nəşinin gəlməsini gözlədik. Həm sumqayıtlılar, həm bütün xalq həmin gün minlərlə sel oldu o evin qarşısında. Səhərə kimi şəhərlilərimizlə birgə Sumqayıtda piyada bütün şəhər boyu gəzərək şüarlar səsləndirdik. Mənsə, arada onların şüarına qoşulur, aradasa "müharibə!" şüarı səsləndirirdim.

İstər ölkə Prezidentinin çıxışı, istərsə regionda gedən proseslər yaxın 2-3 ayda müharibənin başlayacağını kimsədə şübhə yaratmırdı. Elə cəbhə bölgəsində dinc sakinlərin sığınacaqlar qazması, ardıcıl diplomatik səfərlər s. hər şey müharibəyə doğru gedirdi.

Həmin günlər "Yaşasın müharibə" adlı yazı işlədim. Çox qəribədir ki, həmin yazıda müharibənin başlayacağı zamanı belə müəyyənləşdirmişdim. Həmin yazı "Ədalət" qəzetində dərc olundu. İndi özümə maraqlı idi ki, bu dəfə bu qədər inamla, həm intuisiyamın dediyi kimi payızda müharibə proqnozlaşdırmışdım. Bir qorxum var idi, bu da Aprel döyüşləri kimi tez bitməsi, arzularımıza, torpaqlarımıza qovuşmadan hər hansı diplomatik təzyiq s.-in olması idi.

Onlayn müraciətlər s. bir qədər mənə qəribə gəlirdi. Bəlkə bu da təbliğat mexanizminin bir parçası idi deyə düşünürdüm. Birbaşa canlı müraciət lazımdı deyə qərara gəldim.

Sentyabrın 25-i olardı, millət vəkili Aqil Abbasla danışdım. İş yoldaşlarım Sübhan Eminqueylə bir qədər bu barədə zarafatlaşdıq da. İşdən çıxıb birbaşa getdim, Sumqayıt Hərbi Komissarlığına.

Hər hansı müharibə zamanı ilk çağırılanlardan olmaq üçün. Yeni telefon nömrələrimi verdim, "kartoçka"ma yazdırdım.

...Tezdən oyanmışdım. Anlamırdım olub. Həm zəng işləmir, həm sosial şəbəkəyə girə bilmirdim. O gün gəldimi? - düşünürdüm. Bunu düşünəndə 27 sentyabr səhəri idi...

 

Emin PİRİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.27.